Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda şair-publisist Ramiz Qusarçaylının “Vətən” adlı epik poemadan ibarət kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərov, “Ön söz” müəllifi tarix elmləri doktoru, professor, şair Şahin Fazil olan “Vətən” kitabı “Mücrü” nəşriyyatında çap olunub.
İndiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, habelə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutlarında oxuculara təqdim olunan “Vətən” kitabının bu 3-cü təqdimatı idi.
Çıxış edən natiqlər – AYB-nin sədr müavini Rəşad Məcid, Akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, tənqidçi, şair, publisist Əsəd Cahangir, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova, tarix elmləri doktoru, professor Eynulla Mədətli, şair-qəzəlxan Şahin Fazil, şair Nəzakət Məmmədli və başqaları “Vətən”in Azərbaycan poeziyasına, ədəbiyyatına, tarixinə çox böyük ərməğan olduğunu vurğulayıblar, kitabın müsbət məziyyətlərindən söz açıblar.
Çıxışçılar “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə özəldi yolun, Allah”, “Almalı kitab” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı fotoalbomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifi, şeirləri ingilis, rus, Ukrayna, fars dillərinə tərcümı edilərək Rusiya, Ukrayna, İran və Türkiyə nəşr olunan Ramiz Qusarçaylının Xalq şairi adı almasını arzu ediblər.
Ramiz Qusarçaylı öz çıxışında mərasim iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə təşəkkür edib.
“Vətən”in qəlblərə yürüşü davam etməkdədir.