Amil Amal “Vulkan üzərində ev”i “tikib qurtardı” Featured

 

İstedadlı gənc kinorejissor Amil Amal növbəti işini yekunlaşdırıb. “Vulkan üzərində ev” qısametrajlı sənədli filminin çəkilişlərini başa çatdırıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn filmin adı erməni sovet rejissoru Ama-bek Nazaryanın yüz il öncə lentə aldığı məşhur filmi ilə eyniyyət təşkil etsə də orijinallıq baxımından daha üstündür. 

Amil Amalın filminin çox maraqlı süjet xətti var. Filmin qəhrəmanı xanımdır, adı da Aqibət. Bakının Binəqədi qəsəbəsində, aktiv olan Keyrəki vulkanı yaxınlığında yaşayan Aqibət xanımı Amil uzun müddət müşahidə edib, 55 yaşlı xanımın həyatı ilə vulkanın bir vəhdət təşkil etməsini detallı ortaya qoyub. 

Hazırda film post-prodakşn mərhələsindədir.

 

Rejissorun qısa tərcümeyi-halını niyə də təqdim etməyək. Burada triumflara da rast gələnir. O, 1989-cu ildə Laçın şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, 2013-2015-ci illərdə isə dövlət hesabına Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) kinorejissorluq və kinodramaturgiya ixtisası üzrə ikiillik ali kurslarda təhsil alıb. Sənətin sirlərini ssenarist, rejissor Denis Rodimin və rejissor, pedaqoq Vladimir Fençenkonun emalatxanasında öyrənib.

Rejissorun “Qara bağ” filmi “Azərbaycan ailəsi” film festivalında (2015), “Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalı”nda (2016), “Haqq iş” qısa film festivalında (Türkiyə, 2017), Bakı Beynəlxalq Qısa Film Festivalında (2019) mükafatlara layiq görülüb. Müəllifin “Titrəmə” filmi isə ötən il Türkiyədə keçirilən 9-cu Beynəlxalq İpək Yolu Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.

 

Amil Amal həm də gözəl şairdir. Onun bir şeiri ilə söhbətimizə yekun vuraq:

Sudan quruya çıxan

üç yüz milyon illik 

amfibiyaların təkamülü kimi

yəqin bir gün 

intihar edənlərin də 

təkamülü olacaq.

Özünü dənizə atanlar

boğulmayacaqlar

balıq olub üzəcəklər,

özünü göydələnlərdən atanlar 

qanad açıb uçacaqlar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.