Rusiya və Ukrayna bu dəfə İstanbulda yenidən danışıqlar masası arxasında münaqişənin həlli variantlarını axtarmaq üçün əyləşiblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nümayəndə heyətlərinin məlumatlarına istinad edən "Faynensşnl Tayms" yazır ki, Moskva Ukraynanın denasifikasiyası tələbini aradan qaldırır və Ukraynanın neytral statusa malik olması şərti ilə ölkənin Avropa İttifaqına daxil olması ilə razılaşmağa hazırdır. Kiyev isə öz növbəsində, eyni mənbələrə görə, beynəlxalq təhlükəsizlik zəmanəti almaq müqabilində NATO-ya üzvlükdən imtina edə bilər. Ukraynanın şərqində mübahisəli ərazilər və Krımın taleyi ilə bağlı suallar isə bu görüşdə müzakirə olunmur.
Tərəfləri qəbul edən Türkiyə dövləti nümayəndə heyətlərinə optimal iş kontekstini yaradıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, "onun ölkəsinin prezidentlər Putinlə və Zelenski ilə telefon məsləhətləşmələri müsbət istiqamətdə gedir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da İstanbul raundunun uğurla nəticələnməsində maraqlı olduğunu bildirib.
"Ukraynadakı böhranlı vəziyyət, ukraynadaxili münaqişə bütün bu illəri o qədər qızışdırılıb ki, çoxlu sayda problemlər yaranıb, odur ki, sadəcə, "sən nə düşünürsən?" sualı ilə fikir mübadiləsi aparmaq belə konstruktiv olardı”, - deyə Lavrov bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Prezident Zelenski Ukraynanın təhlükəsizliyi və Donbass və Krımın statusu məsələlərinin Ümumukrayna referendumuna çıxarılacağını bəyan etmişdi.
Dünən, Martın 29-da İstanbulun Dolmabaxça sarayında Rusiya və Ukrayna müzakirə heyətinin görüşü başlayıb. Nümayəndə heyətləri arasındakı media üçün qapalı şəraitdə keçirilmiş ilk görüşün Ankara vaxtı ilə saat 10:30-da başlanması məlumdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıdan əvvəl hər iki ölkənin nümayəndələri ilə görüşdüyü də bəllidir.
İstanbulda aparılan danışıqlar bu gün eyni məkanda davam edəcək.
Qeyd edək ki, Rusiyanın və Ukraynanın nümayəndə heyətləri martın 28-də İstanbula gəliblər. Hər iki ölkənin təyyarəsi Atatürk hava limanına enib.