Teatr Muzeyində Xalq artisti Məbud Məhərrəmovun 65 illiyi qeyd edilib

 

Aprelin 13-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış teatr və kino aktyoru, Xalq artisti Məbud Məhərrəmovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq, yubilyara təbriklərini çatdırıb, onun yaradıcılıq yolu haqqında məlumat verib.

Muzeyin əməkdaşı Suğra Niftullayeva aktyorun sənət fəaliyyətindən ətraflı danışıb.

Tədbirdə iştirak edən qonaqlardan Xalq artistləri Ramiz Həsənoğlu, Hacı İsmayılov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Adil Abbas, rejissor Oleq Səfərəliyev, Əməkdar artist Həcər Ağayeva və başqaları yubilyarı ad günü münasibətilə təbrik ediblər və onunla bağlı öz ürək sözlərini bölüşüblər. Təbriklərə, eyni zamanda aktyorun ailə üzvləri və dostları da qoşulub.

Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış və M.Məhərrəmovun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Həmçinin aktyorun oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənilib. Eləcə də, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Xalq artisti xanəndə Gülyaz Məmmədova “Nə gözəldir”, “Dilkəş təsnifi”, Fatimə Cəfərzadə və Prezident təqaüdçüsü Atəş Qarayev “Arşın mal alan” operettasından “Axtarıb tapdım səni”, “Aşiq oldum”, “Arşın mal alan” ariyalarını ifa ediblər.

Bunlardan əlavə, tədbir yubilyarın şərəfinə təşkil olunmuş xoş sürpriz ilə yadda qalıb. Məbud Məhərrəmovun U.Şeksprin “Kral Lir” tamaşasında yaratdığı Təlxək obrazında Xalq rəssamı Arif Hüseynov tərəfindən çəkilmiş portretinin təqdimatı olub.

Əsər Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin kolleksiyasına daxil edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.