Super User

Super User

 

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun prezidenti, tanınmış türkoloq alim Mixail Meyer uzun sürən xəstəlikdən sonra aprelin 19-da 86 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” portalı RİA Novosti-yə istinadən xəbər verir ki, Mixail Meyer Osmanlı tarixinin araşdırıcılarından biri idi. 

M.Meyerin bir neçə gündən sonra növbəti ildönümünü qeyd edəcək qondarma “erməni soyqırımı” məsələsinə yanaşması fərqli idi. O, qeyd edirdi ki, Türkiyə 1915-ci ilin faciəvi hadisələri ilə bağlı sənədlər təqdim edir, ancaq erməni tərəfi heç bir tarixi sənəd ortaya qoymayıb. Meyer vurğulayırdı ki, tarix yalnız sənədlərə əsaslanmalıdır, əks halda bu, tarix deyil, tarixi möhtəkirlikdir.

Təsadüfi deyildi ki, ermənilər əsla onu sevmirdilər. 

Ümumiyyətlə, Meyer Osmanlı imperiyası və Türkiyə barədə onlarca məqalənin müəllifidir. 

Xaçpərəstə rəhmət niyə düşməsin ki? Bu cür nəcib insan ən xoş sözlərə layiqdir. Ruhu şad olsun!

 

Xəbər verdiyimiz kimi “Qanun” nəşriyyat evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlu Fransa dövlətinin mədəniyyət  sahəsində ən nüfuzlu mükafatlarından birinə layiq görülmüşdü. “Ədəbiyyat və incəsənət” portalı bildirir ki, ötən gün həmin mükafat Şahbaz bəyə təqdim olunub. 

 

Şahbaz Xuduoğlu Fransanın mədəniyyət naziri Roselyne Bachelot tərəfindən “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib.

Orden Şahbaz Xuduoğluya ədəbiyyat sahəsində Fransa-Azərbaycan əlaqələrinin inkişafı, kitabların və əsərlərin nəşrindəki fəaliyyəti, Azərbaycan qanunun aliliyinin möhkəmləndirilməsinə kömək üçün əsasən Avropa (və xüsusən də fransız) hüquqi mətnlərini tanıtmaq səyləri nəzərə alınaraq təqdim edilib.

Təqdimetmə törənində ölkənin ədəbiyyat xadimləri iştirak eləyiblər.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində yeni işlərə imza atacaq. Belə ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Bakı Yunus Əmrə İnstitutu rəhbəri Selçuk Karakılıçla görüşüb.

 

AzərTAC xəbər verir ki, görüşdə Fondun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyətindən, türk xalqların tarixinin, mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə təşkil olunan tədbirlərdən, eləcə də gələcək planlardan bəhs edib. Günay Əfəndiyeva eyni zamanda təşkilat tərəfindən bir çox elmi araşdırmaların aparıldığını, kitabların çap olunduğunu söyləyib. Fondun prezidenti müxtəlif ölkələrdə fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun türk dünyası mədəniyyətinin beynəlxalq aləmə çatdırılmasında önəmli bir şəbəkə olduğunu vurğulayıb. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Yunus Əmrə İnstitutu arasında əlaqələrin genişlənməsi məsələsinə toxunaraq, birgə layihələrin keçirilməsinin vacibliyindən bəhs edib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç Fond tərəfindən Türk dünyasının maddi-mədəni irsinin araşdırılması və mühafizəsi istiqamətində dəyərli işlər görüldüyünü vurğulayıb. Selçuk Karakılıç Fond ilə Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın əhəmiyyətindən söz açaraq, tərəfdaşlıq münasibətlərinin gələcəkdə mühüm töhfələr verəcəyinə inandığını və təşkil olunan tədbirlərə dəstək olacağını bildirib.

Görüş tərəflər arasında fikir mübadiləsi ilə davam edib.

 

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Munis Şərifovun 60 illik yubileyi qeyd edilib.

 

Gecədə Muğam Mərkəzinin solistləri, Qədim Musiqi Alətləri Dövlət Ansamblı və ifaçının tələbələrinin çıxışları təqdim olunub.

Kamança və çəqanə ifaçısı, Xalq artisti Munis Şərifov musiqi mədəniyyətimizdə xidmətləri olan sənətkardır. O, uzun illərdir Qədim musiqi alətləri ansamblının bədii rəhbəri və konsertmeysteri olmaqla yanaşı, Azərbaycanda yeganə çəqanə ifaçısı sayılır.

 

Atatürk Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihənin yekun tədbiri və “Şuşa İli”nə həsr olunmuş “Zəfər duyğuları” adlı poeziya antologiyasının təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı layihəyə dəstək verən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edərək layihənin məqsəd və məramı, görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin icrası zamanı xalqımızın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyətli Vətən müharibəsində qazandığımız böyük Zəfərin ölkəmizdə və türk dünyasında yaradılan müasir ədəbi-bədii əsərlərdə necə əksini tapması və milli özünüdərk prosesinə təsirləri araşdırılıb. “Toplanan materiallar və Vətən müharibəsində qazanılan qalibiyyətlər, əsgər obrazının, qəhrəmanlıqların böyük dəyəri olan müstəqilliyimizdə və vətəndaşlarımızın həmrəyliyində, gənclərin vətənpərvər ruhda formalaşmasında rolu məsələlərini əhatə edən əsərlər dəyərləndirilməyə cəlb olunub. Araşdırmalarımızın nəticəsi olaraq, Azərbaycanda, Türkiyədə, Gürcüstanda və digər regionlarda yaşayan müasir şairlərin Zəfər tariximiz, Qarabağ, əsgər obrazı mövzusunda yazdıqları əsərlərdən ibarət “Zəfər duyğuları” adlı poeziya antologiyası hazırlanıb nəşr edilib. Önəmli cəhət odur ki, kitab "Şuşa İli"nə həsr olunan ilk topludur. Layihənin icrasından qənaət budur ki, Azərbaycan xalqının müasir tarixində böyük dönüş yaradan Vətən müharibəsində qazanılan Zəfər XXI əsrin ən bariz, haqlı tarixi faktı olmaqla, bizim milli, o cümlədən mədəni düşüncəmizdə yeni, başlıca strateji paradiqmanı da müəyyənləşdirən hadisədir. Bu qürurlu tarixi olayların timsalında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti, ədəbiyyatı, elmi yaranmalı, ədəbi-estetik cəhətdən əlaqəli şəkildə inkişaf etməlidir. Bu cür layihələri gələcəkdə də davam etdirməyi düşünürük”, - deyə layihə rəhbəri vurğulayıb.

Sonra tədbir işçi qrupun üzvü, şair-publisist, İlham Qəhrəmanın moderatorluğu ilə davam edib. Qeyd olunub ki, layihə daha çox ictimai, yaradıcı fəaliyyətlə məşğul olan insanları, tələbə və gəncləri, vətəndşlarımızın yeni nəslinə ünvanlanıb. Antologiyanın nəşrindən aydın olur ki, yeniləşən münasibətlər timsalında Azərbaycanın öz doğma Qarabağı erməni işğalından azad etməsi uğrunda haqlı mübarizəsinin əhəmiyyətliliyi müxtəlif məzmunlu əsərlərdə vətəndaş qüruruyla yüksək səviyyədə əks olunub. Bu kitabla Vətən müharibəsi, Zəfər tariximiz barədə əsərlərin vətəndaşlarımızın həyatındakı rolu barədə uyğun profilli insanlar və elmi, ictimai qurumlar əyani surətdə tanış ola biləcəklər.

Tədbirdə çıxış edənlər antologiyanın Zəfər tariximizə, Şuşa ilinə ədəbiyyatımızın mühüm töhfəsi, elmi araşdırmalar üçün qiymətli mənbə olduğu vurğulanıb. Bu cür təşəbbüslərin artırılmasına və dəstək verilməsinə ehtiyac duyulduğu vacib sayılıb.

Sonda kitabda əsərləri yer alan müəlliflər diplomlar və plaketlərlə təltif olunub, hədiyyələr verilib.

Qeyd edək ki, “Zəfər duyğuları” antologiyasında ümumilikdə Azərbaycandan, Türkiyədən, Gürcüstandan və digər bölgələrdən 46 tanınmış müəllifin əsərləri çap edilib. Nəfis şəkildə, 300 tirajla çap olunmuş 220 səhifəlik nəşrin məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz”ün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı və filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.

Kitabın müəlliflərə, elmi dairələrə, kitabxanalara, ziyalılara və gənclərin daha çox təmsil olunduğu auditoriyalara, QHT-lərin nümayəndələrinə paylanılması nəzərdə tutulub.

 

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk və tək inklüziv teatrı – “ƏSA amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin ən çox sevilən əsərlərindən biri olan “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın növbəti nümayişini həyata keçirəcək.

 

Tamaşa bu gün - aprelin 20-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq.

Qeyd edək ki, tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

 

Qardaş Tatarıstanın nüfuzlu “Kazan Odları” ədəbiyyat jurnalının ilk sayının nəşrə başlamasından 100 il ötür. Jurnalın 100 illik əlamətdar yubileyi münasibəti ilə Azərbaycanda kitab hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda "Kazan Odları"nın keçmiş baş redaktorlarının şeirləri, indiki baş redaktorunun isə hekayəsi Azərbaycan oxucularına təqdim olunur. Nəşr tatar ədəbi ictimaiyyətinə Azərbaycanlı həmkarlarının qardaş hədiyyəsi və təbriki dəyərindədir. 

Kitabın önsözünü, yazarların özkeçmişini və şeirləri Əkbər Qoşalı ilə Əhməd Şəfəqli (Orucov), indiki baş redaktor Rüstəm Qaliullinin özkeçmişini və hekayəsini isə İlqar Türkoğlu Azərbaycancaya çevirib. 

Nəşrin məsləhətçisi İsmət Orucəliyev, rəssamı Nəvai Metindir.

"Kazan Odları-100" adlı nəşrdə mətnlərin tatarca orjinalı da verilib.

Nəşr bugünlərdə Kazanda keçiriləcək təntənəli yubiley törənində ədəbi ictimaiyyətə təqdim olunacaq.

Azərbaycanla Tatarıstan arasındakı ədəbi-mədəni əlaqələrin inkişafı eyni soydan, eyni kökdən olan xalqlarımızın qardaşlıq ruhu və ədəbiyyatın estetik dəyərləri, zamanın çağırışları ilə səsləşir.

Doğrudur, pandemiya səbəbindən bu əlaqələrdə, qısa da olsa, fasilələr yaranmışdı, bununla belə, virtual əlaqələr davam etdirilib.  Pandemiyadan öncə, 2019-cu il Tatarıstanın Xalq şairi Razil Vəliyevin “Payız yağmurları” kitabının Azərbaycanda gün üzü görməsi və müəllifin iştirakı ilə geniş təqdimatının keçirilməsi ilə ədəbiyyat təqvimimizdə yaddaqalan hadisələrdən olub.  Ondan bir neçə il öncə "Gənc Tatar şeiri" antologiyası Bakıda gün üzü görmüşdü. Hər iki nəşr Dünya Gənc Türk Yazarlar Birliyinin nəşridir.

Azərbaycan oxucuları tatar ədəbiyyatının, tatar şeirinin orta əsr ən ünlü təmsilçiləri Kul Ali yaradıcılığı, eləcə də, 1552-ci ildə qəhrəmancasına həlak olan Kul Şərif haqqında bilgilərə, o dövr tatar ədəbiyyatı haqqında təsəvvürlərə malikdir. XX yüzilin başlarında, öz qısa həyatında xalqına fədakarcasına xidmət etmiş böyük şəxsiyyət, yanarürəkli şair Abdulla Tukay, eləcə də, Qalimjan İbrahimov, Kavi Nəjmin, Ayaz İssaki, orta məktəb dərsliklərindən tanıdığımız Musa Cəlil, bir çox klassik və çağdaş tatar yazarları Azərbaycanda sevilə-sevilə oxunur.

“Kazan Odları” jurnalının son yüz ilin ədəbi-mədəni əlaqələrimizdə özünəxas fəaliyyəti olmuşdur. Biz tez-tez “Kazan odları” jurnalının səhifələrində Azərbaycan yazarlarının əsərlərinin yer aldığının da şahidi oluruq. Azərbaycan yazarları Əkbər Qoşalının, Afaq Şıxlının və digərlərinin jurnalla sıx əlaqələrini özəlliklə vurğulamaq olar. Bizim üçün çox xoşdur ki, bu gün bu jurnala istedadlı gənc yazıçı, Azərbaycanın könül dostu Rüstəm Qaliullin başçılıq edir.

"Kazan Odları" jurnalının redaksiya heyətini, əməkdaşlarını, oxucularını 100 illik yubiley münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar diləyirik!

Rəsm qalereyası: Nəvai Mətin, “Tanrı dağı”

 

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı İranın Təbriz şəhərində nəşr olunub.

 

AzərTAC xəbər verir ki, Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri çevirib.

Qeyd edək ki, “Səhra savaşı” romanı müəllifin iranlı oxuculara təqdim olunan ilk kitabı deyil. Bundan əvvəl yazarın “İnsan dənizi” romanı Böyük Mollayinin fars dilinə tərcüməsində Tehranda (2014) və Zəncanda (2015) kütləvi tirajla yayımlanıb.

Şərti-metafоrik üslubda qələmə alınmış “Səhra savaşı” rоmanında təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan baş qəhrəman Qocanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə çözümü müəllifə insan, zaman, dünya və gələcək haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.

Yazıçının əvvəlki əsərlərindən yalnız məzmunca deyil, eyni zamanda, forma-sənətkarlıq baxımından seçilən “Səhra savaşı” romanı çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar aşınma probleminə etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə, əhvalat və epizodlarla şərtlənir.

İlk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim edilən “Səhra savaşı” romanı daha sonra Ukrayna (2018), İngiltərə (2019) və Türkiyədə (2021) yayımlanıb.

 

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasimi keçirilib.

 

Milli Kitabxanadan AzərTAC-a bildiriblər ki, tədbirdə çıxış edən qurumun direktoru professor Kərim Tahirov özbək yazıçısı Babaxan Şərifin Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərinləşməsində və türk dövlətləri arasında dostluq əlaqələrinin möhkəmlənməsində əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Direktor bildirib ki, Babaxan Şərif Özbəkistan-Azərbaycan ədəbi-elmi əlaqələrinin inkişafında önəmli rola malik ziyalılardandır. Onun həyatının böyük hissəsi elmi, ədəbi tərcümə yaradıcılığı ilə, kitabla, ədəbiyyatla bağlı olub. Yazıçının “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabı Azərbaycan ədəbiyyatının təbliğinə həsr olunub.

Çıxışı zamanı K.Tahirov Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin qurulmasında mühüm xidmətləri olan və Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və tədbirdə yaxından iştirak edən Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya öz təşəkkürünü bildirib.

Tədbirdə Qənirə Paşayeva çıxış edərək böyük ustad və şəxsiyyət Babaxan Şərifi Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, bir neçə il öncə Babaxan müəllimin 70 illik yubileyi Azərbaycanda keçirilib. Həmin yubiley tədbirləri zamanı “Özbək-Azərbaycan” lüğətinin də təqdimatının keçirildiyini iştirakçıların diqqətinə çatdıran Q.Paşayeva vurğulayıb ki, ustad Babaxan Şərifin ən böyük arzularından biri Şuşanı görmək idi ki, bu yaxınlarda o, Şuşada səfərdə olub və orada Xurşidbanu Natəvanın keçirdiyi ədəbi məclisin kiçik bir formasını təşkil edib: “İnanıram ki, Şuşa ziyarətindən sonra Babaxan müəllimin yaradıcılığında bu istiqamətdə yeni işlərin şahidi olacağıq”.

Sonra çıxış edən Samir Abbasov Milli Kitabxanada belə bir tədbirin – Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasiminin təşkil edilməsinin sevindirici hal olduğunu bildirib: “Bir neçə gün öncə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada iki əsrdən sonra tarixi şairlər məclisini təşkil etdik. Həmin tədbirdə Azərbaycan Yazıçılar Birliyindən çoxsaylı nümayəndələr, eləcə də xanəndələr, mədəniyyət, incəsənət xadimləri iştirak etdi. Bu tədbir Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan etməsi ilə əlaqədar keçirildi. Qərara aldıq ki, gələcəkdə bütün türk dünyasında şairlər məclisini təşkil edək. “Şuşa İli” ərəfəsində Özbəkistanda çoxsaylı tədbirlər – dostluq konsertləri, kitab təqdimatları keçirmişik. Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayarkən əsas məqsədi Azərbaycan ədəbiyyatını təbliğ etmək olub və ilk olaraq Nizami Gəncəvi əsərlərinin özbək dilinə tərcümə işini həyata keçirib”.

Daha sonra Türkiyə Ədəbiyyatı Vəqfinin direktoru Serhat Kabaklı, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və digərləri çıxış ediblər.

Sonda görkəmli özbək yazıçısı Babaxan Şərif çıxış edərək tədbirin təşkilinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.