Nigeriyanın Laqos şəhərində “Aworanka” platforması və “GAIA Africa” qadınlar klubunun birgə əməkdaşlığı nəticəsində rəsm sərgisi təşkil edilib.
AzərTAC xəbər verir ki, “EVE” adlı bu sərgidə 5 müxtəlif ölkədən 15 qadın rəssamın 77 sənət əsəri nümayiş olunur. Sərgi may ayına qədər Viktoriya adasında, Laqosdakı GAIA Evində nümayiş etdiriləcək.
Əsərləri nümayiş etdirilən qadınlar üç qitəni əhatə edən ölkələrdəndir: Avropa, Asiya və Afrika.
İspaniya, Portuqaliya, Azərbaycan, Kamerun və Nigeriyanı təmsil edən rəssamların əsərləri qadınlıq, gözəllik, sevgi, mədəni irs, qaradərili qadınların paylaşılan təcrübəsi, analıq, karyera, istirahət, moda, pop-art və qadın obrazı mövzularını əhatə edir.
Ölkəmizi bu sərgidə rəssam Xurşidbanu Əkbərova təmsil edir.
Xurşidbanu Əkbərova 2020- ci ildən Nigeriyada yaşayır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İnteryer dizayn fakültəsini bitirib. Rəssam bu sərgidə “Zövq” və “Bütov Ay” əsərləri ilə təmsil olunur.
Rəssamın sözlərinə görə, bu, onun ilk sərgisidir və işlərinin beynəlxalq arenada görünməsi və qiymətləndirməsindən qürur duyur və təqdir edir.
Sərgi yalnız qadın rəssamların əsərlərindən ibarətdir. Bu, qadınların bədii bacarıqlarını və onların sadəcə möhtəşəm olduqlarını nümayiş etdirmək üçün bir platformadır.