Kinoda ilin ən pisləri müəyyənləşdirildi

 

İlin ən pis filmi, rejissoru və aktyorlarının seçildiyi “Qızıl moruq” mükafatının builki sahibləri bəlli olub.

«Ədəbiyyat və incəsənət” portalı Lenta.ru-ya istinadən xəbər verir ki, qalib adına 10 nominasiya üzrə namizəd olan “Diana: The Musical” filmi beş kateqoriyada, o cümlədən əsas – “İlin ən pis filmi” kateqoriyasında mükafata layiq görülüb. Təqdimat zamanı Şahzadə Diananın həyatından bəhs edən filmin 2020-ci ildə bu nominasiya üzrə birinci olan “Cats” adlı ekran işindən də pis olduğu bildirilib.

“Netflix” tərəfindən ekranlaşdırılan filmin ilk sırada yer aldığı digər nominasiyalar isə “Ən pis rejissor” (Kristofer Eşli), “Ən pis ssenari” (David Bryan və Joe DiPietro), “Ən pis aktrisa” (Janna de Vaal) və “Ən pis ikinci plan aktrisası” (Cudi Key) olub.

Bundan başqa, “Space Jam: The New Generation” filmi də “Ən pis remeyk”, “Ən pis ardıcıllıq” nominasiyalarının qalibi olub. "Warner Bros" kinokompaniyası tərəfindən lentə alınan ekran işində baş rolu canlandıran basketbolçu LeBron Ceyms isə "Ən pis aktyor" adına layiq görülüb.

Aktyor Cared Leto “The House of Gucci” filmindəki roluna görə “İkinci planda ən pis aktyor” seçilib.

“Qızıl moruq” 1981-ci ildən ən pis filmlərə və aktyorlara verilir. Ənənəyə uyğun olaraq pislərin adları “Oskar” qaliblərinin adlarının açıqlanmasına bir gün qalmış elan olunur. 

 

Şəkildə: “Diana: The Musical” filmindən kadr

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.