Türkiyənin qədim şəhərlərindən olan Bursanın TÜRKSOY-un Mədəniyyət Paytaxtı elan edilməsi ilə bağlı şəhərdə tədbirlər başlanıb ki, bunlardan da ilki beynəlxalq yürüş olub.
“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, tədbirdə TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri, Bursa şəhər bələdiyyəsinin sədri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirə Azərbaycandan mədəniyyət naziri Anar Kərimovun başçılığı ilə nümayəndə heyəti qatılıb.
Azərbaycan nümayəndə heyətinin tərkibində “Çölçü” hərəkatının təməlçisi Eltən Qədimbəyli də var.
İştirakçılar şəhərin mərkəzi küçələrindən keçərək Bursa mədəniyyət paytaxtının ofisinin yerləşdiyi meydana gəliblər. Onları yolboyu türk milli musiqisinin sədaları altında milli geyimdə olan oğlan və qızlar müşayiət ediblər. Yürüşdə Azərbaycandan rəqs qrupu da iştirak edib.
Şəhərin mərkəzi meydanında Bursa şəhərinin TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bədii hissə keçirilib.
Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib. Bursa mədəniyyət mərkəzinin rəqs qrupu özfəaliyyət proqramı ilə çıxış edib.
Açılış mərasimində çıxış edən Bursa bələdiyyəsinin sədri Alinur Aktaş belə tədbirlərin türkdilli xalqların mədəni irsinin təbliği və tanıdılması, həmçinin bu xalqlar arasında mədəniyyət, incəsənət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Bələdiyyə sədri çıxışında Bursanın 2023-cü ildə estafeti Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya verəcəyini də açıqlayıb.
Sonra Novruz bayramının atributlarından olan tonqal qalanıb.
Bir vaxtlar Osmanlı imperiyasının paytaxtı olmuş və 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilən Bursada bu il 4-cü Dünya Köçəri Oyunları, 2-ci “Dədə Qorqud” Türk Dünyası Film Festivalı, 5-ci Türk Dünyası Əcdadlar İdman Festivalı, 3-cü Bursa Kitab Sərgisi, digər festival və tədbirlər keçiriləcək.
Xatırladaq ki, Bursa şəhərindən əvvəl “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Özbəkistanın Xivə şəhəri yerinə yetirib.
2023-cü ildə isə estafet Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərinə ötürüləcək.