Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Ulucay Akif oğlu Məmmədov (Ulucay Akif)
1995-ci il mayın 14-də Bakı şəhərində, şair Akif Səmədin ailəsində dünyaya gəlib. 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə, 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb.
2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb.
2016–2018-ci illərdə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2016-cı ildən AYB-nin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdüdür. Həmin il gənc yazarlar üçün verilən "Prezident Təqaüdü"nə layiq görülüb.
Tələbəlik illərindən “Ədalət” qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib. 2021-ci ildə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçilib. 2021-ci ildən Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktorudur.
2016-cı ildə "Günəşə atılan mərmilər", 2021-ci ildə "Gizlənqaç" adlı şeirlər kitabı işıq üzü görüb.
Ekspertlərin fikrincə, Ulucay öz şeirlərində hər şeydən öncə, gözəl lövhələr yaratmağı bacarır. Bu lövhələr tam poetikdirlər, ədəbi zövq verə bilirlər, yaddaşlara hopurlar. Bunlar da, razılaşın ki, gənc ədib üçün böyük məziyyətlərdir.
Kölgə
bu qədər savaş və qanın
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə
şeir yazmaq - bacardığım ən gözəl biçimdə
şeir yazmaq istəyirəm sənə
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq -
Adəmin Həvva ilə danışması kimi -
insanoğlunun birinci dilində
ey sən
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən
gecələr hansı otaqlarda gizlənir?
ey sən
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də
şəhəri də, ölkəni də
tanıyıram səni isidən Günəşi də
səni üşüdən küləyi də
tanıyıram səmanda uçan quşları
tanıyıram bütün səndə unudulmuşları
demirəm ki, o Günəşi, quşları
o küləyi, o küçəni, şəhəri
demirəm ki, mənə ölkəni göndər
heç olmasa, heç olmasa hərdən bir
heç olmasa, heç olmasa gecələr
heç olmasa mənə kölgəni göndər
Xarıbülbül
bir əsgər şəhid olub
ovcunda torpaq
yaxasında bayraq
cibində xarıbülbül
ürəyində sevgisi
bir əsgər şəhid olub
ovcunda sıxdığı
torpaq onun öz torpağı
o torpağa sancılan
bayraq onun öz bayrağı
bir əsgər şəhid olub
amma heç kim bilməyib
o gül kimin üçünmüş
kimə imiş sevgisi?
alnında güllə izi...
Revolver
səni sevsəydim orta əsrdə
mütləq bir at belində
cəng meydanında
sıyırıb qılıncımı qınından
şığıyardım düşmən üstünə
sənin uğrunda
ya da belimdə "Revolver"
bir duel meydanında
başı dik atılmış on addımdan sonra
cəld tərpənsəm də düşməndən
çıxarıb silahımı
atəş açardım havaya
son addımdan sonra
Nə yaxşı ki
Nə yaxşı ki tez gəldin
iyirmi yaş əladı
gecikə də bilərdin
gəlməyə də bilərdin
bir az da geciksəydin
yəqin nişan pozardım
otuzumda bəlkə də
bezərdim, boşanardım
qırxda gəlsən, qızımdan
üzr də istəyərdim
həyat yoldaşıma da
özümü pisləyərdim
əllidə gəlsən, yəqin
məşuqluq eyləyərdik
altmışımda gəlsəydin
bilmirəm, neyləyərdik?
nə yaxşı ki tez gəldin
iyirmi yaş əladı
gecikə də bilərdin
gəlməyə də bilərdin.