Super User

Super User

 

Ötən gün Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mətbuat və Nəşriyyat Milli Administrasiyası arasında klassik əsərlərin tərcüməsi və nəşri barədə Anlaşma Memorandumu”nu imzalamışdır.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əldə edilmiş razılığa əsasən qeyd edilən Anlaşma Memorandumu eyni vaxtda Çin Xalq Respublikasında da Nazir müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat şöbəsinin müavini cənab Can Cyançun tərəfindən imzalanmışdır.

Anlaşma Memorandumunun məqsədi növbəti beş il ərzində İştirakçıların təmsil etdikləri ölkələrin klassik və mühüm əsərlərinin hər iki ölkədə tərcümə və nəşrinə dəstək göstərməkdir. Hər iki ölkənin klassik və mühüm əsərlərinin qarşılıqlı təbliğinə təkan verəcək sənədə əsasən razılaşdırılaraq seçiləcək klassik əsərlər müvafiq olaraq Azərbaycan və çin dillərinə tərcümə olunaraq çap ediləcəkdir.

Məlumunuz olsun ki, Çin ədəbiyyatı çox zəngindir, bu ölkənin ədəbiyyat üzrə Nobel mükafatçıları da var.

 

“Ədəbiyyat və incəsənət” portalı Report" saytına istinadən xəbər verir ki, tanınmış rəssamın həbsi barədə vəkil Adəm Məmmədov məlumat verilib.

 

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

Aprelin 1-dən etibarən Bakıda Frankofoniya Günlərinə start veriləcək.

 

AzərTAC xəbər verir ki, bu münasibətlə martın 30-da Bakı Fransız Liseyində 6 ölkənin Azərbaycandakı səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında bildirilib ki, aprelin 22-dək davam edəcək Frankofoniya Günləri altı ölkənin - Fransa, Latviya, Litva, Mərakeş, Çex Respublikası və Meksikanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə baş tutacaq. Frankofoniya Günləri çərçivəsində Azərbaycandakı səfirlikləri tərəfindən mədəni tədbirlər keçiriləcək. Frankofoniya Günlərində 2022-ci ildə Avropanın mədəniyyət paytaxtı olan Kaunas şəhərinə həsr olunan fotosərgi, Rövşən Ağayevin “Fransız dili dərsləri” kitabının fransız dilində nəşrinin təqdimatı, “Beynəlxalq müstəvidə istifadə olunan dillərin arasında fransız dilinin müxtəlifliyi” mövzusunda beynəlxalq konfrans və Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti arasında natiqlik müsabiqəsi təşkil olunacaq. Həmçinin Frankofoniya Günləri çərçivəsində 10 filmin nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.

Bu il Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” mövzusuna həsr edilib.

Çərşənbə, 30 Mart 2022 09:16

Dünyada bütün diqqətlər İstanbula yönəlib

 

Rusiya və Ukrayna bu dəfə İstanbulda yenidən danışıqlar masası arxasında münaqişənin həlli variantlarını axtarmaq üçün əyləşiblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nümayəndə heyətlərinin məlumatlarına istinad edən "Faynensşnl Tayms" yazır ki, Moskva Ukraynanın denasifikasiyası tələbini aradan qaldırır və Ukraynanın neytral statusa malik olması şərti ilə ölkənin Avropa İttifaqına daxil olması ilə razılaşmağa hazırdır. Kiyev isə öz növbəsində, eyni mənbələrə görə, beynəlxalq təhlükəsizlik zəmanəti almaq müqabilində NATO-ya üzvlükdən imtina edə bilər. Ukraynanın şərqində mübahisəli ərazilər və Krımın taleyi ilə bağlı suallar isə bu görüşdə müzakirə olunmur. 

Tərəfləri qəbul edən Türkiyə dövləti nümayəndə heyətlərinə optimal iş kontekstini yaradıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "onun ölkəsinin prezidentlər Putinlə və Zelenski ilə  telefon məsləhətləşmələri müsbət istiqamətdə gedir". 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İstanbul raundunun uğurla nəticələnməsində maraqlı olduğunu bildirib.

"Ukraynadakı böhranlı vəziyyət, ukraynadaxili münaqişə bütün bu illəri o qədər qızışdırılıb ki, çoxlu sayda problemlər yaranıb, odur ki, sadəcə, "sən nə düşünürsən?" sualı ilə fikir mübadiləsi aparmaq belə konstruktiv olardı”, - deyə Lavrov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Zelenski Ukraynanın təhlükəsizliyi və Donbass və Krımın statusu məsələlərinin Ümumukrayna referendumuna çıxarılacağını bəyan etmişdi. 

Dünən, Martın 29-da İstanbulun Dolmabaxça sarayında Rusiya və Ukrayna müzakirə heyətinin görüşü başlayıb. Nümayəndə heyətləri arasındakı media üçün qapalı şəraitdə keçirilmiş ilk görüşün Ankara vaxtı ilə saat 10:30-da başlanması məlumdur. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıdan əvvəl hər iki ölkənin nümayəndələri ilə görüşdüyü də bəllidir.

İstanbulda aparılan danışıqlar bu gün eyni məkanda davam edəcək. 

Qeyd edək ki, Rusiyanın və Ukraynanın nümayəndə heyətləri martın 28-də İstanbula gəliblər. Hər iki ölkənin təyyarəsi Atatürk hava limanına enib.

 

Sloveniya Prezidenti Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, görüşdə Mərkəzin İdarə Heyətinin üzvü - Gürcüstanın sabiq Baş nazirinin müavini, sabiq xarici işlər naziri Eka Tkeşalaşvili, Baş katib Rövşən Muradov və Baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.

Görüş zamanı Mərkəzin regional və qlobal miqyasda həyata keçirdiyi layihələr, Ukraynadakı hadisələrin yaratdığı qaçqın böhranı və onun doğura biləcəyi fəsadlar barədə müzakirələr aparılıb.

Borut Pahor IX Qlobal Bakı Forumuna dəvət edilib. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi platformaya çevrildiyi vurğulanıb.

Sloveniya Prezidenti Borut Pahora Mərkəzin həmsədri Vayra Vike-Freiberganın müəllifi olduğu “Nizami Gəncəvinin Yeddi Gözəli və ədəbiyyatdan digər esselər” kitabı və “Qələmin sehri Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabı təqdim olunub.

Qeyd edək ki, Mərkəzin nümayəndələri daha əvvəl Rumıniya, Moldova, Polşada səfərdə olublar.

Günün fotosu: Ukrayna ordusu İrpeni geri qaytardı

 

Ukrayna ordusu Kiyev vilayətinin İrpen şəhəri üzərində nəzarəti geri alıb. Bu barədə şəhərin meri Aleksandr Markuşin məlumat verib. 

France Télévisions-un çəkiliş qrupu ruslar qovulduqdan sonra darmadağın olmuş bu şəhərdə çəkilişlər aparıb.

 

Foto: Euronews

 

Dünən Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 105 illiyinə həsr olunan “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı təqdim edilib.

 

Proqramda Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Azər Zeynalov, İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Murad Hüseynov, Əməkdar artistlər Anar Şuşalı, Aygün Bəylər, Zamiq Hüseynov, Elton Hüseynəliyev, İnarə Babayeva, həmçinin Zabitə Alıyeva, Mirələm Mirələmov, Kamilə Babayeva, “Qaya” Dövlət Ansamblı, Akademik Musiqili Teatrın orkestri, xoru, balet truppası və solistləri çıxış ediblər. 

Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib. 

Görkəmli bəstəkarın əsərləri hələ neçə-neçə qərinələr sonra da insanlar tərəfindən böyük sevgi və maraqla dinləniləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “Hikmət bankomatı”ndan yeni sətirləri diqqətinizə çatdırır. 

 

 

* Cəmiyyət çəm rəiyyət yox, cəm riayətdir...

 

* Yerin altını üstünə çevirənlər altla üstün fərqini bilməyənlərdir...

 

* Ata atlanmayan atsızın atı olmasa da, tez-tez cin atına minərdi...

 

* Hər qoluna bir saat bağlasa da, vaxtı  vaxtında tuta bilmirdi.

 

* Ən acı təzad namuslu adamın ətrafında cüvəllağıların toplaşmasıdır...

 

* Cavabın qabaqdangəlmişlik əmsalı:

-- Necəsən?

-- Sən soruşandan bəri yaxşıyam...

 

* "Azad qadın", "azad kişi" məfhumundakı mənfi çalar ifrat azadlıq neqatividir...

 

* Gəlişi arzuolunmayanın -- gəlmişəm, "dostlar" -- deməsi dostsuzluğun duzsuzluğudur...

 

* Yerdə sürünən divlər goydə uçan milçəklərə həsəd çəkər...

 

* Yekə-yekə danışan yekəpərin küçüklüyü, yəni kiçikliyi göz qabağında olur...

 

* Sev ki, sevgi sevindirsin səni...

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin aprel ayının 15-də saat 10:00-da  Xaçmaz şəhər Tarix-Diyarşünaslıq muzeyində Xaçmaz şəhərindən və Şabran rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə  12 aprel 2022-ci tarixinə qədər qəbula yazıla bilərlər.

 

Astanadan şad xəbər var. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə I sinif şagirdi Aynisə Səddarzadə Qazaxıstanda “Astana Stars” Beynəlxalq Festival Hərəkatı çərçivəsində keçirilən "Qrand Mozart" ll Beynəlxalq Vokal İnstrumental müsabiqəsində uğurla çıxış edib.

 

Aynisə Səddarzadə müsabiqədə “Xalq çalğı alətləri” nominasiyasında 8-10 yaş kateqoriyası üzrə çıxış edərək ll yerə layiq görülüb. 

Aynisə Səddarzadənin müəllimi Vəfa Mirzəyeva, həmçinin konsertmeysterlər Mehriban Həmidova və Çingiz Absəlimov təşəkkürnamə ilə təltif olunublar.

Balaca qarmonçumuzu təbrik edir, ona böyük səhnələri fəth etməyi arzu edirik.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.