Qırğız Respublikasının namizədi Sultanbai Raev TÜRKSOY-un yeni Baş katibi seçilib.
AzərTAC xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında qərar qəbul olunub.
Qırğız Dövlət Universitetində 1979-1984-cü illərdə jurnalistika ixtisası üzrə ali təhsil alan Sultanbai Raevin böyük dövlət idarəetmə təcrübəsi var. Müxtəlif ali vəzifələrdə çalışan yeni Baş katib 2013-2014 Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri olub, 2020-ci ildən Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini vəzifəsində çalışıb.
Türk dövlətləri ilə geniş əlaqələrə malik olan TÜRKSOY-un yeni Baş katibi Sultanbai Raev AZƏRTAC-a ilk açıqlamasında gələcək planlarından danışaraq əminliklə bildirib ki, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa şəhərinin bütün dünyada geniş tanıtdırılması və sevdirilməsi üçün strateji mədəniyyət layihələri həyata keçiriləcək.