Super User
Bu gün Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” adlı layihəsində növbəti mərhələ başlayır
Xəbər verdiyimiz kimi, cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev bu gündən başlayaraq aprel ayının 18-dək Füzuli Dövlət Dram Teatrında ustad dərsləri keçəcəkdir. Beş gün davam edəcək dərslərdə dövlət teatrının peşəkar və gənc aktyorları ilə yanaşı, xalq teatrlarının həvəskar truppaları ilə görüşəcək, həmçinin onlara xüsusi proqram əsasında təlimatlar verəcəkdir.
Pərviz Məmmədrzayev dərslərin ilk günü təlim iştirakçılarına diqqət və yaddaşa, duyğu üzvlərinə aid məşqlər keçəcəkdir. Növbəti günlərdə isə “Hərəkətin xarakterinin və mənasının zaman və məkan aspektindən açılması”, “Aktyorun tərəf müqabilinə uyğunlaşması və onunla səhnədə canlı şəkildə işləyə bilməsi”, “Bədənin ifadə vasitələrinin inkişafı”, “Bədən üzvlərinə aid çalışma, etüdlər”, “Hərəkət və sözlə bağlı improvizasiya”, “Mətn üzərində iş formaları”, “M.Çexovun “Ağırlıq mərkəzi” və “Psixoloji jest” anlayışları barədə” təlimlər keçəcək, uzun illər səhnədə qazandığı təcrübəsini teatrın bütün yaradıcı heyəti ilə bölüşəcəkdir.
“Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı nəşr olunub
Dövlət Tərcümə Mərkəzi ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə və Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabını ərsəyə gətirib.
Qədim Şuşanın məhəllə və küçələri, dini, tarixi, mədəni abidələri, şeir və muğam məclisləri orijinal rəsm və illüstrasiyalarla təsvir olunan nəfis tərtibatlı kitab XIX əsr Şuşa ədəbi mühitindən, bu mühitin yetişdirdiyi, şəxsiyyətləri və yaradıcılıqları ilə klassik Azərbaycan poeziyasında dərin izlər qoymuş Xan qızı Natəvan, Fatma xanım Kəminə və Aşıq Pərinin həyat hekayəsini əks etdirir.
Kitabın müəllifi tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyev, redaktoru İradə Musalıdır.
“Ovcunda torpaq, yaxasında bayraq, cibində xarıbülbül” (Ulucay Akif) - SW ekspertlərinin seçimi
Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Ulucay Akif oğlu Məmmədov (Ulucay Akif)
1995-ci il mayın 14-də Bakı şəhərində, şair Akif Səmədin ailəsində dünyaya gəlib. 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə, 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb.
2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb.
2016–2018-ci illərdə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2016-cı ildən AYB-nin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdüdür. Həmin il gənc yazarlar üçün verilən "Prezident Təqaüdü"nə layiq görülüb.
Tələbəlik illərindən “Ədalət” qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib. 2021-ci ildə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçilib. 2021-ci ildən Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktorudur.
2016-cı ildə "Günəşə atılan mərmilər", 2021-ci ildə "Gizlənqaç" adlı şeirlər kitabı işıq üzü görüb.
Ekspertlərin fikrincə, Ulucay öz şeirlərində hər şeydən öncə, gözəl lövhələr yaratmağı bacarır. Bu lövhələr tam poetikdirlər, ədəbi zövq verə bilirlər, yaddaşlara hopurlar. Bunlar da, razılaşın ki, gənc ədib üçün böyük məziyyətlərdir.
Kölgə
bu qədər savaş və qanın
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə
şeir yazmaq - bacardığım ən gözəl biçimdə
şeir yazmaq istəyirəm sənə
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq -
Adəmin Həvva ilə danışması kimi -
insanoğlunun birinci dilində
ey sən
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən
gecələr hansı otaqlarda gizlənir?
ey sən
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də
şəhəri də, ölkəni də
tanıyıram səni isidən Günəşi də
səni üşüdən küləyi də
tanıyıram səmanda uçan quşları
tanıyıram bütün səndə unudulmuşları
demirəm ki, o Günəşi, quşları
o küləyi, o küçəni, şəhəri
demirəm ki, mənə ölkəni göndər
heç olmasa, heç olmasa hərdən bir
heç olmasa, heç olmasa gecələr
heç olmasa mənə kölgəni göndər
Xarıbülbül
bir əsgər şəhid olub
ovcunda torpaq
yaxasında bayraq
cibində xarıbülbül
ürəyində sevgisi
bir əsgər şəhid olub
ovcunda sıxdığı
torpaq onun öz torpağı
o torpağa sancılan
bayraq onun öz bayrağı
bir əsgər şəhid olub
amma heç kim bilməyib
o gül kimin üçünmüş
kimə imiş sevgisi?
alnında güllə izi...
Revolver
səni sevsəydim orta əsrdə
mütləq bir at belində
cəng meydanında
sıyırıb qılıncımı qınından
şığıyardım düşmən üstünə
sənin uğrunda
ya da belimdə "Revolver"
bir duel meydanında
başı dik atılmış on addımdan sonra
cəld tərpənsəm də düşməndən
çıxarıb silahımı
atəş açardım havaya
son addımdan sonra
Nə yaxşı ki
Nə yaxşı ki tez gəldin
iyirmi yaş əladı
gecikə də bilərdin
gəlməyə də bilərdin
bir az da geciksəydin
yəqin nişan pozardım
otuzumda bəlkə də
bezərdim, boşanardım
qırxda gəlsən, qızımdan
üzr də istəyərdim
həyat yoldaşıma da
özümü pisləyərdim
əllidə gəlsən, yəqin
məşuqluq eyləyərdik
altmışımda gəlsəydin
bilmirəm, neyləyərdik?
nə yaxşı ki tez gəldin
iyirmi yaş əladı
gecikə də bilərdin
gəlməyə də bilərdin.
Ən yaxşıların "Xoreoqrafiya Suitası" tamaşası coşğu ilə qarşılanıb
Bakı Xoreoqrafiya Akademiyası ölkə baletinin yüksək xətlə inkişafına öz töhfələrini verməkdədir. Akademiyanın tam orta təhsil pilləsinin şagirdləri və orta ixtisas təhsil pilləsinin tələbələrinin iştirakı ilə növbəti diqqətçəkən tədbir keçirilib.
“Ədəbiyyat və incəaənət” portalı xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində baş tutan "Xoreoqrafiya Suitası" adlı tamaşasına mədəniyyət və ictimaiyyət nümayəndələri, media əməkdaşları, ictimai fəallar və tələbələr tamaşa ediblər.
Tamaşa ərzində P.İ.Çaykovski, V.A. Mosart, A.L.Vivaldi, G.Maler, Ş.F.Quno və s. kimi dünya bəstəkarlarının klassik əsərləri əsasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib. Rəqsləri ən bacarıqlı və nümunəvi tələbələr ifa ediblər.
Xoreoqrafik tamaşanın bədii rəhbəri akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, quruluşçu-xoreoqrafı Əməkdar müəllim Pellumb Aqalliyay, xoreoqraf-repetitoru isə Pərvin Nəcəfovadır.
Qeyd edək ki, tələbələrin çıxışı tamaşaçılarda dərin təəssürat oyadıb. Tamaşa böyük maraqla, coşqu ilə qarşılanıb.
Balet incəsənətin elə bir spesifik növüdür ki, səylə elitar təfəkkür formalaşdırır. Təəssüf ki, cəmiyyətdə bu incəsənət növünə maraq zəifdir. Bu sahənin reklamı da demək olar ki, yoxdur. Ona görə də Bakı Xoreoqrafiya Akademiyasının keçirdiyi bu tədbiri təqdirəlayiq hesab etmək olar.
Firəngiz Əlizadənin musiqisi Böyük Britaniyada səsləndi
Müasir dövrün yetəri qədər tanınmış bəstəkarı olan Firəngiz Əlizadənin məhsuldar yaradıcılığı nəinki öz Vətənində, eləcə də dünya səhnəsində tamaşaçı rəğbəti qazanmağa davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, dünyanın ən tanınmış səhnələrində əsərləri səslənən Qara Qarayev irsinin layiqli davamçısı Firəngiz Əlizadənin “Nizami fəzası” adlı əsəri bu dəfə tanınmış ukraynalı dirijor Kiril Karabitsin rəhbərliyi altında Böyük Britaniyanın Bornmut Simfonik Orkestrinin ifasında səslənmişdir.
2022-ci il aprelin 6-da baş tutan konsert canlı yayımla nümayiş olunmuş və rəqəmsal biletlər 6 may tarixinədək maraqlananlar üçün əlçatan olacaqdır.
Lighthouse Poole İncəsənət Mərkəzinin press-relizində qeyd edildiyi kimi, “onun təzadlarla zəngin olan musiqisində zərif şəffaflıq, qabarı çalarlar, təmkinli sadəlik və çoşğun virtuozluq, eləcə də meditasiya və ekstaz hissi həmahəngdir. Beləliklə, bir tərəfdən, bu musiqi Şərq və Qərb ilə milli ənənələr arasındakı dini və mənəvi toqquşmanı təcəssüm etdirir, digər tərəfdən isə bəstəkar öz şəxsi daxili sarsıntılarını, həyatı boyu yaşadığı gərgin duyğularını öz musiqisində yaşadır”.
Cari ildə yubiley ili olan Firəngiz Əlizadənin əsərlərinin il ərzində keçirilən bir çox tədbirdə səslənməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Bakı şəhərində Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş silsilə tədbirlərin təşkili də gözlənilir.
“Mədəniyyət/Culture” jurnalının 2022-ci il üçün ilk sayı oxucularla görüşə gəlib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dərgi həmişəki kimi, maraqlı yazılarla zəngindir.
Jurnalın ilk səhifələri Mədəniyyət Nazirliyinin tədbirləri haqda materiallarla maraqlıdır. Daha sonra “Türk dünyası” rubrikasında “Özbəkistan deyəndə...” sərlövhəli səfər qeydlərində müəllif qədim, əsrarəngiz Səmərqənd şəhəri ilə bağlı təəssüratlarıyla bölüşür.
“Ədəbiyyat” rubrikasında 200 yaşlı Aşıq Ələsgərin və 115 yaşlı Məhəmmədhüseyn Şəhriyarın ölməz irsinə yer ayrılıb. AMEA-nın müxbir üzvü Nüşabə Araslı ilə müsahibədə isə ötən “Nizami Gəncəvi İli”nin Nizamişünaslığa töhfələrindən söhbət açılır. Ustad aşıqların yaradıcılığı əsasında hazırlanmış “Kəsişən əbcədlər üsulu”, Şəhid-şair Ülvi Bünyadzadənin qısa, ibrətamiz həyatından bəhs edən “And olsun Vətənə və onun azadlığına”, dünya ədəbiyyatından “Uşaqlığımızın, yuxularımızın kralı - Hans Kristian Andersen” də diqqətçəkən məqalələrdəndir.
“Musiqi”də gənc sənətçinin ixtira etdiyi Ra.Tar musiqi aləti, “Kino”da qısametrajlı “Zəng” filmi, “Teatr”da məşhur tənqidçi Jan Lui Barronun səhnə haqqında düşüncələri təqdim olunur.
Türkiyə Cümhuriyyəti Çukurova Universiteti Dövlət Konservatoriyasının rəhbəri, professor Ülviyyə Aslanova-Gülər haqqında “Uzaqdakı yaxınlar”dan məlumat alır oxucu.
Tanınmış jurnalist İbrahim Nəbioğlu isə “Düşüncələr”ində “Leonardo da Vinçi İslamı qəbul etsəydi...” ehtimalı zəminində baş verəcəkləri təxmin edir.
Quba Soyqırımı Memorial Kompleksi barədə sosial-tarixi muzeyin əməkdaşı Leyla Beybutovanın yaxın tarixə səyahəti erməni-daşnak qüvvələrinin xalqımıza qarşı törətdiyi dəhşətli genosid aktlarını gün üzünə çıxarır.
“Şuşa İli” arzularında işğaldan azad olunmuş qədim şəhərimizdə başlanan tikinti-quruculuq işləri və planlaşdırılan beynəlxalq səviyyəli tədbirlərdən söhbət gedir.
“Mədəni irsimiz” bölümünün sizlərdən ötrü daha bir maraqlı yazısı “Sufizm və Pir-Mərdəkan xanəgahı” ola bilər.
Həmişəki kimi, elmi dərəcə iddiaçıları, magistr və dissertantların araşdırma yazıları “Elm” rubrikasında verilib.
Nazir Anar Kərimov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Mədəniyyət Nazirliyi və Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həyata keçirilən beynəlxalq layihələr və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə söhbət aparılıb.
Nazir Anar Kərimov Avropa İttifaqı ilə Mədəniyyət Nazirliyi arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Avropa İttifaqının dəstəyindən söz açan nazir bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını ifadə edib.
Görüş zamanı Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb.
A.Kərimov "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı və İSESKO tərəfindən dəstəklənən bu layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olmasıdır. Bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kompaniyası ilə dünyaya çağırış edir. A.Kərimov Avropa İttifaqını Nazirliyin irəli sürdüyü bu kimi bir sıra beynəlxalq təşəbbüslərdə iştiraka dəvət edib.
Səfir Peter Mixalko qəbula görə təşəkkürünü bildirərək Avropa İttifaqı tərəfindən Azərbaycanla mədəniyyət sahəsində həyata keçirilən layihələrə böyük önəm verildiyini və bu münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.
“Taleyimin qarğış tutan yerləri…”
“Ədəbiyyat və incəsənət” portalı sumqayıtlı şair Sabir Yusifoğlunun yeni şeirini təqdim edir:
Ömrüm boyu yer elədim könlümə,
Külək vuran, yağış tutan yerləri.
Neynəsəm də uçuq qaldı, çat qaldı
Taleyimin qarğış tutan yerləri.
Ətəyində arzu, ümid bitirdik...
O dağları hardan hara gətirdik.
Ovuc-ovuc, qarış-qarış itirdik,
Boyumuza qamış tutan yerləri.
Son nəfəsim-
dimdiyimdə dən, qaldı,
Sinəm dağ-dağ,
bulud-bulud,
çən qaldı.
Kürəyimə dəyən daşdan rəng aldı,
Ürəyimin naxış tutan yerləri...
Yada düşdü,
yadın oldu, qız, nələr!..
Açıb desəm, dağ kişnəyər, düz mələr.
Dodağımın ürək sözün gizlədər,
Yanağının qırış tutan yerləri...
Rəsm qalereyası: Elşən Əzim, “Təbiət mənzərəsi”
Bu gün Azərbaycan Dövlət Xor Kapellası konsert verəcək
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq.
Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək konsertin Konsertmeysteri Elxan Niftiyevdir.
Proqramda İ.S.Bax, A.Brukner, F.Şubert, A.Makor, J.C.Aiblinger, A.Şnitke, Y.Arkadelt, A.Konsolasion, A.Kaxidze, R.Sədirxanov, Q.Məmmədov, F.Bədəlbəylinin əsərləri səslənəcək.