Tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Elçin teatrı: absurd dram “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” monoqrafik araşdırması çap olunub.
Bu monoqrafiyada Avropa absurd teatrının tarixinə qısa və yığcam şəkildə ekskurs edilir. İlk dəfə olaraq ədəbi-bədii mətn tamam fərqli müstəvidə – Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində təhlil olunur. Absurdluqla qeyri-səlislik arasındakı əlaqələr və fərqli cəhətlər elmi, nəzəri, məntiqi cəhətdən əsaslandırılır.
Araşdırmanın maraqli cəhətlərindən biri odur ki, monoqrafiyada Azərbaycanın Xalq yazıçısı Elçinin absurd teatrının məziyyətləri ümumiləşdirilir, onun absurd pyesləri əsasında hazırlanmış tamaşalar haqqında səlis məlumat verilir. Elçin pyeslərində situativ keçidlər enerjinin dəyişməsi kimi səciyyələndirilir.