Şair Vaqif Bəgmənli Facebook sosial şəbəkəsində çox maraqlı bir paylaşma edib. Onu diqqətinizə çatdırırıq.
Yaxşı deyiblər ki, hər saatın öz hökmü var... Ötən gün axşam telekanalların hansındasa bir aktyor, yaxud ifaçı (Özüm izləmədim deyə, dəqiq bilmirəm) bəndənizin “Anam yuxuma girmir” şeirini təsirli bir şəkildə əzbər söyləyib. İfa bitəndən sonra verilişin aparıcısı yaxşı əsər olduğunu bildirib və həmin ifaçıdan soruşub ki, şeir kimin şeiridi? Bu da deyib ki, rəhmətlik Vaqif Bəhmənlinin. Düzdü, diriyə də rəhmət düşür. Amma, dünən axşam diri, sağlam və kefimin kök olduğunu sübuta yetirmək üçün bir xeyli telefon zənglərinə cavab verməklə ən azı 1 saat vaxt itirdim. Qurban olum millətimə, heç denən diri şair olar? Şair gərək rəhmətə gedə ki, şair sayıla...
Diriliyimə daha tutarlı dəlil kimi “1 saat” adlı şeirimi paylaşır, dünyaya sülh, bütün dostlara uzun ömür arzulayıram. Və həqiqətən də hər saatın bir hökmü var!
1 SAAT
Bizim babalardan hansı birisə
deyib, öz hökmü var hər bir saatın...
Uzun gecələri açıb diricə,
gərək saatında çapasan atı!
Altmış dəqiqədən altmış qat qısa
fürsətdi, müddətdi, andı 1 saat.
Çapığa tənzifdi, çolağa əsa,
sinədən fışqıran qandı 1 saat!
1 saat - dünyanın əvvəli, sonu;
göz qırpıb tarixi geri sayırsan...
Saat axıntıdı, baxır sən onu
hansı əqrəblərlə hesablayırsan.
Ənlik-kirşan vaxtı, ya ayna vaxtı...
kimsə adın cızır yar ağacına.
1 saat – kiminsə sauna vaxtı,
kimisə çəkirlər dar ağacına...
Təki ehsan aşı düşə könlünə -
qıvraq ol, mağarda aşdı 1 saat.
Qız məkri oğlanın şüşə könlünə
çırpmağa hazırca daşdı 1 saat!
Ötür üç-dörd mənzil 1 saatda at,
Deşir toğlu gözün quzğun dimdiyi.
Yirtcı şir üçün nədir 1 saat? –
Ləzzətlə sökülən ahu cəmdəyi...
Saat ədavətdi - dartdın uzanır,
bilmirsən harandan tutacaq təpik.
Oğru 1 saata milyon qazanır,
doğru – uzaqbaşı, 95 qəpik.
1 saat içində itirir postu,
Qızıl üyüdənin dəni kəsilir.
1 saat içində 40 ilin dostu
Qırxillik dostuna qənim kəsilir!
Saat əbədiyyət yoludur bəlkə,
dünya bir baladır pişik dişində.
Kainat saatın quludur bəlkə,
Allah da baş açmır saat işindən?!