“Taleyimin qarğış tutan yerləri…”

 

“Ədəbiyyat və incəsənət” portalı sumqayıtlı şair Sabir Yusifoğlunun yeni şeirini təqdim edir:

 

Ömrüm boyu yer elədim könlümə,

Külək vuran, yağış tutan yerləri.

Neynəsəm də uçuq qaldı, çat qaldı

Taleyimin qarğış tutan yerləri.

 

Ətəyində arzu, ümid bitirdik...

O dağları hardan hara gətirdik.

Ovuc-ovuc, qarış-qarış itirdik,

Boyumuza qamış tutan yerləri.

 

Son nəfəsim- 

dimdiyimdə dən, qaldı,

Sinəm dağ-dağ, 

bulud-bulud,

çən qaldı.

Kürəyimə dəyən daşdan rəng aldı,

Ürəyimin naxış tutan yerləri...

 

Yada düşdü, 

yadın oldu, qız, nələr!..

Açıb desəm, dağ kişnəyər, düz mələr.

Dodağımın ürək sözün gizlədər,

Yanağının qırış tutan yerləri...

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.