Azərbaycan Kaliforniyada keçirilən multikultural festivalda təmsil olunub

 

Azərbaycan Kaliforniya ştatının Santa Klara rayonunda yerləşən Mauntin Vyu şəhərində keçirilən multikultural festivalda təmsil olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) qatıldığı festivalda Ukrayna, Meksika, Türkiyə, Peru, İsrail və sair ölkələr iştirak ediblər.

Cəmiyyətin təşkil etdiyi Azərbaycan guşəsində ölkəmiz haqqında məlumat posteri, qədim tariximizi, zəngin mədəniyyətimizi əks etdirən milli geyimlər, xalçalar, musiqi alətləri, suvenirlər, təamlar təqdim olunub. Soydaşlarımız guşənin önündə Azərbaycan rəqslərini, eləcə də birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsini nümayiş etdiriblər.

Azərbaycan guşəsinin zəngin proqramı festival ziyarətçilərinin böyük marağına səbəb olub. Milli geyimli cəmiyyət üzvləri amerikalılara ölkəmiz haqqında ətraflı məlumat verib, onlara Novruz şirniyyatlarının hazırlanma qaydasını nümayiş etdirib və bütün sualları cavablandırıblar. Amerikalılar böyük həvəslə halay çəkən soydaşlarımızla birlikdə yallı gediblər.

Yerli sakinlər ölkəmizə turist kimi getməyin yolları və Azərbaycanın görməli yerləri haqqında məlumatlarla maraqlanıblar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.