Super User
“Onun hekayəsi” kimin hekayəsidir?
“Mücrü” nəşriyyatında Əli Rzazadənin “Onun hekayəsi” adlı kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əli Rzazadə kitabının işıq üzü görməsinə belə şərh verib: “Daha bir mənəviyyat dolu kitabla əziz kitabsevər dostların görüşündə olacağıq. "Onun hekayəsi" əslində hamımızın hekayəsi olduğu üçün onun hamı tərəfindən oxunması lazım və hətta vacibdir”.
Kitabın redaktoru Şəfa Vəli isə deyib: “Redaktoru olduğum daha bir kitab dəyərli Əli Rzazadənin kitabıdır.
Öncədən deyim ki, içindəki hekayələrin əksəriyyəti məni mütəəssir edib. Həftələrlə duyğularıma hakim olan hekayə də var burda. Müəllifə yeni-yeni həyat və yaradıcılıq uğurları arzulayır, sevincinə şərik oluram”.
“İslam Mədəniyyəti Paytaxtı -2022” tədbirlərinə Qahirədə start verilib
Bu gündən etibarən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Qahirədə “İslam Mədəniyyəti Paytaxtı- 2022” tədbirlərinə start verib və bu münasibətlə Misir paytaxtındakı Roma Amfiteatrında keçirilən mərasimdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Misirin mədəniyyət naziri İnes Abdel-Dayim dünyanın ən qədim və tarixi abidələri ilə zəngin şəhərlərindən biri olan Qahirədə təşkil olunacaq tədbirlərdən bəhs ediblər.
ICESCO-nun Baş direktoru “İslam Mədəniyyəti Paytaxtı” bayrağını Misirin mədəniyyət nazirinə təqdim edib.
TÜRKSOY-un yeni Baş katibi kollektivə təqdim olunub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yeni Baş katibi Sultan Rayev TÜRKSOY-un kollektivinə təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu münasibətlə TÜRKSOY-un Mərkəzi Qərargahında rəsmi mərasim keçirilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən mərasimə TÜRKSOY-a üzv ölkələrin Türkiyədə fəaliyyət göstərən səfirləri də qatılıblar.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da mərasimdə iştirak edib.
Tədbirdə sabiq Baş katib Düsen Kaseinovun təşkilata rəhbərliyi dövründə TÜRKSOY-un fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də nəticələrin səmərəliliyin artması istiqamətində görülən işlər yüksək dəyərləndirilib. Professor Düsen Kaseinova xoş arzular, gələcək fəaliyyətindən uğurlar arzulanıb.
Əminliklə ifadə olunub ki, yeni Baş katibi Sultan Rayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının fəaliyyətinin daha da yüksəlişi naminə böyük səylər göstərəcək.
Soltan Soltanlı növbəti dəfə “Cartoon Magazine” dərgisində
Soltan Soltanlı növbəti dəfə “Cartoon Magazine” dərgisində
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dünya Karikaturaçılar Birliyinin "Cartoon Magazine" dərgisinin aprel-iyun sayında istedadlı karikaturaçı-rəssam Soltan Soltanlının beş əsəri yer alıb.
Karikaturalar günümüzün reallıqlarını əks etdirir, cəmiyyətdəki neqativ halları tənqid edir.
Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” layihəsi Gəncədən start götürüb
Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Mədəniyyət Nazirliyi müəyyən tədbirlər həyata keçirir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirlik tərəfindən təşkil olunan layihə çərçivəsində ilkin olaraq Gəncə şəhərində həmin region üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçirilib.
Gəncə və Naftalan şəhərləri, Xocalı, Samux və Goranboy rayonları üzrə Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və ev muzeyləri olmaqla ümumilikdə 14 mədəniyyət müəssisəsindən 90-dək muzey əməkdaşı layihədə iştirak edib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verib. Layihənin əsas məqsədi məhz regionlardakı muzeylərin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.
Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.
“Nə də qan qoxusu var, bu qaranlıq gecədə” (Mehdi Dostəlizadə) - SW ekspertlərinin seçimi
Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Ələsgər Əhməd, Orxan Həsəni, Aypara Ayxan, Ümid Nəccari və Murad Muradov.
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Mehdi Pərviz oğlu Dostəlizadə
2002-ci ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə daxil olub. 2019-cu ildə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almağa başlayıb. 2021-ci ildən Kulis.az internet dərgisində müxbir kimi fəaliyyət göstərir.
Çox fərqli yazır Mehdi ekspertlərin fikrincə. Qeyri-ənənəvi poeziya mövzuları, mistika, fantasmaqoriya, gözlənilməzliklər... Ən əsası da film kimi fikrilərini oxucunun gözü önündə canlandırmağı bacarır. Razılaşın ki, poeziyada bu, hər kəsin bacardığı iş deyil.
Şərq xəbərləri
Əsir səmum küləyi, döyüşür fırtınalar,
Diri zərbələr vurur ölü divanələrə,
İndi lərzəyə gəlib dağılır bütxanalar,
Dönür malikanələr uçuq viranələrə;
...Xorasanda ölən var.
Bilmir hansı tərəfə əssin dəli küləklər,
Xarabanın sərhədi, ucu-bucağı yoxdur,
Bilmir hansı tərəfə qaçsın yetim bəbəklər,
Axı xarabalarda ata qucağı yoxdur;
...Xorasanda ölən var.
Baş qaldırıb hər kəsə, fələklər savaş açır,
Şahə qalxıb varlığın qəzəbinin atları,
Zaman da qorxusundan arxa cəbhəyə qaçır,
Geriyə axır indi dünyanın saatları;
...Xorasanda ölən var.
Ədalət doğulurdu atların izlərində,
Qazıb aşkar edirdi gizli dəfinələri,
Yatırdı türbələrin qızıl günbəzlərində,
Kimsəsiz körpələrin bütün xəzinələri;
...Xorasanda ölən var.
Kasıb ruhun nifrəti sayəsində sökülür,
Zəngin cismin rəngbərəng libasından naxışlar,
Kinli cəngavərlərin qılıncıyla tökülür,
Bəsit məmləkətlərə mürəkkəbdən yağışlar;
...Xorasanda ölən var.
Dənizin arxasında
Bu fikir dənizinin sahilinə lövbər at,
Tərgit elə bu saat
yol getmək vərdişini,
Müvəqqəti gəminin əbədi sərnişini.
Sənə yoldaşlıq edən qağayıyla vidalaş,
Sənə qanad çırpana sən də əlini yellə,
Bu qəfil ayrılıqdan qaça bilməyəcəksən.
O qanad çırpa-çırpa yerə enməyi bilir,
Sən əlini yellədib göyə uça bilərsən?
Uça bilməyəcəksən.
Qayıt, başqa gəmiyə
yol göstər, dəniz quşu,
Sən bizim adamlara suda gərəksən ancaq
Ucsuz xarabaların doludur öz bayquşu.
Axı nədən qorxmusan?
Bəmbəyazdır bənizin.
Düşüncələr başımın,
qağayılar dənizin.
Sən axı bu ümmanın sirlərini bilirsən,
Bilirsən ki, birinci ən fağır matrosların
yerə axır qanları,
Yəqin, bundan da sənin xəbərin var, qağayı,
Ən axırda boğulur gəmi kapitanları.
Qum fırtınası
Maşinist lokomotiv, sarvan dəvə sürərək,
Vaqon-vaqon gedirlər, ya kəcavə-kəcavə,
Yolçu olduqlarını hər kəsə bildirərək,
Yolsuzlar dünyasını yara-yara gedirlər,
Axı hara gedirlər?
Budur, cüzamlı qoca, səksən ildir yuxusuz,
Əbədi röya üçün yatır dəmir yoluna,
Xeyriyyəçi bir əqrəb, qumun altında gəzir,
Sağ əlinin gördüyü xeyirxah əməlləri
söyləmir sol qoluna.
Qatar rels üzərində uzanmış ümidsizi
doğrayaraq gedir yol,
Salam verir qəfildən yolun kənarındakı
acından şeir yazan arıq, cılız şairin,
iri, qızıl büstünə,
Karvan səhra qumuna dəniz damlası deyir,
Ölüdirildən kimi çıxır onun üstünə,
Vaqon arxaya dönüb tikələnmiş cəsədə
deyir: sağalacaqsan!
Dəvə baxır geriyə, ucadan çığırır ki,
Peter, yıxılacaqsan!
Səcdə
Nə də qan qoxusu var bu qaranlıq gecədə,
Bu qaranlıq gecədə —
Mütləq yalanlarını nisbi həqiqətlərə
Calayan Allahın da göz yaşını gizlədən
Əsrarəngiz cazibə qüvvəsi var necə də!
Kirpi balalarının tikan çıxıntısı da,
Məxmər kimidir indi,
Adam balalarının burun axıntısı da,
Cövhər kimidir indi.
Əcinnə anaların alov beşiklərinə,
Ata Allah deyilən o şəxsiyyətpərəstin
Cəfasını çəkənlər cərgə-cərgə sığınır.
Qadağalar təşnəsi Həvvanın da döşündən
Süd əmən körpələrin ruhsuz bədənlərinə
Şeytan ruhu toxunur.
İşığı yaradanlar işıqda kor olarkən,
Cənnət kor və koranə ölülərlə dolarkən,
Dirilər töküləcək cəhənnəmin dibinə,
Ruhani diz çökəcək zülmətin rahibinə.
Nə kəsilən, nə yanan, nə çarmıxa çəkilən,
Nə də qan qoxusu var bu qaranlıq gecədə,
Xəsarətsiz, yarasız məhv oluram necə də...
İnhisarçı “Netflix”ə yeni rəqib yaradılıb
Hollivuddan xəbər var. “WarnerMedia” və “Discovery” şirkətləri birləşərək media dünyasında üçüncü cəbhəni yaradıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, “Netflix” və “Disney”in yeni rəqibi olan şirkət “Warner Bros. Discovery” adlanır.
Yeni media şirkətinin 43 milyard dollarlıq bir layihə olduğunu qeyd edənlər tezliklə bu birləşmənin bazar qiymətinin 150 milyarda çatacağını ehtimal edirlər.
Dedikcə böyük rəqəmdir.
Beynəlxalq Türk Müəllifləri Birliyi ilə Türk Ədəbiyyatı Vəqfi arasında memorandum imzalanıb
Ədəbiyyat, mədəniyyət, müəllif hüquqları sahəsində fəaliyyətə başlayan Beynəlxalq Türk Müəllifləri Birliyi (BeyTüM) ilə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfi arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” portalı BeyTüM-ün rəhbəri, şair Xəyal Rzaya istinadən məlumat verir ki, memorandumu Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, tanınmış şair Serhat Kabaklı və Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, Xəyal Rza imzalayıblar.
Memorandumda iki qardaş ölkənin ədəbiyyat və mədəniyyət sahəsindəki fəaliyyətinin inkişafına xidmət göstərəcək müxtəlif layihələrin həyata keçirilməsi, kitabların çap edilməsi və təbliğində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.
Bu gün Filarmoniyada “Milli musiqi alətlərimiz-milli sərvətimizdir” adlı konsert proqramı təqdim olunacaq
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz-milli sərvətimizdir” adlı konsert proqramı təqdim olunacaq.
Konsertdə Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.
“CODA”dan təsirlənən “Simpsonlar” cizgi filmi yeni obraz yaradıb
Məşhur cizgi filmi “Simpsonlar”ın yeni seriyasına eşitmə məhdudiyyətli obraz daxil edilib.
“Ədəbiyyat və incəsənət” portalı srsly.ru-ya istinadən xəbər verir ki, “Simpsonlar”ın yaradıcısı Al Cen növbəti bölümlərdə 33 illik yayım tarixində bu obrazın bir ilk olduğunu bildirib.
Qeyd edək ki, tənqidçilər “Simpsonlar”ın bu bölümünün Oskar qazanmış “CODA” filmindən təsirlənərək yazıldığını deyirlər.
Aktyor Con Otri bu obrazın jestlərinin müəllifidir.