Aprelin 8-də Müasir İncəsənət Muzeyində Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş “Ağ kölgə” adlı sərginin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, müsahibəsində sərgi haqqında məlumat verən Cəlil Hüseynov deyib: “Qadın obrazları hər zaman rəssamların əsas mövzularından biri olub. Ancaq çəkdiyim rəsmlər təkcə bununla bitmir. Mənim işlərim arasında naturmortlar, Abşeron mənzərələrini də görmək olar. Bu mənim ilk fərdi sərgimdir. Sərgidə 1970-ci illərin sonlarından başlayaraq müxtəlif dövrlərdə işlədiyim 60-dək əsər nümayiş olunur”.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Cəlil Hüseynov müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri olan rəssamlardandır. Onun yaradıcılığı həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda tanınır və sevilir. Rəssamın əsərləri ölkəmizdə fəaliyyət göstərən bir çox muzeylərdə və şəxsi kolleksiyalarda qorunub saxlanılır, nüfuzlu sərgilərdə yer alır.
Nazir qeyd edib ki, Cəlil Hüseynovun əsərləri ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və digər ölkələrdə təşkil edilmiş sərgilərdə nümayiş olunub.
“Cəlil Hüseynov həm də istedadlı pedaqoq kimi təsviri sənətimizin inkişafına, gələcək nəsillərə ötürülməsinə yorulmadan xidmət edir. Bu sərgi onun uzunmüddətli, məhsuldar fəaliyyətinin göstəricisidir, sənətkarın yaradıcılığında yüksək zirvədir”, - deyə Anar Kərimov əlavə edib.
Sonra nazir rəssamı Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif edib.
Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov deyib ki, Cəlil Hüseynov ilk sərgisində özünü istedadlı, geniş dünyagörüşünə malik bir rəssam kimi göstərib: “Onun özünəməxsus, gözəl işləri var, əsərləri böyük istəkdən yaranıb. Bu əsərlərə baxanda Cəlil Hüseynovun dəst-xətini görmək olur. Müəllim zirvəyə qalxa bilirsə, o, bunu tələbəsinə də arzulayır. O, pedaqoq kimi də bacarıqlı bir insandır”.
Açılış mərasimi sərgiyə baxışla yekunlaşıb.
Qeyd edək ki, Cəlil Hüseynov ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris işləri üzrə prorektoru olub və akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib.