Görkəmli opera müğənnisi Şövkət Məmmədovanın xatirəsi anılıb

 

Aprelin 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, Xalq artisti Şövkət Məmmədovanın 125 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova görkəmli müğənninin Azərbaycan opera sənəti tarixindəki xidmətləri, habelə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında məlumat verib.

Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edən muzey direktoru onu sənətinə sadiq müğənni kimi səciyyələndirib. O deyib ki, Xalq artistinin həyatının keşməkeşli olmasına baxmayaraq, o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Unudulmaz sənətkarın insani keyfiyyətlərindən söz açan A.Bayarmova onun pedaqoji fəaliyyətindən də danışıb.

Bildirilib ki, o, 1897 il aprelin 18-də Gürcüstanın Tbilisi şəhərində anadan olub. Atası Şövkətin musiqiyə həvəsini hiss edib, onu Bakıya gətirir. Tanınmış milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1911-cİ ildə Milanda musiqi məktəbinə göndərilib. Burada məşhur müğənni D.Ambroziodan dərs alıb. Şövkət Məmmədova sonra Kiyev Konservatoriyasında təhsil ala-ala R.Qlierlə birgə konsertlər verib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kafedra müdiri, professor, Xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımova görkəmli sənətkarın həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətləri haqqında danışıb.

Qeyd edilib ki, unudulmaz müğənni mahir sənətçi operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah Ismayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz buraxıb. O eyni zamanda bir çox sahələrin birinciləri sırasında olan sənətçilərimizdəndir. Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub. İlk dəfə bu texnikumu bitirən qadın sənətkar isə məşhur opera müğənnisi Fatma Qədri idi. Azərbaycanda ilk not nəşriyyatı da onun təşəbbüsü ilə yaradılıb. Burada Ü.Hacıbəylinin, M.Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılıb. Ş.Məmmədova 1981-ci il iyunun 8-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Çıxışlar muzeyin zəngin materialları əsasında hazırlanmış videoçaarx vasitəsilə müşayiət olunub. Şövkət Məmmədovanın ifaları səslənən audio və videoyazılar səsləndirilib.

Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.