Super User

Super User

 

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” layihə müsabiqəsinə yekun vurulub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, 

2021-ci ilin dekabr ayında elan edilmiş müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə - “pitçinq” mərhələsinə buraxılıb.

Pitçinq mərhələsi 18 mart 2022-ci il tarixində Dövlət Film Fondunda təşkil olunub. Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsi ilə canlı yayımlanan Pitçinqdə müəlliflər tərəfindən layihələrin təqdimatı həyata keçirilib. İştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə ediblər. Bu mərhələdə Münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə müəyyən edilmiş məbləğdə dəstək göstərilməsi qərara alınıb.

 

QALİB LAYİHƏLƏRİN SİYAHISI

 

Layihənin adı

Təqdim edən şirkət

 

1.

"Ata və oğullar"

“Buta Film” MMC

 

2.

"Əlvida, noyabr"

“Ultra Production”

 

3.

"Qıfıl"

“Nova Gorica” Kino Mərkəzi MMC

 

4.

"Mavi sviterli adam"

“Mandarin Agency” Co

 

5.

"Müqəddəs inək"

“Narimanfilm” MMC

 

6.

"Ölü Həsən"

“Ultra Production”

 

7.

"Uçurum"

“Cinemedia” MMC

Teleqraf.com-un “Kitabxana” rubrikasının nöbvəti qonağı yazıçı Varis olub. Maraqlı olacağını nəzərə alıb, müsahibəni “Ədəbiyyat və incəsənət” oxucularına da təqdim edirik.

 

- Varis müəllim, sizcə, kitabların insan həyatında rolu varmı? Mümkünsə öz təcrübənizdən misal gətirərdiniz.

- Əlbəttə. Çoxu deyir ki, kitabdır, yazılır, kimdir oxuyan? Amma elə deyil. Məsələn, "Bir ovuc torpaq" romanım çap olunanda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov məktəbdə oxuyurdu, o kitab onun favorit kitabı olub. Şəhid olandan sonra həmin kitab Biləsuvardakı mənzillərində - onun stolunun üzərində idi. Qəhrəmanın yetişməsində bir roman rol oynayırsa, bu, böyük hadisədir. Türkiyədə müsahibə verirdim, jurnalist dedi ki, Varisin "77-ci gün" romanı İstanbulda çap olunandan sonra onlarla türk gənci körfəzin sahilində romanın qəhrəmanı kimi 77 gün dalbadal günəşi qarşılayıb ki, ömürlərinə əbədi günəş doğsun.

Özbəkistanda "Sonuncu ölən ümidlər" və "Sənə inanıram" kitablarım çox populyardır. Ötən il "Sənə inanıram" nəşriyyatda il ərzində çıxan kitablar arasında Rəşad Nuri Güntəkinin “Yaşıl gecə”sindən sonra ən çox oxunan əsər olub. Bu da qürurvericidir. Özbəkistanda "Sonuncu ölən ümidlər" romanım kitbabdan əlavə, həm də həftəlik qəzet formatında 126000 tirajla çap edilirdi. Ayrıca, Nailə, İlqar obrazlarının foto illüstrasiyaları üçün kastinq də keçirilmişdi.

Səmərqənddə özünü öldürmək istəyən bir yeniyetmə qız dama çıxır. Bir məktub yazır ki, ögey atamın münasibətindən bezmişəm, özümü öldürürəm. Çıxır, ayağının altındakı daşı aşırsın ki, özünü asıb öldürsün. Aşırmaq istəyəndə gözü yerdəki qəzet səhifəsinə sataşır, "Sonuncu ölən ümidlər" başlığını oxuyur, başını tutan oğlanla ağlayan qızın şəkillərinə baxır, diqqətini cəlb edir. Oturub birnəfəsə qəzeti oxuyur. Görür yazılıb ki, əvvəli ötən sayımızda, davamı gələn sayımızda. Qəzeti götürür, gedir kitabxanaya, əvvəlki hissələri oxuyur. Sonra da davamını gözləyir, ölmək yaddan çıxır.

Sonradan qız gedib redakasiyaya müsahibə verib və "Varis bir qızı xilas etdi" başlıqlı bir yazı çıxıb. Neçə ildən sonra əlaqə saxlayanda öyrəndim ki, o qız ali təhsil alır, həm də iş xanımıdır. Çox sevindim ki, əsərim bir insana bu dərəcədə təsir edib.

 

- Sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Mən hər gün mütailəyə az da olsa vaxt tapıram. Əvvəl oxuduqlarımın təkrarən oxunması zərurəti də var, yeni kitabları oxumaq istəyim də... Sonuncu dəfə Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovanın yazdığı “Mən sənin yuxunam” kitabını oxuyub bitirdim. O kitabı oxuyanda elə bildim ki, illərin yazıçısı yazıb. Halbuki rusdilli, heç vaxt kitab yazmayan Nüşabə xanım Vaqif Səmədoğlu haqqında belə bir kitabı ərsəyə gətirib. Bu kitaba başlayanda əlimdə başqa bir neçə kitab da var idi. Ən axırıncı oxuyub, amma bitirə bilmədiyim bir kitab Ceyms Allenin “Düşüncənin gücü”, digər kitabsa Con Maksvell Kutzeenin "Rüsvayçılığ"ıdır. Ceyms Alleni indi bütün dünya oxuyur, sevimli yazıçım olmasa da, Nobel mükafatı aldığı üçün Kutzeeni oxumaq da mənə maraqlıdır. Bir də, estoniyalı soydaşımız Vidadi Veysəlli mənim “Bir ovuc torpaq” romanımın təsiri ilə “Qızıl qaya” adlı bir roman yazıb, roman “Alatoran” nəşriyyatında işıq üzü görüb, onu oxumağa başlamışam.

Xarici ədəbiyyatda yeni romanlarını səbirsizliklə gözlədiyim ən sevdiyim iki yazıçı var. Biri Nobel mükafatçısı türk Orxan Pamukdur, yaradıcılığı mənə çox doğmadır. Digəri isə yapon yazıçısı Haruki Murakamidir.

 

- Bəzi insanlar bəhanə gətirirlər ki, oxumağa vaxtım yoxdur...

- Mən buna çox pis yanaşıram. Dünyanın ən məşğul insanları prezidentlərdir, deyilmi? Bir ölkənin taleyini həll edən qədər məşğul insan yoxdur. Əgər ABŞ prezidenti Co Bayden kimi ahıl insan gündə ən azı yarım, bir saat mütaliəyə vaxt ayıra bilirsə, deməli, "kitab oxumağa vaxtım yoxdur" deyənlər üçün mədə niyyəti mədəniyyətdən daha önəmlidir.

Mən bədii əsərlərlə bərabər, həm də memuarlar, avtobioqrafiyalar oxumağı sevirəm. Bu gün dünyanın ən varlı adamı “Tesla” nın sahibi İlon Mask və “Amazon” şirkətlər qrupunun sahibi Ceff Bezosdur. Məsələn, bu yaxınlarda Ceff Bezosun avtobioqrafiyasını oxudum. Deyir, "Həyatımın elə bir dövrü gəlmişdi ki, hər şeydən bezmişdim. Ailə həyatım məni təmin etmirdi, biznesim çökmüşdü, dostlarla münasibət qura bilmirdim. Həmin zaman mən təsadüfən amerikalı, yapon əsilli yazıçı Kazuo İsiquranın "Günəşin qalıqları" romanını oxudum. Və həyatım tam müsbətə doğru dəyişdi". Bu bir motivasiya, karyera kitabı deyil. Yazarı oxuyanlar bilir, dramdır. Bir kitab Cef Bezos kimi insanı qısa müddətdə dəyişə bilirsə, demək, kitablar fövqəlgücə malikdirlər. Yaxud İlon Mask deyir ki, onun həyatına təsir edən Benjamin Franklinin avtobioqrafiyasıdır. Əgər dünyanın ən məşhur, ən varlı insanları kitaba bu qədər dəyər verirlərsə, mənə elə gəlir, Azərbaycanda kiminsə "kitab oxumağa vaxtım yoxdur" deməsi sadəcə bəhanədir.

 

- Avtobioqrafiyaların həyat dəyişdirməsini dediniz. Bəs sizə kimin avtobioqrafiyası təsir edib?

- Oxuyuram, çox şeylər mənimsəyirəm. Hər bir insanın şəxsiyyət kimi formalaşmasında aldığı tərbiyə, elm, bilik və oxuduğu kitablar böyük rol oynayır. Düşünmürəm ki, nəyisə oxudum və o, məni dəyişdi... Təbii ki, insan heç vaxt özündən razı olmur. Məmnuniyyətlə istəyərdim ki, bir ilahi qüvvə kitabların timsalında rastıma çıxsın. Hamı dəyişmək və inkişaf etmək istəyir.

 

- Kolleksiyanızda ən qədim kitabınızın neçə yaşı var?

- Bir müddət bizdə “İncil”in, “Tövrat”ın qədim nüsxələri olub. Onore De Balzakın 150 yaşı olan “Qorio ata” kitabı olub. Amma onları qoruyub saxlaya bilməmişəm... Məmnuniyyətlə istərdim ki, Nizami Gəncəvi “Xəmsə”sinin ən qədim nəşri məndə olsun. Hazırda kolleksiyamda ən qədim nəşr Cəlil Məmmədquluzadənin möhürü ilə "Molla Nəsrəddin" jurnalıdır, 113 yaşı var.

 

- Haradan əldə etmişdiniz?

- Atam filologiya elmləri namizədi idi. Çox böyük kitabxanası var idi. Sumqayıtda evimizin 3 otağının ikisində divarlar boyaboy kitablar idi. Kitabların arasında böyümüşəm. Sonradan latın qrafikalı əlifbaya keçid edildi. Beləliklə Sovet dövründə çıxan kitablar qiymətdən düşdü. Ancaq onların arasında da elə dəyərlər var ki, qoruyub saxlamışam.

Mənim nəzərimdə isə evimizdəki ən qiymətli nəşr "Kitabi-Dədə Qorqud" dur. Çünki 5 yaşımda "Kitabi-Dədə Qorqud" vasitəsilə əlifbanı, kitab oxumağı öyrənmişəm. O kitab həcmcə böyük idi, içində rəngli şəkillər var idi, uşağı cəlb edirdi.

 

- İndi kitabxanaya gedirsiniz?

- Yox. Amma kitab mağazalarına mütəmadi gedirəm. İnformasiya, kommunikasiya texnologiyaları elə inkişaf edib ki, fikrimcə, kitabxanalar ancaq tələbələr üçün aktual olaraq qalıb. İnsan istədiyi kitabı onlayn şəkildə əldə edib oxuyur. Çox təəssüf ki, bu gün klassik məcrada gedib oxu zallarında nəsə oxumağa ehtiyac qalmır.

 

- O zaman yəqin özünüz də onlayn kitablar oxuyursunuz...

- Bəli. Hazırda hər şeyi tapmaq olur. Əvvəl yaxşı kitablar çətin tapılırdı, məcburən kitabxanaya üz tuturdun. Xatırlayıram, Sumqayıtda – 8-ci mikrorayondakı evimizin yanında kitabxana vardı. Evimizdə kitab çox idi, amma çatışmayan nəsə olurdu və kitabxanaya gedirdim. Xüsusən uşaq kitabları üçün. Bəzən elə kitablar olurdu, növbəyə dayanmaq lazım gəlirdi, onda da kitabxanaçılar mənim balacalığımı nəzərə alıb növbədənkənar buraxırdılar. Bu minvalla “Tom Soyerin macəraları”nı, “Brilyant məsələsi”ni, daha nələri, nələri oxumuşam.

 

- Yazıçı olaraq indiki kitab qiymətləri haqqında fikirləriniz necədir?

- Azərbaycanda ortalama kitab qiymətləri 10 manatdır. Fikrimcə, baha deyil. Xaricdəki qiymətlərlə müqayisədə hətta çox ucuzdur. Çünki “Amazon” satış platforması üzərindən "Metamorfoz" kitabım 23 dollara satılır. Bax bu məbləğ bizim üçün böyük ola bilər. Sözügedən kitabın Amerikada, İngiltərədə nəşr olunan variantları var, belə baha satılır. Amma bizdəki qiymətlər təqribən Türkiyə və Rusiya qiymətlərindən bahadır. Türkiyədə kitablarım 30 -35 lirəyə, Rusiyada 500 rubladır. Amma o da var ki, Amerikada, Avropada insanların alıcılıq qabiliyyəti də xeyli yüksəkdir.

İstərdim, əhalimizin maddi vəziyyəti yüksək olsun və arzuladığı kitabı hər kəs ala bilsin. Bu gün dünya ölçülərinə görə Azərbaycanda kitabların tirajı aşağıdır. On milyon əhali üçün ortalama 50 min kitab tirajı olmalıdır. Hazırda əksər yazıçılar üçün hətta 250-500 arası kitab tirajlanır, 1000-ə yüksələ bilmirlər.

Düzdür, mən özüm oxucu sayından şikayətçi deyiləm, amma say daha çox ola bilər. Məsələn, çoxlu oxucular var ki, sosial şəbəkələr vasitəsi ilə yazıb məndən hədiyyə kitab istəyir. İnsanlarımızda bir az imkansızlıq var, bir az da tənbəllik.

Xatırlayıram, əvvəl metroda kitab satılırdı. 10 000 tirajlı kitablarımın hardasa 35-40 faizi təkcə metroda satılırdı. Metroda kitab satışını ləğv etməklə çox böyük oxucu kütləsini itirmişik. Deyirlər, fərqi yoxdur, alan kənardakı mağazadan da kitab alacaq. Amma elə deyil. Öz statistikama görə baxdım ki, metrodakı alıcılar kitab mağazalarına gedib kitab almadılar. Bütün dünyada metrolarda, böyük marketlərdə, üstəlik parklardakı səyyar qurğularda kitab satışı ənənəsi var. Bizim ölkəmizdə də olmasının nəyi pisdir ki?

 

- Sizə hədiyyə olunan kitablar arasında ən sevdiyiniz hansıdır?

- 7-ci sinifi bitirmişdim, yay tətilində bir qız mənə Nüsrət Kəsəmənlinin "Gümüşü yuxular" kitabını hədiyyə etmişdi. İçinə "Mən səni sevirəm" yazmışdı. Mənim üçün ən qiymətli kitabdır , hələ də qoruyub saxlamışam.

 

- Həmin kitabı qiymətli edən yazılan ürək sözləridir, yoxsa özü?

- Kitab da gözəldir... Nüsrət Kəsəmənli bizim sevgi-məhəbbət şairimizdir. Onun şeirləri dillər əzbəri idi. Təbii ki, kitabın önəmi həmin qızın sevgi etirafı ilə daha da artmışdı, qiymətsizləşmişdi. O kitabdan sonra hələ də bəzən yuxularım gümüşü rəngdə olur.

 

- Hansı yazarın daimi oxucususunuz?

- Qeyd etdiyim kimi türk yazıçısı Orxan Pamukla yapon yazıçısı Haruka Murakaminin qələmini çox sevirəm. Eləcə də özümüzünkülər var ki, favorit yazıçılarımdır. Bilirsiniz, Azərbaycanda bir özümüzüsevməzlik mərəzi var. Əksər oxucu hansı xarici yazar populyardırsa, reklamı çoxdursa, ona meyillidirlər. Doğrudur, qürur duyuram ki, mənim oxucum çoxdur, amma "mən bizimkiləri oxumuram” deyənlərə də səslənirəm ki, səhvsiniz. Bizdə elə yazıçılar var ki, başqa xalqların yazıçısı olsaydılar, çoxdan Nobel mükafatı alardılar. Məsələn, Anar, Elçin, Kamal Abdulla bizim canlı klassiklərimizdir.

Poeziyamıza isə ümumiyyətlə söz ola bilməz. Poeziya janrının bir bədbəxtliyi odur ki, şeir kitabları dünyada heç vaxt bestsellerlər siyahısına düşə bilmir. Çünki şeir kitabları ancaq milli bestsellerlər ola bilir, tərcümədə məzmun itir. Bir baxın, böyük Vaqif Səmədoğlunun bu sətirlərini əcnəbi dilə necə çevirmək olar axı?

 

Nə barım var, nə barxanam,

Ömür yükü bağlamağa.

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa.

 

Uşaq olanda bizimkilərdən ən çox Əkrəm Əylisinin əsərlərini sevirdim. “Adamlar və ağaclar”ı, “Damda yaşayan Karlsson”u, “Mənim nəğməkar bibim”i uşaqlıq dönəmimdə oxumuşam. Bir də İsi Məlikzadənin “Küçələrə su səpmişəm”i favorit kitabım idi.

O vaxt indiki kimi deyildi, indi 200-ə yaxın televiziya kanalı var, internet var. O zaman məktəbli dövrümüzdə AzTV1, AzTV2 və iki rus kanalı var idi. 4 televiziya kanalı, 2 radio... Kimin evində tranzistorlu radioqəbuledici var idisə, "Amerikanın səsi" və "Azadlıq" radiolarını dinləyirdi. Obyektiv xəbərləri almaq üçün. Bir də "Monte Karlo" qısa dalğası var idi, xarici mahnılar dinləyirdik. Azərbaycan televiziyasında bir tamaşa göstərilirdi - "Səni axtarıram". Sevib-sevilən vaxtlarımızda hamı ona baxırdı, Flora Kərimovanın mahnıları trend idi, Nüsrət Kəsəmənlinin şeirləri və Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı çox oxunurdu. Mən o romanı yeniyetməliyimdə 8-9 dəfə oxumuşam. Bir dəfə bir oxucum mənə yazanda ki, “Sonuncu ölən ümidlərdir”i 15 dəfə oxumuşam, artıq mənə təəccüblü gəlməmişdi. Gənclik və sevgi iki ayrılmaz tərkib hissəsidir insan həyatının.

 

- Hansı dillərdə kitablar oxuyursunuz?

- Adətən, Azərbaycan, rus, türk dillərində oxuyuram. Çox istərdim ki, kaş ingilis dilində də kitab oxuya biləydim. Təəssüf ki, bu dili sadəcə fikrimi ifadə edə biləcək səviyyədə bilirəm. Xarici müəllifləri nə Azərbaycan, nə də türk dilində oxuyuram, yalnız rus dilində. Türk yazarları türk dilində oxuyuram, yerli yazarlarımızı da öz dilimizdə. Ümumiyyətlə, rus dilindəki tərcümələrin səviyyəsi olduqca yüksəkdir.

 

- Bəs bizdə niyə tərcümələr keyfiyyətcə aşağıdır?

- Bizdə tərcümə sahəsi inkişaf etməyib. Elə tərcümələr olur ki, adam oxuyanda internet vasitəsilə tərcümə olunduğunu başa düşür. Belə tərcümə olmaz.

Bir dəfə bir rus filmi dublaj edilmişdi, bir obraz digərinə deyirdi ki, "Вот где зарыта собака". Azərbaycan dilinə tərcümə etdikdə demək lazımdır ki, "Həəə, gör məsələnin mahiyyəti nədə imiş". Ancaq tərcümə edilmişdi ki, "Gör iti harada gizlədiblər". Baxan da deyər ki, itdən söhbət getmir axı, it haradan çıxdı?

 

- Siz kitablarınızı xaricə necə çıxardınız?

- İlk kitabım 2008-ci ildə Azərbaycanda rekord tirajla – 10 min nüsxə çıxdı. "Sonuncu ölən ümidlər" kitabım çox oxundu. Bakı Kitab Klubu onu “Ən çox satılan kitab” elan etdi. Günü bu gün də o kitab pirat üsulla çap olunmaqdadır. O kitab hazırda piratların çörəyidir.

O vaxt bir kitabla Azərbaycanda məşhur olanda düşünürdüm ki, dərhal dünyanı fəth edəcəyəm. 1 500 ingilis, türk və rus dilli nəşriyyatın elektron ünvanını tapıb hamısına müraciət etdim ki, mən belə yazıram, elə yazıram... Sən demə, öz ölkəmdə bir kitabla məşhur olsam da, dünyaya çıxmaq elə də asan deyilmiş. O nəşriyyatlardan bircəciyi də mənə cavab vermədi.

O arada xaricdə yaşayan azərbaycanlılar vasitəsilə kitablarım əl-əl gəzirdi, tərif dolu oxucu fikirləri alırdım. Bu yolla kitablarım gedib Özbəkistana da çıxmışdı. Kitab orada yaşayan Azərbaycan dili üzrə tərcüməçilərindən birinin əlinə keçir və çox bəyənir. Bir də gördüm ki, Özbəkistandan kitabın nəşri ilə bağlı təklif gəldi. Sonra eyni hal Türkiyə ilə bağlı da təkrarlandı. Üçüncü fəth edilən ölkə Rusiya oldu. Amma fərqli şəkildə. Orada bir portal var, "özünü çap elə". Şərti belədir: “Əsərini yükləyirsən, monitorda 10 müəllifin əsəri görünür, 11-ci gələndə 1-ci silinir. Əgər bəxtin gətirsə, yükləmələr intensiv olmasa 30 dəqiqə görünə bilərsən, bəxtin gətirməsə bir dəqiqə. Dəyərli yazıçısansa, səni elə bir dəqiqəyə də görəcəklər”. Dedim, mən də gücümü sınayım, hekayəmi yüklədim. Ertəsi gün müqavilə gəldi ki, kitabını çap edək. Beləcə, Rusiyada dərc olunmağa başladım, mükafatlar sıralandı. Sonra bir gün Amerikadan məktub gəldi ki, nəşriyyatımız ingilis, fransız, ispan və rus dilli ədəbiyyat portallarını izləyir, hansı ümidverici, dünyada hələ tanınmayan gənc yazıçı varsa, onunla işləyir. Rus portalları üzərindən "Metomarfoz" romanımı görüb bəyənmişdilər. Nəşriyyatdan müqavilə gəldi və Amerikada kitabım çap olundu.

 

- Bəs kitablarınızın tərcüməsi necə həyata keçirilir?

- Hazırda əsərlərim Türkiyədə, İranda və Özbəkistanda Azərbaycan dilindən, digər ölkələrdə isə rus dilindən tərcümə olunur. Əksərən məndən yeni romanı alıb nəşriyyatlar özləri tərcümə edirlər. Mən tərcümə əziyyətinə qatlaşmıram. Çox gözəl də tərcümələr ortaya qoyulur.

 

- Mütaliə üçün kitabı nəyə əsasən seçirsiniz?

- Mənim kitab seçimim çox maraqlıdır. Məsələn, Moskvada – Arbatda bir kitab passajı var, yolum düşəndə oradan kitab alırdım. Bir haşiyəyə çıxım. Rusiya-Ukrayna müharibəsinə mənim münasibətim birmənalıdır. Rusiya adlı işğalçı ölkəyə antipatiyam yaranıb, əksər azərbaycanlılar kimi Ukraynanı dəstəkləyirəm. Biz 20 Yanvar, Xocalı faciəsini görən insanlarıq. Başımız daşdan daşa dəyib.

1918-ci ildə Bakının ortasında bolşevik-daşnak birləşmələri başımıza elə oyun açıb ki, mən bu barədə arxivlərdən minlərlə səhifə sənəd oxumuşam. Kişi ağlamaz deyirlər, amma mən oxuduqca ağlayırdım. Biri var kimsə danışa, biri də var, tarixi sənədləri, şəkilləri gördükcə dəhşətə gələsən.

Yəni sözümün canı odur ki, indi etməyim, əvvəllər tez-tez Moskvaya səfər edirdim, Arbatdakı kitab mağazasında maraqlı seriyalar olurdu, onları alırdım. Özü də 50 faiz endirimlə. Təxminən 100-150 kitab oradan alırdım hər dəfəsində. Məsələn, Afrika xalqlarının bestsellerləri seriyası. Yaxud Balkan ədəbiyyatı inciləri. Yaxud ərəb hekayələri. Müəllifləri tanımırdımsa da, düşünürdüm ki, bestsellerdirsə, ən gözəli, ən yaxşısıdır demək.

Əvvəllər bestseller ən yaxşı kitab sayılırdısa, indi dünyada ədəbi janr kimi qəbul edilir. Qabaqcadan insan qarşısına məqsəd qoyur ki, mən bestseller yazacağam.

Sevimli kitablar ranqına qalxan kitabları Azərbaycanda çap olunmazdan 6-7 ay əvvəl Moskvadan əldə edirdim. Məsələn, Moskvada fransız yazıçısı Frededik Beqbederin "Məhəbbətin ömrü 3 ildir" romanını alıb oxuyandan bir il sonra Azərbaycanda o romanın tələbələrin əlində əl-əl gəzdiyini görmüşəm.

Eləcə də Xalid Hüseyninin "Çərpələng uçuran" romanını rus dilində alıb oxuyanda, özlüyümdə deyirdim ki, bunu bizim dilə tərcümə etsələr, tələbələr sevə-sevə oxuyacaq. Azərbaycanın orta statistik oxucusu tələbələrdir. Yaşlı insanların çoxu latın əlifbasına keçə bilmədi, böyük bir oxucu ordusu itdi. İndi yaşlı xanımlar asudə vaxtlarında seriala baxırlar, yaşlı kişilər də ya nərd, ya domino oynayırlar. Orta yaşlı insanlar isə özlərini daha çox işə-gücə veriblər. Gündüz naxıra, axşam axura məsəli olmasın, belə yaşayırlar. Ona görə də ən çox oxuyan gənclərimizdir.

 

- Hansı kitabın tərcüməyə ehtiyacı olduğunu düşünürsünüz?

- Demək olar ki, sevilən, məşhurlaşan kitabların böyük qismi dilimizə tərcümə olunub. Amma çox istəyərdim ki, xırda xalqların, tanınmayan yazıçıların kitablarını da dilimizə çevirsinlər. Halbuki dilimizə yalnız dahi yazarların əsərləri tərcümə olunur. Müasir dövrdə postpostmodernizmin yaradıcısı Codedeyya Beyya adlı yazıçı var, heç yerdə adına rast gəlməzsiniz. “Detektivi necə yazmalı” adlı romanı illər sonra məşhur olacaq dünyada, biz indidən onu oxusaq yaxşı olmazmı?

 

- Hazırda ölkəmizdəki nəşriyyatların hansı problemlərindən söz açmaq istərdiniz?

- Azərbaycanda kitab nəşri anlayışının özü başdan-ayağa problemdir. Bəlkə də post-sovet ölkələrindən başqa dünyanın heç bir ölkəsində insanlar öz kitablarını özləri çap etdirib, sonra onları mağazalara paylayıb, satışını təşkil edib, təqdimatını keçirmirlər, “mən ölüm kitabımı al” deyib qohum-əqrabanın, dost-tanışın boğazına çökmürlər. Dünyada nəşriyyatlar yalnız mətbəə funksiyası daşımırlar. Bu nonsensdir. Dünyada mədəniyyət biznesin bir sahəsidir. Mədəniyyətin ortaya qoyduğu məhsul bir əmtəə vasitəsidir. Təəssüf ki, Azərbaycanda bir burjua dekadent ədəbiyyatı anlamı qalmaqdadır, yəni sənət sənət adamı üçündür, sənəti sənətkar başa düşməlidir tezisləri aktualdır. Kökündən yanlış yanaşma, səhv ideologiyadır. Mədəniyyət böyük insan kütləsi, insanların mədəni təlabatını ödəmək üçündür. Onda rəssam yalnız rəssamlar üçün çəksin, müğənni müğənnilər üçün oxusun, yazıçı da yazıçılar üçün yazsın, necə ola bilər?

Ona görə də mədəniyyət nümunələri, eləcə də bədii ədəbiyyat kütlə üçündür. İnsanlar kütlə deyəndə onu qaragüruh kimi qəbul edirlər. Xeyr, kütlə insan kütləsidir, çoxluqdur, oxucudur, tamaşaçıdır, dinləyicidir. Musiqiyə qulaq asan, tamaşaya baxan, kitab oxuyanlar arasında ali təhsilli olanı da var, təhsilsizi də. Hər biri toplumdandır, istehlakçıdır. Mədəniyyət xadimləri isə istehsalçıdır. Sən elə bir məhsul buraxmalısan ki, istehlakçı da qəbul eləsin. Ancaq bizdə yetən durur kitab yazdığını deyir. Kitabı da gözdən salırlar.

Bir dəfə bağban gətirmişdik ki, həyəti belləsin. Nimdaş geyimli, üst-başı kirli, özünə baxmayan adam idi. O işini görəndə dostumla kitabdan danışırdıq. Bu adam əlindən beli atıb soruşdu ki, sən də kitab yazırsan?! Fikirləşdim, bu desə ki, mən də kitab yazıram, qələmimi qıracağam. Bir də baxdım köhnə, əl vursan qapısı dağılacaq "Moskviç"dən az qala masa boyda olan kitab gətirdi ki, bax, mən də kitab yazmışam. Dəhşətə gəldim... Kitabın üzərində arxa fonda Süleyman Dəmirəllə Heydər Əliyevin fotosu, ön fonda da İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın fotosu... Kitabın upuzun adı da təqribən belə idi: "İki qanad, Türkiyə-Azərbaycan, iki qardaş, iki dost..." İçində siyasi xadimlər barədə bir-iki şeir, qalanı da sevgi və məişət şeirləri... Şeir də deyildi, söz yığını idi və başdan-ayağa korrektə səhvləri ilə dolu. O insanın mənəvi haqqı yoxdur kitab yazıb, kitabı gözdən salmağa. Get torpağını bellə də, gərək kitab yazasan? Dünyada inanın ki, belə bir şey yoxdur.

Bu gün Azərbaycanda Şəmil Sadiq nəşriyyatları bir araya gətirərək işlək bir qurum yaradıb, cəfakeş Şahbaz Xuduoğlunun "Qanun" nəşriyyatı, "Teas-press" nəşriyyatı əsl nəşriyyat-yazıçı münasibətlərini ortaya qoymağa başlayıb. Bu çox gözəl tendensiyadır.

Yazıçı əsərini yazır, nəşriyyata təqdim edir. Nəşriyyat bəyənir, çap edir, yazıçıya qonorarını verir. Kitabı reklam edir, satır, təkrar nəşrini həyata keçirir. Kitabın bütün hüquqları nəşriyyatda olur. Bütün dünyada belədir. Amma təkrar edirəm, bizim ölkəmizdə əksərən nəşriyyatlar mətbəə funksiyasını daşıyır. Müəllif ola bilər ki, kitabda narkomaniyanı, əxlaqsızlığı təbliğ etsin, naşir da oxumadan çap edər. Belə olmaz!

 

- Xarici nəşriyyatlardan sizinlə çalışmaq üçün müraciət edənlərin olduğunu dediniz. Bəs yerli nəşriyyatlar belə təklif irəli sürübmü?

- Əlbəttə. Hazırda adını çədkiyim nəşriyyatlardan biri ilə 7 illik müqaviləm var. Başqa nəşriyyatlar da əməkdaşlıq istəyirlər, ancaq hələ ki, müqaviləyə əsasən biri ilə çalışıram.

 

- Hansı kitabınıza film çəkilməsini istəyərsiniz?

- Mənim "Bir ovuc torpaq" və "Sənə inanıram" romanlarıma teleserial çəkilib. Biri Lider TV-də, digəri Xəzər TV-də yayımlanıb. "Sənə inanıram" serialına o qədər maraq yaranmışdı ki, tamamlamaq vaxtı çatanda ardı da çəkildi.

Amma istəyərdim ki, "Sonuncu ölən ümidlər" kitabımın birinci hissəsinə film çəkilsin, ssenarisini özüm yazım. O romanın 1-ci hissəsi dramdır, trillerdir. İkinci hissəsi isə balletristika. Mənə elə gəlir, onun birinci hissəsinə düşündüyüm kimi film çəkilsə, böyük kassa uğuru qazanar. Məşhur "Çocuqlar duymasın" serialını çəkən türk rejissor Hamdi Alkan, bir neçə iranlı rejissor bu kitaba dizi çəkməyi mənimlə müzakirə ediblər, razılıq əldə edilməyib. Düşünürəm ki, o roman bədii film kimi getməlidir.

Bundan başqa, "Göydən yıxılan mələk" əsərim sırf kino üçün yazılıb. 2017-ci ildə "The Hollywood reporter" nəşrinin kinossenasi müsabiqəsində uzun siyahıya da düşüb. İnanıram ki, ona film çəkilsə, böyük uğur qazanar.

 

- Qələmini özünüzə yaxın bildiyiniz yazar var?

- Yerli ədəbiyyatımızı çox sevirəm. Amma stil olaraq oxşarlıq görmürəm. Romanımdan istənilən bir vərəq çıxarış edək, dərhal bilinəcək ki, mənimdir. Ədəbiyyata gələndə 1990-cı illər idi. İsmayıl Şıxlı ilk hekayələrimi "Ulduz" jurnalında dərc etdirib, təqdimat yazmışdı. Adımı ilk vaxtlar təxəllüs zənn edirdi, deyirdi, nə yaxşı ad qoyublar sənə, ədəbiyyatın varisi. Ancaq mən uzun illər ədəbiyyata gəlmədim, sandıq ədəbiyyatı yaratdım. Yalnız 2008-ci ildə ilk kitabım çıxdı. Heç kim 18 il tab gətirməzdi, ancaq mən dözdüm. Düşünürdüm ki, ədəbiyyata gəlmək hələ tezdir. Hadisələr göstərdi ki, düz eləmişəm, öz vaxtımı gözləmişəm. Ədəbiyyata gələndə planlar cızmışdım ki, öz yolumla gedəcəyəm, heç kimi təqlid etməyəcəyəm, taptanmış cığırla getməyəcəyəm. Ədəbi iz qoymaq üçün dünyada bir yol var.

Hətta bir məqamı da deyim, "Azərbaycanlı yazıçı Varis Yolçuyevin yaradıcılığında bədii ədəbiyyatla jurnalistikanın sintezi" – məşhur Maksim Qorki adına Ədəbiyyat İnstitutunun bir dissertasiya mövzusudur bu. İstənilən romanımın alt və üst qatları var, azı iki hadisə traektoriyası və obraz qalereyası var. Bəzi dəbə düşüb kitab oxuyanlar əsərlərimin yalnız ikinci qatını, sadəcə hadisə tərəfini oxuyurlar. Təbii ki, bu, düzgün deyil. Axı bu sintezdir, fikir və hadisə ədəbiyyatının sintezi. "77-ci gün" romanımda dörd qat var. Çox mürəkkəb quruluşludur. Ona görə də Azərbaycanda ən az oxunan o romanımdır. Yeri gəlmişkən, mən 2016-cı ildə Nyu-Yorkda Dünya Yazıçılar Konqresində 48 akademik saat Bestseller yazmağın qızıl qaydaları kursunu almışam. Onda duydum ki, bu qaydalara mən bilməzə əməl edirəmmiş.

 

- Qələminizlə ilk kim tanış olub?

- Lap balaca olanda yazırdım, atamla anam oxuyurdu. İlk hekayələrimi anam dayıma vermişdi ki, apar İsmayıl Şıxlıya ver, gör nə deyəcək. Ümumiyyətlə, ədəbiyyata yaxın nəsilik. Atam dövrünün tanınan ədəbiyyatşünası olub, əslən Qazaxın Yuxarı Salahlı kəndindəndir, Səməd Vurğunla – Vəkilovlarla qohumluq əlaqələrimiz var. Anam tərəfdən də çoxlu yazıçı, şairlər çıxıb. Ən əsası, Nəqşibəndilik təriqətinin görkəmli nümayəndəsi, filosof Hacı Mahmud Əfəndi - ulu babam sayılır. İstedad mütləq irsən, genlə gəlir. 5-6 yaşım olanda yazdıqlarım var. Üstünə "Varisin kitabı - romanlar, hekayələr, felyetonlar, şeirlər, esselər” sözlərini yazmışam.

Həmişə çalışırdım ki, yazdıqlarımı atamdan gizlədim. Ədəbiyyatı dərin bilən adamdan tənbeh eşitməkdən çəkinmişəm. Ona görə əsələrimi daha çox anam oxuyub. İndi isə redaktorlarım, ədəbi agentlərim oxuyurlar.

 

- Əsərlərinizin təsir etdiyi insanlardan söz açdınız. Həqiqətən də sizi çox sevən oxucularınız var. Amma bəzi insanlar da düşünürlər ki, daha çox serial məzmunlu yazırsınız. Bu fikirlə razısınız?

- Bu söhbətlər yaradıcılığımın ilk illərində aktual idi. O vaxt balletristik əsərlərlə çıxış edirdim. Məsələn, debüt kitabım - "Sonuncu ölən ümidlər" balletristikadır. 18 illik sandıq ədəbiyyatım var idi, amma məqsəd qoymuşdum ki, bir kitabla tanınacam. Buna görə də sevgi romanı ilə debüt etdim. Bunun nəyi pisdir? "77-ci gün" kimi psixoloji romanımla debüt eləsəydim, bu gün oxunmayacaqdım, tanınmayacaqdım.

Mənim "Metomarfoz"um var. Bu əsər Amerikada intellektual ədəbiyyat siyahısında çap olunub, "London" mükafatının qısa siyahısına düşüb, Avrasiya materikinin ədəbiyyat festivalının qızıl medalını qazanıb. Elçin Əfəndiyev onu oxuyanda dərhal mənə zəng etmişdi ki, sən indiyədək hansı papağın altında yatmısan, səni indiyə qədər tanımamışam?

"77-ci gün" romanımın Nyu-Yorkda pitçinqi keçirilib və dünyanın aparıcı nəşriyyatlarına tövsiyə olunub ki, gələcəyin məşhuru olacaq tanınmayan yazıçılarla işləmək istəyirsinizə, bu yazıçını seçin. Nyu-Yorkun Brodveyində, Moskvanın Qızıl Meydanında, Bakının Konqress Hollunda kitab təqdimatlarım keçirilib. Azərbaycan Gənclər Fondu mənə roman sifariş verib, Heydər Əliyev Fondu “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Qırmızı ləçəklər” romanımla Xocalı faciəsinə dünyada ədalət tələb edir.

“Yaş əsgər çəkmələri” əsərimin qadağan olunması üçün minlərlə erməninin petisiya imzalaması faktı da var.

Bu gün hansı serialçılıqdan danışmaq olar axı?

 

- Siz kitablarınızın ön səhifəsində oxucu şərhləri verirdiniz. İdeya haradan qaynaqlanmışdı?

- "Sonuncu ölən ümidlər" kitabım 10 min tirajla çap olunandan sonra - müstəqillik dövrünün ən böyük tirajı idi - minlərlə oxucu rəyi aldım. Kitabı çap edəndə içində qeyd qoymuşdum ki, rəyləriniz maraqlıdır. Mobil operatorlarla, elektron poçtla rəyləri topladım. Xaricdən yazan həmyerlilərimiz də var idi. İsgəndəriyyə Universitetində bir azərbaycanlı tələbə dərsdən sonra kitabdan cümlə-cümlə oxuyub, xarici tələbə yoldaşları üçün ingilis dilinə çevirmişdi. Gürcüstanda bir gürcü xanım görəndə ki, azərbaycanlılar hansısa kitabı həvəslə oxuyurlar, heyrətlənib o kitabı oxumaq üçün Azərbaycan dilini öyrənmişdi.

O dövrdə deyirdilər ki, heç kim heç kimin kitabını oxumur. Mən şərhləri bir araya toplayaraq bunun əksini sübut etməyə çalışdım. Əsərlərim barədə xaricdən, ölkəmizdən rəylər gəlirdi, onları kateqoriyalara bölərək hər birini qovluqlara yığdım. 7 il iş yerimdə bir divar qovluqlarla doldu. O vaxt oxucu rəylərini yığırdım ki, Ginnesin Rekordlar kitabına düşəcəyəm. Ginnesin ekspertlərini çağırsaydım, məni o kitaba salardılar... Sonra dayandırdım. 25 min rəy heyif oldu.

İkinci kitabda birinciyə gələn rəyləri verməklə göstərdim ki, bizdə oxucu var. Hər təhsil ocağından, müəssisədən, şəhərdən, rayondan, hər peşə nümayəndəsindən, hər yaş kateqoriyasından bir rəy verməklə bütün mənzərəni ortaya qoydum ki, kitabı alim də oxuyur, süpürgəçi də. 13 yaşlı uşaq da mütaliə edir, 94 yaşlı ağsaqqal da. Bakılı da oxuyur, gədəbəyli də, hətta Afrikada yol çəkən “Akkord” şirkətlər qrupunun azərbaycanlı fəhlələri də.

 

- İndi hansı kitab üzərində çalışırsınız?

- "AMİN" və "Qızıl cib saatı" kitablarım Rusiyada və Türkiyədə çap olunsa da, Azərbaycanda çap olunmayıb. Təsəvvür edin, yazıçı dostum Əlibala Məhərrəmzadə ilə hərəmizin bir povestimiz var idi, eyni xətlə gedirdi. Bir-birini o qədər tamamlayırdı ki, dedik, bunları calayıb bir roman edək. Bu roman "AMİN" adlanır. O qədər maraqlı alınıb ki. İki il mübarizə apardıq ki, Rusiyada nəşriyyat hesabına çap olunsun. Fevralın 28-də kitab çap olunacaqdı. Hətta ilkin nüsxəsi çıxmışdı da, amma Rusiya-Ukrayna müharibəsinə görə aləm qarışdı. Böyük effekt verəcəydi... Qarabağ məsələsinin açarı rusların əlində ola-ola, ilk dəfə Rusiyada müharibənin iç üzünü göstərən, ermənilərin işğalçı olmasını əks etdirən roman çapdan çıxacaqdı. İndi o romanımız yatdı qaldı mətbəədə. Bundan sonra Rusiyada belə kitab çıxarmaq aktualdırmı? Orasını bilmirəm.

"Qızıl cib saatı"nda isə Osmanlı imperiyasının paytaxtı Konstantinopolda cərəyan edən hadisələr 100 illik tarixlə Dağlıq Qarabağda davam edir, Britaniya və Azərbaycan arxivlərinin materiallarına istinad edilərək yazılıb. Bu yaxınlarda ondan bir hissə "Azərbaycan" jurnalında çap olundu. Xalq yazıçımız Kamal Abdullanın ön sözü ilə. Kamal müəllim yazıb ki, "Ədəbiyyat ən böyük silahdır, bu əsər dünyada erməni-Azərbaycan münaqişəsinə tam aydınlıq gətirə bilər". İnşallah, bu il azərbaycanlı oxucular hər iki romanı oxuya biləcəklər.

Yeni başladığım roman isə hardasa memuarvaridir, amma onu tezliklə bitirə bilməyəcəyimi sanıram.

 

Çərşənbə günü məşhur rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyada, Menadjo kurort əyalətində, Komo gölü sahilində yerləşən villasını yerli əhali yandırmağa cəhd etmişdi. İtaliya televiziyasının aparıcısı bu mülkiyyət barədə reportaj çəkdikdən sonra əhali Solovyovun bu mülkə sahib olmasından xəbər tutmuşdu. 

“Məlumdur ki, mülkü yandırmaq üçün təcavüzkarlar avtomobil şinlərindən istifadə ediblər. Onların şəxsiyyəti hələ müəyyənləşdirilməyib, yanğın ləğv edilib” - deyə yerli hakimiyyət bildirmişdi.

Həmin gün Solovyovun bu rayonda yerləşən daha bir villasının fasadı qırmızı boya ilə boyanmış, qapıda "müharibə yoxdur" yazılmış plakat  peyda olmuşdu.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu xəbər aparıcı dünya mediasında manşet xəbəri olduğundan ən çox oxunan xəbər statusuna yiyələnib. Axı Ukraynaya təcavüs edən Rusiyanın aparıcı şəxslərinə qarşı hər hansı aksiya ürəklərdən tikan çıxarır. 

Xatırladaq ki, Fevralın sonunda Avropa Birliyi Solovyovu sanksiya siyahılarına daxil etmişdi. Martın 5-də isə İtaliya hakimiyyəti Komo gölünün  ətrafındakı  onun hər iki villasını həbs edib. Bu daşınmaz əmlakın dəyəri, bəzi məlumatlara görə milyonlarla avrodur. 

Bu şəxs 44 günlük müharibədə də, ondan əvvəl və sonra da

dəfələrlə Azərbaycana həqarət yağdırıb, ermənipərəst mövqe sərgiləyib. Əslində o, rəsmi Kremlin  sözçüsüdür, həmişə Kremlin mövqeyini ortaya qoyur. 

Bu qədər varidata sahib olması da ağasına yaxşı işləməsi səbəbindəndir.

Belələrinin aqibətinin acı sonluğu əlbəttə ki, azərbaycanlılar üçün arzulanandır. 

Foto: Euronews

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda şair-publisist Ramiz Qusarçaylının “Vətən” adlı epik poemadan ibarət kitabının təqdimat mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərov, “Ön söz” müəllifi tarix elmləri doktoru, professor, şair Şahin Fazil olan “Vətən” kitabı “Mücrü” nəşriyyatında çap olunub. 

İndiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, habelə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutlarında  oxuculara təqdim olunan “Vətən” kitabının bu 3-cü təqdimatı idi. 

Çıxış edən natiqlər – AYB-nin sədr müavini Rəşad Məcid, Akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, tənqidçi, şair, publisist Əsəd Cahangir, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova, tarix elmləri doktoru, professor Eynulla Mədətli, şair-qəzəlxan Şahin Fazil, şair Nəzakət Məmmədli və başqaları “Vətən”in Azərbaycan poeziyasına, ədəbiyyatına, tarixinə çox böyük ərməğan olduğunu vurğulayıblar, kitabın müsbət məziyyətlərindən söz açıblar. 

Çıxışçılar “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə özəldi yolun, Allah”, “Almalı kitab” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı fotoalbomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifi, şeirləri ingilis, rus, Ukrayna, fars dillərinə tərcümı edilərək Rusiya, Ukrayna, İran və Türkiyə nəşr olunan Ramiz Qusarçaylının  Xalq şairi adı almasını arzu ediblər.

Ramiz Qusarçaylı öz çıxışında mərasim iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə təşəkkür edib. 

“Vətən”in qəlblərə yürüşü davam etməkdədir.

 

İspaniyanın "Azahar" jurnalının son - 117-ci sayında şair Ümid Nəccarinin şeiri yer alıb. Bu “Sülhün bayrağı” şeiridir.

Xatırladaq ki, “Azahar” jurnalı dünya şairlərinin poetik nümunələrini dərc edir.

 

Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında uşaqlar üçün “Gözəl və bədheybət” tamaşası nümayiş olunacaq.

 

Tamaşa Madam Leprens De Bomonun əsəri əsasında hazırlanıb.

Quruluşçu rejissoru Anar Məmmədov olan tamaşada fərqli texnikalarda hazırlanmış kuklalardan canlı plan oyununa müxtəlif formalar tətbiq olunur.

Səhnə əsərinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Cahangir Zülfüqarovdur.

Tamaşa bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşmasını nümayiş etdirir. Bu nümunə vasitəsilə uşaqlara zahiri gözəlliklə yanaşı, səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması” müsabiqəsi elan edir.

 

Bu müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 15 nüsxə alınacaq.

İştirakçılar tərəfindən nəşrlər mayın 10-dək komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilməyəcək.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, jurnal redaksiyaları, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergiödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

Aprelin 8-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

Müsabiqəyə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir.

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərarlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

Təsdiq olunmuş yekun protokola əsasən, nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

Məlumat üçün bildiririk ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.

“Ədəbiyyat və incəsənət” portalı The Guardian nəşrinə istinadən dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından sayılan Beynəlxalq Buker mükafatının qısa siyahısı barədə icmalı dərc edir. Materialı birbaşa mənbədən Murad Yolçuyev tərcümə etmişdir. 

 

Tərcümə edilmiş bədii ədəbiyyat üzrə 50.000 funt-sterlinq mükafata son iddiaçıların altısından beşi qadındır - Nobel və Buker mükafatları laureatı, polşalı Olqa Tokarcukun (Olga Tokarczuk) ikinci dəfə Buker qalibi olacağı mümkündür. 

Olqa Tokarcukun Məsih olduğunu iddia edən bir adam haqqında yazdığı dastanından Getanjali Şrinin (Geetanjali Shree) yeni həyat yolu tapan dul qadın nağılına qədər mövzu rəngarəngliyi nümayiş etdirən qadın yazıçılar builki Beynəlxalq Buker mükafatının qısa siyahısında əksər yerləri tuturlar. Tərcümə üzrə nüfuzlu bədii ədəbiyyat mükafatı uğrunda mübarizə aparan altı kitabdan beşi qadınlar tərəfindən yazılmış, üçü də qadınlar tərəfindən tərcümə edilmişdir. 

Xatırladaq ki, Beynəlxalq Buker  mükafatı ingilis dilinə tərcümə edilmiş "dünyanın ən yaxşı fantastikası" janrı nümunəsinə verilir və müəllif və tərcüməçi arasında bərabər bölünən 50.000 funt sterlinq pul mükafatından ibarətdir. Münsiflərin sədri, irlandiyalı yazıçı və tərcüməçi Frank Vinnin (Frank Wynne)  dediyinə görə 135 iddiaçının kitabını oxuduqdan sonra münsiflər altı müxtəlif dildən altı ümumi başlıq seçirlər ki, onların hamısı “insan təcrübəsinin sərhədlərini və limitlərini araşdırır”. 

"Münsiflər heyəti olaraq biz çoxlu qeyri-adi kitablar oxumaqdan həzz alırıq" deyə Vinn bildirir. “Onların arasından qısa siyahını təsdiq etmək çətin və bəzən ürək ağrıdan olur.” 

Vinnin münsif yoldaşları Merve Emre, Petina Qappah (Petina Gappah), Viv Qroskop (Viv Groskop) və Ceremi Tianq (Jeremy Tiang) ilə birlikdə seçdikləri adlar "dünyanın hər guşəsinin ədəbiyyatına diqqət yetirməyə” imkan verir.

"Ancaq onların hamısı fantastikanın sonsuz ixtiraçılığının sübutu olan şiddətli və nəfəs kəsən orijinallığı bölüşürlər” - deyir Vinn. 

Nobel mükafatı laureatı Tokarcuk və onun tərcüməçisi Cennifer Croft  2018-ci ildə “Uçuşlar”a görə Buker mükafatını qazanmışdılar. Onların indi 900 səhifəlik “Yaqubun Kitabları” üçün ikinci qalibiyyət şansı var. Vinn bu kitabı Bayenin “Qobelen”i ilə müqayisə edib, onun möhtəşəmliyi belədir – “amma yəqin ki, bir mil yarım daha uzundur”. 

Bu arada Şri və onun tərcüməçisi Deysi Roksvel (Daisy Rockwell) tərəfindən yazılmış “Qum Türbəsi” mükafatın 17 illik tarixində qısa siyahıya düşən ilk hindistanlı  kitabıdır. Münsiflər onun “daim dəyişən perspektivlərini və vaxt çərçivələrini” tərifləyərək, bunu “yüksək və qarşısıalınmaz” adlandırıblar.

“Yaqub Kitabları” və “Qum Türbəsi”, eləcə də Bora Çunqun "Lənətlənmiş Dovşan"ı, Koreyadan Anton Hurun yazdığı “Səmalar” - yeniyetmə zorakılığı haqqında heyranedici nağıl, Mieko Kavakami tərəfindən yazılmış, yapon dilindən Samuel Bett və David Boyd tərəfindən tərcümə edilmiş "janra zidd" qısa hekayələr toplusu - hamısı bir-birindən maraqlıdır. 

Münsiflər “Səmalar”ı Nitsşenin əxlaqla bağlı tənqidini həyata keçirmək üçün məktəb zorakılığı hekayəsindən istifadə edən “intensiv, klostrofobik bir roman” adlandırıblar. 

Münsiflər eləcə də “Sam Bett və David Boydun tərcüməsinin gücü onun həm Mieko Kavakaminin mücərrəd, fəlsəfi fikirlərini, həm də onun dəhşətli insan dramını çatdırmaq bacarığındadır” deyiblər.

Bu sıranı tamamlayanlar isə bunlardır: Yelena Knovs (Elena Knows) və Klaudio Pineyronun (Claudia Piñeiro) yarım-cinayət romanı, Françes Riddl tərəfindən ispan dilindən tərcümə edilmiş qismən əxlaq nağılı və Damion Searls tərəfindən Norveç dilindən tərcümə edilmiş Jon Fossenin “Yeni Ad: Septologiya VI-VII” romanı. 

Hakimlər Fossenin “Septologiya” seriyasının son hissəsinin "incəsənəti, ölümü və Tanrı ideyasını geniş, zərif bir lütflə birləşdirdiyini" söyləyir. 

Həmişə olduğu kimi, qısa siyahıda müstəqil nəşriyyatlar üstünlük təşkil edir. “Qum türbəsi” və “Lənətlənmiş Dovşanı” nəşr edən Tilted Axis və Honford Star bu il ilk dəfə olaraq mükafata namizəd olublar. Bu il həm də ilk dəfə münsiflər heyətinə tərcüməçi sədrlik edir.

“Tərcümə sərhədləri, mədəniyyətləri və dilləri aşan intim, mürəkkəb rəqsdir. Mükəmməl yazıçı və tərcüməçi cütlüyünü kəşf etməyin heyranlığı və həyəcanı ilə müqayisə etmək üçün çox az şey var” deyir Vinn. O, mühakimə prosesinin bəzən “əzabverici” olduğunu etiraf etsə də, 60 illik yubileyi ilə eyni gündə qısa siyahı elan etməsinin “aldığı ən yaxşı hədiyyə” olduğunu söyləyir.

2022-ci il mükafatının qalibi mayın 26-da elan olunacaq. “Ədəbiyyat və incəsənət” portalı təbii ki, sizi yenə də məlumatlandıracaq.

Qapaq fotosunda Olqa Tokarcuk və onun Bukerə iddialı kitabı.

İç fotosunda Frank Vinn.

 Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” (bəstəkar Firidun Allahverdi) ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.

 

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Səhnə əsərində adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Əmrah Dadaşov, Aydan Həsənova, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva ifa edərilər.

 

Yeni mədəbiyyət ocaqlarından sayılan “Artım” layihə məkanında gənc rəssamlar Nərgiz Abdullayeva, Ağababa Bağırov, Leyli Əhmədova, Əli Yusibov, Müşfiq Heydərov, Novruz Məmmədov və Sabit Zamanovun əsərlərindən ibarət "Postponed" ("Təxirə salınıb") qrup sərgisi davam edir. 

 

Bəs bu sərgi nə anlamı daşıyır? “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgi ertələmə və gecikmənin təməl anlayışlarını öz "xam" formasında təqdim edir və bu ideyanın daha metafizik dərinliyinə qərq etməyə çağırır. Düşünməyə təşviq edən "Postponed" sərgisi, rəssamların müxtəlif prizmasından şərh olunur və təxirə salınmış arzu və istəklərin, niyyət və məqsədlərin mahiyyətini araşdırır. Sürətli yaşamaq tərzinə vərdiş etdiyimiz reallıqda nəyisə təxirə salınmasının hətta düşüncəsi belə bizə dəhşətli gələ bilər. Müasir insanın gündəlik həyatı vaxt ilə çərçivələnmiş hadisələr, dedlaynlar, nəzarəti və proqnozlaşdırılmağı tələb edən vəziyyətlərlə doludur. Lakin həyatın dəyişkən olduğunu nəzərə alsaq, bəzən işləri kontrol etmək alınmır, niyyətlər puça çıxır və gözləntilər əvvəlcə nəzərdə tutulduğu kimi özünü doğrultmayır. Xaos nəzəriyyəsindəki "kəpənək effekti" kimi, ertələmə də hadisələrin gedişatını dəyişə, habelə ilkin vəziyyətin metamorfozuna səbəb olmaqla, nəticədə böyük fərqlərə gətirib çıxara bilər.

Sərgi "möhlət" kontekstini yeniləyərək, həyatda, istər şəxsi, istərsə də ictimai gecikmələrin nəticələrini yenidən nəzərdən keçirməyi təklif edir. Ekspozisiya, rəssamların bir çox mümkün hekayələr üçün başlanğıc nöqtəsi kimi təklif etmək istədiyi "ertələnmiş fəaliyyət" kontekstində şəxsi yetkinlik və yanaşmaları ilə səsləşir.

Sərgi aprelin 10-dək ziyarətçilər üçün açıq qalacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.