“Çək günəşi şəhərin yuxulayan gözündən” (Rəvan Cavid) - SW ekspertlərinin seçimi Featured

 

 

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı. 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir. 

Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli və digərləri...

 “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

 

Rəvan Cavid

 

1998-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakültəsini bitirib.

2016-2018-ci illərdə AYB-nin “III Gənc Ədiblər Məktəbi”nin iştirakçısı olub.

2019-cu ildə AYB-nin “Uğur” mükafatına layiq görülüb.

“7” (2017), “Mavi boyalı ev” (2020) şeir kitabları çap edilib. 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsində Türkiyənin “Zengin” nəşriyyatında “Absürt menu” esselər kitabı nəşr olunub.

Hazırda Kulis.az mədəniyyət portalında müxbir vəzifəsində çalışır.

Rəvan Cavid çox gözəl bədii lövhələr yaradır, onun şeirləri olduqca lakonikdir. “Səni çağırmaq azan, səni gözləmək səcdə, səni sevmək bir ayin” deyir Rəvan Cavid. Gözəl deyir. Sevginin müqəddəsliyini bunca izhar edə bilmək fərqlilikdir.

 

 

Kimə desəm, inanmır...

 

Kimə desəm, inanmır –

dənizə qar yağmışdı, qağayılar mavidi,

mandarinlər çəhrayı.

Kimə desəm, inanmır –

səni çağırmaq azan, səni gözləmək səcdə,

səni sevmək bir ayin.

 

Kimə desəm, inanmır –

bu nağılın alması Həvvanın günahıdı,

Adəmin cəzasıdı.

Kimə desəm, inanmır –

Firon yenə yuxuda, Yusif yenə quyuda,

Züleyxa dözəsidi.

 

Kimə desəm, inanmır –

sənə qədər yolların izini itirmişəm,

cığırları pozmuşam.

Kimə desəm, inanmır –

Ay Günəşdə yox olub, səma dənizdə batıb,

həm gündüzəm, həm axşam,

həm Allaham, həm adam,

həm övliya, həm nadan –

kimə desəm, inanmır.

 

Kimə desəm, inanmır –

səni sevmək dünyanın ən gözəl hadisəsi,

ən bəyaz möcüzəsi.

Səni gözləməyim də səbrimin sahilinə

mirvarilər düzəsi –

kimə desəm, inanmır.

 

Biri olur, biri yox; uzun-uzadı nağıl,

Allahı yuxu tutdu? Nəsə uzanır nağıl...

Mənə bir il də möhlət, gəlib çatacam sənə,

bir əlimdə göyərçin, birində alma yenə.

 

 

Axşamüstü piyada

 

Sübhdən dua edirəm, ovcuma su yığanda,

günəşə əl eləyib səhər evdən çıxanda,

reklam lövhəsindəki gülən qıza baxanda,

elə bilirəm, gələcəksən...

 

Çək günəşi şəhərin yuxulayan gözündən,

ay işığı dənizdə, su şəhərin dizindən,

səni yenə görürəm göyün ay bənizində,

elə bilirəm, gəlmisən...

 

Kafedə soyuq çaxır, dilimlənmiş almalar,

eyni yer, eyni masa, gəlib-gedən adamlar,

hər şey eləcə köhnə, hər şey eləcə... amma...

gözlədim, gəlmədin...

 

İşığı yanan evlər, magistral, səkilər,

yorulan qarışqalar evlərinə çəkilər,

qulağımda mahnılar, telefonda şəkillər;

ümid var - gələcəksən!

 

 

***

 

bu gün sübh namazına gələ bilməyib Allah,

məscid həyətindəki sərçələrə dən atır,

müjdəli sabahların mürgülüdür sahibi,

sərçə qanadlarına xəfifcə hopub yatır.

 

ovuc-ovuc içimdə,

uzaq-uzaq hardasa...

qucaq-qucaq gecəmə

ay boyda günəş asa.

 

başı çiynimdə baxır özü yaratdığına,

Allah yaxşı Allahdı, ağlamağı olmaya,

küsüb kin saxlamağı,

cənnətə qapıları bağlamağı olmaya,

 

yoxsa yenə başlayır

qucaq-qucaq gecənin

uzun-uzun susmağı.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.