Super User
Günün fotosu: Ukrayna Ordusu “Moskva”nı sıradan çıxarıb
Günün fotosu: Ukrayna Ordusu “Moskva”nı sıradan çıxarıb
Rusiyanın Qara Dəniz Donanmasının tlaqmanı olan “Moskva” gəmisi Ukrayna Ordusunun raket zərbəsinə tuş gələrək sıradan çıxarılıb.
Foto: Euronews
“Kitaba bunca biganəlik nədəndir?” - Kənan Hacı yazır
Keçən il “Hakimə açılan atəş” romanım “Qanun” nəşriyyatında çıxdı. Heç gözləmədiyim halda ən çox satılan kitablardan oldu. O əsər birinci Qarabağ müharibəsində şəhid olmuş hakim Məhərrəm Məmmədovdan bəhs edir. Şəhid hakim obrazı oxucuların marağına səbəb olmuşdu. İndi də o kitabı məndən soruşurlar. Haqqında 5-6 məqalə yazıldı. Yaxşı reaksiyalar doğurdu, Mədəniyyət kanalında kitabla bağlı qısa süjet getdi, Azərbaycan radiosunda Savalan Talıblı bu mövzuda maraqlı bir veriliş hazırladı. Tədqiqatçı Gülhüseyn Kazımlı əsəri oxuyandan sonra mənə yazdı ki, sən Şuşada olmaya-olmaya Şuşanı necə gözəl təsvir etmisən? Bu, mənim üçün ən yüksək qiymətdir.
Məni ən çox duyğulandıran və müəllif kimi qürur hissi yaşadan odur ki, bu romanın sonu Azərbaycan xalqının qələbəsi ilə bitir. “Qalib xalqın yazıçısı” hekayəsini yazanda da belə müəzzəm duyğular yaşadım.
Bir də 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş polkovnik Sənan Axundov haqqında bir roman yazmışam. O kitab da yəqin ki, yaxın zamanlarda çap olunar. Bu əsərlərin geniş oxucu kütləsinə çatması üçün isə yazıçının imkanları yoxdur. Efirlərdə diş məcunundan tutmuş prezervativə qədər hər şey reklam olunur, bircə kitabdan başqa!
Bu gün Filarmoniyada Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunacaq
Bu gün saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Qeyd edək ki, orkestrin dirijoru Əməkdar artist Fuad İbrahimov, solisti Xalq artisti Yeganə Axundovadır.
Konsertdə Fikrət Əmirovun əsərləri səslənəcək, həmçinin Yeganə Axundovanın ifasında tərtib olunmuş audiodiskin təqdimatı olacaq. Eyni zamanda Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə F.Əmirova həsr olunmuş fotosərgi nümayiş ediləcək.
YARAT-da "Mədəni yenilənmə" layihəsinin növbəti tədbiri keçiriləcək
Aprelin 26-da YARAT Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbir zamanı Moskva kino məktəbinin tələbələrinin ərsəyə gətirdikləri işlər təqdim olunacaq. “Mədəni yenilənmə" layihəsinin qonağı Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin "Bədii quruluş" proqramının kuratoru Əddis Hacıyev olacaq.
Tədbir çərçivəsində onun "İdrak" adlı qısametrajlı filmi nümayiş ediləcək. Film, 2021-ci ildə Türkiyədə keçirilən "Efeler Uluslararası Çevre Film Günleri" festivalında Aydın bələdiyyə başqanının mükafatını qazanıb. Nümayişdən sonra həmçinin Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparılacaq. Eyni zamanda layihə çərçivəsində təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəzzadə ilə kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək.
Fransada Azərbaycan mühacirəti tarixindən bəhs edən “Məşəli qoruyub saxlamaq” kitabının təqdimatı olub
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə tanınmış Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan emiqrasiyası tarixinin araşdırıcısı Ramiz Abutalıbovun tarix elmləri doktoru Georgi Mamulya ilə birgə hazırladığı və Azərbaycan mühacirətinin siyasi tarixindən bəhs edən (1920-1940) “Məşəli qoruyub saxlamaq” adlı kitabının təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Fransada akkreditə olmuş səfirlər, mədəniyyət və ictimai xadimlər, diplomatlar, yerli ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Səfir Rəhman Mustafayev çıxış edərək kitab haqqında məlumat verib. O, cari ilin əvvəlində vəfat etmiş kitabın ideyaçısı və həmmüəllifi Ramiz Abudtalıbovun xatirəsini ehtiramla yad edib. Kitabın əhəmiyyətinə toxunan səfir R. Mustafayev Heydər Əliyev Fondu tərəfindən həmin kitabın Azərbaycan, rus, və türk dillərində nəşr edildiyini diqqətə çatdırıb. Bolşeviklər ölkəyə daxil olduqdan sonra birinci Azərbaycan Demokratik Respublikasının Paris Sülh Konfransına gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, eləcə də Avropaya təhsil almağa göndərilmiş tələbələr ölkələrinə qayıda bilməmişlər. Bildirib ki, bu kitabda R. Abutalıbov Azərbaycan mühacirətinin siyasi tarixini ətraflı təqdim edib. Xaricdə yaşayan azərbaycanlı mühacirlər daim ölkənin müstəqilliyinin bərpası haqqında düşünmüş və müstəqilliyini bərpası uğrunda mübarizə aparıblar.
Tarix elmləri doktoru Georgi Mamulya Ramiz Abutalıbovun xatirəsinə ehtiramım bildirərək, kitabın ideyasının məhz ona aid olduğunu deyib. Bildirib ki, kitab müxtəlif ölkələrdəki arxiv məlumatları əsasında hazırlanıb. Ancaq Əlimərdan bəy Topçubaşovun arxivi bu arxivlər arasında ən zənginidir. O, kitabda mühacirətdə olan Azərbaycan siyasi partiya və təşkilatlarının rəhbərlərinin 1920-1940-cı illərdə Azərbaycanın və Qafqazın müstəqilliyinin bərpasına maraq göstərmiş Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi nümayəndələri ilə münasibətlərinin dərindən təhlil edildiyini bildirib. İndiyə qədər istifadə olunmamış nadir arxiv sənədlərinə əsaslanan kitab bu illər ərzində Azərbaycanın siyasi mühacirət tarixinin ətraflı mənzərəsini təqdim edir. Mühacirətin son dərəcə çətin şərtlərinə baxmayaraq, Qafqazın digər xalqlarının nümayəndələri ilə daima birgə fəaliyyət göstərməyi arzu etmiş Azərbaycanın siyasi partiya və təşkilatlarının nümayəndələri qafqazlıları bu gündə ruhlandıra biləcək əməkdaşlıq strukturları yaratmağa və inteqrasiyanı inkişaf etdirməyə nail olublar.
Tədbir Ramiz Abutalıbovun xatirəsinə ithaf edilmiş konsert proqramı ilə davam edib. Fransız və azərbaycanlı musiqiçilərdən ibarət konsert proqramında Jehiel Kimfumu (piano), Ağarəhim Quliyev (fleyta), Misaki Baba (piano) Azərbaycan və Avropa bəstəkarlarının musiqilərini səsləndiriblər. Səddam Dağlı (klarnet və balaban), Nüşüt Kutas (nağara) və Haydar Barin (balaban və dəmkeş) Azərbaycan xalq musiqilərini ifa ediblər.
“Netflix”in son həftədə ən çox izlənilən serialının adı açıqlanıb
“Bridgerton” serialının ikinci sezonu cəmi 17 gün ərzində “Netflix”də üçüncü ən populyar ingilis serialı adını alıb.
“Netflix”in aprelin 4-dən 10-dək yeni açıqladığı ilk 10-luq məlumatlarına görə, romantik janrda olan bu serial Britaniya televiziya cədvəlində 115,75 milyon saat izlənilib və 91 ölkədə ardıcıl üçüncü həftədir ən çox baxılan serial siyahısına daxil olub.
Beləliklə, serial ümumi 560,50 milyon saat baxışla 3-cü ən populyar serial siyahısına düşüb.
Bu gün Dövlət Film Fondunda Xalq artisti Eldar Quliyevin xatirəsi anılacaq
Bu gün saat 12-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək.
Tədbirdə Eldar Quliyevin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən lentə aldığı iki qısametrajlı bədii film – fondun kolleksiyasına şəxsi arxivdən daxil olmuş “Gözləmə saatı” və Dövlət Film Fondunda elektron bərpa olunmuş “Biri vardı, biri yoxdu...” filmləri nümayiş olunacaq.
Moskvada Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş qala-konsert keçiriləcək
Ukrayna ərazilərinə soxulan və ədalətsiz müharibə aparan Rusiyada mədəni həyat hər halda davam etməkdədir. Aprelin 23-də bu həyatın nəbzi Azərbaycan musiqisi ilə döyünəcək.
“Ədəbiyyat və incəsənət” portalı kultura.ru saytına istinadən xəbər verir ki, həmin gün Dövlət Kreml Sarayında Azərbaycan müğənnisi və bəstəkarı, Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Sənsiz mahnı yoxdur” adlı qala-konserti keçiriləcək.
“Rusiya Filarmoniyası” Moskva Şəhər Simfonik Orkestrinin müşayiətilə konsertdə “XXI əsrin Tenor A” art layihəsinin solistləri və bas-bariton Nikolay Ryabuxa çıxış edəcəklər. Orkestrin dirijoru Sergey Tararindir.
Tamaşaçılar Müslüm Maqomayevin repertuardan “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Şeytan çarxı”, “Mənə deyin, qızlar”, “Melodiya”, “Sənə minnətdaram”, “Mavi əbədiyyət” mahnılarını və digər bəstələri dinləyəcəklər.
“Tanıdığınız və tanımadığınız Rəşad Məcid”
Publisist, sosial media fəalı Elman Eldaroğlu redaksiyamıza bir yazı ünvanlayıb. Həmin yazı Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, sevilən şair Rəşad Məcidə həsr olunub. Çox səmimi yazıdır.
Zaman-zaman Elman Eldaroğlunun yaratdığı publisistik portretlər oxucunun diqqətini çəkir, marağına səbəb olur. Eynən bu yazı da elədir.
Beləliklə, “Tanıdığınız və tanımadığınız Rəşad Məcid”.
*
Heç vaxt görüşməmişik, nə dalanda, nə yolayrıcında, nə də ki... Amma məndə ona qarşı heyranlıq yaradan, Amerikada yoldaşlıq etdiyim Fikrət Qoca oldu. Adı rəhmətliyin dilinin əzbəri idi. Ona xüsusi hörmət bəsləyirdi. Hər dəfə həmsöhbət olanda tez-tez ondan danışar, işgüzar, etibarlı adam olduğunu söyləyərdi. Elə o vaxtdan da içimdəki bu heyranlığı SÖZə çevirməyə, fikirlərimi ifadə etməyə çalışırdım. Amma haradan başlayacağımı bilmirdim. Onu şair kimi təqdim edim, yoxsa bir şəxsiyyət kimi? Bu çaşqınlıq məni yubadırdı.
Qərara aldım ki, portretini əlahəzrət SÖZün rəngləri ilə, elə xalq şairi Fikrət Qocanın təqdim etdiyi kimi yaratmağa səy göstərim...
Xeyirxah insandır, onun köməyinə həmişə bel bağlamaq olar. Hörmət qazanmağı, diqqət mərkəzində olmağı bacarır. Daxilən zəngindir, uşaq vaxtlarındakı saflığı qoruyub saxlaya bilib. İnsanlarda daha çox özünü büruzə verən paxıllıq, xainlik onu hər şeydən çox hiddətləndirir...
Deyir ki,- "Hamı şedevr yarada bilməz ki! Olanımız ortadadır - yaxşısı da var, pisi də var.
Amma yaradılanları, ortada olanları görmədən, oxumadan hökm vermək məyusluq yaradır. Həssas sənət adamlarına münasibət də həssas olsa yaxşıdır..."
Dostluqda vəfalıdır. Səxavətli, qonaqpərvərdir. İnsanlıq üçün fəda etməyi özünə borc bilir. Həm də hökmlü adamdır. Özündən əmindir və mükəmməl qərar verməkdə qətiyyətlidir. Emosional xarakteri bəzən ona güc gəlsə də, vaxtında dillənməyi, zamanında susmağı bacarır...
Davranışında mehribandır. İçindəki həyat eşqi onu həmişə gülümsəməyə, ətrafına müsbət enerşi paylamağa sövq etdirir. Ən mürəkkəb problemləri belə həll etməyə qadir zəkaya malikdir. İntuisiyası güclü olduğundan hadisələri öncədən hiss edə bilir. Düzgün mülahizə qabliyyəti var...
Deyir ki,- "Sənət adamlarını danlayan kimi, onlar bir-birinin ardınca gözəl əsərlər yaratmağa başlayırlar..."
İnsanlar müxtəlifdir. Kimisi ürəyinin, kimisi ağlının hökmü ilə hərəkət edir. O isə ürəklə ağılın vəhdətindən doğan əminlikdən yararlanır. İdarəetməni, təşkilati məsələləri dərindən bilir. Odur ki, ona tapşırılan hər bir vəzifənin öhdəsindən uğurla gəlir. Bir sözlə, həm tələbkar və həm də bacarıqlı rəhbərdir...
Bəli, xalq şairi Fikrət Qoca onu mənə belə tanıtdırıb.
Əlbəttə ki, söhbət Rəşad Məciddən gedir...
75-ci Kann Film Festivalına 20 yer üçün 2200 film təqdim olunub
75-ci Kann Film Festivalı cari il mayın 17-dən 28-dək keçiriləcək.
Festivalın əsas nümayəndəsi Tyeri Fremo Kann Film Festivalının 75-ci yubileyinin xüsusi pandemiya, Ukraynadakı müharibə, dəyişmiş və yenidən dəyişəcək dünya şəraitində baş tutacağını bildirib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadla xəbər verir ki, bu il Kann Festivalına 2200-dən çox film təqdim olunub. Onlardan yalnız 20-si “Qızıl Palma” mükafatına namizəd seçiləcək.
Qeyd edək ki, 2014-cü ildən Kann Film Festivalının prezidenti 76 yaşlı Pyer Lekur (Pierre Lescure) üçün bu sonuncu festivaldır. Onu beynəlxalq profilə malik hüquqşünas və kinoda uzunmüddətli karyerası olan İris Nobloçun (İris Knobloch) əvəz edəcəyi qeyd edilib.
Eyni zamanda, bu il Kann Film Festivalı tarixi yayım tərəfdaşı olan “Canal+” televiziya kanalı ilə tərəfdaşlığı France Televisions-Brut-Tik-Tok komandası ilə əvəz etməklə, mediada və Fransa hüdudlarından kənarda sosial şəbəkələrdə əhatə dairəsini gücləndirmək niyyətindədir.
Bildirilib ki, Kann Film Festivalının münsiflər heyətinin adları yaxın günlərdə açıqlanacaq.