Super User
Qəhrəman Kiyev şəhərində həyat 60-70 faiz bərpa olunub - jurnalist Möhsüm Aslanov Kiyevdən yazır
Bu gün Qəhrəman Kiyev şəhərində həyat, demək olar ki, 60- 70 faiz bərpa olunub. Paytaxtın əksər mərkəzi küçə və meydanlarında müdafiə postları yumşaldılmış iş rejiminə keçib.
Bu gün Ulu Öndər Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət edib, parytaxtın mərkəzi məscidində Ramazan ayının ilk cümə ibadətinə qatıldım. Bu gün Ukraynada dinindən, milliyyətindən, siyasi və ictimai mənsubiyyətindən asılı olmayaraq hamının duaları Ukraynanın bu amansız müharibədən zəfərlə çıxmasına yönəlib. Təpədən dırnağa qədər müsir silahlarla əli yalın Ukraynanın üzərinə yürüyən rus imperiyasını bu savaşda rəzil duruma salan Uca Allah tezliklə Ukrayna xalqına qələbə və zəfər sevincini nəsib edəcək inşallah!
Beynəlxalq Muğam Mərkəzində “Amabile” ansamblının konserti olub
Beynəlxalq Muğam Mərkəzində (BMM) “Amabile” ansamblının konserti keçirilib. Konsert proqramında Aleksandr Borodinin "Re minor simli seksteti" və İohan Bramsın "1 nömrəli simli seksteti" səslənib.
Proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Braziliyada Şuşa şəhərinə və dahi bəstəkarımız Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş konsert təşkil olunub
Aprelin 6-da dünya peşəkar musiqi mədəniyyətində Azərbaycan musiqisinin təbliği çərçivəsində, Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərinə və dahi bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş Braziliya Dövlət Simfonik Orkestrinin konserti təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkəmizin Braziliyadakı səfirliyindən AzərTAC-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunduğunu diqqətə çatdırıb və konsertin bu əlamətdar hadisəyə həsr olunduğunu qeyd edib. Səfir çıxışında bildirib ki, 2022-ci ilin noyabr ayında dünyaşöhrətli bəstəkar, tanınmış ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü münasibətilə dövlətimizin başçısının Sərəncamına uyğun olaraq möhtəşəm tədbir təşkil ediləcək. Səfir Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etməsi barədə konsert iştirakçılarına ətraflı məlumat verib.
Səfir bildirib ki, 100 illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.
Braziliya ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, musiqi sahəsində də dərin bağlılığının olduğunu bildirən səfir bu bağlılığın yüksələn xətlə inkişaf etdiyini deyib.
Daha sonra maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestri tamaşaçılara geniş musiqi proqramını təqdim edib. Bu əlamətdar gecədə konsert dinləyiciləri Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” simfonik muğamı, “Nəsimi dastanı” və Vasif Adigözəlovun 3 nömrəli piano və orkestr üçün konserti ilə tanış olublar. Fortepianoda Braziliyanın ən tanınmış pianoçusu, Braziliya və beynəlxalq mükafatlar sahibi Kristian Budu əsərin Cənubi Amerika premyerasını təqdim edib.
Konsert Rio de Janeyro şəhərinin ən böyük konsert mərkəzi olan Cidade Das Arches-in “Grande Sala” zalında baş tutub və çoxsaylı tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanıb. Konsertə yerli tamaşaçılarla yanaşı, şəhər meriyasının əməkdaşları, Braziliyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Rio de Janeyroda fəaliyyət göstərən Azərbaycan bələdiyyə məktəbinin müəllim-tələbə heyəti və xarici qonaqlar qatılıblar. Konsertin sonunda orkestr və dirijor bütün dinləyicilər tərəfindən ayaqda alqışlanıb və maestro Yalçın Adıgözəlov bir neçə dəfə səhnəyə dəvət edilib.
Qeyd edək ki, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə baş tutmuş bu konsert Braziliyada COVID-19 pandemiyasının başlanmasından sonra Azərbaycana həsr edilmiş ilk musiqi tədbiridir. Son 10 il ərzində maestro Adıgözəlov Braziliyada ümumilikdə 6 konsert verib və yerli dinləyiciləri Azərbaycan musiqi inciləri ilə yaxından tanış edib.
Sabah Milli Dram Teatrı “Dəli yığıncağı”nı göstərəcək
Sabah, aprelin 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.
Bu ikihissəli satirik pamfletin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.
Elmi məsləhətçisi İsa Həbibbəyli olan səhnə əsərinin əsas ideyasını dini mövhumat və xurafatın cürətli, kəsərli ifşası təşkil edir.
Xatırladaq ki, “Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakter daşıyır.
Zemfira Məhərrəmlinin “Qızılgüllərin ətri” kitabı ingilis dilində çap olunub
“Mütərcim” Nəşriyyat Mərkəzində Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Qızılgüllərin ətri” (The Scent of Roses) nəsr kitabı ingilis dilində çap olunub.
Kitaba daxil edilmiş povest, hekayə və esseləri ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tərcüməçi Kamran Nəzirli çevirib. Tərtibat və dizaynın müəllifi Mətanət Qaraxanlı, naşir Rita Müslümovadır.
Kitabdakı “Ön söz”ün müəllifi K.Nəzirli yazır: “Müasir jurnalistikamızın tanınmış nümayəndəsi Zemfira Məhərrəmli həm də gözəl nasir və publisistdir. Onun son illər yazdığı povest və hekayələrində, xüsusilə Qarabağ haqqında ortaya qoyduğu bədii-publisistik əsərlərində dərin və qlobal mətləblər açılır, Azərbaycanın uzun illərdən bəri başına gətirilən müsibətlər, Qarabağ həqiqətləri tarixi sənədlər və faktlar əsasında dünyaya çatdırılır.
“Müasir Azərbaycan nəsri ingilis dilində” layihəsi çərçivəsində çap olunan kitabın nəşrində əsas məqsəd də bu acı həqiqətləri dünyaya çatdırmaqdır. Müasir dünya oxucusu siyasətçidən daha çox obyektiv yazıçı sözünə inanır. Bu mənada Zemfira xanımın anlaşıqlı və əhatəli bədii-publisistik dillə oxucuya çatdırdığı mesajlar çox önəmlidir. Azərbaycanın tanınmış qələm adamı beynəlxalq aləmə şahidi olduğu, gördüyü, duyduğu, müşahidə etdiyi gerçək faciələri, Qarabağ savaşının əsl günahkarlarını və səbəbkarlarını cəsarətlə açıb göstərir və mən belə bir kitabı tərcümə etməkdən məmnun oldum”.
Azər Qismət: “Azərbaycan ədəbiyyatında da, Azərbaycan filmlərində də ağılın zəfəri yoxdur, ağılın faciəsi var”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi yazıçı-jurnalist Azər Qismətlə görüşdürür.
- Salam, Azər bəy, zamana ayaq uydurmaq yazıçıya asandır, yoxsa çətin?
-Tarix zamana ayaq uyduranları yox, zamanı qabaqlayan yazıçıları yaddaşında saxlayır. Yaddaşda axınla üzənlər yox, axına qarşı olanlar qalib gəlir. Məncə, zamana ayaq uydurmaq yerinə zamana beyin uydurmaq lazımdır. Yəni ki, zamanı formadan daha çox məzmunda qəbul etməliyik. Mənim üçün zamana uyğunlaşmaq çətindir. Henri Miller deyir ki, zaman xərçəngdir, arzuladığın hər şeyi yeyib bitirir. Bizim atalar sözlərimizdə ciddi nöqsanlar var. Kommunizm dərsliyinə oxşayır bəzi atalar sözlərimiz. Axına qarşı olma, axın istiqamətində ol. Palaza bürün, elnən sürün. Elnən gələn yas toy-bayramdır. Ayağını yorğanına görə uzat və s. Bu atalar sözləri kommunist ataların sözləri olub. Onların ideologiyasına uyğundur. Məsələn, "Ehtiyac qul edər qəhrəmanı da". Nə deməkdir bu? Niyə bizim qəhrəmanlarımız qul olmalıdır? Niyə biz güclü, iradəli, əzəmətli, nümunəvi obraz yarada bilmirik? Zaman həm də ona görə qəddardır ki, bir millətin təfəkkürünün 70 il ərzində necə dəyişildiyini göstərir. Azərbaycan ədəbiyyatında da, Azərbaycan filmlərində də ağılın zəfəri yoxdur, ağılın faciəsi var.
- Ürək sözə baxırmı?
-Ürəyin həssaslığı insanı zamana uyğunlaşmaqdan məhrum edir. Beyin ürəkdən daha üstündür, çünki bütün orqanlarımız beyinimizə tabedir. Bu məsələyə dövlət fəlsəfəsi nəzərindən baxsaq, Napoleondan sitat gətirə bilərik. "Dövlət adamının ürəyi başında olmalıdır". İnfarkt keçirəndən sonra anladım ki, tələsmək lazımdır, çünki zaman amansızdır. Hələ deməyə sözüm çoxdur. Demək ki, daha sürətli, daha intensiv olmaq lazımdır. Həyatımızı ürəyimizə tabe etsək, beyinsizliyin faciəsini yaşayarıq. Ürək sadəcə istəyir. Sadəcə istəmək azdır. Məsələ həm nə istəməkdir, həm də nəyi necə istəməkdir. İstəməkdə dilənçilik olmamalıdır. Burada istəmək dilənçi rolundadır, beyinsə qərar verir ki, nəyi istəmək olar və nəyi necə istəmək lazımdır. Məntiq və cəsarətin vəhdəti çox önəmlidir. İkisindən biri axsayanda insan uçuruma gedir. Ağılsız cəsarət də, cəsarətsiz ağıl da şikəstdir. Vəhdət qanunauyğunluğu pozulanda şikəstlik başlayır.
- Televiziyada aparıcılıq və yazıçılıq arasında düşünsək Azər Qismətə daxilən ən yaxın olanı hansıdır?
-Televiziya mənə daha yaxındır. Televiziya daha operativdir, daha sürətli düşünmə tələb edir. Əhvalından asılı olmayadaq efirə çıxmalı və kədərini tamaşaçıdan gizlətməyi bacarmalısan. Televiziya mənə daha çox təcrübə verdi, insanları tanımaqda, yeni obrazlar tapmaqda, novellalar yazmaqda mənə ciddi mənada təkan verdi. Televiziya da ədəbiyyatdır. Minlərlə süjet hazırlamışam. Onların hər biri bir novelladır, bir romandır, bir hekayədir. AzTV-nin keçmiş rəhbəri Nizami Xudiyev deyirdi ki, efir üfürdür. Yəni, qalıcı deyil. Əslində bəlkə hər gün hər süjetdə bir vizual novella yazıram. Ancaq xalqın arxivində əsasən kitablar, qəzetlər qalır. Həyat təcrübəmin artırılmasında və müşahidə qabiliyyətimin güclənməsində televiziyanın ciddi əhəmiyyəti var. Hazırladığın süjetə baxırsan, təhlil edirsən, sonra efirə verirsən. Bu ardıcıllıq ədəbiyyat sahəsində də peşəkarlığıma dəstək oldu. Süjetlər hazırlamağım sayəsində oxucuların əsərin hansı məqamında hansı sualları verəcəyini öncədən görə bilirəm. Bu da məndə televiziya gözünün olmasına görədir.
- "Çuğullar", "Xanım taksi", "İlbizlər" kitablarınız çap olundu. Oxucu marağı, kitab mühiti ilə bağlı fikirləriniz maraqlıdır. Ürəyinizcə olan və olmayan şeyləri bölüşün, zəhmət olmasa.
- Kitablarıma, xüsusən də "Çuğullar" romanına olan ciddi maraq məni yaxşı mənada təəccübləndirdi. Kitablarımın satışından narazı deyiləm. "Oxucu yoxdur" fikri ilə razı deyiləm. Gənc nəsil elmə, sənətə, ədəbiyyata ciddi maraq göstərir. Sadəcə istərdim ki, oxucularda təhlil qabiliyyəti daha da təkmiləşsin. İstərdim ki, dünya gündəmini izləsinlər, sənətdən zövq ala bilsinlər, estetik təfəkkürləri zənginləşsin. 1-ci kurs tələbələri görürəm ki, Oruellin, Dostoyevskinin, Mopassanın əsərlərini oxuyurlar. İxtisas seçimində diqqətli olsunlar, peşə seçimi istiqamətində maariflənsinlər. Təbiətdən zövq almağı bacarsınlar. Təbiətdən zövq ala bilməyən gəncin daxili dünyası kasad olacaq. Mənəvi zənginliyin nə demək olduğunu anlamayacaq. Daim boşluq içində olacaq. Mənəvi boşluq həmişə onu təqib edəcək. Boşluq yoluxucudur. İnsanlar sevinc hissini, təəccüblənmək, heyrətlənmək qabiliyyətini ona görə itirir ki, həmin boşluqdan xilas ola bilmir. Mənəvi cəhətdən zəngin olmadığı üçün heç nədən zövq ala bilmir. Estetik təfəkkürün olmaması böyük bəladır. Mən istərdim ki, gəncliyimiz özünü bu bəladan qorusun. Bu ağır bəladan ən yüksək sürətlə qaçsın.
- Sosial şəbəkələrdə də çox aktivsiniz. Sosial şəbəkələrin kitaba müsbət və ya mənfi təsirlərindən danışaq bir az da.
-Əksinə, sosial şəbəkə kitaba ciddi marağın formalaşmasında böyük rol oynayır. Bu gün feysbuk olmasa, çağdaş Azərbaycan ədəbiyyatının taleyi necə olar? Oxucu müəllifi sosial şəbəkədən tanıyır, statuslarını oxuyur. Əgər yazıçının fikirləri maraqlıdırsa, oxucu kitablarını da əldə edib oxuyur. Məhz o aktivliyin hesabına təqdimatlara gəlirlər, kitab imzaladırlar, müəlliflə şəkillər çəkdirirlər. Həm də sosial şəbəkədə aktivlik yaradıcılığıma mane olmur. Kitabımdan hansısa bir hissəni feysbukda paylaşıram və insanların reaksiyasını öyrənirəm. Gözəl olan odur ki, feysbukda dostluğumda olan insanlar səmimidir. Onların səmimiyyətinə inanıram. Bizim cəmiyyətimizdə səmimiyyət çatmır. Allaha ona görə minnətdaram ki, qarşıma səmimi insanlar çıxarır. Ən ağır halında belə təbəssümünü itirməməlisən. Təbəssüm insana hüzur gətirir. Bu səbəbə görə həmişə insanlara deyirəm ki, gülümsəyin. İnsanın təbəssümü, gülüşü onun psixologiyasının, xarakterinin təzahürüdür. Hər kəs necə gülürsə, o cür də düşünür. Hadisələrə o cür də qiymət verir.
-Televiziyada çalışan bir yazar kimi bu gün televiziya və ədəbiyyat arasında, kitab arasında olan bağ sizi qane edirmi? Bu yöndə nələr etmək effektiv olar?
-Televiziyada ədəbiyyatın təbliği üçün milli burjuaziyaya ehtiyac var. Elita ədəbiyyata, sənətə dəstək olmalıdır. Nitsşe deyir ki, gücün müdafiə etmədiyi həqiqət ölümə məhkumdur. Elitanın dəstək olmadığı sənət də ölümə məhkumdur. Ancaq bütün çətinliklərə rəğmən müasir ədəbiyyatımız oxucuların hesabına inkişaf edir. Televiziya ilə ədəbiyyat arasında ciddi mənada bağlılıq olmalıdır. Kapitalizm dünyasında yaşayırıq, dövrün şərtləri ağırdır. Ədəbi verilişlərə sponsor tapmaq olmur. Pessimist olmamalıyıq, çalışmaq, mübarizə aparmaq lazımdır. Xarici ölkələrdə şirkət sahibləri, varlı adamlar ədəbiyyata, mədəniyyətə dəstək olmağı ciddi mənada prestij hesab edirlər. Onlar bilir ki, tarixdə pulla, şirkətlərlə deyil, mədəniyyətə, sənətə dəstək olduqları üçün qalacaqlar. Sənət sahələri daim elitanın dəstəyinə, nüfuzuna möhtacdır.
-Yaradıcı gənclərlə də ünsiyyətiniz sıxdır. Gənclərlə anlaşmaq sizə asandırmı?
- Gənclərlə ünsiyyət daha maraqlıdır. Gənclər daha səmimi, daha interaktivdirlər. Müasir təhsilin əsas tezisi budur: öyrədərək öyrənirəm, öyrənərək öyrədirəm. Qarşılıqlı bilgi mübadiləsi gənclərlə ünsiyyətdə daha yüksək səviyyədə olur. Həm də gələcəkdə gənclər haqqında əsər yazsam, çətinlik çəkməyəcəm. Çünki gənclərin maraqlarını bilirəm. Gənclərin hadisələrə münasibəti daha praqmatikdir. Hər yeni nəsil əvvəlki nəsildən daha bacarıqlı, daha ağıllı, daha praqmatik olmalıdır. Nəsillərarası ziddiyət inkişafa səbəb olur. Biz bu mübarizədən qorxmamalıyıq. Gənclərə azadlıq verməliyik. Əsarət altında qalan arzular problemlər yaradır. Gəncliyə inanmaq, şərait yaratmaq, şans vermək dövrün ən ali tələbidir.
-Kimlərin yaradıcılığını izləyirsiniz?
-Kollektiv halda çəkilən şəkildə hər kəs özünü axtardığı kimi müsahibələrdə də bəzi yazıçılar öz adlarını axtarırlar. Bu səbəbə görə də ad çəkmək istəmirəm. Ancaq istedadlı gəncliyimiz var. Ümumiyyətlə, izləmək çətin sözdür. Yaşantıları olan, ciddi müşahidə qabiliyyətinə malik bütün müəllifləri oxuyuram. Fikirlərimi də müəlliflərə bildirirəm. Tənqidə səmimi münasibət bəsləmək gözəldir. Söhbət əlbəttə ki, obyektiv tənqiddən gedir. Tənqid etməzdən əvvəl tənqidin xüsusiyyətlərini bilmək lazımdır. Tənqid həm də alternativ yollar təklif etməkdir. Nəsə səni qane etmirsə, təkcə tənqidlə baxmaq kifayət etmir. Həm də alternativ variantlar təklif etmək lazımdır.
- Sizcə, Azərbaycan mətnləri irəlidəki zamanlarda dünyaya çıxa biləcəkmi?
-Dünyanı gözümüzdə çox böyüdürük. Azərbaycan ədəbiyyatında yetərincə maraqlı ədəbi, estetik səviyyəsi yüksək mətnlər var. Bu mətnlər dünya üçün maraqlıdır. Ümumiyyətlə, dünya ədəbiyyatına çıxmaq nədir? Bu, pilləkən deyil ki, çıxasan, ya düşəsən. Yazıçının işi yazmaqdır da. Bacardıqca yaxşı yazmaq. Dünya ədəbiyyatında təmsil olunmaq üçün milli təfəkkürə malik milli burjuaziya olmalıdır. Ədəbi agentliklər qurulmalıdır. Kitab sənayesi düzgün təşkil olunmalıdır. Ədəbiyyat sahəsi üzrə prodüsserlər lazımdır. Yuri Polyakovun "Süddə çəpiş" əsərində bir insandan necə bir yazıçı yaratmaq olar sualına cavab tapa bilərik. Məhsul istehsal olunduğu kimi yazıçı da istehsal etmək olar. Bəlkə də, sərt görünür bu fikirlər. Ancaq reallıq budur. Yazıçını yaratmaq lazımdır. Burada mühitin böyük rolu var. Sutkanın bir neçə saatını tıxacda keçirən yazıçının beyni də tıxacda qalır. Sıxılır, ruhən sarsılır. Bu, sadəcə beyinə təsir edən hallardan biridir. Bu cür hallar çoxdur. Ədəbi mühitin formalaşması üçün çox ciddi amillər var. Təbiətə hörmət olunmayan coğrafiyalarda böyük yazıçılar yetişirmi? Xalqın psixologiyasını həm də onun təbiətə münasibəti müəyyən edir.
-Bizim soruşmadığımız, sizin demək istədiyiniz?
-Verilməyən suala cavab vermək çətindir. Çətinlikləri aşmaqdan yorulmuşam. Ürəyim deyir ki, kəsə yolla get. Hərçənd, kəsə yolun da öz çətinliyi var.
“Young Lions Azerbaijan 2022” adlı reklam müsabiqəsinə qeydiyyat başlayıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022” müsabiqəsi keçirilir. Müsabiqənin qalibləri Fransanın Kann şəhərində baş tutacaq böyük finalda iştirak etmək hüququ əldə edəcəklər.
“Ədəbiyyat və incəsənə” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilən “Cannes Lions” hesab olunur. Bu festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi isə ikinci dəfə ölkəmizdə təşkil olunur. 1955-ci ildən bəri təşkil olunan bu müsabiqədə 30 yaşadək (24 iyun, 1990 təvəllüd və ya daha sonra doğulanlar) yaradıcı şəxslər ikili komanda şəklində iştirak edə bilərlər. “Young Lions Azerbaijan 2022” yarışmasında “çap” və “videoçarx” kateqoriyaları üzrə müsabiqə keçiriləcəkdir.
Müsabiqədə qeydiyyatdan keçən iştirakçıların növbəti mərhələdə müsabiqə təşkilatçıları tərəfindən göndəriləcək təlimata əsasən “çap” kateqoriyası üçün 24 saat, “videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunur. Göndəriləcək işlər beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, hər kateqoriya üzrə bir komanda olmaqla ümumilikdə 2 qalib komanda müəyyənləşdiriləcəkdir. Müsabiqənin əsas mükafatı hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın "Young Lions Competitions 2022" finalında iştirak etmək hüququ olacaq.
Son müraciət tarixi: 13 aprel 2022.
Müsabiqədə qeydiyyatdan keçmək və daha ətraflı məlumat almaq üçün www.canneslions.az saytına daxil ola bilərsiniz.
DGTYB “Gəncliyin sözü" kitabını nəşr edib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin səsi" adlı kitab nəşr olunub.
Dünya Gənc Türk Yazarlar Birliyinin mətbuat xidmətindən “Ədəbiyyat və incəsənət” portalına bildirilib ki, birinci cildində 55 yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti cildlərinin də çapı nəzərdə tutulub. "Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi" layihəsinin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibçiləri DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu, tərtibatçı-dizayneri isə Əli Zeynalovdur.
Kitabın qarşıdakı günlərdə paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil ocaqlarında və gənclər evlərində təqdimatları keçiriləcək.
Xalq rəssamı Cəlil Hüseynovun “Ağ kölgə” adlı sərgisinin açılışında mədəniyyət naziri iştirak edib
Aprelin 8-də Müasir İncəsənət Muzeyində Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş “Ağ kölgə” adlı sərginin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, müsahibəsində sərgi haqqında məlumat verən Cəlil Hüseynov deyib: “Qadın obrazları hər zaman rəssamların əsas mövzularından biri olub. Ancaq çəkdiyim rəsmlər təkcə bununla bitmir. Mənim işlərim arasında naturmortlar, Abşeron mənzərələrini də görmək olar. Bu mənim ilk fərdi sərgimdir. Sərgidə 1970-ci illərin sonlarından başlayaraq müxtəlif dövrlərdə işlədiyim 60-dək əsər nümayiş olunur”.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Cəlil Hüseynov müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri olan rəssamlardandır. Onun yaradıcılığı həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda tanınır və sevilir. Rəssamın əsərləri ölkəmizdə fəaliyyət göstərən bir çox muzeylərdə və şəxsi kolleksiyalarda qorunub saxlanılır, nüfuzlu sərgilərdə yer alır.
Nazir qeyd edib ki, Cəlil Hüseynovun əsərləri ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və digər ölkələrdə təşkil edilmiş sərgilərdə nümayiş olunub.
“Cəlil Hüseynov həm də istedadlı pedaqoq kimi təsviri sənətimizin inkişafına, gələcək nəsillərə ötürülməsinə yorulmadan xidmət edir. Bu sərgi onun uzunmüddətli, məhsuldar fəaliyyətinin göstəricisidir, sənətkarın yaradıcılığında yüksək zirvədir”, - deyə Anar Kərimov əlavə edib.
Sonra nazir rəssamı Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif edib.
Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov deyib ki, Cəlil Hüseynov ilk sərgisində özünü istedadlı, geniş dünyagörüşünə malik bir rəssam kimi göstərib: “Onun özünəməxsus, gözəl işləri var, əsərləri böyük istəkdən yaranıb. Bu əsərlərə baxanda Cəlil Hüseynovun dəst-xətini görmək olur. Müəllim zirvəyə qalxa bilirsə, o, bunu tələbəsinə də arzulayır. O, pedaqoq kimi də bacarıqlı bir insandır”.
Açılış mərasimi sərgiyə baxışla yekunlaşıb.
Qeyd edək ki, Cəlil Hüseynov ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru olub və akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib.
Ssenarilərin əksəriyyətinin bəsit və dayaz olması təəssüfedicidir
“Tammetrajlı bədii film layihələrinə dəstək - 2022” müsabiqəsinin münsiflər heyətinin bəyanatını nəzərinizə çatdırırıq
Son illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mədəniyyətin müxtəlif sahələrində çoxsaylı müsabiqələr keçirilir. Bu müsabiqələrin əsas məqsədi mədəniyyət sahəsinə yeni yaradıcı qüvvələrin gəlməsinə yol açmaq, bu istiqamətdə çalışan şəxslərin və qurumların fəaliyyətini stimullaşdırmaq, mədəniyyət xadimlərinin peşəkarlığının artırılması vasitəsilə inkişafa nail olmaq, müasir standartlara uyğun sənət nümunələrinin yaranmasına dəstək olmaqdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən ilin sonunda elan edilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək - 2022” müsabiqəsi də bu qəbildən olan tədbirlərdən biridir. Müsabiqəyə onlarla layihə təqdim olunmuş və münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Lakin bu müsabiqəyə təqdim olunan layihələrin araşdırılması zamanı üzə çıxan bir çox çatışmazlıqlar səbəbindən münsiflər heyəti kino xadimlərinə, ələlxüsus da gənc yaradıcı qüvvələrə belə bir müraciət ünvanlamağı özünə borc bildi.
Münsiflər heyətinin üzvlərini narahat edən bir neçə məsələ var ki, bunları növbəli şəkildə diqqətə çatdırmaq istəyirik.
1. Ssenarilərin mövzu problemləri və bədii keyfiyyətləri.
Yığılan ssenarilərin əksəriyyəti mövzu baxımından çox dayaz və bəsit olmaqla bərabər, həm də bədii cəhətdən çox zəif işlənmişdir. Dramaturji qaydalara əksər hallarda riayət olunmur. Ssenarilərin demək olar ki, hamısı sanki çox qısa zamanda tələsik, səthi və səliqəsiz şəkildə yazılıb, cilalanmayıb, redaktə olunmayıb, müasir ssenari formasına salınmayıb.
Ssenarilərdə Mövzu problemləri diqqəti cəlb edir. Sanki müəlliflərin bir çoxu ölkədə baş verən ictimai-sosial proseslərdən kənarda, xəyali bir aləmdə yaşayır, ssenarilərdəki hadisələr də sanki hansısa başqa bir reallıqda cərəyan edir. Əksər ssenarilərin müasir dövrdə Azərbaycanda baş verən ictimai-sosial hadisələrə, aktual problemlərə heç bir aidiyyatı yoxdur.
Bədii cəhətdən də zəif olan əksər ssenarilərin mövzuları, istifadə olunan bədii priyomları sanki hansısa xarici film və seriallardan götürülmüş kimi görünür. Azərbaycan reallığıyla bağlantısı demək olar ki, yox səviyyəsindədir. Qəhrəmanların 70 %-i cinayətkarlardır. Bir çox ssenarilər var idi ki, onların Azərbaycan kino məkanında reallaşdırılması texniki cəhətdən ümumiyyətlə mümkün deyil.
2. Senarilərin düzgün təqdimat forması.
Müsabiqənin elanında ssenarilərin necə və hansı formatda təqdim olunmasının şərtləri dəqiqliyinə qədər açıqlansa da, qəbul edilən əksər ssenarilərin təqdimat forması qətiyyən şərtlərə uyğun deyildi.
Araşdırma zamanı məlum oldu ki, əksər müəlliflər müasir ssenarinin beynəlxalq səviyyədə qəbul edilmiş yazılış formatını bilməməklə bərabər, həm də sinopsisin, tritmentin doğru-dəqiq yazılış qaydalarından da məlumatsızdırlar. Bu hal ona gətirib çıxara bilər ki, gələcəkdə bu müəlliflər ölkədən kənardakı hər hansı bir layihədə iştirak etmək istəsələr, onların göndərdiyi materiallar oxunmadan geri qaytarılar.
Müsabiqənin şərtlərinə görə bu cür düzgün olmayan təqdimatlar ümumiyyətlə qəbul edilməli deyildi. Lakin güzəşt edilərək bu dəfə belə materialların hamısı qəbul edilib münsiflərə təqdim edildi. Lakin növbəti müsabiqələrdə bu güzəşt tətbiq edilməyəcək.
Bütün bunları nəzərə alaraq, təklif edirik ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasının bazasında ssenarinin hansı formatda və necə təqdim olunmasının müasir qaydalarını izah etmək üçün treninqlər keçirilsin, gənclər bu treninqlərdə iştirak edərək bu qaydaları öyrənsinlər. Çünki kinonun istehsalat prosesi ssenarinin yazılmasından başladığı kimi, ssenarinin qəbul prosesi də düzgün şəkildə tərtib edilmiş təqdimat, sinopsis və tritmentdən başlanır.
Ümid edirik ki, kino sahəsindəki gənc yaradıcı qüvvələr münsiflərin bu fikirlərindən düzgün nəticə çıxaracaq və növbəti müsabiqələrdə daha kamil şəkildə işlənmiş maraqlı ssenarilər təqdim edəcəklər.
Münsiflər heyətinin sədri:
Oleq Səfərəliyev
Münsiflər heyətinin üzvləri:
İlqar Fəhmi
Mehriban Ələkbərzadə
Asif Rüstəmov
Şamil Süleymanov
Nadir Əliyev
Hacıbala Səfərov