Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə tanınmış Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan emiqrasiyası tarixinin araşdırıcısı Ramiz Abutalıbovun tarix elmləri doktoru Georgi Mamulya ilə birgə hazırladığı və Azərbaycan mühacirətinin siyasi tarixindən bəhs edən (1920-1940) “Məşəli qoruyub saxlamaq” adlı kitabının təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Fransada akkreditə olmuş səfirlər, mədəniyyət və ictimai xadimlər, diplomatlar, yerli ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Səfir Rəhman Mustafayev çıxış edərək kitab haqqında məlumat verib. O, cari ilin əvvəlində vəfat etmiş kitabın ideyaçısı və həmmüəllifi Ramiz Abudtalıbovun xatirəsini ehtiramla yad edib. Kitabın əhəmiyyətinə toxunan səfir R. Mustafayev Heydər Əliyev Fondu tərəfindən həmin kitabın Azərbaycan, rus, və türk dillərində nəşr edildiyini diqqətə çatdırıb. Bolşeviklər ölkəyə daxil olduqdan sonra birinci Azərbaycan Demokratik Respublikasının Paris Sülh Konfransına gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, eləcə də Avropaya təhsil almağa göndərilmiş tələbələr ölkələrinə qayıda bilməmişlər. Bildirib ki, bu kitabda R. Abutalıbov Azərbaycan mühacirətinin siyasi tarixini ətraflı təqdim edib. Xaricdə yaşayan azərbaycanlı mühacirlər daim ölkənin müstəqilliyinin bərpası haqqında düşünmüş və müstəqilliyini bərpası uğrunda mübarizə aparıblar.
Tarix elmləri doktoru Georgi Mamulya Ramiz Abutalıbovun xatirəsinə ehtiramım bildirərək, kitabın ideyasının məhz ona aid olduğunu deyib. Bildirib ki, kitab müxtəlif ölkələrdəki arxiv məlumatları əsasında hazırlanıb. Ancaq Əlimərdan bəy Topçubaşovun arxivi bu arxivlər arasında ən zənginidir. O, kitabda mühacirətdə olan Azərbaycan siyasi partiya və təşkilatlarının rəhbərlərinin 1920-1940-cı illərdə Azərbaycanın və Qafqazın müstəqilliyinin bərpasına maraq göstərmiş Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi nümayəndələri ilə münasibətlərinin dərindən təhlil edildiyini bildirib. İndiyə qədər istifadə olunmamış nadir arxiv sənədlərinə əsaslanan kitab bu illər ərzində Azərbaycanın siyasi mühacirət tarixinin ətraflı mənzərəsini təqdim edir. Mühacirətin son dərəcə çətin şərtlərinə baxmayaraq, Qafqazın digər xalqlarının nümayəndələri ilə daima birgə fəaliyyət göstərməyi arzu etmiş Azərbaycanın siyasi partiya və təşkilatlarının nümayəndələri qafqazlıları bu gündə ruhlandıra biləcək əməkdaşlıq strukturları yaratmağa və inteqrasiyanı inkişaf etdirməyə nail olublar.
Tədbir Ramiz Abutalıbovun xatirəsinə ithaf edilmiş konsert proqramı ilə davam edib. Fransız və azərbaycanlı musiqiçilərdən ibarət konsert proqramında Jehiel Kimfumu (piano), Ağarəhim Quliyev (fleyta), Misaki Baba (piano) Azərbaycan və Avropa bəstəkarlarının musiqilərini səsləndiriblər. Səddam Dağlı (klarnet və balaban), Nüşüt Kutas (nağara) və Haydar Barin (balaban və dəmkeş) Azərbaycan xalq musiqilərini ifa ediblər.