İohann Bax, Qaryağdıoğlu, Vaykule

31 mart günündə dünyaya gələn və dünyadan köçən məşhurların sayı heç də az deyil. Onların adlarını xatırladaraq “Ədəbiyyat və incəsənət” dirilərə cansağlığı və uzun ömür, ölülərə isə rəhmət diləyir.

Bu dəfə keçmişdən üzübəri indiyə doğru gələcəyik.

 

Kimlər gəldi

1596-cı ildə Fransa filosofu Rene Dekart doğulub. “Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır, qalan şeyləri özləri də əldə edə bilərlər” deyən bu müdrik insanın kəlamları illərdir ki, dillər əzbəridir. 1685-ci ildə dünyaşöhrətli alman bəstəkarı – uşaqdan böyüyə hamımızın tanıdığı İohann Sebastyan Bax dünyaya gəlib. Belə şəxsiyyətləri tarix, təbii ki, yüz ildən bir yaradır. 1732-ci ildə digər dahi bəstəkar, avstriyalı Yozef Haydn doğulub. 1861-ci ilin 31 martında görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu, 1882-ci ildə rusiyalı yazıçı Korney Çukovski, 1914-cü ildə istiqlalçı Meksika şairi Oktavio Pas, 1936-cı ildə tanınmış Azərbaycan bəstəkarı Rafiq Babayev, 1939-cu ildə azərbaycanlılara qarşı diskriminasiya siyasəti ilə ad çıxarmış Gürcüstan prezidenti Zviad Qamsaxurdiya, 1943-cü ildə ABŞ aktyoru Kristofer Uolken, 1954-cü ildə ölkəmizdə də çox sevilən latış müğənnisi Layma Vaykule,1955-ci ildə ölkəmizin futbolsevərlərinə yaxşı tanış olan şimali Makedoniyalı baş məşqçi Coko Hacıyevski dünyaya gəliblər.

 

Kimlər getdi

1340-cı ildə Böyük Moskva knyazı İvan Kalita, 1547-ci ildə Fransa kralı I Fransisk, 1621-ci ildə İspaniya kralı III Filipp – ümumilikdə üç böyük dövlət xadimi vəfat ediblər.

Bu dəfə yazıçılar - 1855-ci ildə ingilis Şarlotta Bronte və 1898-ci ildə sloveniyalı Luiza Pasyak dünyadan köçüblər. 

1983-cü ildə məşhur sovet klounu Karandaş, 2007-ci ildə Rusiyanın neft kralı sayılan həmyerlimiz, geoloq Fərman Salmanov, 2008-ci ildə SSRİ-nin dövlət xadimi, Azərbaycanla bağlı bir çox sirləri özü ilə qəbrə aparmış Sergey Baybakov dünyadan köçmüşlər.

Bakıdakı Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl tikililəri sırasında yer alıb, yəqin bilirsiniz. Ona İraq əsilli Böyük Britaniya memarı Zaha Hadid dünyaya vəsiqə verib. 2016-cı ilin 31 martında bu dahi memar dünyadan köçüb.

Bu arada onu da deyək ki, ermənilərin bizə yaşatdıqları 31 mart - genosid günündə ötən il erməni xalqının yetişdirdiyi ən böyük generallardan biri sayılan, mənfurların ən görkəmli dövlət xadimi Arkadi Ter-Tadevosyan gorbagor olub. 

Allah bütün zalımları tezliklə o dünyaya vasil eləsin! Amin!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.