Super User
Milli Kitabxana “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi hazırlayıb
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar əks olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/31_Mart_Azerbaycanlilarin_Soyqirimi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Xatırladaq ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.
Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaq.
Bursa “Türk dünyasının mədəniyyət paytaxtı” ampluasında ilk tədbirlərə imza atır
Türkiyənin qədim şəhərlərindən olan Bursanın TÜRKSOY-un Mədəniyyət Paytaxtı elan edilməsi ilə bağlı şəhərdə tədbirlər başlanıb ki, bunlardan da ilki beynəlxalq yürüş olub.
“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, tədbirdə TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri, Bursa şəhər bələdiyyəsinin sədri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirə Azərbaycandan mədəniyyət naziri Anar Kərimovun başçılığı ilə nümayəndə heyəti qatılıb.
Azərbaycan nümayəndə heyətinin tərkibində “Çölçü” hərəkatının təməlçisi Eltən Qədimbəyli də var.
İştirakçılar şəhərin mərkəzi küçələrindən keçərək Bursa mədəniyyət paytaxtının ofisinin yerləşdiyi meydana gəliblər. Onları yolboyu türk milli musiqisinin sədaları altında milli geyimdə olan oğlan və qızlar müşayiət ediblər. Yürüşdə Azərbaycandan rəqs qrupu da iştirak edib.
Şəhərin mərkəzi meydanında Bursa şəhərinin TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bədii hissə keçirilib.
Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib. Bursa mədəniyyət mərkəzinin rəqs qrupu özfəaliyyət proqramı ilə çıxış edib.
Açılış mərasimində çıxış edən Bursa bələdiyyəsinin sədri Alinur Aktaş belə tədbirlərin türkdilli xalqların mədəni irsinin təbliği və tanıdılması, həmçinin bu xalqlar arasında mədəniyyət, incəsənət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Bələdiyyə sədri çıxışında Bursanın 2023-cü ildə estafeti Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya verəcəyini də açıqlayıb.
Sonra Novruz bayramının atributlarından olan tonqal qalanıb.
Bir vaxtlar Osmanlı imperiyasının paytaxtı olmuş və 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilən Bursada bu il 4-cü Dünya Köçəri Oyunları, 2-ci “Dədə Qorqud” Türk Dünyası Film Festivalı, 5-ci Türk Dünyası Əcdadlar İdman Festivalı, 3-cü Bursa Kitab Sərgisi, digər festival və tədbirlər keçiriləcək.
Xatırladaq ki, Bursa şəhərindən əvvəl “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Özbəkistanın Xivə şəhəri yerinə yetirib.
2023-cü ildə isə estafet Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərinə ötürüləcək.
İohann Bax, Qaryağdıoğlu, Vaykule
31 mart günündə dünyaya gələn və dünyadan köçən məşhurların sayı heç də az deyil. Onların adlarını xatırladaraq “Ədəbiyyat və incəsənət” dirilərə cansağlığı və uzun ömür, ölülərə isə rəhmət diləyir.
Bu dəfə keçmişdən üzübəri indiyə doğru gələcəyik.
Kimlər gəldi
1596-cı ildə Fransa filosofu Rene Dekart doğulub. “Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər” deyən bu müdrik insanın kəlamları illərdir ki, dillər əzbəridir. 1685-ci ildə dünyaşöhrətli alman bəstəkarı – uşaqdan böyüyə hamımızın tanıdığı İohann Sebastyan Bax dünyaya gəlib. Belə şəxsiyyətləri tarix, təbii ki, yüz ildən bir yaradır. 1732-ci ildə digər dahi bəstəkar, avstriyalı Yozef Haydn doğulub. 1861-ci ilin 31 martında görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu, 1882-ci ildə rusiyalı yazıçı Korney Çukovski, 1914-cü ildə istiqlalçı Meksika şairi Oktavio Pas, 1936-cı ildə tanınmış Azərbaycan bəstəkarı Rafiq Babayev, 1939-cu ildə azərbaycanlılara qarşı diskriminasiya siyasəti ilə ad çıxarmış Gürcüstan prezidenti Zviad Qamsaxurdiya, 1943-cü ildə ABŞ aktyoru Kristofer Uolken, 1954-cü ildə ölkəmizdə də çox sevilən latış müğənnisi Layma Vaykule,1955-ci ildə ölkəmizin futbolsevərlərinə yaxşı tanış olan şimali Makedoniyalı baş məşqçi Coko Hacıyevski dünyaya gəliblər.
Kimlər getdi
1340-cı ildə Böyük Moskva knyazı İvan Kalita, 1547-ci ildə Fransa kralı I Fransisk, 1621-ci ildə İspaniya kralı III Filipp – ümumilikdə üç böyük dövlət xadimi vəfat ediblər.
Bu dəfə yazıçılar - 1855-ci ildə ingilis Şarlotta Bronte və 1898-ci ildə sloveniyalı Luiza Pasyak dünyadan köçüblər.
1983-cü ildə məşhur sovet klounu Karandaş, 2007-ci ildə Rusiyanın neft kralı sayılan həmyerlimiz, geoloq Fərman Salmanov, 2008-ci ildə SSRİ-nin dövlət xadimi, Azərbaycanla bağlı bir çox sirləri özü ilə qəbrə aparmış Sergey Baybakov dünyadan köçmüşlər.
Bakıdakı Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl tikililəri sırasında yer alıb, yəqin bilirsiniz. Ona İraq əsilli Böyük Britaniya memarı Zaha Hadid dünyaya vəsiqə verib. 2016-cı ilin 31 martında bu dahi memar dünyadan köçüb.
Bu arada onu da deyək ki, ermənilərin bizə yaşatdıqları 31 mart - genosid günündə ötən il erməni xalqının yetişdirdiyi ən böyük generallardan biri sayılan, mənfurların ən görkəmli dövlət xadimi Arkadi Ter-Tadevosyan gorbagor olub.
Allah bütün zalımları tezliklə o dünyaya vasil eləsin! Amin!
Azərbaycanlı xanım rəssamın əsərləri Nigeriyada nümayiş olunur
Nigeriyanın Laqos şəhərində “Aworanka” platforması və “GAIA Africa” qadınlar klubunun birgə əməkdaşlığı nəticəsində rəsm sərgisi təşkil edilib.
AzərTAC xəbər verir ki, “EVE” adlı bu sərgidə 5 müxtəlif ölkədən 15 qadın rəssamın 77 sənət əsəri nümayiş olunur. Sərgi may ayına qədər Viktoriya adasında, Laqosdakı GAIA Evində nümayiş etdiriləcək.
Əsərləri nümayiş etdirilən qadınlar üç qitəni əhatə edən ölkələrdəndir: Avropa, Asiya və Afrika.
İspaniya, Portuqaliya, Azərbaycan, Kamerun və Nigeriyanı təmsil edən rəssamların əsərləri qadınlıq, gözəllik, sevgi, mədəni irs, qaradərili qadınların paylaşılan təcrübəsi, analıq, karyera, istirahət, moda, pop-art və qadın obrazı mövzularını əhatə edir.
Ölkəmizi bu sərgidə rəssam Xurşidbanu Əkbərova təmsil edir.
Xurşidbanu Əkbərova 2020- ci ildən Nigeriyada yaşayır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İnteryer dizayn fakültəsini bitirib. Rəssam bu sərgidə “Zövq” və “Bütov Ay” əsərləri ilə təmsil olunur.
Rəssamın sözlərinə görə, bu, onun ilk sərgisidir və işlərinin beynəlxalq arenada görünməsi və qiymətləndirməsindən qürur duyur və təqdir edir.
Sərgi yalnız qadın rəssamların əsərlərindən ibarətdir. Bu, qadınların bədii bacarıqlarını və onların sadəcə möhtəşəm olduqlarını nümayiş etdirmək üçün bir platformadır.
Yazıçı Brejnevin trilogiyası, faşizmin degenerativ incəsənəti
Bu gün – 31 mart günü tarixi hadisələrlə o qədər zəngindir ki. “Ədəbiyyat və incəsənət” portalı onlardan bəzilərini sizin diqqətinizə çatdırır. Yaxın tarixdən uzaq tarixə doğru gedəcəyik.
1998-ci ilin 31 martında Formula 1 pilotu Endi Vallas 402,6 km/saat sürətlə seriya avtomobili üçün sürət rekorduna imza atmışdır.
1993-cü ildə məşhur Brüs Linin oğlu Brendon Brüs Li “ Qarğa” filminin çəkilişləri zamanı ehtiyatsızlıq edərək ölmüşdür.
1991-ci ildə Rusiyanın ORT telekanalı yayıma başlamışdır.
1980-ci ildə ədəbiyyat sözü həqiqətən də təhqir olunmuşdur, belə ki, SSRİ rəhbəri Leonid İliç Brejnevə “Kiçik torpaq” və “Dirçəliş” adlı cızmaqaralara görə SSRİ-nin ən böyük ədəbiyyat mükafatı – Lenin mükafatı təqdim edilmişdir. Təbii ki, həmin hadisəni o vaxt Sovet Azərbaycanı da sürəkli alqışlarla alqışlamışdır.
1967-ci ildə Cimmi Hendriks konsert zamanı nümayişkaranə sürətdə öz gitarasını yandırmışdır. Həmin il Fransanın NATO-nun tərkibindən çıxdığını bildirməsi səbəbindən NATO –nun mənzil-qərargahı Parisdən Brüsselə köçmüşdür.
1954-cü ildə SSRİ rəhbərliyinin NATO-ya üzv olmaq xahişi rədd edilmişdir.
1936-cı ildə Münhendə faşist Almaniyası “Degenerativ incəsənət” sərgisini açmışdır ki, sərgidə sürrealizm, impressionizm, abstraksionizm kimi cərəyanlara aid rəsm əsərləri nümayiş olunmuşdur.
1918-ci ildə ABŞ ilk dəfə yay vaxtı tətbiq etmişdir. Elə həmin vədələrdə bolşeviklərə sığınan mənfur ermənilər Azərbaycanın Bakı, Quba, Şamaxı və digər bölgələrində xalqımızın qətliamını həyata keçirmişlər. Bu barədə portalımız ayrıca yazı təqdim edib.
1917-ci ildə Kiyevdə Ukraynanın ilk gimnaziyası açılmışdır.
1901-ci ilin 31 martını “Mersedes”sevərlər yaddaşlarına möhkəmcə qeyd etsinlər, həmin gün ilk “Mersedes” avtomobili istismara buraxılıb. Onun yaradıcısı isə Vilhelm Maybax olub, o Maybax ki, onun adına buraxılan avtomobillə bu yaxınlarda “tiripaşlıq” etdiyinə görə Füzulidə müğənni Manaf Ağayev inzibati məsuliyyətə cəlb olunmuşdu.
1896-cı ildə Azərbaycanca hələ də ad tapa bilmədiyimiz paltar “zamoku”nu ABŞ ixtiraçısı Uitkomb Catson kəşf edib.
1889-cu ilin 31 martında isə Eyfel qülləsinin açılışı olub. Konstruktor Qüstav Eyfel Parisdə inşa etdiyi bu möcüzəvi tikiliyə görə dünya tarixinə adını yazdırıb.
1856-cı ildə Rusiya donanmasında yəhudilərə xidmət etmək qadağan olunub.
1717-ci ildə hazırkı Rusiya prezidenti Putinin sələfi olan I Pyotr “Gizli dəftərxana” adlı qurum yaradıb ki, xüsusilə vacib dövləti cinayətlər orada tədqiq olunsun.
1492-ci ilin 31 martı isə yəhudi xalqı üçün qara tarixdir. Kral II Ferdinand Araqonlunun “Alqambrsk edikti” adlanan əmri ilə İspaniyada yaşayan bütün yəhudilər sürgün olunmuşdular. Yalnız dinini dəyişməyə razılıq verənlərə bu təcavüz tətbiq olunmamışdı.
Azərbaycan Kaliforniyada keçirilən multikultural festivalda təmsil olunub
Azərbaycan Kaliforniya ştatının Santa Klara rayonunda yerləşən Mauntin Vyu şəhərində keçirilən multikultural festivalda təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) qatıldığı festivalda Ukrayna, Meksika, Türkiyə, Peru, İsrail və sair ölkələr iştirak ediblər.
Cəmiyyətin təşkil etdiyi Azərbaycan guşəsində ölkəmiz haqqında məlumat posteri, qədim tariximizi, zəngin mədəniyyətimizi əks etdirən milli geyimlər, xalçalar, musiqi alətləri, suvenirlər, təamlar təqdim olunub. Soydaşlarımız guşənin önündə Azərbaycan rəqslərini, eləcə də birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsini nümayiş etdiriblər.
Azərbaycan guşəsinin zəngin proqramı festival ziyarətçilərinin böyük marağına səbəb olub. Milli geyimli cəmiyyət üzvləri amerikalılara ölkəmiz haqqında ətraflı məlumat verib, onlara Novruz şirniyyatlarının hazırlanma qaydasını nümayiş etdirib və bütün sualları cavablandırıblar. Amerikalılar böyük həvəslə halay çəkən soydaşlarımızla birlikdə yallı gediblər.
Yerli sakinlər ölkəmizə turist kimi getməyin yolları və Azərbaycanın görməli yerləri haqqında məlumatlarla maraqlanıblar.
“Bu, Putin dövlətinin sonuncu fəslidir” - Dünyaşöhrətli Rusiya yazıçısı Boris Akuninin BBC-yə müsahibəsi
Dünyaşöhrətli Rusiya yazıçısı Boris Akunun BBC-yə müsahibə vermişdir. Müsahibədə yazıçı ürək ağrısı ilə Rusiyanın başladığı işğalçı müharibədən, bu müharibənin ukraynalılarla yanaşı rus insanlarına vurduğu mənəvi zərbələrdən söz açır, bütün nəcib insanları antimüharibə, antiputin koalisiyasında birləşməyə çağırır. Nəzərə alın ki, Boris Akunin Mixail Barışnikov və Sergey Quriyevlə birgə “Əsl Rusiya” adlı antimüharibə yönümlü humanitar layihəyə başlayıblar. Layihə rus müdaxiləsindən ziyan çəkən ukraynalılar üçün ianə toplamaqdadır.
Cəsarətli yazıçının müsahibəsinin qısa variantını “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirik.
1.
İndi dünyanın qarşısında iki vacib məsələ var. Birincisi, müharibəni dayandırmaq. İkincisi, dəhşətli vəziyyətə düşmüş milyonlarla insana kömək etmək. Əlbəttə, müharibəni dayandırmağı şəxsən biz bacarmarıq, ancaq insanlara kömək etməyi ki bacararıq?
Hazırda xarici ölkələrdə yaşayan yüzlərlə rus adamı ukraynalılara kömək edir, ianə toplayır, volontyorluq hərəkatına qoşulub. Amma bu fəaliyyətlər kortəbiidir, onları bir mərkəzdən idarə etmək lazımdır.
Bizimçün – Rusiya vətəndaşları üçün indi çox vacibdir dünyaya göstərək ki, Rusiya təkcə Putindən ibarət deyil. Normal Rusiya, əsl Rusiya da mövcuddur.
Bizlər çoxuq. Biz özümüz barədə car çəkməli, birləşməliyik, hamımız bir yerdə Putindən sonrakı Rusiyanın taleyini indidən düşünməliyik. Biz hamımız ona can atmalıyıq ki, Putin olmasın, Putinsiz Rusiya olsun.
2.
Bizim layihədə siyasətçilər yoxdur, biz mənəviyyatı təmiz insanlarıq, biz əsl ruslarıq.
Mən çox emosional insanam. Hər gün bu bəd xəbərlərlə yaşayıram. Yazdiğim kitab da yarımçıq qalıb. O kitab ki, onun qəhrəmanı qoca diktatordur, öz reallığı ilə yaşayan, tərifi yağ-bal kimi həzm edib gözünün piydən pərdələnməsinə əhəmiyyət verməyən bir nakəsdir. Bilirsiniz, vaxtı ilə mən qaniçən rus çarı İvan Qroznı haqqında roman yazmaq istəyirdim, çoxlu araşdırma aparmışdım, onda diktatorların beyinləri, düşüncə tərzləri tam mənə agah olmuşdu. Diktatorlar ədəbi obraz kimi maraqsızdırlar, onlar üçün cəmi iki rəng var, ağ və qara. Bəlkə də bu düşüncə ilə, bəlkə də vaxt azlığından yarımçıq romanıma qayıtmıram. Düşüncələrim də belədir ki, qoca diktator obrazı cağdaş oxucu üçün elə də maraqlı ola bilməz. Amma sanki içimdə bu hadisələrlə bağlı yeni roman doğulur. İçimdəki energetikanı hiss etməyə bilmirəm.
Mən indi mütaliəyə daha çox meyl edirəm. Bilmirəm, nədənsə daha çox memuarları oxuyuram, mühacirətə gedən rusların, dissidentlərin həyatlarını oxuyuram. Bəlkə də bu, bir tale ironiyasıdır, nə bilim. Amma əvvəlki dövrlərin dissidentləri ilə indi dissident yoluna çıxacağı bəlli olanları eyniləşdirmək də düzgün deyil. O vaxtlar Qızıl meydana çıxıb hay-küy salmaqla nəyəsə nail olmaq istəyirdinsə indi ən azı sənin əlində sosial şəbəkə, dünyaya inteqrasiya var, indi fəaliyyət üçün daha yaxşı platformaya maliksən.
3.
Müqəssirlik hissləri bizlərdə böyükdür. Rusiya 90-cı illərdə totalitarizmdən qurtulanda biz ziyalılar, mədəniyyət xadimləri həvəslə senzurasız yaradıcılığa qoşulduq, heç birimiz siyasətin dalınca getmədik. Dedik, qoy çirkli siyasətlə çirkli adamlar məşğul olsunlar, bizsə mənəviyyata xidmət edək, kino çəkək, teatr tamaşaları qoyaq, kitab yazaq. Çoxumuz böyük uğurlar da qazandıq. Amma bu, düzgün yol deyilmiş sən demə. Biz ayılanda gördük ki, həmin çirkli adamlar ölkəni o qədər çirkləndiriblər ki. Yenə də geç deyil. Barı indisə təmizlik işlərinə başlayaq.
Rusiya Puşkinin, Tolstoyun, Çexovun, Dostoyevskinin ölkəsidir. Biz Putin Rusiyasını – “Putinləndi” bəyənmirik, biz əsl - əski rus təfəkkürlü Rusiyanı istəyirik.
Ölkədə əhalinin hakimiyyətə münasibəti heç də xoş deyil. Rəy sorğuları sizləri aldatmasın. Sorğular həqiqi deyil, bunları hakimiyyət özü özünüreabilitasiya üçün aparır. Polis rejimli ölkədə insanlar həqiqəti söyləyə bilmirlər.
Bundan sonra hadisələr sürətlə cərəyan edəcək. Rusiyanın özündə vəziyyət kəskinləşəcək. Soyuducular boşaldıqca televiziyaların səsi daha da gurlaşacaq, repressiv metodlar əndəzəsini aşacaq. Amma bu, Putin hakimiyyətinin süqutunu da yaxınlaşdıracaq.
Ləkələndik biz hamımız. Bu ləkə həmişə üstümüzdədir. O ləkəni silmək üçün rusların yeganə şansı Putin hakimiyyətini devirməkdir, inqilab etməkdir. Zaman bizi tələsdirir!
Müsahibəni efirdən köçürüb tərcümə etdi: Murad
Beynəlxalq Bekap və “Bezdiyin işdən çıx” günləri
Bu günə təsadüf edən bayramlar, əlamətdar hadisələr çoxdur. Məsələn, onlardan biri Bekap günüdür. Nədir bekap günü?
“Ədəbiyyat və incəsənət” portal sizə 31 mart gününün təqvimini təqdim edir.
Bekap günü
Bu gün Ümumdünya komputer məlumatlarının qorunması günüdür, World Backup Day – kompüter məlumatlarının bekaplanmasını – yəni ehtiyat nüsxələrinin çıxardılıb saxlanılmasını özündə ehtiva edir. Çünki bir təsadüf ən qiymətli materialların silinməsinə gətirib çıxara bilər. Texnikadan hər şey gözləmək olar. Ehtiyat isə igidin yaraşığıdır.
Beynəlxalq “Bezdiyin işdən çıx” günü
Çoox ibrətamiz bir gündür. Çoxu işə könülsüz gedir, iş onu təmin etmir, bezdirir, sadəcə maaşın xatirinə gedib gəlir. İldə bir gün verilib ki, bezgin insan cəsarətə gəlib ərizə yazsın, bezdiyi işdən çıxsın, özünə bab yeni iş axtarsın. Mütəxəssislər qeyd edirlər ki, insanı xoşbəxt edən nəsnələr ikidir: ailəsində və işində rahatlıq. Bunlardan biri onu təmin etmirsə, o heç vaxt xoşbəxt ola bilmir.
Beynəlxalq dekolte günü
Dekolte bilirsiniz də - sinəsi açıq paltara deyilir. Günümüzdə xanımlar adətən ziyafətlərə, toy və nişanlara dekolte geyinməyi xoşlayırlar. Xüsusən Bakıda dekolte dəbi hədsizdir. Vaxtı ilə “qadının heç yeri görünməməlidir” kimi köhnə mental dəyərlərə söykənən Bakı qoçuları və cayıllarının törəmələri indi tam açıq-saçıq görünən qadınların qarşısında aciz qalıblar. Əlbəttə ki, zaman öz sözünü deyir, dəyərləri sürətlə dəyişir.
Sezar Çaves yaxşı kişi olub
Milli bayramlara gəlincə, Maltada azadlıq, Tailandda Kral Nanqklaonun xatirəsi, Meksikada tako, Böyük Britaniyada mürəbbə günüdür. Bayramsevər Amerikada bu gün bir neçə bayram var. Tomas Mendi günündə seçkilərdə rəsmən səs vermiş ilk Amerika zəncisi Tomas Mendi (1824-1904) anılacaq. Sezar Çaves günündə sosial hüquqlar uğrunda mübarizə aparan Kaliforniyalı Sezar Çavesin şəninə tərif söyləniləcək. Sezar Çaves deyirmiş ki, heç bir vəzifəli şəxs vətəndaşın hüququnu poza bilməz, ona vəzifə vətəndaşa qulluq eləmək üçün verilir, vətəndaşın “belinə minmək üçün” deyil.
Milli molyuska günündə isə xırda dəniz canlılarından hazırlanan mətbəx yeməkləri süfrələri bəzəyəcək.
Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu layihə müraciətlərini qəbul edəcək
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu 16 mart-15 iyun 2022-ci il tarixlərində layihə müraciətlərini qəbul edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası çərçivəsində yaradılan fond inkişaf etməkdə olan ölkələrdə dinamik mədəniyyət sahələrinin yaradılmasına dəstək verən könüllü donor fondu hesab olunur. Bu il fond “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” təşəbbüsünə qoşularaq, inkişaf etməkdə olan 2005-ci il Konvensiyasının üzv ölkələrində yaradıcı iqtisadiyyata güclü töhfələr verməyi hədəfləyən layihələr həyata keçiriməyə çağırır.
Dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT) və UNESCO-nun 2005-ci il Konvensiyasına üzv olan ölkələrdə qeydiyyatdan keçmiş beynəlxalq QHT-lər layihə təkliflərini təqdim edə bilərlər.
Layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:
- Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;
- 2005-ci il Konvensiyasının üzv ölkələrində yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.
Bütün layihələr nəticədə dayanıqlı yaradıcı ekosisteminin yaradılmasına və BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verməlidir. 2010-cu ildən etibarən fond 129 layihə üzrə 65 inkişaf etməkdə olan ölkəyə 9.4 milyon ABŞ dolları məbləğində investisiya yatırmışdır. Bu müxtəlif təşəbbüslər, xüsusilə mədəni sahibkarlar üçün əlverişli mühit, mədəni məhsullar və xidmətlər üçün yeni bazarlara çıxış və mədəni müxtəlifliyə əlçatanlıq yaratmaqla yanaşı dayanıqlı mədəni idarəetmə sistemlərinin yaradılmasına köməklik göstərmişdir.
Sayca 13-cü olan layihə qəbulu çağırışına son müraciət tarixi: 15 iyun 2022-ci il.
Daha öncə təqdim olunan layihələrlə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://en.unesco.org/creativity/ifcd/projects
Ətraflı məlumat əldə etmək üçün:
UNESCO-nun 2005-ci il Konvensiyası üzrə Katiblik
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
Təqvimimizdəki daha bir matəm günü.
1918-ci ilin 30 mart – 3 aprel dövründə Rusiyanın bolşevik hökumətinin havadarlığı, Azərbaycana təyin edilmiş erməni komissar Stepan Şaumyanın təşkilatçılığı ilə erməni daşnaklardan və rus əsgər və matroslardan ibarət “qırmızı ordu” Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Salyan, Qarabağ və Naxçıvan ərazilərində azərbaycanlılara qarşı qırğın törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Körpə uşaqları yüzlük mismarla divara mıxlayan, hamilə qadınların qarnını doğrayan, kişiləri ağacdan başıaşağı asıb aşağıda tonqal qalayan erməni vəhşiliyi barədə xəbər tutmaq üçün Azərbaycan Xalq Cumhuriyyətinin həmin ilin iyununda yaratdığı İstintaq Komissiyasının sənədlərinə baxmaq kifayət edər. Heç vaxt bunları unutmamalıyıq, xalqın qan yaddaşına bunlar yazılmalıdır.
Çünki biz o xalqıq ki, sonradan həmin o Şaumyana Bakının göbəyində heykəl ucaltımışıq, adını rayonlara, qəsəbələrə qoymuşuq.
Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Allah bütün o günahsız qurbanlara rəhmət eləsin.