“Tammetrajlı bədii film layihələrinə dəstək - 2022” müsabiqəsinin münsiflər heyətinin bəyanatını nəzərinizə çatdırırıq
Son illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mədəniyyətin müxtəlif sahələrində çoxsaylı müsabiqələr keçirilir. Bu müsabiqələrin əsas məqsədi mədəniyyət sahəsinə yeni yaradıcı qüvvələrin gəlməsinə yol açmaq, bu istiqamətdə çalışan şəxslərin və qurumların fəaliyyətini stimullaşdırmaq, mədəniyyət xadimlərinin peşəkarlığının artırılması vasitəsilə inkişafa nail olmaq, müasir standartlara uyğun sənət nümunələrinin yaranmasına dəstək olmaqdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən ilin sonunda elan edilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək - 2022” müsabiqəsi də bu qəbildən olan tədbirlərdən biridir. Müsabiqəyə onlarla layihə təqdim olunmuş və münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Lakin bu müsabiqəyə təqdim olunan layihələrin araşdırılması zamanı üzə çıxan bir çox çatışmazlıqlar səbəbindən münsiflər heyəti kino xadimlərinə, ələlxüsus da gənc yaradıcı qüvvələrə belə bir müraciət ünvanlamağı özünə borc bildi.
Münsiflər heyətinin üzvlərini narahat edən bir neçə məsələ var ki, bunları növbəli şəkildə diqqətə çatdırmaq istəyirik.
1. Ssenarilərin mövzu problemləri və bədii keyfiyyətləri.
Yığılan ssenarilərin əksəriyyəti mövzu baxımından çox dayaz və bəsit olmaqla bərabər, həm də bədii cəhətdən çox zəif işlənmişdir. Dramaturji qaydalara əksər hallarda riayət olunmur. Ssenarilərin demək olar ki, hamısı sanki çox qısa zamanda tələsik, səthi və səliqəsiz şəkildə yazılıb, cilalanmayıb, redaktə olunmayıb, müasir ssenari formasına salınmayıb.
Ssenarilərdə Mövzu problemləri diqqəti cəlb edir. Sanki müəlliflərin bir çoxu ölkədə baş verən ictimai-sosial proseslərdən kənarda, xəyali bir aləmdə yaşayır, ssenarilərdəki hadisələr də sanki hansısa başqa bir reallıqda cərəyan edir. Əksər ssenarilərin müasir dövrdə Azərbaycanda baş verən ictimai-sosial hadisələrə, aktual problemlərə heç bir aidiyyatı yoxdur.
Bədii cəhətdən də zəif olan əksər ssenarilərin mövzuları, istifadə olunan bədii priyomları sanki hansısa xarici film və seriallardan götürülmüş kimi görünür. Azərbaycan reallığıyla bağlantısı demək olar ki, yox səviyyəsindədir. Qəhrəmanların 70 %-i cinayətkarlardır. Bir çox ssenarilər var idi ki, onların Azərbaycan kino məkanında reallaşdırılması texniki cəhətdən ümumiyyətlə mümkün deyil.
2. Senarilərin düzgün təqdimat forması.
Müsabiqənin elanında ssenarilərin necə və hansı formatda təqdim olunmasının şərtləri dəqiqliyinə qədər açıqlansa da, qəbul edilən əksər ssenarilərin təqdimat forması qətiyyən şərtlərə uyğun deyildi.
Araşdırma zamanı məlum oldu ki, əksər müəlliflər müasir ssenarinin beynəlxalq səviyyədə qəbul edilmiş yazılış formatını bilməməklə bərabər, həm də sinopsisin, tritmentin doğru-dəqiq yazılış qaydalarından da məlumatsızdırlar. Bu hal ona gətirib çıxara bilər ki, gələcəkdə bu müəlliflər ölkədən kənardakı hər hansı bir layihədə iştirak etmək istəsələr, onların göndərdiyi materiallar oxunmadan geri qaytarılar.
Müsabiqənin şərtlərinə görə bu cür düzgün olmayan təqdimatlar ümumiyyətlə qəbul edilməli deyildi. Lakin güzəşt edilərək bu dəfə belə materialların hamısı qəbul edilib münsiflərə təqdim edildi. Lakin növbəti müsabiqələrdə bu güzəşt tətbiq edilməyəcək.
Bütün bunları nəzərə alaraq, təklif edirik ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasının bazasında ssenarinin hansı formatda və necə təqdim olunmasının müasir qaydalarını izah etmək üçün treninqlər keçirilsin, gənclər bu treninqlərdə iştirak edərək bu qaydaları öyrənsinlər. Çünki kinonun istehsalat prosesi ssenarinin yazılmasından başladığı kimi, ssenarinin qəbul prosesi də düzgün şəkildə tərtib edilmiş təqdimat, sinopsis və tritmentdən başlanır.
Ümid edirik ki, kino sahəsindəki gənc yaradıcı qüvvələr münsiflərin bu fikirlərindən düzgün nəticə çıxaracaq və növbəti müsabiqələrdə daha kamil şəkildə işlənmiş maraqlı ssenarilər təqdim edəcəklər.
Münsiflər heyətinin sədri:
Oleq Səfərəliyev
Münsiflər heyətinin üzvləri:
İlqar Fəhmi
Mehriban Ələkbərzadə
Asif Rüstəmov
Şamil Süleymanov
Nadir Əliyev
Hacıbala Səfərov