Xəbər verdiyimiz kimi, rejissor Şan Heyderin çəkdiyi "CODA: Kar valideynlərin övladı" “Ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatı qazanıb.
“Ədəbiyyat və incəsənət” portalı Kommersant.ru-ya istinadən məlumat verir ki, bu barədə 94-cü Amerika Kino Sənəti Akademiyasının mükafatlandırma mərasimində bildirilib. Mərasim “ABC” telekanalı vasitəsilə canlı yayımlanıb.
Və elə buradaca qeyd edək ki, bu filmi klassik kinostudiyalar ərsəyə gətirməyiblər, Apple TV+ striminq servisinin onlayn platformasında istehsal olunub bu film.
Tək elə bu faktın özü “CODA: Kar valideyinlərin övladı”nın dünyanın əsas kino mükafatına layiq görülməsini bir qədər gözdən salmış olur və təsadüfi deyil ki, bu fakt medianın gündəmindən düşmür.
Düzdür, süjet maraqlıdır: Komediya-dram janrında çəkilən film ailənin yeganə eşidən üzvü olan yeniyetmə qızın hekayəsindən bəhs edir. Məktəb xorunun rəhbəri qızı çətin seçim qarşısında qoyaraq onu musiqi məktəbinə getməyə razı salır.
Rejissor işi də yaxşıdır. Aktyor ifasında da bir qüsur tapmazsan.
Filmdəki rolların əksəriyyətini kar-lal aktyorlar canlandırıb. Onlardan biri - baş qəhrəmanın atası rolunu oynayan Troy Kotsur “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar” da alıb. Rejissor Şan Heyder özü isə eyni filmə görə “Ən yaxşı adaptasiya edilmiş ssenari” mükafatını da qazanıb.
Amma və lakin…
İndi isə baş mükafatı qazanan filmin daha bir “qəbahəti”. Sən demə o, heç də orijinal film deyil,
"CODA: Kar valideynlərin övladı" fransız filmi "Beliye ailəsi" filminin (La famille Blier, 2014) remeykidir.
Yəni, bu qədər filmin içində orijinal bir film tapılmadı ki, kürsüyə qaldırılsın?
Deyəsən Amerika kinoakademiyası başbilənləri sənət şedevrlərini seçmək işini yadırğayıblar.
Və onu da nəzərə alaq ki, bütün dünya “Oskar”ın əsas nominasiyasında Düni Vinyovun “Dyünlər” filminin qalib gələcəyini gözləyirdi.
Necə deyərlər, sən saydığını say, gör Amerika Kino Akademiyası nə sayır.