İstiqlal Muzeyində “Alınan qisas” adlı tədbir keçirilib

 

Martın 31-də Azərbaycan İstiqlal Muzeyində 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Alınan qisas” adlı tədbir keçirilib.

 

Muzeydən Azər TAC/a bildirilib ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, Mədəniyyət Nazirliyi sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nazim Məmmədov çıxış ediblər.

Bildirilib ki, tarix boyu xalqımıza qarşı təkrarlanan bütün soyqırımlar arasında öz amansızlığına və miqyasına görə tarixin qanlı salnaməsinə çevrilən, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə həyata keçirilən bu dəhşətli faciə nəticəsində minlərlə dinc sakin qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, tarixi mədəniyyət abidələri dağıdılaraq məhv edilib.

Qeyd edilib ki, ötən əsrdə dörd dəfə- 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanan ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalardan illər keçsə də tarixi ədalət bərpa olunub, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü sübut edib. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük Vətən müharibəsində tarixən xalqımıza qarşı törədilən bütün amansız cinayətlərin qisası düşməndən döyüş meydanında alınıb.

Sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Leonardo da Vinci” beynəlxalq mükafatına layiq görülən rəssam Nazim Məmmədovun Azərbaycan İstiqlal Muzeyinə hədiyyə etdiyi “Məhşər günü” adlı rəsm əsərinin təqdimatı keçirilib, rəssam fəxri fərmanla təltif olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.