Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” layihəsi Gəncədən start götürüb

Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Mədəniyyət Nazirliyi müəyyən tədbirlər həyata keçirir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirlik tərəfindən təşkil olunan layihə çərçivəsində ilkin olaraq Gəncə şəhərində həmin region üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçirilib. 

Gəncə və Naftalan şəhərləri, Xocalı, Samux və Goranboy  rayonları üzrə Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və ev muzeyləri olmaqla ümumilikdə 14 mədəniyyət müəssisəsindən 90-dək muzey əməkdaşı layihədə iştirak edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verib. Layihənin əsas məqsədi məhz regionlardakı muzeylərin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.