Bakı Xoreoqrafiya Akademiyası ölkə baletinin yüksək xətlə inkişafına öz töhfələrini verməkdədir. Akademiyanın tam orta təhsil pilləsinin şagirdləri və orta ixtisas təhsil pilləsinin tələbələrinin iştirakı ilə növbəti diqqətçəkən tədbir keçirilib.
“Ədəbiyyat və incəaənət” portalı xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində baş tutan "Xoreoqrafiya Suitası" adlı tamaşasına mədəniyyət və ictimaiyyət nümayəndələri, media əməkdaşları, ictimai fəallar və tələbələr tamaşa ediblər.
Tamaşa ərzində P.İ.Çaykovski, V.A. Mosart, A.L.Vivaldi, G.Maler, Ş.F.Quno və s. kimi dünya bəstəkarlarının klassik əsərləri əsasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib. Rəqsləri ən bacarıqlı və nümunəvi tələbələr ifa ediblər.
Xoreoqrafik tamaşanın bədii rəhbəri akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, quruluşçu-xoreoqrafı Əməkdar müəllim Pellumb Aqalliyay, xoreoqraf-repetitoru isə Pərvin Nəcəfovadır.
Qeyd edək ki, tələbələrin çıxışı tamaşaçılarda dərin təəssürat oyadıb. Tamaşa böyük maraqla, coşqu ilə qarşılanıb.
Balet incəsənətin elə bir spesifik növüdür ki, səylə elitar təfəkkür formalaşdırır. Təəssüf ki, cəmiyyətdə bu incəsənət növünə maraq zəifdir. Bu sahənin reklamı da demək olar ki, yoxdur. Ona görə də Bakı Xoreoqrafiya Akademiyasının keçirdiyi bu tədbiri təqdirəlayiq hesab etmək olar.