Ukrayna ərazilərinə soxulan və ədalətsiz müharibə aparan Rusiyada mədəni həyat hər halda davam etməkdədir. Aprelin 23-də bu həyatın nəbzi Azərbaycan musiqisi ilə döyünəcək.
“Ədəbiyyat və incəsənət” portalı kultura.ru saytına istinadən xəbər verir ki, həmin gün Dövlət Kreml Sarayında Azərbaycan müğənnisi və bəstəkarı, Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Sənsiz mahnı yoxdur” adlı qala-konserti keçiriləcək.
“Rusiya Filarmoniyası” Moskva Şəhər Simfonik Orkestrinin müşayiətilə konsertdə “XXI əsrin Tenor A” art layihəsinin solistləri və bas-bariton Nikolay Ryabuxa çıxış edəcəklər. Orkestrin dirijoru Sergey Tararindir.
Tamaşaçılar Müslüm Maqomayevin repertuardan “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Şeytan çarxı”, “Mənə deyin, qızlar”, “Melodiya”, “Sənə minnətdaram”, “Mavi əbədiyyət” mahnılarını və digər bəstələri dinləyəcəklər.