Eşidəndə ki, sosial mediada yüz minlərlə izləyicisi olan, eləcə də komedik stand-up-ları ilə böyük izləyici auditoriyasına malik olan fransalı Patrik Veiseller bir müddətdir ki, Azərbaycandadır, qəribə dizaynlı pikap avtomobillə magistrallarımızda şütüyür, düşündük, görək nə məsələdir? Dərhal deyək ki, xoşməramlı səfərdir və xeyrimizədir.
Mədəniyyət Nazirliyinin dəvəti ilə ölkəmizə gələn Patrik Veiseller çəkilişlər aparır, bundan sonra isə sosial media hesablarından və həmçinin "Netflix" platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avtomobil turu formatında həyata keçirilən layihədə Fransanın komediya ustası və bloggeri “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Veiseiller Azərbaycanın tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər etməkdədir.
Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə qarşılanan qonağa şəhər barədə ətraflı məlumat verilib və Naftalanın əsas görməli mədəni-tarixi yerlərində çəkilişlərin aparılmasına şərait yaradılıb.
Qeyd edək ki, bloger, həmçinin, paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı da çəkilişlər
aparıb, bu reportajları da təqdim edəcək.
Sırada isə adlarını çəkdiyimiz digər rayonlar dayanır.