Braziliyada Şuşa şəhərinə və dahi bəstəkarımız Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş konsert təşkil olunub

 

Aprelin 6-da dünya peşəkar musiqi mədəniyyətində Azərbaycan musiqisinin təbliği çərçivəsində, Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycanın musiqi beşiyi sayılan Şuşa şəhərinə və dahi bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr edilmiş Braziliya Dövlət Simfonik Orkestrinin konserti təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkəmizin Braziliyadakı səfirliyindən AzərTAC-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunduğunu diqqətə çatdırıb və konsertin bu əlamətdar hadisəyə həsr olunduğunu qeyd edib. Səfir çıxışında bildirib ki, 2022-ci ilin noyabr ayında dünyaşöhrətli bəstəkar, tanınmış ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü münasibətilə dövlətimizin başçısının Sərəncamına uyğun olaraq möhtəşəm tədbir təşkil ediləcək. Səfir Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etməsi barədə konsert iştirakçılarına ətraflı məlumat verib.

Səfir bildirib ki, 100 illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

Braziliya ilə Azərbaycanın bütün sahələrdə olduğu kimi, musiqi sahəsində də dərin bağlılığının olduğunu bildirən səfir bu bağlılığın yüksələn xətlə inkişaf etdiyini deyib.

Daha sonra maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestri tamaşaçılara geniş musiqi proqramını təqdim edib. Bu əlamətdar gecədə konsert dinləyiciləri Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” simfonik muğamı, “Nəsimi dastanı” və Vasif Adigözəlovun 3 nömrəli piano və orkestr üçün konserti ilə tanış olublar. Fortepianoda Braziliyanın ən tanınmış pianoçusu, Braziliya və beynəlxalq mükafatlar sahibi Kristian Budu əsərin Cənubi Amerika premyerasını təqdim edib.

Konsert Rio de Janeyro şəhərinin ən böyük konsert mərkəzi olan Cidade Das Arches-in “Grande Sala” zalında baş tutub və çoxsaylı tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanıb. Konsertə yerli tamaşaçılarla yanaşı, şəhər meriyasının əməkdaşları, Braziliyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Rio de Janeyroda fəaliyyət göstərən Azərbaycan bələdiyyə məktəbinin müəllim-tələbə heyəti və xarici qonaqlar qatılıblar. Konsertin sonunda orkestr və dirijor bütün dinləyicilər tərəfindən ayaqda alqışlanıb və maestro Yalçın Adıgözəlov bir neçə dəfə səhnəyə dəvət edilib.

Qeyd edək ki, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə baş tutmuş bu konsert Braziliyada COVID-19 pandemiyasının başlanmasından sonra Azərbaycana həsr edilmiş ilk musiqi tədbiridir. Son 10 il ərzində maestro Adıgözəlov Braziliyada ümumilikdə 6 konsert verib və yerli dinləyiciləri Azərbaycan musiqi inciləri ilə yaxından tanış edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.