Super User
Tahir Əmiraslanovun kitabı Bişkekdə türk və özbək dillərində çap olunub
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun “Dolma məsələsi: bütün şübhələrə son” monoqrafiyası türk və özbək dillərində çap olunub.
Sözügedən monoqrafiyanı türk dilinə Yusif Aslan, özbək dilinə Gulzira Şaripova tərcümə edib.
Bu kitab Bişkekdə daha əvvəl rus və ingilis dillərində nəşr olunub.
Kitabda təkzibolunmaz faktlarla sübut edilir ki, dolma Azərbaycan xalqının yaratdığı və bişirdiyi yeməkdir. Nəşrdə erməni alimləri və mütəxəssisləri tərəfindən də dolmanın məhz Azərbaycan yeməyi olduğu bildirilir. Milli mətbəximizin qorunmasında və inkişafında bu kitabın xüsusi əhəmiyyəti var.
Xatırladırıq ki, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov 30-dan çox kitabın müəllifidir.
Kiçik yazarların “Bədii düşüncələr” kitabı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təcrübəli pedaqoq, yazar Mətanət Ulu Şirvanlının təşkilatçılığı ilə kiçik yazarların hekayə və esselərindən ibarət “Bədii düşüncələr" adlı kitabın təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB-nin Uşaq poeziyası şöbəsinin müdiri, Əməkdar Mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə və AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli tədbirə qatılmış kiçik yazarları salamlayaraq onlara yaradıcılıq yollarında uğurlar arzulayıblar.
Tədbirdə yazarlar Rəfiqə Qasımqızı, Narıngül Nadir, "Yada düşdü" jurnalının təsisçisi və redaktoru Nəzakət Məmmədova, filoloq-alim Arzu Nehrəmli, Güləmail Murad, Gülzar İbrahimova, Aləmzər Sadıqqızı çıxış edərək gənc yazarlara uğurlar arzulayıvlar.
Kiçik yazarlar diplomlarla təltif ediliblər.
Onlar hədiyyəsiz də qalmayıblar. Onlar üçün yazılmış və yeni nəşr olunmuş "Xallı böcək" adlı kitabını Rəfiqə Qasımqızı uşaqlara hədiyyə edib.
Tədbirdə Mətanət Ulu Şirvanlı hər bir kiçikyaşlı yazar haqqında məlumat verərək uşaqların özlərini də dinləməyə üstünlük verib.
Sonda xatirə şəkli çəkdirilib.
“Bilirəm, bu yazdıqlarımı göz yaşları içərisində oxuyacaqsınız. Bir xahişim var, arxamca ağlamayın...”
Bu gün Aprel döyüşlərinin 6-cı ildönümüdür. Çox keçməyəcək ki, 44 günlük müharibədəki qalibiyyətin də 2-ci ildönümünü yaşayacağıq. “Hərb ədəbiyyatı” artıq ədəbiyyatımızın bir qoluna çevrilib, düzdür, daha çox bu ədəbiyyatın sənədli hissəsinə rast gəlirik, şəhidlərimizdən yazırlar, qazilərimizdən, qəhrəmanlarımızdan yazırlar, döyüş xatirələrini dərc etdirirlər... Bu ədəbiyyat oxucu üçün də maraq kəsb edir, axı mübaliğəsiz demək olar ki, hər bir azərbaycanlı üçün bir nömrəli mövzu Vətəndir, Qarabağdır.
Tanınmış jurnalist, publisit Aida Eyvazlının qəhrəman qazi Toğrul Ağayev barədə yazısını həyəcansız oxumaq olmur. Vətən sevgisinin ölçüsü və qorxmazlıq, cəsurluq düz mütənasibdir, bu cür cəsarətli oğullar yetişdirən xalq heç vaxt məğlub qala bilməz. Üstəlik, bu yazıda 1-ci Qarabağ müharibəsi barədə bəzi gizlin həqiqətlər də yer alır.
Onda 2020-ci il idi. Anası Gülnarə və nənəsi Gülşad madarları Toğrul Ağayevi Şamaxıdan əsgərliyə yola salanda arxasınca su atdılar: “Yolun bu su kimi aydın olsun”,- dedilər. Əsgərliyinin ilk günü N saylı hərbi hissədə başladı. İyul ayının istisi, əsgərliyin qayda-qanunu çətin olsa da, Toğrul atasından eşitdiyi bir sözü daim xatırlayırdı: “Əsgərlik kişilik məktəbidir”. Onun əsgər getdiyi gün Tovuz hadisələri də baş vermişdi. Bu xəbər acı bir xəbər kimi bütün Azərbaycan Silahlı Qüvvələrində dolaşdı. Düşmən ermənilər əfsanəvi general Polad Həşimovu və onun yanında olan 11 nəfəri top atəşi ilə şəhid etmişdilər. Ona görə də Toğrul Ağayevdən hərbin hansı sahəsində xidmət etmək istədiyi soruşulduqda, düşünmədən “topçu olmaq istəyirəm”- demişdi. Elə ilk gündən 2-ci divizyanın 4-cü batareyasının bölük komandiri, baş leytenant Süleyman Ağayev də ilk təlimlərdə göstərdiyi bacarığına görə Toğrulun peşəkar topçu olacağına inandı.
Sentyabr ayının əvvəllərində onları Füzuli rayonu ərazisindəki N saylı hərbi hissəyə təlimə apardılar. Bir axşam isə briqada komandiri, 2-ci divizyanın komandiri, polkovnik-leytenant Nurməmməd Hacıyev əsgərləri sıraya düzüb belə bir müraciət etdi: “Əsgərlər, Vətən darda olarsa, onu qorumağa hazırsınızmı?”. Komandirin bu çağırışına bütün batareyanın, tağımın heyəti bir səslə “Hazırıq”!- dedilər. “Kim hazırdırsa, bir addım, irəli”- dedi komandir. Sıraya düzülmüş bütün əsgərlər bir addım irəli çıxdılar...
O gecəni demək olar ki, 4 ay bundan əvvəl xidmətə gələn gənc əsgərlər də, bütün heyət nəfəri də yatmadılar, səhəri dirigözlü açdılar. Əsgərlərə doğmaları ilə, valideynləri ilə, sevdikləri ilə danışmağa icazə verildi.
Səhər saat 5-də isə döyüşə yola düşmək əmri verildi. Həyəcanlı idilər, içərilərində səbirsizlənəni də, kövrələni də, qələbəyə inananı da, şəhidliyə hazır olanı da var idi... Ancaq hər birinin könlündə bir qürur, bir sevinc hakim idi. Onlar da 2016-cı ilin aprelində döyüşə atılan əsgərlər kimi tarix yazmaq istəyirdilər.
2016-cı ilin aprel ayında Şamaxıya şəhidlər Elşən Səlimovun, Samir Kaçayevin, Nazim Zəkarayevin mavi-yaşıl-qırmızı rəngli bayrağa bükülmüş tabutları gələndə Toğrul Ağayev atası Elman Ağayevlə dəfn mərasimlərində birlikdə iştirak etmişdi. Göylər kəndində Elşəni dəfn edərkən hamı bir səslə Şamaxı şəhidlərinin adını çağırmışdılar:
-Samir!
-Burda!
- Nazim!
-Burda!
-Elşən!
-Burda!
Sonra da hayqırmışdıdılar: “Şəhidlər ölməz, vətən bölünməz”!
Aprel döyüşləri başlayanda Toğrul Ağayev Şamaxı şəhəri, Sabir qəsəbəsi, Anar Babaşov adına məktəbdə, 8-ci sinifdə oxuyurdu. Şəhidlərin dəfnində iştirak edən hər bir sinif yoldaşı həmin gündən sonra vətən uğrunda döyüşüb, şəhid olmağı arzulayırdı.
Toğrul özlüyündə fikirləşirdi ki, vətən uğrunda ölməyə də, döyüşməyə də, yaşamağa da dəyər! Əslində, bu fikirləri ona atası çox təlqin etmişdi. Atasının söhbətlərindən bilirdi ki, 1992-ci ildə Xocalı soyqırımının xəbəri çıxan gününün səhəri atası Elman Ağayev döyüşmək üçün rayonun hərbi komissarlığına yollanmışdı. Və beləcə də onun döyüş yolu başlamışdı.
***
İkinci diviziyanın 4-cü batareyasının 2-ci tağımı döyüşə Füzuli istiqamətindən qoşuldu. Beyləqandan bu yana birlikdə qulluq etdikləri Hakim Abdullayev, Yaşar Baxşiyev, Rüstəm Qasımlı, İlqar Zayidov da Toğrulla birlikdə idilər.
Onların işi süvari döyüşçülərin və Xüsusi Təyinatlı Qoşunun azad etdikləri yeni ərazilərdə dayanıb, aldıqları koordinat üzrə top atəşi açmaqdan ibarət idi. Təlimdə keçdikləri başqa, döyüşdə gördükləri isə başqa idi. Günün ikinci yarısı düşmən tərəfin atdığı top mərmisindən topçu komandirlərdən biri - zabit Zeynalov kürək nahiyəsindən aldığı qəlpə yarasından şəhid oldu. O, Toğrulun gördüyü ilk şəhid idi. Gözləri doldu, ayaqları titrədi, qəzəb içini çuğladı, əsil müharibənin nə olduğunu sanki indi anladı. Tağım komandiri bir an öncə diviziya komandirinin şəhid olduğuna belə baxmadan əsgərlərə döyüşü davam etdirmək əmri verdi. Bu o demək idi ki, müharibədə yanında həlak olan dostun üçün ağlamırsan, onun qisasını almaq haqqında düşünməlisən. Yadına düşdü, axı atası da ona bu haqda çox danışmışdı.
5 gün ilk döyüş gedən ərazidə qaldılar. Verilən koordinatlar üzrə top atışlarını davam etdirirdilər. 5 gündən sonra topları xüsusi hərbi maşınlara yükləyib Horadiz tərəfə çıxardılar. Sonra döyüş maşınlarını və topları burada – tərk edilmiş bir kənddə yerləşdirdilər. Kəndin o biri üzündə düşmən mövqeləri idi. Lələtəpəyə qədər gəlib çıxdılar. Bu həmin Lələtəpə idi ki, böyük bir hissəsinə 2016-cı ildən etibarən Azərbaycan ordusu nəzarət edirdi. Toğrul bilirdi ki, 1993-cü ildən üzü bəri Lələtəpə istiqamətində yüzlərlə vətən oğlu şəhid olub. Bu torpağın hər qarışı əziz, hər qarışı müqəddəs idi. Komandirləri onlara dedi ki, bu yerlərə bələd olan ermənilər 28 il ərzində burada ancaq talanla və bir də mina basdırmaqla məşğul olublar. Ona görə də istər piyada addımlayanda, istərsə də hərbi yük maşınlarında hərəkət edəndə diqqətli olmağı, baş leytenant Süleyman Ağayevin verdiyi təlimatlara uyğun hərəkət etməli olduqlarını bilirdilər.
5 gün də burada qaldılar. Lələtəpənin yaxınlığında olan Cocuqmərcanlıdan, Horadizdən onlara dayanmadan təminat gəlirdi.
Arada bir evlərinə zəng edirdi. Anası Gülnarə özünü saxlaya bilmirdi, ağlayırdı. Bibiləri, xalaları və digər qohumları ilə də danşırdı. Səsi gümrah idi. Qohumlarına bircə söz deyirdi: “Anama deyin, məndən nigaran olmasın! Salamat qayıdacam!”
Ən sonda isə atası ilə danışdı. Atası ilə danışanda döyüşün içərisində olduğunu, harada yerləşdiyini gizli sözlərlə anlatdı. Həmin an atası ona: “Toğrul, kişi ol, dediyim kimi hərəkət elə. Döyüşdən qorxma, düşmənlə üz-üzə gəlsən belə qorxma. Sona qədər döyüş, ya şəhid ol, ya qazi ol! Mən səni vətən üçün böyütdüm. Orada şəhid olan, qazi olan oğlanlardan heç nəyimiz əskik deyil. Bir ömrü bir dəfə, kişi kimi yaşamaq lazımdır”- dedi.
Atasının səsi titrəmirdi. Elə bil ki, dviziya komandiri, polkovnik Nurməmməd Hacıyev kimi əmr edirdi. O da atasına “Ata, mən indi sənin əvəzinə də döyüşürəm! Sənin almadığın yüksəklikləri mən alacağam! Artıq şəhid və yaralı görməyə öyrəşmişəm. Çətini ilk dostunu itirənə qədərdir. Sonra insan qisas hissi ilə yaşayır. İndi məni ancaq qisas düşündürür. Bu torpaqlardan didərgin düşənlərin, viranə evlərin, yurdların qisasını alacağıq. Ata, burada evlərin yerində ancaq dağılmış xarabalar qalıb. Adam baxanda ürəyi yanır. Buraların təbiəti elə gözəldir ki... Bu gözəl təbiəti dağılmış və yanmış evlər, xarabalıqlar çox miskin göstərir. Mən buraları görəndən sonra bildim ki, bizim Azərbaycanın hər yeri gözəl imiş...”- dedi.
“Bax, belə, mən bilirdim ki, sən mərd oğulsan, Şirvanda şıxlar, Dərbənddə qırxlar köməyin olsun!”- dedi Elman oğluna.
Atası ilə söhbətini qurtarandan sonra Toğrul dönüb sol tərəfinə baxdı. Uşaqların bəzisi top qutularının içərisinə girib yatmışdılar. Əslində bu, yatmaq deyildi, bir az gözlərinin çimirini alıb, yenə oyanacaqdılar. Sən demə, insan top atəşləri, partlayış səslərində də rahat yata bilərmiş... Müharibənin nə qəribə siması var. Yox, müharibənin siması olmur, müharibənin siması olsaydı, heç ölüm saçan silahları istehsal etməzdilər. Bəlkə də ilk müharibələr elə ilk dəfə silah əldə ediləndən sonra başlayıb? Heç top, tüfəng olmasın, qədimdəki daş alətlər də silah deylimi? O daş alətlər, oxlar, nizələr də əvvəlcə insanın yemək ehtiyacını ödəmək üçün düzəldilibsə, sonradan insanın insana qəsd etməsi alətinə çevrilib...
Birdən əsgər dostu İlqar Zayidovun pıçıltılı səsini eşitdi:
-Toğrul, atanla danışandan sonra yaman fikrə getdin.
-Hə, İlqar. Bilirsən, atam nə dedi?
-Nə dedi?
-Dedi ki, ya şəhid ol, ya da qazi...
-Lap elə belə dedi?
-Həəə... Niyə təəccüblənirsən ki? Mən sənə danışmışam axı, atam Birinci Qarabağ müharbəsində döyüşüb, özü də tank vurub, bölüklərini mühasirədən çıxarıb.
-Toğrul, sən danışanda, yadımda qalmamışdı. Yenə danış da... Biz də onlar kimi döyüşək, onlardan nümunə götürək.
-Atam döyüşə gedəndə 21 yaşı olub. Xocalı işğal olunan günün səhərisi həmyerlisi Rasim dayı ilə gedib hərbi komissarlığa, həmin gün də onları Ağdama göndəriblər. Onlar Ağdamda olanda, artıq, Xocalıdan meyitlər və soyuqdan donmuş adamları gətirirmişlər. Həmin günləri atam indi də xatırlayanda qəzəblənir, əllərini yumruqlayıb sıxır. Sonradan atam Ağdamda, Tərtərdə, məşhur Gəncə batalyonunda döyüşüb. Hətta bir dəfə Şamaxıya gəlib, özü ilə 30-yə yaxın gənci də döyüşə aparıb.
Sonra Toğrul bir əhvalat danışdı. Atasıgil Tərtərlə Marquşevan arasındakı ərazidə döyüşə giriblərmiş. Marquşevanı alırlar, o zaman atasıgilin komandiri Nəcməddin Sadıqov imiş. O, briqadaya əmr edir ki, Marquşevandan geri çəkilsinlər. Əvvəlcə əmrə tabe olub geri çəkilirlər. Lakin bir müddət keçəndən sonra düşmən ermənilərin onların olduqları mövqeyə qədər gələcəkləri haqqında kəşfiyyat məlumatı alırlar. Düşmənə yenməsinlər deyə, özləri hücuma keçirlər. Bu dəfə içlərindən kimsə onların yenidən Marquşevan istiqamətində irəlilədyini erməni tərəfə xəbər verir. Bu hadisə ya may, ya da iyunda olubmuş. Onların sırasında Yeganə adında bir tibb bacısı da var imiş. O qadını ermənilər zəhərli güllə ilə yaralayırlar, amma qadın ağrıya sinə gərir, döyüş mövqeyindən çəkilmək istəmir (Toğrulun atasıgil döyüş dostları ilə bərabər bu gün də o qadınla əlaqə saxlayırlar).
Toğrulun atası Almaniyada hərbi xidmətini keçmişdi, qrantomyot atan olubmuş. Bir də görüblər ki, 120 nəfərə yaxın döyüşçü mühasirədədirlər. Təkcə arxa tərəfdən yolları var idi. Ancaq geri dönsəydilər, kürəklərindən vurulacaqdılar. Həm də, qaçmaq kişilikdən deyildi. Qabaqda isə ermənilər idilər. Son güllə və sursatları qurtarana kimi döyüşüblər. Yanlarında olan keçmiş Əfqanıstan döyüşçüsü, tərtərli yaşlı bir kişi qrantomyot atan imiş. Çox şücaət göstərirdi. Çiynindəki qrantomyotla 7 dəfə düşmənin onlara tuşlanan BMP-sinə atəş açdı, heç biri gedib hədəfə dəymədi. Adətən atdığı güllə yan keçmirdi. Erməninin nə qədər hərbi maşınlarını vurub sıradan çıxarmışdı. Amma nə idisə indi alınmırdı. Ətrafda ölən və yaralanan yoldaşları var idi, həyəcan, nifrət çox idi. Artıq hamısının xilas olacaqlarına ümidləri də kəsilmişdi. Fikirləşirdilər ki, daha sonlarıdır. Birdən elə bil ki, Toğrulun atası yuxuda idi, ayıldı, həmin kişiyə dedi ki, dayı, ver görüm, mən vura bilərəm?
İçərilərində olan əsgərlərdən kimsə “Eh, o boyda səriştəli adam vura bilmədi, sən vuracaqsan ki?”- deyə istehza etdi. Amma Toğrulun atası ona əhəmiyyət vermədi, qrantomyotu çiyninə alıb tankın qabağına keçdi. Gözünə heç nə görsənmirdi, bircə dəfə “Ya Şıx Eyyub!! Ay köpəkoğlu, ya sənə verən Allah, ya mənə verən Allah “--deyib, silahı tanka sarı tuşladı. Bir də onda ayıldı ki, tank partladı. Hamı heyrət içində idi. Heç kim gözlərinə inanmırdı, silah-sursatın bitdiyi bir vaxtda onlara tuşlanan tank məhv edilmişdi.
Sonra onlara kömək gəlib və düşməni darmadağın ediblər. Tərtər tərəfdə yeni postları ələ keçiriblər.
Toğrul dedi:
-Atam bunları danışıb. Həə, hələ atamgilin Marquşevandan sağ çıxandan sonra ermənilərin Arabo batalyonunun Tərtərlə Ağdərə, Həsənqaya arasında olduğu haqqında kəşfiyyat məlumatı alıblar. Onlar bizimkilərin üstünə hücuma hazırlaşırmışlar. Gecənin bir aləmində atamgilin batalyonu qartal kimi şığıyıb Arabonun üzərinə. 127 nəfəri öldürüblər. İçərilərindən 15-20 nəfər qaçıb canını qurtarıb, onların içərisində Arabonun komandiri də olub. Sonra Surət Hüseynov həmin hadisəni öz adına yazmaq istəyib. Ermənilər isə bu faktı 7 il gizli saxlayıblar. Atam deyir ki, Xocalı qətliamında Arabo çox böyük fəallıq göstərib. Arabonu məhv edəndən sonra neçə gün yeyib-içib şənləniblər ki, xocalıları qətliam edənlərdən qisas alıblar. Yəqin ki, biz buralarda döyüşəndən sonra, gedib atamın olduğu Çaylını, Həsənqayanı da görəcəyik. Əsas odur ki, ölməyək, döyüşdən sağ çıxaq.
-Toğrul, Elman əmigilə döyüşdə göstərdikləri şücaətə görə heç nə vermədilər?
-Yox eee, sən nə danışırsan? Heç atam döyüşdə iştirak etməsi barədə Müdafiə Nazirliyindən sənədlərini də ala bilmədi. Atama və onun bir çox döyüşçü dostlarına qarşı böyük haqsızlıqlar oldu. Lakin atam, elə həmin vətənpərvərdir.
***
Səhər açılanda, komandirdən yeni göstəriş gəldi. Cəbrayıldan keçib, Qubadlıya tərəf yola düşdülər. Yolda xeyli erməni leşi səpələnib qalmışdı. Yolda gördüklərindən Toğrul dəhşətə gəldi.
Erməni leşlərini döyüşçülərə göstərərək baş leytenant Süleyman Ağayev soruşdu:
-Uşaqlar, bilirsiniz bu düşmənləri kim məhv edib?
Əsgərlər :“Xeyr, bilmirik, cənab komandir”- deyə cavab verdilər.
Komandir: “Uşaqlar, bu düşmənləri sizin o başdan dəqiqliklə atdığınız top mərmiləri qırıb. Hamısı pərən-pərən düşüblər. Var olun, belə döyüşün, tarix yazın! Biz bu torpaqları düşməndən xilas etmək üçün burdayıq! Görürsünüz ki, Ali Baş Komandan İlham Əliyev hər gün xalqa müraciət edir, aldığımız mövqelər haqqında danışır, o bizə güvənir. Biz də onun etibarını doğurltmalıyıq. İndi deyin görüm, yenə də döyüşə hazırsınızmı?”- deyə, əsgərlərindən bir də soruşdu.
Əsgərlər bir səslə “Döyüşə hazırıq, cənab baş leytenant”- dedilər.
Bölük komandiri Süleyman Ağayev komandiri olduğu batareyada çox intizamlı idi. 25 yaşı olmasına baxmayaraq, elə bil ki, 50 ilin hərbçisi idi. Döyüşçülərinə, yeri gələndə, qardaş olur, döyüş vaxtı isə zəhimli və intizamlı komandir olduğunu göstərirdi. Hərbi hissədə nizam- intizam olanda itki də az olurdu.
Onlar əsasən M-46 artilleriya qurğularından atəş açırdılar. Bu top atəşi ilə uzaqlıqda olan hədəflər tam vurulurdu. Hazırkı müharibə şəraitində Xüsusi Təyinatlıların onlara ötürdükləri koordinatlara uyğun hətta 6-7 kilometr aralıqda olan düşmən hədəflərini rahatca vura bilirdilər. Ən əsası da o idi ki, atdıqları mərmilər boşa getmirdi. Erməni tərəf də onların tağımının istiqamətinə atırdılar. Lakin artıq döyüşdə püxtələşmiş artilleriyaçılar düşmən mövqeyini bombalayandan sonra öz yerlərini dəyişirdilər. Düşmənin atdığı top da boş mövqeyə düşürdü.
929 saylı hərbi dviziyanın bu artilleriya briqadası döyüşü çox peşəkarcasına aparırdı. Düşmənin maşın kolonlarını, postlarını, müşahidə məntəqələrini, KMP-lərini darmadağın edirdilər. Budan sonra da süvari qoşun dəstələrimiz irəliyə keçir, həmin mövqeləri möhkəmləndirirdilər.
Elə yollar vardı ki, topçu əsgər heyəti həmin ərazini piyada keçməli olurdu. Bəzən yerdə cansız bədənləri qalan əsgər və döyüşçülərimizin də nəşinə rast gəlirdilər. Dayanmaq imkanı olanda, qarşısında baş əyirdilər. “Qisasınızı aldıq” deyirdilər. Toğrul eşitmişdi ki, azərbaycanlı şəhidlərin bədənlərindən gül qoxuyur. Həqiqətən də belə idi. Dəfələrlə tanımadığı döyüşçülərin yanında dayanıb, ehtiram göstərmişdilər, onların nəşindən gül qoxusu gəlirdi. Lakin bir az aralıda olan erməni leşləri isə iylənmişdi. Bir də ki, arxadan gələn təxliyə qrupu şəhid olan, yaralanan əsgərləri az müddət keçməmiş döyüş gedən ərazidən uzaqlaşdırırdı.
Bir dəfə əsgər dostu Yaşar Baxşıyev Toğrula dedi ki, qardaş, bunlar o qədər donuz yeyiblər ki, donuz kimi iylənirlər. Bir də ki, bizim torpağımız bu murdarları qəbul etmir, ona görə iylənirlər. Bizim şəhidlərimizi isə torpağımız tanıyır, qoruyur, onları ana kimi qoynuna alıb. Ona görə də gül ətri verirlər.
Döyüşlərin belə qızğın getdiyi bir vaxtda Toğrul Şamaxıda söz alıb söz verdiyi, sevdiyi qıza zəng etdi və dedi: “Məni gözləmə, bir də zəng etmə... Zəng etsən də cavab verməyəcəyəm...”. Xəttin o başında qız hıçqıra-hıçqıra qaldı... Əlini bu dünyadan üzdü...
Sonra Toğrul cib dəftərçəsini açıb bu sözləri yazdı: “Mən bu gün ona zəng vurdum. Dedim ki, məni gözləməsin. Hirslə danışdım ki, könlü məndən soyusun. Burada ağır döyüşlər gedir. Yəqin ki, bu qədər şəhiddən biri də mən olacağam. Qoy birdəfəlik unutsun ki, sonra öz həyatını rahat qura bilsin. Əslində, indi bizim hər birimiz səhər açılanda döyüşçü dostlarla son dəqiqəmizi yaşayırmışıq kimi görüşürük. Bir- birimizə nəyisə əmanət edirik. Deyirik ki, şəhid olsam, valideynimə və ya sevgilimə bunu çatdırarsan. Çox qəribədir ki, indi ölüm gözümüzdə elə adiləşib ki... Elə bilirik, həyat elə belə qurtarır. 18, 19, 20, 25 yaşında adam ölə bilər. Hər gün sabahı diri açanda, silah yoldaşlarımızla halallaşırıq. Çünki bilirik ki, indi olumla ölümün bir addımlığındayıq...”.
Toğrul cib dəftərçəsinin sonuncu səhifəsinə isə bu sözləri yazdı:
“Ata, ana! Mən indi yanınızda deyiləm. Bilirəm ki, məndən yadigar qalan bu cib dəftərim sizin üçün çox əziz olacaq. Sizdən xahiş edirəm, yoxluğuma inanmayın! Mən hər zaman yanınızda olacağam! Bilirəm, bu yazdıqlarımı göz yaşları içərisində oxuyacaqsınız. Bir xahişim var, arxamca ağlamayın. Haqqınızı halal edin! “.
Sonra da yanındakı dostlarına söylədi ki, cib dəftərçəimi özümdən sonra sizə əmanət edirəm.
İndi burada olan bütün əsgərlər belə idi. Bir-birinə əhd-peyman, vəsiyyət edirdilər, amma arada kədərli ovqatlarına bir nikbinlik, şənlik də qatırdılar, yeri gələndə, deyib-gülürdülər. Arada gülüş də lazım idi. Yoxsa ki, qan qoxusu və qorxusu onlara üstün gələ bilərdi. Əslində, qorxunu çoxdan keçmişdilər. Qələbəyə inanırdılar. Qələbəyə inam olanda isə, qorxu yox olur.
Qoşun üzü Zəngilana tərəf gedirdi. Buraları ilk dəfə görən döyüşçülər ətrafa baxanda heyrətə gəldilər. Burada məskunlaşmış ermənilər Azərbaycan Ordusunun gəldiyini bilib evlərini, bağlarını, tövlələrini, heyvanlarını da yandırıb getmişdilər. Bəzi yarıyanmış evlərin birinci mərtəbəsi donuz tövləsi, üst mərtəbəsi isə ev idi. Demək, onlar donuzlarla birlikdə yaşayırmışlar. Ətrafda dəhşətli pintilik və çirkinlik var idi. Zəngilanı, Qubadlını zəbt eləmiş bu vəhşi tayfası sanki heç insan deyldi.
Toğrul öz ata-baba kəndi Xeybərini xatırladı. Qubadlıdakı bəzi köhnə tikili evlər Zaratın, Xeybərinin evlərinə bənzəyirdi. Çay daşlarından tikilmişdi. Komandirləri dedi ki, çay daşlarından tikilən köhnə yaşayş evləri hamısı azərbaycanlıların olub.
Yanmayan ağaclarda payızın neməti olan xurmalar, üzüm tənəklərində izə üzüm salxımları sallanırdı.
Artıq bir aydan çox idi ki, irəliləyə-irəliləyə gəlirdilər. Burada isə arxa xəttdən xeyli uzaqlaşmışdılar deyə, daha əvvəlki təminat yox idi. Bəzən günlərlə ac, susuz qalırdılar. Yedikləri meynələrdən sallanan üzüm və ya xurma olurdu. Çox az hallarda viranəyə qalmış həyətlərdə toyuq, hindtoyuğu tapıb, kəsib bişirirdilər. Ət yeməyi tapanda lap bayram olurdu. Döyüşçülər hamısı bir-birinə qardaş qədər, iki can bir ürək kimi mehriban idilər. Ən son tikələrini bölüşürdülər.
Artilleriya briqadasının topçularının işi təkcə top atmaqdan ibarət deyildi. Onlar həm də, növbə ilə mövqelərdə keşik çəkir, təminat aparıb-gətirir, müxtəlif əmrləri icra edirdilər. Zəngilana gəlib çatdıqlarının ilk günü güclü yağış yağdı. Elə bir yağış yağırdı ki, ucundan tut, çıx göyə. Toğrul ona etibar edilən mövqedə yağışın altında dimdik dayanmışdı. Başdan-ayağa suyun içərisindəydi. Xeyli vaxt keçəndən sonra baş leytenant postu yoxlamağa gələndə onu suyun içərisində gördü. Əynindəki şinelini çıxarıb Toğrula verdi. Özü isə bir köynəkdə qaldı. Buralar elə yer idi ki, ocaq qalasalar erməni dronları həmin yeri təyin edə bilərdi. Ona görə də əsgərlər bu payız soyuğuna və yağışına da dözməyi öyrənirdilər.
Toğrul komandirinin əsgərlərinə qarşı belə mütəvazi davranışından çox riqqətə gəldi. O, müharibədən əvvəl bəzən boş vaxlarında kitab oxuyardı. Xoşuna gələn fikirləri bloknotuna köçürərdi. Bir dəfə bloknotuna Mustafa Kamal Atatürkün də sevə-sevə oxuduğu, müəllifi Qriqoriy Petrov olan “Ağ zanbaqlar ölkəsi” kitabından zabitlər haqqında belə bir fikri köçürmüşdü : “Zabit əsgərin yalnız qardaşı deyil, ağası deyil, eyni zamanda müəllimidir. Onun təhsil almasında məsuliyyət daşıyan şəxsdir. Zabit əsgərlərinə görə çox məsələlərdə məsuliyyət daşıyır. Əsgərin canı zabitə əmanətdir. Zabit onun sağlamlığına görə də öhdəliyə sahibdir. Əsgərin beyni də zabitin ixtiyarına verilir. Zabit bu zehinlərin də, fikirlərin də formalaşmasına görə məsuliyyət daşıyır. Əsgərin qəlbi də zabitin ixtiyarındadır. O əsgərləri güclü şəxsiyyət kimi formalaşdıracaq, onlara vicdanı təmiz olmağı, ədəb qaydalarını, insanlarla sağlam münasibətlər qurmağı öyrədəcək”.
Bu leysan yağışın altında Toğrulun gənc qəlbindən bir arzu da keçdi: “Əgər sağ-salamat evimizə qayıtsam, yəqin ki, mən də təhsilimi davam etdirib polis sıralarında xidmətə gedəcəm. Şərəfli polis zabiti olmaq da, vətənin asayişinin keşiyndə dayanmaqdır.”.
Onlar indi Zəngilanın Ermənistanla həmsərhəd olan Kolluqışlaq kəndində mövqe tutdular. Arada bir təpəlik var idi. Bir üzündə ermənilər, bir üzündə isə kəndi yenicə azad edən döyüşçülərimiz mövqelənmişdilər. Bir qədər keçəndən sonra ətrafda erməni kəşfiyyatçılarının gəzdiyini hiss etdilər. Hər kəs öz mövqeyində möhkəmlənməyə başladı. Səhər saat 9-dan günortaya qədər beləcə, ermənilər tərəfindən yavaş-yavaş hucuma keçmək əməliyyatının aparıldığının və özlərinin də artıq mühasirədə olduqlarını bildilər. Bu an Toğrulun yadına çox uzaq illərdə atasıgilin bölüyünün mühasirəyə düşməsi düşdü.
Artıq xəbər yuxarı komandanlığa çatmışdı. Günortaya yaxın onların olduğu hissəyə əlavə XTQ qüvvələri gəldi. Və buradakı əsgərlər mühasirədən azad edildilər. Bu azmış kimi, topçular köməyə gələn XTQ-çilərə qoşulub ərazini düşməndən təmzilədilər.
Qəfil baş verən fövqəladə hadisələri gördükcə Toğrul da, onun döyüş dostları da heyrətə gəlirdilər. Hər dəfə ağır əməliyyatlardan sağ çıxanda, atdıqları top mərmiləri hədəfə dəyəndə deyirdilər ki, Tanrı indi bizim tərəfimizdədir, Azərbaycan əsgərinin qalib gəlməsi üçün möcüzələr göstərir, ordumuza yol verir.
Artilleriya topçuları mühasirədən çıxdıqdan sonra, onların olduqları yerlərdə Dövlət Sərhəd Xidmətinin əsgərləri gəlib mövqeləndilər. Bundan sonra isə bu qəhrəman artilleriyaçıları yeni mövqelər gözləyirdi...
***
Qubadlının azad olunmuş Muradxanlı kəndinə gətirildilər.
Muradxanlı kəndinin düz ortasından Həkəri çayı axırdı. Buradan axan Həkəri çayı gedib Araza qovuşurdu. Bu mənzərəni görəndə Toğrul nənəsi Gülşadın dediyi bayatını xatırladı:
Araz , Araz xan Araz,
Sultan Araz, xan Araz.
Kimləri alıb getdin,
Kimə qaldın, xan Araz?
Qubadlıdakı çinarlar Xeybəri kəndindəki uca çinarlara bənzəyirdilər. Artıq yarpaq-yarpaq saralmışdılar. Payız özünü addımbaşı hiss etdirirdi.
Çayın o biri başında bir həyət var idi. Həyətdə təndir yeri görünürdü. Bu təndiri görəndə kənddə nənəsinin bişirdiyi təndir çörəyinin ətri gəldi burnuna. Nənəsi ona və böyük qardaşı Bayrama balaca qoğallar da bişirirdi. Ən ləzzətlisi şora batırıb xırt-xırtla yedikləri həmin qoğal olurdu.
Əsgər üçün ən məşəqqətlisi keçmiş asudə həyatının ən xoş anlarının xatirələridir, onlar gələndə kövrəlirsən, burnunun ucu göynəyir o günlərinçün, əzizlərinçün.
Həkəri çayı doğrudan da çox gözəl idi. Payız olsa da suyu dumduru axırdı. Bəlkə azərbaycanlıların öz yurduna gəlib çıxdıqlarından belə durulaşmışdı? Axı torpağın da, suyun da öyrəşdiyi insanlar, tayfalar olur. Təbiət hər şeyi belə gözəl yaradıbsa, insanlar da gərək onu gözəlləşdirsinlər. Bu ermənilər isə, buraları dağıdıb-töküb, viran qoyublar. 28 ildən sonra artıq Tanrı da, təbiət də onlardan bezdi. Gördülər ki, bu vəhşi xislətli ermənilər bu yurdda yaşaya bilmirlər. Goreşən kimi qəbrilərimizi uçurublar, məqbərələrimizi dağıdıblar. Ona görə də azərbaycanlılara yol açıldı. Yəqin ki, bu yurdların sahibləri yaxın vaxtlarda gələrək öz doğma ellərini, yurdlarını, ocaqlarını təmizləyib, yenidən quracaqlar.
Görəsən, Toğrulgil qələbə xəbərini bu payızın hansı günündə eşidəcəkdilər? Aldıqları az-çox xəbərlərdən bilirdilər ki, ordumuzun qələbə çalacağı gün çox yaxındadır.
Hərbçilərin həyatı hər zaman belədir. Dövlət haraya göndərsə, orada xidmətə müntəzirdirlər. Bir də var ki, müzəffər bir ordunun əsgəri, hərbçisi olasan. Əlbəttə, qələbədən, zəfərdən sonra səni haraya göndərsələr, oranı var gücünlə qoruyacaqsan.
Onların aid olduqları hərbi hissə Muradxanlı kəndində də öz tapşırıqlarını bitirdikdən sonra artilleriya bölüyünü Laçına göndərdilər. Laçının azad edilməsi prosesində də onların alayının böyük xidmətləri oldu. Lakin sonradan xəbər gəldi ki, artilleriya durduğu mövqedə dayanmalıdır. Sən demə, Laçındakı işğalçı ermənilərə oradan çıxmaq üçün vaxt verilibmiş. Bu, artıq o vaxt idi ki, Şuşa mühasirədən qurtulmuşdu. Ermənilərlə onların kapitulyasiyası sənədi də imzalanmışdı. Lakin Laçından çıxan ermənilər 28 il ərzində yaşadıqları evləri, faydalandıqları meşələri odlayıb çıxırdılar. Buralarda alov zabanə qalxmışdı. Evlər, həyətlər çıtır-çıtır yanırdı.
Qələbə xəbərindən sonra, Toğrul Ağayevin də xidmət etdiyi hərbi batareyanı yenidən Qubadlıda xidmətini davam etdirməyə qaytardılar. Geriyə qayıdan əsgərləri bu yerlərin adamları toy-büsatla, çal-çağırla qarşılayırdılar. İnsanlar əllərində olan ərzaq və nemətləri onları gətirən maşınlara atırdılar. Toğrul bu dəfə dəftərçəsini açıb “Biz qalib Ordunun qalib əsgərləriyik!” yazdı. Son səhifədə ata-anasına yazdığı vəssiyətini isə cırıb tulladı.
***
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Toğrul Elman oğlu Ağayev və onun silahdaşları olan əsgərlər Rüstəm Qasımlı, İlqar Zayidov, Yaşar Baxşıyev, Seymur Bayramov, Hakim Qurqunayev “Cəbaryılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olundular.
Belə bir təltif və təqdimat ondan xəbər verirdi ki, 929 saylı hərbi hissənin 2-ci diviziyasının 4-cü batareyasının zabitləri lap “Ağ zanbaq ölkəsində” kitabında qeyd olunan zabitlər kimi şərəfli yol tutublar, öz əsgərlərini dəyərləndiriblər.
Bu xəbəri eşidən Toğrul və onunla birlikdə xidmət edən döyüşçü dostları həm təəccübləndilər, həm də sevindilər. Axı onlar belə bir təltif gözləmirdilər. Heç bilmirdilər ki, əsgərə vətən döyüşlərində iştirakına görə medal verirlər. Toğrul öz adını Prezident fərmanında oxuyub, bir daha təltif edildiyinə əmin olduqdan sonra ağlına gələn lik fikir bu oldu: “Atam Elmanın da almadığı haqqını verdi cənab Ali Baş Komandan!”.
Döyüşlər bitmişdi. İndi Müzəffər Ordunun əsgərləri Qubadlı rayonunda hərbi xidmətin qalan hissəsini keçirirdilər. Yenə də Həkəri çayının sahilində xidmət edirdilər. Buraya 30 ilə yaxın idi ki, Azərbaycan əsgərinin, Azərbaycan övladının ayaqları dəymirdi. Şair Məmməd Araz yazmışdı:
Ayaq saxla, dövrənə bax ötəri belə,
Yüz illərdir, Araz belə, Həkəri belə,
Axşamların səhərlərin təkəri belə,
Dünya sənin, dünya mənim, dünya heç kimin...
Dünyanın nə möcüzəli dövranları olurmuş. 44 gün əvvəl hər gün, hər saniyə olum və ölüm haqqında düşünən bu gənclər, “dünya mənim, dünya sənin, dünya heç kimin”- deyən əsgər oğullar indi Həkərinin Araza qovuşan coşğun sularına baxıb, durulub aydınlaşırdılar.
Bu Vətən müharibəsində öz elindən, kəndindən döyşdə iştirak edən Toğrul tək deyildi. Onun xalası Təranənin ortancıl oğlu İbrahim Azayev də 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılmışdı. Müharibə başlayanda o da xidmət etdiyi hərbi hissədən döyüşlərə qatılmışdı. Azərbaycan Prezidentinin Sərəncamı ilə Azayev İbrahim İlqar oğlunun “Kəlbəcərin azad olunması” medalı ilə təltif olunması Toğrulu çox sevindirdi. Murov və Kəlbəcər yüksəkliklərinin alınmasında Toğrulun qardaş bildiyi xalası oğlu öz borcunu layiqincə verə bilmişdi.
2022-ci il yanvarın 2-də Toğrul Ağayev hərbi xidmətini başa vurub doğulub boya-başa çatdığı Şamaxıya qayıtdı. Atası Elman Vətən döyüşlərindən qəhrəman kimi qayıdan oğlunun ayaqları altında qurban kəsdi, qohum-qonşular Müzəffər Azərbaycan əsgərinin görüşünə gəldi.
Bax belə, 20 yaşlı bir əsgərin döyüş tarixçəsi xatirələrə döndü. Bir də, o şərəfli xidmət günlərindən qəhrəmanımız Toğrula 2-ci diviziyanın komandiri, polkovnik –leytenant Nurməmməd Hacıyevin imzası ilə verilən bir xasiyyətnamə qaldı. Orada yazılmışdı:
“... 2002-ci il 23 martda Şamaxı şəhərində doğulan əsgər Ağayev Toğrul Elman oğlu 929 saylı hərbi hissənin 2-ci diviziyasının 4-cü batareyasının 2-ci tağımının 4-cü topunun heyət nəfəri vəzifəsində xidmət etdiyi ilk gündən özünü nizam-intizamlı, bacarıqlı, savadlı bir əsgər kimi göstərib. Əsgər kimi silahların, döyüş texnikasının və digər texnikaların, əşya-əmlakının qorunub saxlanmasına, vəziyyətinə, varlığına düzgün şəkildə riayət olunması üçün tam bacarığı ilə çalışıb.
27 sentyabr 2020-ci il tarixində başlanan 44 günlük “Vətən müharibəsi”ndə mərdlik və şücətlə döyüşüb.
Hərbi geyim qaydasını səliqəli saxlayır. O, keçirilən təlim və məşğələlərdə fəal iştirak edir, verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini bilir və gündəlik hərbi xidmətini onların tələbləri əsasında qurmağı bacarır. Yoldaşları ilə münasibəti səmimi və qayğıkeşdir. Xasiyyətcə yaxşı, mənəviyatca safdır.
Əqli və fiziki cəhətdən sağlamdır. Hərbi və dövlət sirrini qorumağı bacarır”.
Bax belə oğlan olub, sıravi topçu Toğrul Ağayev!
Və mən inanıram ki, Toğrulun polis sıralarında işləmək arzusu da həyata keçəcək. Azərbaycanın Daxili İşlər Orqanlarında belə oğulların xidmət etməsi Vətənin asayişinin daha da möhkəm olması deməkdir.
Mərd oğul Vətəni də mərdanə qoruyar!
Aida Eyvazlı
“Azərkitab” niyə bağlanmalıydı axı?
“Akim Abbasov, 78, Bakı, Yasamal, AZ1141" - dünənədək bu ünvanda "AzərKitab" yerləşirdi.
- Adıkeçən kitab təbliğatı mərkəzinin sayəsində həmin ünvan paytaxtın qaynar mədəniyyət ocağına çevrilmişdi. Doğma ünvanımız olmuşdu "AzərKitab"lı "Akim Abbasov, 78"...
Göstərilən ünvandakı mülk kimindir bilmirəm, pulu-paranı hardan, necə, nə vaxt qazanıb da o gözəl mülkü tikmişdi? - bilmirəm; bildiyim odur ki, günümüzdə icarəçi ilə icarədar ödəniş mövzusunda anlaşa bilməyib və "AzərKitab" qapanmağa məcbur olub...
Əgər "AzərKitab"dan boşalan ünvan daha üstün mədəniyyət xidməti göstərəcksə, sözüm yox... yox, sırf biznes maraqları adına, daha çox qazanmaq üçün belə bir addım atılıbsa, təəssüf edirəm.
Təəssüf ki, bizim İŞADAMLARININ çoxu İÇADAMI ola bilmədi...
Deynən, a sağolmuş, kitabdan, mədəniyyətdən daha üstün nəyə verəcəksən ki, o binanı?!.
Gül kimi şenlənmişdi də oralar...
Əkbər Qoşalı
Heydər Əliyev Sarayı Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edəcək
Heydər Əliyev Sarayı Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı təqdim edəcək.
Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, aprel ayının 29-u saat 19:00-da Sarayın “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı möhtəşəm konsert proqramı hazırlanır.
Gecədə bəstəkarın illərdi sevə-sevə dinlədiyimiz, hər birimizin dillər əzbəri, həyatımızın bir parçası olan unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.
Biletləri “iticket.az”dan onlayn və şəhərin kassalarından əldə etmək mümkündür.
Euronews İstanbulda, Aya Sofiyada qılınan Ramazan namazını həftənin əsas hadisələrindən hesab edib
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Euronews İstanbulda, Aya Sofiya məscidində aprelin 2-də qılınan Ramazan namazını həftənin əsas hadisələrindən hesab edib.
Bizans imperatoru I Yustinianın tikdirdiyi, Konstantinopolun Osmanlı İmperiyası tərəfindən fəthindən sonra məscidə çevrilən bu tikili xəlifətin ləğvindən sonra uzun illər muzey kimi fəaliyyət göstərmişdi. Yalnız 2020-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Aya Sofiyanı Böyük məscid elan etdi. Və xatırladaq ki, o, buna görə xristian dünyasının ciddi təpkiləri ilə üzləşdi.
Ramazan namazı burada 88 illik fasilədən sonra bu il yenidən qılınıb. Bu xəbəri Türkiyə müsəlmanları coşğu ilə qarşılayaraq həmin gün izdihamla Aya Sofiya məscidinə axışıblar.
Barat Vüsal: “Ədəbiyyat insandan xidmətçi, QARAVAŞ istəmir, qurban getməyə QARA BAŞ istəyir”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin sədri Barat Vüsal ilə görüşdürür.
-Salam Barat müəllim, vaxtınız xeyir. Qazaxda yaradıcı durumdan danışaq. Necə qiymətləndirirsiniz, Qazaxda yaradıcı durum necədir?
-Həmişə olduğu kimi Qazaxda yaradıcı qüvvələrin durumu yaxşıdı, yaradıcı abu-hava hökm sürür. İstər yaşlı nəslin arasında, istər gənc nəslin arasında, istərsə də orta nəslin arasında hər kəs bacara bildiyi qədər öz yaradıcı nümunələrini ortaya qoyur. Pandemiya bu işləri bir az ləngitdi. Artıq pandemiya olmadığına görə əvvəlki kimi tədbirlər artacaq. Yeri gəlmişkən, onu da deyim ki, bir gənc şəhid şair olub, əsli qazaxlıdır, kiçik yaşlarından Bakıya köçüblər, ailəsi ilə orda yaşayıblar. Murad Nağıyev orta məktəbi bitirib, sonra Heydər Əliyev adına Hərbi Akademiyanı bitirib. Sözümün canı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı olaraq səninlə bölüşməyimin səbəbi odur ki, maraqlı nüans da budur, Türkiyə türkcəsində yazırmış şeirlərini. Onun haqqında ilk dəfə İbrahim İlyaslı “Ədəbiyyat qəzeti”ndə yazmışdı. Onun haqqında kitab hazırlanmışdı, kitabda həm xatirələr toplanılmışdı, həm də yazdığı şeirlərdən nümunələr verilmişdi. Kitabın Qazax rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təqdimatı təşkil olunmuşdu. Demək istədiyim odur ki, şairlik baxmır sən hardasan, səngərdəsən, rahat stol arxasındasan, yoldasan. Əgər sənin haqdan gələn istedadın varsa, o istedad mütləq səni yazmağa sövq edəcək. Şəhidimiz, Murad Nağıyev yaşasaydı çox yaxşı bir şair kimi yetişə bilərdi. Mənə elə gəlir ki, sənət, loru dildə desəm; “sən et” deməkdir. “Sən edə bilməsən sən get” deməkdir, vəssalam. Təəssüf ki, bəziləri bunu vaxtında anlamır. Və buna görə də bu aləmdə sıxlıq yaranır, bəzi qüvvələr arasında yaxşı mənada, yarışdan çox qısqanclıqlar ortaya çıxır. Mən hesab edirəm ki, ədəbiyyat, xüsusən poeziya elə bir sahədir ki, burada, yaradıcı adam birmənalı şəkildə bilməlidir ki, mənəvi dəyərlərə xidmət edir, dəyərlərə xidmət edir, xalqın milli-mənəvi dəyərlərinin inkişafı həm də ondan aslıdır. Deyirlər ki, bir ağac var, dibindən çay axıb-keçir, amma özü susuzluqdan ölür. Düşünürəm ki, yaradıcı adamlar da ayağının altından su axan susuz ağaca bənzəyirlər. Söz deyirlər, söz eşidirlər, sözdən dönmürlər, sözdən ötrü ölürlər. Dünya özü də bu gündədi. Dibindən su axan, susuz ağac bəlkə də dünyanın özüdür. Qəribədir ki, şairlər də özlərinin “ayağının altından su axa-axa” başqa bir şeyin axtarışındadırlar. Yəqin hiss elədin ki, bu su dirlik suyudur. Maraqlı bir fikrə rast gəlmişəm. “Dirilik suyu” əfsanəsi daha çox Makedoniyalı İsgəndərlə bağlı səsləndirilir. Səməd Vurğunun “Bulaq əfsanəsi”də də bundan danışılır, amma onun yeri bəlli olmadığı ortaya çıxır. Deyilənə görə bir meksikalı səyyah 600 nəfərlik heyyəti ilə o suyu axtarıb tapmaq fikrinə düşüb və səfərə çıxıb, amma yolda hamı tamah üstündə bir-birini qırıb, qətlə yetirib. Həmin səfərə çıxan 600 nəfərdən cəmi 5 nəfəri sağ geri qayıdıb. Həm də həmin dirlik suyunu tapmadan. Ədəbiyyat aləmində də yüzlərlə adam bu səfərə çıxır, amma onlardan sadəcə bir neçəsi bu yolu davam elətdirə bilir. Əfsanəyə görə bu suyu Xızır peyğəmbərimiz tapıb içə bilib və bir də şairlər tapır. Hər şair də yox, həqiqətən mənəvi dəyərləri bilən, xalqın milli dəyərlərini üstün tutan, sözün dəyərini bilən şairlər. Amma həmin şairlər o suyu tapanda özləri içmirlər. Onu sözə çevirirlər.
-Barat müəllim, sözünüzü unutmayın, mən bir haşiyə çıxım. Şəhidimiz haqqında danışdınız, bizim bu yaxınlarda İkinci Qarabağ Müharibəsinin şəhid və qazi şairləri ilə bağlı kitabımız nəşr olunacaq. O şəhidimizin də şeirləri kitabda yer alacaq.
-Bu çox gözəl haldır. Uğurlu olsun. Gözəl iş görürsünüz. Mən izləyirəm və görürəm ki, sən DGTYB-ə rəhbərlik edəndən xeyli gözəl işlər görmüsən. Ətrafındakı gəncləri də bu işlərə cəlb edirsən. Sizin birliyə bizim Qazax gəncləri də üzvdür, onların içərisində Rüfət Axundlu Ağstafada yaşayır, Elnur Süleymanlı Qazaxda yaşayır, Gülnar Səma indi Bakıda yaşasa da Tovuzda yaşayanda bizimlə də sıx əlaqəsi olub. Ümumiyyətlə, gənc yazarları izləyirəm, onlardan misal çəkməyi özümə borc bilirəm. Bax elə özün də daxil olmaqla, Ramil Əhməd var, əsli ağdamlıdır, Vasif Zöhraboğlu var, əslən şəkilidir, Ruslan Dost Əli var, Bərdədən, Şəfa Vəli var, Gəncədən. Şəfa Vəlinin təkcə şeirləri yox, ümumiyyətlə, publisitik yazılarını izləmişəm, ədəbiyyata və ədəbiyyatşünaslığa aid çox yaxşı məqalələrini oxumuşam. Fərid Hüseyn, indi bilirsiniz AYB Gənclər Şurasının rəhbərdir. Esseləri çox fərqli və gözəldir. Elməddin Nicat var Şəmkirdə, əsli kəlbəcərlidir. Sevil İşıq, Pərvanə Nizaməddin bizim AYB Qazax filialına aid olan gənclərdirlər. Bircə faktı xatırladım ki, təkcə 2015- ildə Ağstafa Qazax, Tovuz və Gədəbəydən 6-7 nəfər gənc yazar Prezidentin Təqaüd Fondunun təqaüdünə layiq görülüb. Onların əksəriyyəti Azərbaycan Yazıçılar Birliyində Rəşad Məcidin rəhbərliyi altında fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin yetirmələri olublar. Bu gənclərlə həmişə çalışmışam ki, ciddi əlaqələr qurum, ciddi işlər görək. Adlarını çəkdiyim bu müəlliflərin çoxu, içi sən qarışıq, artıq öz imzanızı təsdiq edibsiniz. Maraqlı bir fakt deyim. Ədəbiyyatda inkişaf etmək yollarından biri etiraf etmək mədəniyyətidir. Yəni gücünü bilmək, yeri gələndə çox da böyük görünməyə çalışmamaq, amma çox da təvazökar olmamaq. Ədəbiyyatda diqqət etmişəm ki, Nizamidən bu yana hamı etiraf edib. Məsələn, Nəsimi deyirdi ki, “Divanəm nöqtə şəklində”. Üç divan yazmış adam deyir ki, mən nöqtəyəm. Bunları ona görə xatırladıram ki, bunlar gənclərə lazımdır. Yeri gələndə gənclər bilməlidilər ki, inkişafın yolu budur, etiraf mədəniyyətidir. Həddindən artıq görünməməkdir. Mən istərdim, gənclər unutmasın ki, dünya ədəbiyyatına beş əsər bəxş etmiş, Şeyx Nizami adını qazanmış şəxsiyyət sonda deyir ki, “Nizami, bir-iki bakir söz yarat”. Ədəbiyyata yeni səslə gəlmək, nəfəslə gəlmək məsələsinə toxunub Nizami burada. Hesab edirəm ki, çox möhtəşəm bir mövzuya toxunub. Məsələn, gənclər bilsələr yaxşıdır ki, Füzuli deyir, “Fələk mənə əmr verdi ki, çalış, əkib biç. Mən də o əmri eşitdim və ömür boyu əkməklə məşğul oldum.” Bir şeirim var ki, indi elə onu səsləndirmək istərdim. Füzuliyə ki, əkmək əmri verilmişdi, mən “Gül bağçası” adlı bu şeiri analiz edəndə gördüm ki, özümdən ixtiyarsız elə o yolla getməyə cəhd eləmişəm:
Arada bax, döyüşə gedir,
Arada bax, gül əkirəm.
Mən çıxmışam öz əlimlə,
Dara da bax, gül əkirəm.
Əkir, sözü oxşayıram,
Könlü, gözü oxşayıram.
Sənə özüm oxşayıram,
Yaradan, bax, gül əkirəm.
Mən Abbasam, Gülgəziynən,
Gəl, itməyib, gül gəziynən.
Mən gülşəndə gül gəzmirəm,
Xarabada gül əkirəm.
Atsan göyə nə düşməyir,
Nə dönməyir, dəyişməyir.
Ətri beyinə işləyir,
Harada bax, gül əkirəm.
Haqdandı bil, yaşam haqdan.
Heç artarmı yaş nahaqdan.
Bezməmisəm yaşamaqdan,
Hələ də bax, gül əkirəm.
Sanma burda qarşındayam,
Orda pirdə peşindəyəm.
Niyə zirvə başındayam,
Dərədə bax, gül əkirəm.
Gələcək yazım gələcək,
Güləcək arzum, güləcək.
Öləndə lazım gələcək,
Gora da bax, gül əkirəm.
Dostam, çiçək-güllər ilə,
Gül bəsləyən ellər ilə.
A könlüm, könüllər ilə,
Barata bax, gül əkirəm.
Mən bir şeyi də burada xatırlatmağı vacib bilirəm ki, sənin yaradıcılığına bələdəm. Kitablarından birinin adı “Evdə yoxam”dır. Bir şeyi mən burada deməyi vacib bilirəm. Sən özün də hiss eləmədən o etiraf yolunu götürmüsən. Sən evdə yoxam deyirsən, amma o “yox”un içində bir “var” var. Həm də varsan orada. Varsan ki, yoxam deyirsən. Yəni, əsil varlıq yoxluqdadır. Bax, yaradıcılıq budur. Məsələn, Nitsşe deyirdi ki, “Sən” “Mən”dən uludur”. Bəzi adamlar isə deyir, “mənəm”. Bu isə aparıb eqoizmə çıxarır. Mehmet Akifin bir sözünü xatırladım. O deyirdi ki, biz ədəbiyyatın vətəni olduğuna iman edənlərdənik. Gör, nə gözəl fikirdir. Bəli, ədəbiyyatın, sözün, qələmin, ruhun vətəni var. Və əsas məsələ odur ki, ona iman etmək lazımdır. Nəyin xətrinə?! Təkcə yaradıcılığın xətrinə yox, təkcə ölkənin xətrinə yox, həm də sənə bu missiyanı vermiş Allahın xətrinə. Demək, Həzrət Əli uşaq vaxtı qəbul edib İslam dinini. Peyğəmbərimiz deyib ki, Əli, bəlkə atana deyəsən əvvəlcə. Bəlkə, atan razı olmaz bu yaşda İslama gəlməyinə. Həzrət Əli isə cavabında deyib ki, atam məni dünyaya gətirəndə Allahdan icazə almışdımı? Yəni, şairlik də belə bir şeydir. Şair də dünyaya gələndə onu dünyaya gətirən valideynin xəbəri olmur ki, onun övladı şair olacaq. Əsas odur ki, mən gənclərə arzu edirəm, klassik ədəbiyyatı dərindən öyrənsinlər. Və unutmasınlar ki, məsələn, Balzak niyə 96 roman povest yazmağı qarşısına məqsəd qoymuşdu. O deyirdi ki, Napoleonun qılıncla başladığını, mən qələmlə başa vuracam. Eşitmiş olarsan, Cəlaləddin Rumi deyib ki, “Mən 26 min beytdən ibarət Məsnəvini yazdım, çoxları elə bildi ki, qürrələnib şairəm deyəcəm özümə. Xeyr, mən daha şair deyiləm, mən daha aşiqəm. Haqq aşiqi”. Sanki, Məhəmmədhüseyn Şəhriyar da bu sözü o məqsədlə deyib:
Aqil olub, əql məni danladı.
Aşiq olub, mən də onu danladım.
Görün, nə gözəl deyib. Bir beytdə enerjiyə bax, işığa bax, mərama bax, məqsədə bax. Hamlet olum və ölüm məsələsini qoymuşdusa, mənə görə ədəbiyyatda əsas məsələ budur: Yenə söz demək, yoxsa yeni söz demək. Əksəriyyətmiz yenə söz demək istəyirik, amma əsas məsələ yeni söz demək olmalıdır. Sözü təzələdinsə səni oxuyacaqlar, tapacaqlar. Və mən əminliklə deyirəm ki, Azərbaycan ədəbiyyatı bu günün özündə istər mərkəzdə, istərsə də, regionlarda öz inkişafındadır. Bundan sonra da yeni-yeni imzalar ortaya çıxacaqdır ki, bu da bizim mənəvi dünyamızın xeyrinədir. Hegelin fikrincə poeziya xalqların ilk müəllimidir. Mən isə hesab edirəm ki, ağıl cisimdən, eşq ruhdan, könüldən ötrüdür. Ağıl insanı dəryadan xilas etməyin yollarını arayır və onu qərq edir. Poeziya isə, ruh isə insanı dəryada qərq edir və əslində insan xilas olur. Ruhun vəzifəsi ağlın vəzifəsindən tamam fərqli bir vəzifədir. Çox vaxt ağlın nüfuz edə bilmədiyi yerə könül nüfuz edə bilir. Cəlaləddin Rumi təsadüfən demirdi ki, Allah hər iki dünyanı bir könüldən ötrü xəlq edibdir.
-Sözün adamı olmaq Barat Vüsala nələrə başa gəldi?
-Sözün adamından danışırıqsa, deyim ki, çox çətin başa gəldi. Mənim belə bir şeirim var:
Mənim sözüm sünbül-sünbül,
Mənim sözüm bir yox, minbir.
Mən sözü hamıdan hündür,
Özü balaca adamam.
Mən bax, bu yolla gəlmişəm indiyə qədər. Gəlib elə ana çatmışam ki, həmin an mənim “Ehtiram” şeirimdə öz əksini tapıb.
Özüdür yaradan, yaratdığı da,
Bircə bir var, başqa bir yoxdu gördüm.
Həyatla ölümün arasındayam,
Elə beşik yoxdu, gor yoxdu, gördüm.
Sən ona vararsan, ha varsan eşqə,
Süvarsan ata yox, süvarsan eşqə.
Nə varsa gizliymiş, nə varsa aşkar,
Nə varsa sirr imiş, sirr yoxdu, gördüm.
Yermi var hər kəsin öz yeri kimi,
Ocaq yeri kimi, köz yeri kimi.
Dünyada Allahın nəzəri kimi,
Ocaq yoxdu gördüm, pir yoxdu, gördüm.
Barat, Allah nə var bizə veribdi,
Ürəyə veribdi, gözə veribdi.
Qalxıb öz yerini sözə veribdi.
Özü oturmağa yer yoxdu, gördüm.
Yəni Allah sözə ehtiram əlaməti olaraq, qalxıb öz yerini sözə veribdirsə, sən otura-otura nə yaratmaq istəyirsən?! Təsəvvür et ki, ədəbiyyat insandan qara baş istəyir qurban getməyə. Amma biz bəzən fikirləşirik ki, qaravaş istəyir, xidmətçi istəyir. Yox, ədəbiyyat insandan bütün həyatını istəyir. Əvəzində isə bəzən, bircə misra ilə cavab verir. Bu qədər itirdiklərinin qarşılığında bəzən tarixdə bircə misra ilə qalırsansa, bunun özü az şey deyil.
-Bir az da Qazaxda yaşayıb-yaratmaq seçimindən danışaq.
-Qazaxda, dediyim kimi, öz imzasını çoxdan təsdiq etmiş və diqqəti cəlb etmiş kifayət qədər yaradıcı insanlar var. Saqif Qaratorpağı siz yəqin yaxşı tanıyırsınız. O nəinki, bir şair kimi, indi bir tərcüməçi kimi də fəaliyyət göstərir. Bu yaxınlarda onun Qırğız Respublikasında və Özbəkistanda şeirləri çap olunub. Bundan başqa o Qırğız ədəbiyyatından bir şairin şeirlərini dilimizə uyğunlaşdırıb və o şeirlər kitab halında çap olunub. Bizdə Mustafa Rasimoğlu var, hərbçi şairimizdir. Birinci Qarabağ müharibəsinin veteranıdır. Çox gözəl şeirlər müəllifidir, gözəl qələmi var. Bundan başqa Saxladər Hidayətoğlu, Bilal Qoca, Vidadi Qaragözlü, Məzahir Yaqub var, Tovuzdan bizim ağsaqqal şairimiz İsa Cavadoğlu var, onu siz də yaxşı tanıyırsınız. Uzun müddət “Varislər” ədəbi məclisinə rəhbərlik edib. Gədəbəydən Sahib Camal var. Çox orijinal şeirlər yazır. Bundan başqa Tamella Poladlı, Tovuzda Məzahir Alıyev kimi şair yaşayıb-yaradır. Oların hamısının adını çəkə bilməsəm üzr istəyirəm, əsas odur ki, onlar yazmaq eşqi ilə qələmə sarılıblar.
-Barat müəllim, yaşlı nəslin yazarları da hazırda sosial şəbəkələrdə demək olar ki, çox aktivdirlər. Maraqlıdır, siz nədən istifadə etmədiniz?
-Bu məsələni mənə irad kimi çox tuturlar. Sadəcə mənim təbiətim buna yol vermir. Mən fikriləşirəm ki, biri var görünə-görünə görünməmək, biri də var ki, görünməyə-görünməyə görünəsən. Mən ikinci yolu tutmuşam. Əgər məndə nəsə varsa, görünməyə-görünməyə nə vaxtsa görünmək mümkün olacaq. Və bu mənə kifayət edir.
-Var olun, Barat müəllim.
-Sən də var ol, sənin rəhbərlik etdiyin Dünya Gənc Türk Yazarlar Birliyinə və bu portalınıza da uğurlar diləyirəm. Və istəyirəm ki, ümidli misralarla bu söhbətimizi bitirəm, Türk dünyasına bir salam göndərəm:
Bir səs gəlir ürəyimdən,
Salam Türkə, Türkiyəyə.
Əsrlərdən, zamanlardan,
Qalan Türkə, Türkiyəyə.
Salam Türkə, Türkiyəyə.
Baş əyir tək bu dünyaya,
Baş əyirəm bu sevdaya.
İnsanlığa, ilk arxaya,
İlk sahibə, ilk yiyəyə,
Salam Türkə, Türkiyəyə.
Qoy kainat bizi görsün,
Görən kimi salam versin.
Ehtiyacı çoxdu ərzin,
Pak eşq, pak qəlb, pak ürəyə,
Salam Türkə, Türkiyəyə.
Bir nəğməyəm, türküyəm mən,
Azərbaycan Türküyəm mən.
Öz doğmanam Türkiyəm, mən.
Haqqım vardır söyləməyə.
Salam Türkə, Türkiyəyə.
Müqəddəs Ramazan ayınız mübarək olsun!
Aprelin 2-si Azərbaycanda Ramazan ayının ilk günüdür. Bu tarixi Qafqaz Müsəlmanları İdarəsi təsdiqləyib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qurum rəsmən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərildiyini bəyan edib. Rəsədxanadan ayların daxilolma təqvimini ruhani idarəsinə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olur. Dünən, ayın 1-də isə Ramazan hilalı görünüb. Adətən hilal görünürsə, ertəsi gün Ramazan ayının 1-ci günü sayılır.
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.
Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunacaq. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır.
Müqəddəs Ramazan ayınız mübarək, əziz oxucularımız! Allah tutduğunuz orucunuzu qəbul etsin!
Günün fotosu: Onlar da xoşbəxt olmaq istəyirdilər
Günün fotosu: Onlar da xoşbəxt olmaq istəyirdilər
Maksim və Kseniya İovenko - yeni ailə qurmuş gənclər öz şəxsi avtomobilləri ilə qaçıb ruslardan canlarını qurtarmaq istəyərkən Kiyev ətrafında rus tankının hücumuna məruz qalıblar, putinin cəlladları onların hər ikisini güllələyib.
Foto: BBC
Pandemiya rekordu - “Morbius" prokatın ilk günündə beş milyon dollar topladı
“Ədəbiyyat və incəsənət” portalı Deadline nəşrinə istinadən məlumat verir ki, çoxdan premyerası gözlənilən, Sony-nin istehsal etdiyi “Morbius" (Morbius) kinokomiksi 31 mart günündə — prokatının ilk günündə 5,7 milyon dollar qazanıb.
Bu məbləğ ilk gündə 3583 kinoteatrda nümayiş nəticəsində qazanılıb. Bu məbləğ digər premyeranın - "Şazam" (Shazam) kinokomiksinin nəticəsindən geri qalır. Həmin kinokomiks İlk prokat günündə 5,9 milyon dollar qazanmışdı. Bu hadisə 5 aprel 2019-cu il tarixində baş vermişdi. Amma onu da nəzərə alın ki, indi pandemiya dövrüdür.
Deadline şirkətinin məlumatına görə, Sony bu istirahət günləri - bu gün və sabah üçün 30 milyon dollar həcmində yığım gözləyir, halbuki kino bazarı mütəxəssisləri 40-50 milyon dollar həcmində ümumi uikend kassası proqnozlaşdırır. Filmin istehsalı Sony-yə 75 milyon dollara başa gəlib.
Hal-hazırda, "Morbius"
kino tənqidçilərinə xəyal qırıqlığı yaşadıb, Rotten Tomatoes saytında komiksin müsbət rəylərinin faizi yalnız 15% təşkil edir. Tamaşaçı reytinqi isə hələlik müsbət rəylərin 64% - i səviyyəsində qalmaqdadır.
Film nadir qan xəstəliyindən əziyyət çəkən və bütün həyatını müalicə olunmaq üçün bir yol axtaran Dr Michael Morbius (Jared Summer) haqqında danışır. Uzun axtarışlar onu yarasaların qanından dərman düzəltmək yolu ilə sağalmaq fikrinə gətirib çıxarır. Bir çıxılmaz addım, anlaşılmaz qərar və eksperiment (narkotika qəbulu) dəhşətli nəticəyə gətirib çıxarır, qəhrəman canavara çevrilir.
Şəkildə: “Morbius" treylerindən kadr