Bu gün “Re: Art” incəsənət agentliyinin və saytının təqdimatı keçiriləcək

 

Gənc və istedadlı rəssamlar üçün öz istedadlarını realizə etmələri üçün əlahəddə bir şans yaranır: Bu gün Bakı Fotoqrafiya Evində “Re: Art” incəsənət agentliyinin və saytının təqdimatı keçiriləcək. Təbii ki, incəsənət ümumi anlayışdır, söhbət konkret rəssamlıqdan gedəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatda agentliyin iştirakçı rəssamları Nərgiz Əsgərova, Şəlalə Salamzadə, Emin Mathers, Ləman Məmmədova və Leyli Salayevanın əsərlərinin videotəqdimatı da nümayiş ediləcək. Videoya yazılan musiqilər Azər Hacıəsgərliyə məxsusdur.

Agentlik “Mədəni üfüqlər” layihəsi çərçivəsində incəsənət xadimləri, mədəniyyət fəalları və yaradıcı sahibkarlar üçün təklif olunan 6 layihədən biridir. Beynəlxalq ekspert, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovun müəllifi olduğu "Mədəni üfüqlər" layihəsinin məqsədi iştirak edənlərə təlim verməklə, yenilikçi fikirlərin ərsəyə gətirilməsində və bu fikirlərin sosial cəhətdən tələb olunan təşəbbüslərə və ya məhsullara, xidmətlərə çevrilməsində onlara yol göstərmək, eləcə də onların qarşısında yeni üfüqlərin açılmasına nail olmaqdır. 

Qeyd edək ki, Agentlik müasir incəsənətlə məşğul olan, fərqli düşüncəli insanlara, ilklərə imza atan qətiyyətli, inamlı rəssamlara dəstək vermək məqsədilə yaradılır.

Belə rəssamlar isə heç də az deyil.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.