Aprelin 1-dən etibarən Bakıda Frankofoniya Günlərinə start veriləcək.
AzərTAC xəbər verir ki, bu münasibətlə martın 30-da Bakı Fransız Liseyində 6 ölkənin Azərbaycandakı səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında bildirilib ki, aprelin 22-dək davam edəcək Frankofoniya Günləri altı ölkənin - Fransa, Latviya, Litva, Mərakeş, Çex Respublikası və Meksikanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə baş tutacaq. Frankofoniya Günləri çərçivəsində Azərbaycandakı səfirlikləri tərəfindən mədəni tədbirlər keçiriləcək. Frankofoniya Günlərində 2022-ci ildə Avropanın mədəniyyət paytaxtı olan Kaunas şəhərinə həsr olunan fotosərgi, Rövşən Ağayevin “Fransız dili dərsləri” kitabının fransız dilində nəşrinin təqdimatı, “Beynəlxalq müstəvidə istifadə olunan dillərin arasında fransız dilinin müxtəlifliyi” mövzusunda beynəlxalq konfrans və Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti arasında natiqlik müsabiqəsi təşkil olunacaq. Həmçinin Frankofoniya Günləri çərçivəsində 10 filmin nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.
Bu il Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” mövzusuna həsr edilib.