Super User

Super User

 

Dünəndən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Sehrli Buta” adlı Novruz tamaşasının nümayişinə başlanılıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, balacalar üçün ərməğan olan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.

Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Xanım Həsənovadır.

“Sehrli Buta”da Əməkdar artistlər Mehriban Xanlarova, Elnar Qarayev, Rəşad Bəxtiyarov, aktyorlar Rada Nəsibova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Şəhla İsmayılova, Firuzə Balayeva, Corc Qafarov, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Tural İbrahimov və Elsevər Rəhimov rol alıb.

Tamaşa 24 mart tarixinədək nümayiş olunacaq.

Biletləri teatrın kassasından və iticket.az saytından əldə etmək olar.

 

Xəbər verdiyimiz kimi, YARAT Müasir İncəsənət Mərkəzində belçikalı rəssam Mişel Fransuanın “Panoptikum: Təpəgözün baxışında donmuş anlar” adlı fərdi sərgisi açılıb.

Sərgi  restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub, insanın azadlıq ehtirasını simvolizə edir.

Sərgi olduqca baxımlıdır, tamaşaya gələnlər çoxdur. Bu sayaq ekstravaqant incəsənət həmişə diqqət çəkməkdədir. 

İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M.Fransua sosioloq və filosof Ceremi Bentamın XVIII əsrdə ixtira etdiyi institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən ilhamlanaraq bu əsəri yaradıb və şəxsi həyatın toxunulmazlıq hüququnu sanki “oğurlayan və talayan” nəzarət cihazlarından bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər.

Sərginin kuratoru Erix Vays jurnalistlərə müsahibəsində bildirib ki, Mişel Fransua Azərbaycana gələndə onu maraqlandıran bir çox məqamlarla üzləşib. Bunlar Azərbaycan xalqının təbiətlə, və neft, qaz kimi təbii sərvətlərlə birbaşa əlaqəsidir: “İnsanda elə bir təsəvvür yaranır ki, çubuqla belə, yeri qazsan oradan sanki neft püskürəcək. Çalışmışıq ki, instalyasiyalar arasında videogörüntü verməklə palçıq vulkanlarını və digər təbiət hadisələrini sərgimizin mövzusu ilə əlaqələndirək. Alüminiumdan hazırlanmış fontan instalyasiyasına baxdıqda dediyimiz neft və qaz kimi sanki yerdən püskürür. Alüminium özü də bir təbii sərvət olaraq yerfıstığı ilə vəhdət şəklində təqdim olunur”.

Mişel Fransua çıxışı zamanı ziyarətçilərə minnətdarlığını bildirib və sərgiyə daha çox insanın baxacağına inamını ifadə edib. 

Sərgi oktyabrın 4-dək açıq olacaq.

 

Sabah, martın  20-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.

Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

 

Almaniyanın  “Aphorismen.de” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “İlan balası” şeirinin və poeziyasından seçmə misraların yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan materialın alman dilinə sətri tərcümə müəllifi Mərkəzin alman dili tərcüməçisi Məryəm Səmədova, bədii redaktoru Tomas Şefterdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Aphorismen.de” müntəzəm olaraq səhifələrində Sokrat, Demokrit, Çarlz Dikkens, Yunis Əmrə, Yohann Volfqanq Höte, Teodor Fontane kimi dünya şöhrətli filosofların, yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirlikləri tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinin qalibləri müəyyənləşib.

Ötən ilin noyabrın 16-dan elan edilən müsabiqəyə esselərin qəbulu dekabrın 30-da başa çatıb. Yekunda müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) olmaqla ümumilikdə 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün qəbul edilən 264 esse və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib və “Nizami Gəncəviyə məktub” müsabiqəsinin qiymətləndirmə komissiyasına təqdim edilib.

Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

“Nizami Gəncəviyə məktub” müsabiqə komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınan ümumi nəticəyə və komissiyanın yekun qərarına uyğun olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.

 

I yer – Selçuk Karakılıç “Büyük Kahraman”: Nizami Gencevi”

II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi”

III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”.

 

Nazirliyin müvafiq əmrinə əsasən müsabiqənin birinci yer üzrə qalibinə 2021 ABŞ dolları, ikinci yer üzrə qalibinə 1141 ABŞ dolları və üçüncü yer üzrə qalibinə 880 ABŞ dolları məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qısa müddət ərzində Mədəniyyət Nazirliyi tərəfindən qaliblərin mükafatlandırılması təşkil ediləcək.

 

Novruz bayramının İçərişəhərdə hər il xüsusi qeyd olunması gözəl ənənəyə çevrilsə də, son illər pandemiya səbəbindən bayram tədbirlərinin keçirilməsi mümkün olmamışdır. Bu il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təntənəli bayram tədbirlərini yenidən bərpa edir.

İdarədən bildirilib ki, bayram şənlikləri martın 19-dan 27-dək İçərişəhər ərazisində və Qala Qoruğunda təşkil olunacaq.

Tədbirlər çərçivəsində qonaqlar müxtəlif yaş kateqoriyası üzrə ustad dərslərinə, qədim sənət növlərinə həsr olunmuş müxtəlif təlimlərə, eləcə də sabunbişirmə, suvenirlərin hazırlanması və naxışlanması, uşaqlar üçün üzdə maraqlı təsvirlərin çəkilməsi kimi əyləncəli məşğələlərə, habelə İçərişəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərində təşkil ediləcək ustad dərslərinə, xalqımızın sevimli milli mətbəx nümunələrinin bişirilməsi, təndirə çörək yapılması, kofe dəmlənməsi kimi maraqlı tədbirlərə qatıla biləcəklər.

Qoşa Qala meydanının mərkəzi hissəsində səhnədə təşkil olunacaq musiqili və əyləncəli tədbirlər qonaqların zövqünə oxşayacaq.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda şair Ramiz Qusarçaylının “Vətən” epopeyası müzakirə olunub. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov tədbiri açaraq poemanın bədii məziyyətlərindən bəhs edib, belə əsərlərin tarixi, milli düşüncəni ifadə etmək baxımından çox əhəmiyyətli olduğunu bildirib. 

Millət vəkili, tarix elmlər doktoru, professor Anar İsgəndərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Eynulla Mədətli, tarix elmləri doktoru, professor, şair Şahin Fazil, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix elmlər doktoru, professor Cəbi Bəhrəmov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdirləri,- tarix elmlər doktoru, professor Qafar Cəbiyev, tarix elmlər doktoru, professor Əsədulla Cəfərov və başqalalarının çıxışlarında “Vətən" poemasında müqəddəs Vətən sevgisindən qaynaqlanan könül duyğularının və poetik düşüncələrin mükəmməl şəkildə ifadə edildiyi, poemanın müasir poeziyamızın və Vətən tarixi ədəbiyyatımızın ən gözəl nümunələrindən biri kimi çox qiymətli olduğu qeyd edilib.

Sonda Ramiz Qusarçaylı çıxış edib, başda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov olmaqla tədbirin təşkilatçılarına, əsər barədə xoş ürək sözlərini bildirən dəyərli alimlərə təşəkkür bildirib və yeni şeirlərini oxuyub.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Sumqayıt Regional Mədəniyyət İdarəsi və Regionala tabe olan uşaq incəsənət məktəbləri, Sumqayıt şəhər İcra Hakimiyyəti, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri Əli Kərim adına Poeziya evində "Türkdilli xalqların Novruz adət-ənənələri” adlı beynəlxalq konfrans keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mərkəzin 2022-ci ilin I yarımili üçün nəzərdə tutulmuş İş planının əsasında  keçirilmiş konfransın məqsədi türkdilli xalqlarda Novruz adət-ənənələrinin spesifik özəlliklərini aşkara çıxarmaqla yanaşı, milli adət-ənənələrimizin qorunub saxlanılması, tanıdılması və hazırkı vəziyyətinin qloballaşma və texnoloji sivilizasiya şəraitində inkişaf perspektivlərinin müzakirəsi idi.

Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərinin direktor və müəllim heyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Sumqayıt şəhər İcra hakimiyyətindən nümayəndələr, Sumqayıt Musiqi Kollecinin müəllim və tələbə heyəti, yerli və xarici ölkələrdən qatılan məruzəçi və dinləyicilər iştirak ediblər.

Konfransı salamlama nitqi ilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər İcra hakimiyyətinin Humanitar şöbəsinin müdiri Fərman Kərimov və Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva açmışlar.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının “Etnomusiqişünaslıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Sumqayıt Dövlət Universitetinin dosenti Əmirxan İsayev, Bakı Xoreoqrafiya Akademiyasının doktorantı Sevinc Əliyeva, AMEA-Naxçıvan bölməsinin Etnoqrafiya şöbəsinin müdiri Asəf Orucov, Sultan Qaboos Universitetinin Musiqi və Musiqi elmləri Departamentinin Fortepiano şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova (Oman Sultanlığı, Maskat), MD in Educational Sciences, www.tum-haberler.com saytının baş redaktoru Ali Rıza Özkan (Türkiyə, İstanbul), Pakistan Beynəlxalq İslam Universitetinin köməkçi professoru Dr.Fareed Brohi (Pakistan, İslamabad), Necmettin Erbakan Universitetinin Ahmet Keleşoğlu Təhsil fakultəsinin İncəsənət təhsili şöbəsinin Musiqi bölməsinin müəllimi Yunus Çağlak (Türkiyə, Konya), Qırğızıstan İslam Universiteti, Sosial elmlər fakultəsi, dekan vəkili, fəlsəfə və Din Bilimleri eğitimi doktoru Ermamat Ergeshov (Qırğızıstan, Bişkek), Dicle Universitetinin Ədəbiyyat fakultəsinin  Müasir Türk ləhçələri və Ədəbiyyat bölməsinin müəllimi  Abdülmukaddes Kutlu (Türkiyə, Diyarbakır), Ulan-Bator Elite beynəlxalq məktəbinin müəllimi Aysel Tilyeukhan (Monqolustan, Ulan-Bator), L.N.Qumilyov adına Eurazya Milli Universiteti, “Otırar kütüphanesi” Elmi-Araşdırma Mərkəzinin baş tədqiqatçısı Erkegül Aryakkarkızı (Qazaxıstan, Nur-Sultan), Gürcüstan Azərbaycan Qadınlar Birliyinin mədəniyyət şöbəsinin rəhbəri, Mirzə Fətəli Axundov adına ev və mədəniyyət muzeyi və Tiflis Yunus Əmrə Mədəniyyət Mərkəzində saz ixtisası üzrə müəllim Nargilə Mehdiyeva (Gürcüstan,Tiflis) çıxış ediblər.

Alimlər öz  çıxışlarında  qədim zamanlardan başlayaraq Azərbaycanda, Türkiyədə, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Krım tararlarında və bir çox Şərq ölkələrində baharın, yəni yeni ilin gəlişini müxtəlif mərasimlərlə qarşıladığından bəhs ediblər. Xüsusən vurğulanıb ki, Novruz bayramı 2009-cu il tarixində YUNESKO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.

Konfrans zamanı musiqi nömrələri səsləndirilmiş, uşaq incəsənət məktəbləri və rəsm qalereyası tərəfindən hazırlanmış Novruz adət-ənənələri ilə bağlı rəsm əsərləri ilə yanaşı sənətkarların əl işlərindən ibarət sərgi də nümayiş olunmuşdur.

Bir rəsm əsərində yaşıllıqlar qoynunda Novruz atributlu gözəl qız təsvir olunub. Bu, rəmzi mənada baharın gözəlliyinə işarədir.

Xoş gəldin, bahar!

 

Ötən gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə kollektivə təqdim olunub. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təqimetmə  mərasimində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun rəhbəri Könül Cəfərova, tearın direktoru Naidə İsmayılzadə və kollektiv üvləri iştirak ediblər. 

Mərasimi giriş sözü ilə açan nazir müavini Elnur Əliyev çağdaş zamanda kadr seçimi məsələsinin inkişafın əsası olduğunu qeyd edib: “Bir neçə gün öncə Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Mehriban xanımı geniş təqdim etməyə ehtiyac yoxdu. Onun daha əvvəl televiziyada, kinoda, teatrda gördüyü işlər hamıya bəllidir. Bizim mədəniyyət nazirliyi olaraq son bir ildə çalışdığımız ən ümdə məsələ təlim-təhsil və kadrların düzgün seçimi məsələsidir. Bilirsiniz ki, nazirliyin təşkilatçılığı və dəstəyi ilə az qala hər gün master-klasslar təşkil olunur, təcrübə mübadilələri üçün şərait yaradılır. Hesab edirəm ki, Mehriban xanım kimi istedadlı və zəhmətkeş bir insanın bu teatrda çalışması fərqli, yeni bir ab-hava yaradacaq. Həmçinin bu təyinat teatrın kollektivinin başqa mərhələdə, daha üstün bir komanda kimi görünməsi üçün fürsət olacaq.”

Daha sonra söz Mehriban Ələkbərzadəyə verilib. Sumqayıt şəhərində dünyaya göz açan, 17 nömrəli məktəbin məzunu olan, Azərbaycan Televiziyasında bir neçə diqqətçəkən layihələrlə yadda qalan, teatr sahəsində kifayət qədər uğur sıralayan Mehriban xanım

hər şeydən öncə ona göstərilən bu etimada görə təşəkkürünü bildirib: “Bu teatr mənə çox doğmadır. Çünki elə bu səhnədə “Cəza” tamaşasını oynayırıq. Ümumiyyətlə harda işləməyimizdən asılı olmayaraq, biz Azərbaycan teatr camiəsinin üzvüyük, istənilən yer bizim doğma məkanımız ola bilər. 90-dan artıq yaşı olan və elə 90-na yaxın aktyor heyəti olan nəhəng bir teatrdır. Bu heyətlə çalışmaq və daha böyük uğurlara imza atmaq mümkündür. Daha maraqlı və kreativ təqdimatlar bizim əsas hədəfimizdir. İnanıram ki, alınacaq və mən bu göstərilən etimadı doğruldacam.”

Teatrın direktoru Naidə İsmayılzadə yeniliklərin teatrın, sənətin inkişafına fayda verdiyini söyləyib: “Mehriban xanım teatrla yaşayan bir insandır və düşünürəm ki, Gənc Tamaşaçılar Teatrına gəlişi çox faydalı olacaq. Çünki zaman dəyişiklik və yenilənmələr zamanıdır. Daha maraqlı və çevik olmağımız vacibdir. Teatrda hal-hazırda təmir gedir, yaxın zamanda bu binanın siması yenilənəcək, şövqlə çalışmağımız və daha gözəl işlər ortaya qoymağımız üçün hər cür şərait olacaq. Əlbəttə bütün bu illər ərzində teatrın işgüzar, istedadlı kollektivi çox maraqlı işlərə imza atıblar, biz yeni gələn gənclərə də özlərini ifadə üçün şərait yaratmışıq. Amma bununla belə daha səmərəli çalışmağımız, yeni, fərqli tərəfdən görünməyimiz vacibdir. Bu yolda Mehriban xanıma uğurlar diləyirəm.”

Sonda baş rejissor Mehriban Ələkbərzadəyə kollektiv adından çiçək dəstəsi bağışlanılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

AzərTAC xəbər verir ki, dövlətimizin başçısı qədim köklərə malik Novruz bayramının xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutduğunu, ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramının yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etdiyini, milli özünüdərkin təşəkkülünə töhfələr verdiyini, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırdığını vurğulayıb.

Təbrikdə deyilir: “Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.

Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.

Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm”.

Prezident əmin olduğunu bildirib ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcək.

“İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!”, - deyə Prezident İlham Əliyev xalqımıza xoş arzularını çatdırıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.