Firəngiz Əlizadənin musiqisi Böyük Britaniyada səsləndi

 

Müasir dövrün yetəri qədər tanınmış bəstəkarı olan Firəngiz Əlizadənin məhsuldar yaradıcılığı nəinki öz Vətənində, eləcə də dünya səhnəsində tamaşaçı rəğbəti qazanmağa davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, dünyanın ən tanınmış səhnələrində əsərləri səslənən Qara Qarayev irsinin layiqli davamçısı Firəngiz Əlizadənin “Nizami fəzası” adlı əsəri bu dəfə tanınmış ukraynalı dirijor Kiril Karabitsin rəhbərliyi altında Böyük Britaniyanın Bornmut Simfonik Orkestrinin ifasında səslənmişdir.

2022-ci il aprelin 6-da baş tutan konsert canlı yayımla nümayiş olunmuş və rəqəmsal biletlər 6 may tarixinədək maraqlananlar üçün əlçatan olacaqdır.

Lighthouse Poole İncəsənət Mərkəzinin press-relizində qeyd edildiyi kimi, “onun təzadlarla zəngin olan musiqisində zərif şəffaflıq, qabarı çalarlar, təmkinli sadəlik və çoşğun virtuozluq, eləcə də meditasiya və ekstaz hissi həmahəngdir. Beləliklə, bir tərəfdən, bu musiqi Şərq və Qərb ilə milli ənənələr arasındakı dini və mənəvi toqquşmanı təcəssüm etdirir, digər tərəfdən isə bəstəkar öz şəxsi daxili sarsıntılarını, həyatı boyu yaşadığı gərgin duyğularını  öz musiqisində yaşadır”.

Cari ildə yubiley ili olan Firəngiz Əlizadənin əsərlərinin il ərzində keçirilən bir çox tədbirdə səslənməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Bakı şəhərində Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş silsilə tədbirlərin təşkili də gözlənilir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.