Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kimdir?

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimovun əmri ilə İbrahim Müseyib oğlu Əliyev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi təyin olunub. Dünən Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbində yeni rəhbərin kollektivə təqdimatı keçirilib. 

 

Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri – Aparatın rəhbəri v.i.e Vüqar Məmmədov İbrahim Əliyevi kollektivə təqdim edən zaman Baş İdarənin Nazirliyin aparıcı qurumlarından biri olduğunu və bir çox əhəmiyyətli tədbirlərin təşkilində aparıcı rol oynadığını, burada çalışan mütəxəssislərin nazirlik çərçivəsində ekspert kimi cəlb edildiyini xüsusilə vurğulayıb. “Şuşa ili” çərçivəsində keçiriləcək tədbirlərdə, təcrübə mübadilələri zamanı Baş İdarədə çalışan mütəxəssislərin yaxından iştirak etmələrini, bölgələrlə paytaxt müəssisələri arasında birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

İbrahim Əliyev çıxışında mədəniyyət naziri Anar Kərimova göstərilən etimada görə təşəkkürünü bildirib və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsində qarşıya qoyduğu vəzifələri  Bakı şəhəri üzrə uğurla yerinə yetirməyə çalışacağını söyləyib.

Daha sonra V.Məmmədov İdarə qarşısında duran əsas vəzifələrdən söhbət açıb və altı ay ərzində strateji qiymətləndirmələrin aparılması, həssas təbəqələrlə, xüsusilə şəhid ailələri və qazilərlə işin müntəzəm aparılması, mətbuatla iş, ictimaiyyətlə əlaqələrin genişləndirilməsini vurğulayıb.  Bu sahələr üzrə tövsiyələr verərək kollektivə uğurlar arzulayıb.

Bəs yeni idarə rəisi kimdir? “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əliyev İbrahim Müseyib oğlu 12 aprel 1976-cı ildə anadan olub.

Ali Peşə Məktəbi–Bakı Kompüter Liseyini, Azərbaycan Dövlət Neft Akademiyasını Avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası üzrə bitirərək bakalavr dərəcəsi, daha sonra həmin Akademiyanı Texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirərək iqtisadçı peşəsinə yiyələnib. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisası üzrə bitirib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində, Bakı Kompüter Liseyində, Azərbaycan Hava Yolları QSC-də, İqtisadi İnkişaf Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

2004 – 2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.

Ailəlidir, 2 övladı var.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.