Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib

 

Ötən gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib. Forum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, forum iştirakçıları ilk olaraq Qarabağ ərazisində dağıdılmış abidələr və tarixi məkanların fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətindən danışıb. Qeyd edib ki, təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində misli görünməmiş dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir: “Təəssüf ki, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağda 30 ilə yaxın davam edən işğal abidələrə də təsirsiz ötüşməyib. Tarix-mədəniyyət abidələrimiz Ermənistan tərəfindən vandalizmə məruz qalıb, böyük əksəriyyəti yer üzündən silinib. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması və hər il qeyd edilməsi böyük əhəmiyyətə malikdir”.

Azad Cəfərli bu gün Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irs nümunələrindən üçünün – Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan abidələri və Şəki Xan sarayı ilə birlikdə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya İrsi Siyahısında yer aldığını diqqətə çatdırıb. Bildirib  ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında milli mədəni irsimizin qorunması, tədqiqi, gələcək nəsillərə çatdırılması, dünya miqyasında təbliği və eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin bərpası istiqamətində böyük işlər görülür. Təkcə son bir neçə il ərzində Gəncə şəhərində Şah Abbas karvansarası, Şəkidə Gileyli məscidinin minarəsi və Bərdədə “Allah-Allah” türbəsi və Qazaxda “Sınıq körpü” abidələrində bərpa-konservasiya işləri aparılıb.

Çıxışının sonunda Azərbaycanda rəsmi səfərdə olan İCOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünala təşəkkürünü bildirən Dövlət Xidmətinin rəisi deyib: “Dünən biz birlikdə Ağdam şəhərini ziyarət etdik, orada işğal nəticəsində baş vermiş dağıntıları görməklə yanaşı, orada yeni reallığa, dövlətimizin quruculuq işlərinə də şahidlik etdik”.

Zeynəb Gül Ünal çıxışında təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, İCOMOS mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpası üzrə fəaliyyət göstərən təşkilatdır və UNESCO-nun maddi mədəni irs məsələləri üzrə məşvərətçi qurumudur. İCOMOS memarlıq və arxeoloji irsin konservasiyası üçün nəzəri, metodoloji və elmi üsulların tətbiqinin stimullaşdırılması üzrə ixtisaslaşmış yeganə qlobal qeyri-hökumət təşkilatıdır. Qurum həmçinin memarlar, tarixçilər, arxeoloqlar, incəsənət tarixçiləri, coğrafiyaşünaslar, antropoloqlar, mühəndislər və şəhərsalma mütəxəssislərindən ibarət geniş beynəlxalq şəbəkədir.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə çıxışında ölkəmizin tarix-mədəniyyət abidələrinin beynəlxalq müstəvidə təbliğatı məsələsinə diqqət çəkib. Qeyd edib ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. O, mədəni irsin məruz qaldığı müxtəlif təbii təsirlərin qarşısının alınmasının vacibliyini də diqqətə çatdırıb.

 

*

 

Forum günün ikinci yarısında öz işini “İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi mədəni irsi”, “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularında panel müzakirələrlə davam etdirib.

İCOMOS Azərbaycan Milli Komitəsinin icraçı direktoru Rəşad Əliyevin moderatorluğu ilə keçən “İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi mədəni irsi” mövzusunda paneldə Azad Cəfərli, Zeynəb Gül Ünal, İCOMOS Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Budaqova, UNESCO üzrə  Azərbaycan Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, hazırda ölkəmizdə 82-si dünya, 2059-u ölkə və 4167-si yerli əhəmiyyətli olmaqla ümumilikdə 6000-dən çox daşınmaz tarix-mədəniyyət abidəsi dövlət mühafizəsindədir. Son illər ərzində ölkə ərazisində aparılmış monitorinqlər nəticəsində əvvəlki siyahılara daxil edilməyən 1400-dən çox tarix, memarlıq və arxeoloji əlamət daşıyan obyekt müəyyən edilərək yeni aşkar olunmuş tarix-mədəniyyət abidələri kimi qeydə alınıb. 

Bildirilib ki, yaxın vaxtlarda Abşeronun ən qədim və hündür qalalarından biri olan, dünya əhəmiyyətli tarixi abidə Böyük Mərdəkan qəsrinin və Tuba Şah məscidinin bərpasına başlanılacaq. Artıq bərpa ilə bağlı layihə sənədlərinin hazırlanması yekunlaşıb. Bərpa işləri Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı çərçivəsində həyata keçirəcək.

Həmçinin qeyd olunub ki, 30 illik işğal dövründə heç bir beynəlxalq missiyanı işğal altında saxladığı Azərbaycan ərazilərinə buraxmayan Ermənistan dünya əhəmiyyətli tarix-mədəniyyət abidələrimizə də müdaxilə edib, onların tarixini saxtalaşdırmağa cəhd göstərib. Monitorinqlər nəticəsində baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı aşkar edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri davam etdirilir. Yaxın vaxtlarda Ağdamda “İmarət” kompleksinin, Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Azad olunmuş ərazilərdə yerləşən dünya əhəmiyyətli, həmçinin digər tarix və mədəniyyət abidələrinin də qorunması, təbliği, eləcə də UNESCO-nun müvafiq siyahılarına salınması üçün müvafiq işlər həyata keçirilir.

“Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimlinin moderatorluğu ilə keçən “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanovun moderatorluğunda davam edən “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularında panel müzakirələrdə maraqlı fikir mübadiləsi aparılıb. 

Forumun sonunda il ərzində fəaliyyəti ilə seçilən gənc mədəni irs əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.