Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Ələsgər Əhməd, Orxan Həsəni, Aypara Ayxan, Ümid Nəccari və Murad Muradov.
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Mehdi Pərviz oğlu Dostəlizadə
2002-ci ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə daxil olub. 2019-cu ildə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almağa başlayıb. 2021-ci ildən Kulis.az internet dərgisində müxbir kimi fəaliyyət göstərir.
Çox fərqli yazır Mehdi ekspertlərin fikrincə. Qeyri-ənənəvi poeziya mövzuları, mistika, fantasmaqoriya, gözlənilməzliklər... Ən əsası da film kimi fikrilərini oxucunun gözü önündə canlandırmağı bacarır. Razılaşın ki, poeziyada bu, hər kəsin bacardığı iş deyil.
Şərq xəbərləri
Əsir səmum küləyi, döyüşür fırtınalar,
Diri zərbələr vurur ölü divanələrə,
İndi lərzəyə gəlib dağılır bütxanalar,
Dönür malikanələr uçuq viranələrə;
...Xorasanda ölən var.
Bilmir hansı tərəfə əssin dəli küləklər,
Xarabanın sərhədi, ucu-bucağı yoxdur,
Bilmir hansı tərəfə qaçsın yetim bəbəklər,
Axı xarabalarda ata qucağı yoxdur;
...Xorasanda ölən var.
Baş qaldırıb hər kəsə, fələklər savaş açır,
Şahə qalxıb varlığın qəzəbinin atları,
Zaman da qorxusundan arxa cəbhəyə qaçır,
Geriyə axır indi dünyanın saatları;
...Xorasanda ölən var.
Ədalət doğulurdu atların izlərində,
Qazıb aşkar edirdi gizli dəfinələri,
Yatırdı türbələrin qızıl günbəzlərində,
Kimsəsiz körpələrin bütün xəzinələri;
...Xorasanda ölən var.
Kasıb ruhun nifrəti sayəsində sökülür,
Zəngin cismin rəngbərəng libasından naxışlar,
Kinli cəngavərlərin qılıncıyla tökülür,
Bəsit məmləkətlərə mürəkkəbdən yağışlar;
...Xorasanda ölən var.
Dənizin arxasında
Bu fikir dənizinin sahilinə lövbər at,
Tərgit elə bu saat
yol getmək vərdişini,
Müvəqqəti gəminin əbədi sərnişini.
Sənə yoldaşlıq edən qağayıyla vidalaş,
Sənə qanad çırpana sən də əlini yellə,
Bu qəfil ayrılıqdan qaça bilməyəcəksən.
O qanad çırpa-çırpa yerə enməyi bilir,
Sən əlini yellədib göyə uça bilərsən?
Uça bilməyəcəksən.
Qayıt, başqa gəmiyə
yol göstər, dəniz quşu,
Sən bizim adamlara suda gərəksən ancaq
Ucsuz xarabaların doludur öz bayquşu.
Axı nədən qorxmusan?
Bəmbəyazdır bənizin.
Düşüncələr başımın,
qağayılar dənizin.
Sən axı bu ümmanın sirlərini bilirsən,
Bilirsən ki, birinci ən fağır matrosların
yerə axır qanları,
Yəqin, bundan da sənin xəbərin var, qağayı,
Ən axırda boğulur gəmi kapitanları.
Qum fırtınası
Maşinist lokomotiv, sarvan dəvə sürərək,
Vaqon-vaqon gedirlər, ya kəcavə-kəcavə,
Yolçu olduqlarını hər kəsə bildirərək,
Yolsuzlar dünyasını yara-yara gedirlər,
Axı hara gedirlər?
Budur, cüzamlı qoca, səksən ildir yuxusuz,
Əbədi röya üçün yatır dəmir yoluna,
Xeyriyyəçi bir əqrəb, qumun altında gəzir,
Sağ əlinin gördüyü xeyirxah əməlləri
söyləmir sol qoluna.
Qatar rels üzərində uzanmış ümidsizi
doğrayaraq gedir yol,
Salam verir qəfildən yolun kənarındakı
acından şeir yazan arıq, cılız şairin,
iri, qızıl büstünə,
Karvan səhra qumuna dəniz damlası deyir,
Ölüdirildən kimi çıxır onun üstünə,
Vaqon arxaya dönüb tikələnmiş cəsədə
deyir: sağalacaqsan!
Dəvə baxır geriyə, ucadan çığırır ki,
Peter, yıxılacaqsan!
Səcdə
Nə də qan qoxusu var bu qaranlıq gecədə,
Bu qaranlıq gecədə —
Mütləq yalanlarını nisbi həqiqətlərə
Calayan Allahın da göz yaşını gizlədən
Əsrarəngiz cazibə qüvvəsi var necə də!
Kirpi balalarının tikan çıxıntısı da,
Məxmər kimidir indi,
Adam balalarının burun axıntısı da,
Cövhər kimidir indi.
Əcinnə anaların alov beşiklərinə,
Ata Allah deyilən o şəxsiyyətpərəstin
Cəfasını çəkənlər cərgə-cərgə sığınır.
Qadağalar təşnəsi Həvvanın da döşündən
Süd əmən körpələrin ruhsuz bədənlərinə
Şeytan ruhu toxunur.
İşığı yaradanlar işıqda kor olarkən,
Cənnət kor və koranə ölülərlə dolarkən,
Dirilər töküləcək cəhənnəmin dibinə,
Ruhani diz çökəcək zülmətin rahibinə.
Nə kəsilən, nə yanan, nə çarmıxa çəkilən,
Nə də qan qoxusu var bu qaranlıq gecədə,
Xəsarətsiz, yarasız məhv oluram necə də...