Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Emin Piri, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli, Cavid Qasımov və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Ramil Əhməd
1 yanvar 1994-cü ildə anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Yeni Türk Ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib. 2015-ci ildə “Zaman tuneli” adlı şeirlər, 2018-ci ildə “İki şəhərin yazıları”, 2021-ci ildə “Orxan Pamukun evində” kitabları nəşr olunub.
2015-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”nı qazanıb. “Zaman tuneli” kitabı 2020-ci ildə Türkiyədə də nəşr olunub. Ədəbiyyat sahəsindəki fəaliyyətlərinə görə 2013-cü ildə Prezident təqaüdünə, 2021-ci ildə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb. 2021-ci ildə Mədəniyyət Nazirliyinin “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin esse janrı üzrə qalibi olub. 2018-ci ildən İstanbul Universitetinin doktorantıdır.
Ramil Əhməd, ekspertlərin fikrincə, ilk öncə gözəl lövhə ustasıdır. Rəssam kimi molbertini açır, rəng palitrasından lazımınca istifadə edib gördüyünü kətana köçürür.
Pişik kölgəsindən başladı gecə...
Sakit kimsəsiz küçə,
Bir pişik kölgəsindən başladı gecə...
Çatmadı köməyə
Çözülmədi bu əlifba bilməcəsi...
Uçub getdi
dilimin ucundakı qışdan
Unudulmağın isti qoynuna
qaranquş sözlər...
Hanı söz?
Hansı söz?
Necə tapım o sözü?
Necə deyim həsrətimi?
Necə deyim səni sevdiyimi,
sənə öldüyümü?
Gözlədiyimi – bu ömrə gələsən deyə
Gizlədiyimi – özüm belə bilməyim deyə...
Necə, necə, necə?
Pişik kölgəsindən başladı gecə...
Susdu köksüz piano səsi,
Su qatılmış pivələrlə keçən yay da bitdi,
Sentyabrla gəldi payız
Bir halımı düşün –
oktyabrsız, noyabrsız, yalqız...
Sənsiz bir saat keçməzkən,
gün necə keçir, həftə, ay necə?
Keçir bir-birini təkrarlayan addımlar,
Keçir küçəmizdən qərib adamlar...
Bəlkə sən də gəldin,
Gəldin bəlkə, bu gecə...
Bəlkə, bəlkə, bəlkə də....
Pişik kölgəsindən başladı gecə...
Həsrətin uğultusu
Səni xatırlayıram
Uzaq bir bozqırda,
Damından payız damcılayan
kirayə evin soyuq otağında...
Uzanmışam kürəyi üstə
tavandakı hörümçəyin toruna
balıq kimi düşür gözlərim,
Səslər axıb dolur qulağıma...
Mətbəxdən başlayır səslər,
Damcılayan suyun və
məmur maaşımın alın yazısı –
yarıboş soyuducunun fasiləli səsi...
Sonra damda gəzişən adsız quşların quğultusu,
İki küçə o yandan gələn it hürüşməsi,
Pişiklərin canında qovulmaq əndişəsi...
Küləyin pərdəni aramla tərpədişi...
Bir də adamsızlığın, həsrətin uğultusu...
Küncdən küncə qaçan qaraltılar – siçanlar
Görəsən yeməyə bir şey tapdılar?
Süfrədəki kişi tənbəlliyinin ruzisinə daraşan qarışqalar
Çörək qırıntısı sevinciylə yuvalarına qayıtdılar...
Saatın iki saniyəsi qulağımda qafiyələnir:
sən/siz, sən/siz, sən/siz, sən/siz...
Bir saniyə çəkmir “sən”in sevinci,
Bir saniyə sonra “sənsiz” olur,
Dünyanın bütün rəngləri solur...
“Sən”in yaxınlığı, “siz”in uzaqığı
Və “sənsiz”in Sibir sürgünündən
Dərviş səbriylə keçirəm,
Bir yandan da xatırladır mənə sənsizliyi
Borcdan bağlanan telefonumun tozlu səssizliyi...
Həm evimin hər yerindəsən
Həm də uzaqsan, yoxsan,
Bəlkə də indi mənimtək kürəyi üstə uzanmısan,
Bəlkə mətbəxinizdən su damır,
Bəlkə soyuducun da doludur,
Bəlkə gəzişmir evinizdə siçanlar,
Bəlkə məhəllənizdə əsmir küləklər,
Bəlkə pişikləriniz də qorxmur qovulmaqdan,
Bəlkə sizin küçənizdə itlər unudub hürməyi,
Bəlkə qadın səliqəsinin qurbanıdır evinizin hörümçəyi...
Bəlkə telefonun borcunu da ödəyib ərin.
Mənim şəhərimdə,
mənim küçəmdə,
mənim otağımda olanlar
Sənin şəhərində,
sənin küçəndə,
sənin otağında olmayanlarla eyniləşir...
Keçir bu gecədən bir qatar,
Gecənin son səsidir uzaqlaşan.
Bitir bizim şeirimiz, başlayır bir roman:
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,
bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…”
Söykənmişəm səsinə
Gözlərin azanımdır –
Gündə min yol məni sevgiyə çağıran...
Könlüm sənə səcdədə,
Qəlbim qəlbinə sonsuz bir rüku...
Bu sevda nə sevdadır belə? –
Sultanlığı olmayan bir quyu...
Adın dodağımda dua kimi səsləndi,
Yaxşı olmağıma bəsdir bir “necəsən”in,
Gül qoxudu gülməyin.
Gəmiləri torpaqdan keçirən
Fatehin inadkarlığıyla
istədim səni!
Səndən məcburi köçkün bədənimi harada gizlədim,
Vətənim mənim?
Harada yoxa çıxsın bu canım ki
qurtulum bir kimsə olmaqdan?
Mən bu dünyada heç kim olmaq istəyirəm,
Bircə sənin nəyin olum, bilmirəm...
Ayaqlarımın gücü yox,
söykənmişəm səsinə...
Uzun gecələr
həsrətindən çəkilmir,
Söykənmişəm səsinə,
Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.
O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,
Hər kiçik zərrə qədəriylə sevmək səni.
Qaldırdım bütün ağ bayraqları
Eşq cəbhəsində,
Təslim, təslim,
Təslim bu sevdaya!
Söykəndim səsinə,
Quşlara dedim şükranlığımı
Çatdırsın səni mənə verənə
aləmlərin rəbbinə...
Azadlığım
Sənlə gedə bilmədiyim
bütün parklar
ağaclardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
Bütün şəhərlər
Binalardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
bütün küçələr
adamlardan hörülmüş həbsxanalardır.
Sənlə üzə bilmədiyim
bütün dənizlər
sulardan hörülmüş həbsxanalardır.
Sənsiz
məhbusam
ağaclar, binalar, adamlar, sular arasında...
Hardasan, mənim azadlığım?