Super User
Pianoçu Riad Quliyev Rüstəm İbrahimbəyovun “Dağıdılmış körpülər" filminin musiqisini lentə yazdırıb
Əlbəttə ki, dahilərin dünyadan köçməsi çox ağrılı olur. Xalq yazıçısı, görkəmli kinodramaturq, Dövlət mükafatları laureatı Rüstəm İbrahimbəyovun vəfatını xalqımız böyük təəssüf və kədərlə qarşılayıb.
Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar istedadlı pianoçu Riad Quliyev sənətkarın ssenari müəllifi olduğu "Dağıdılmış körpülər" filminə Rusiyanın Xalq artisti, bəstəkar Yevgeni Krılatovun yazdığı musiqini ifa edərək lentə yazdırıb.
Bu barədə mediaya məlumat verən pianoçu deyib:
-1999-cu ildə ərsəyə gəlməsində Rüstəm İbrahimbəyovun da mühüm xidmətləri olan “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçirilirdi. Festival çərçivəsində tədbirdə bəstəkar Yevgeni Krılatov da iştirak edirdi. O, tədbirdə mənim ifamı dinlədi, ad və soyadımı soruşdu. Dedi:” Mən «Dağıdılmış körpülər" filminə yazdığım "Ceyran ilə əlvida" musiqisinin əlyazmasını sənə hədiyyə edəcəyəm. Sənin ifanda o daha yaxşı səslənə bilər.”
Qeyd efək ki, Riad Quliyevin ifasında "Ceyran ilə əlvida" musiqisinin videoyazısı kino ictimaiyyəti və musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Martın 16-da Nizami Kino Mərkəzində Rüstəm İbrahimbəyovla vida mərasimi zamanı mərhum məhz bu ifanın sədaları ilə son mənzilə yola salınıb.
Allah rəhmət eləsin!
Bu gün Adrian Laynın 17 ildən sonra geriyə dönüşü baş tutacaq
Bu gün “Amazon Prime Video”da britaniyalı kinorejissor Adrian Laynın “Deep Water” (Dərin su) filminin premyerası olacaq. 17 il əvvəl “Qədər alüdəçiliyi” filmini çəkdikdən sonra kinodan gedən Adrian Layn beləcə yenidən geriyə dönüş edir.
“Ədəbiyyat və incəsənət” portalı infobae.com-a istinadən xəbər verir ki, Ben Afflek və Ana de Armasın baş rollarda çəkildiyi ekran əsərinin süjet xətti insan emosiyaıarının tərənnümünə, daha dəqiq, həssaslıq ətrafında cərəyan edir.
81 yaşlı kinorejissor EFE-yə müsahibəsində filmin çəkilişləri zamanı “tamamilə fərqli bir dünya” kəşf etdiyini etiraf edib. “Hər şey xoşuma gəldi. Yenə də belə bir film çəkmək istərdim”, - deyə rejissor əlavə edib.
Xatırladaq ki, bu gün filmə Amazon Prime Video ilə ABŞ, Çin, Rusiya və Yaxın Şərq istisna olaraq bütün dünya baxa biləcək.
Mədəniyyət Nazirliyi “Yeni adlar” adlı layihəyə başlayır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Yeni adlar” adlı layihəyə başlayır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihə çərçivəsində gənc və istedadlı musiqiçilər Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə zəngin və maraqlı proqramla çıxış edəcəklər.
Layihə milli musiqimizin, mədəni irsimizin qorunması, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətinə töhfə verəcəkdir. “Yeni adlar” layihəsi Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğinə, musiqi və estetik zövqünün formalaşmasına dəstək olmağı hədəfləyir, istedadlı gənclərin üzə çıxmasına təkan verərək, onların geniş auditoriyada tanınmasına yardımçı olacaqdır.
“Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək, böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edəcəkdir.
Gənc ifaçıların, tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafına böyük təkandır.
Layihə çərçivəsində ilk konsertlərin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilməsi nəzərdə tutulmuşdur.
18 mart tarixində baş tutacaq konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Prezident təqaüdçüsü Orxan Hüseynov (cello), Eldəniz Ələkbərzadə (piano) və Məhəmmədəli Paşazadə (klarnet), aprelin 1-də isə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Prezident təqaüdçüləri Vurğun Vəkilov (piano) və Leyla Zeynalova (piano) çıxış edəcəklər.
Nazir Anar Kərimov ölkə prezidentinin təltif etdiyi mədəniyyət xadimlərinə mükafatlarını təqdim edib
Martın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamları ilə (16 oktyabr, 17 noyabr 2021) təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ilk olaraq Novruz bayramı münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərir, onları diqqətdə saxlayırlar. Bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini bildirən Anar Kərimov Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, mədəniyyətinin bütövlüyünü də bütövləşdirdiyini vurğulayıb: “Qarabağsız Azərbaycan mədəniyyəti bütöv ola bilməzdi. Fəxr edirik ki, bu günləri yaşayırıq. Ərazi bütövlüyümüzün bərpasından ötən qısa müddətdə Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görülüb. Keçən il mədəniyyət paytaxtımız Şuşa şəhərində müxtəlif tədbirlər keçirilib. Bununla da biz bütün dünyaya göstəririk ki, Qarabağa mədəniyyətimizi qaytarırıq”.
Nazir vurğulayıb ki, Vətən müharibəsi sona çatsa da, informasiya savaşı davam etməkdədir: “Bu məsələdə mədəniyyət ictimaiyyətinin üzərinə də mühüm missiya düşür. Sizlər, bizlər öz cəbhəmizdə vəzifəmizi layiqincə yerinə yetirməli, mədəniyyətimizi həm ölkə daxilində, həm də xaricdə davamlı tanıtmalıyıq. Qarabağımızda mədəniyyətimizi dirçəltmək üçün əlimizdən gələni etməliyik”.
Anar Kərimov Prezident İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladığını və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq olunduğunu söyləyib. Qeyd edib ki, sənəddə əksini tapan əksər tədbirlərin icrası Mədəniyyət Nazirliyinə həvalə olunub. İl ərzində nazirlik tərəfindən bir sıra tədbirlər keçiriləcək. İki gün öncə nazirliyin “Şuşa söhbətləri” layihəsinin təqdimatı keçirildi. Mən əminəm ki, “Şuşa İli”ni sizinlə birgə layiqincə keçirəcəyik”.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Xalq rəssamı”, “Əməkdar rəssam” fəxri adları, 2-ci dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları sahiblərinə təqdim olunub.
“Tərəqqi” medalına layiq görülən Əməkdar artist Bəhram Bağırzadə Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov isə “Tərəqqi” medalı ilə təltif olunmasına və teatra göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.
Nazir Anar Kərimov bir daha mədəniyyət və incəsənət xadimlərini təbrik edərək onlara cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.
Qəhrəman əsgər və zabitlərimizə həsr olunmuş Novruz konserti keçirilib
Novruz bayramı ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqına 44 günlük müharibədə Qələbə sevincini bəxş edən Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə həsr olunmuş konsert keçirilib.
Konsertdə xalq mahnıları, həmçinin Fikrət Əmirovun “Reyhan”, Emin Sabitoğlunun “Azərbaycan”, Cəfər Cabbarlının “Türk marşı”, “Bayatı-Şiraz” təsnifi və digər musiqi nömrələri Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Xalq artisti Teyyub Aslanovun və Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında səslənib.
Heydər Əliyev Fondu uşaq evlərinə və internat məktəblərinə kitablar hədiyyə edib
Heydər Əliyev Fondu Bakıdakı bir sıra uşaq evləri, internat məktəbləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrinə kitablar hədiyyə edib.
AzərTAC xəbər verir ki, aksiya Bakı Kitab Mərkəzi və BP Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan "Yüksəl" təhsil layihəsi çərçivəsində keçirilib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı, Gəncə, Lənkəran və Şəkidə uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrində olub, Azərbaycan, türk, rus və ingilis dillərində çap olunmuş, uşaqlar üçün nəzərdə tutulmuş şeirlər, hekayələr, tapmacalar, ensiklopediyalar və digər mövzularda ümumilikdə 2000-dən çox kitab paylayıblar.
Aksiyanın davamı olaraq martın 17-də Xəzər Gənclər Evində uşaq və yeniyetmələr üçün Novruz bayramına həsr olunan proqram təqdim edilib, Gənclər Evinin kitabxanasına müxtəlif nəşrlər hədiyyə olunub.
Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında layihənin gənc nəslin fərdi inkişafında və dünyagörüşünün formalaşmasında vacibliyini vurğulayıblar.
Rəsm qalereyası: Nərgiz Quliyeva, Yay mənzərəsi
Bu gün Təpəgöz izləyiciləri heyrətləndirəcək
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində belçikalı konseptual rəssam Mişel Fransuanın “Panoptikum: Təpəgözün baxışında donmuş anlar" fərdi sərgisi açılacaq.
Sərginin kuratoru Barselonada yaşayan belçikalı rəssam-kurator Erix Vaysdır (Erich Weiss). Hazırda o, Kasseldə keçirilən “Documenta fifteen” sərgisində ekspozisiya meydançasının koordinatoru kimi fəaliyyət göstərir.
Sərgi restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub və azadlıq ehtirasını simvolizə edir. İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik (təpəgöz) gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M. Fransuanın əsəri ilhamını, XVIII əsrdə sosioloq və filosof Ceremi Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının pəncərələrini güzgülərlə əvəzləyən rəssam, qüllənin strateji məqsədini tərsinə çevirir.
Beləliklə, M. Fransuanın əsəri şəxsi həyatın toxunulmazlıq hüququnu sanki "oğurlayan və talayan" nəzarət cihazların sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər.
Qüllə, həmçinin onun ətrafındakı boşluğu dolduran obyektləri əks etdirir. Digər heykəltəraşlıq müdaxilələri isə, tərk edilmiş çəkiliş meydançasında donmuş anları təqdim edirlər.
Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir. Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil etmək ideyası durur.
Günün fotosu: Rüstəm İbrahimbəyov birinci Fəxri xiyabanda dəfn edilib
Günün fotosu: Rüstəm İbrahimbəyov birinci Fəxri xiyabanda dəfn edilib
Dünən görkəmli kinodramaturq, ssenarist Rüstəm İbrahimbəyov birinci Fəxri xiyabanda torpağa tapşırılıb. Mərasimdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Foto: AzərTAC
Vogue dünyanın 17 möcüzəli muzeyini təqdim edir: Vatikan kompleksi, Abu Dabi Luvru və Ermitaj
“Ədəbiyyat və incəsənət” portalı nüfuzlu Vogue gözəllik dərgisinin təqdimatında sizlərə dünyanın ən möcüzəli muzeylərini nümayiş etdirir.
Sırada birinci və ikinci Parisdə yetləşən Luvr və Nyu-Yorkda yerləşən Metropoliten muzeyləri idi ki, ötən buraxılışlarımızda onları sizlərə təqdim etmişdik.
Sırada 3,4 və 5-ci Vatikan Muzeyləri, Abu Dabi Luvru və Ermitajdır.
Vatikan Muzeyləri
12 muzeydən ibarət bu kompleks dünyada ən çox ziyarət edilənlərdən biridir. Hər il yeddi milyon turist beş qalereyadan və 1400 zaldan ibarət olan, 1771-ci ildən fəaliyyət göstərən Vatikan muzeylərinin möhtəşəmliyini kəşf etməyə tələsir. Burada Vatikan muzeylərinin rəhbərləri və Administrasiyası tərəfindən əsrlər boyu toplanmış qeyri-adi incəsənət əsərləri (əsasən rəsm və heykəltəraşlıq) kolleksiyası təqdim olunur.
Əgər Vatikanda olsanız, kompleksi həmən ziyarət edin və Leoxarın “Apollon Belvederskiy" heykəlinə, Tisianın "Nikolo Marcello” portretinə və Pol Qoqenin “Çarmıx" rəsminə öz gözlərinizlə baxın.
Luvr, Abu Dabi
2017-ci ilin noyabr ayında açılan Abu-Dabidəki Müasir Luvr muzeyinin memarı Jan Nuveldir, o Jan Nüvel ki, Pritsker mükafatı laureatıdır və bir çox möhtəşəm Paris binalarının müəllifidir.
O, layihəni nəhəng gümüş günbəzlə örtülmüş muzey-şəhər kimi nəzərdə tutmuşdur. Burada 23 qalereya yerləşir, burada həm muzeyin öz zəngin kolleksiyası, həm də Fransa muzeylərindən götürülmüş əşyalar sərgilənir. Əgər burada olsanız, Leonardo Da Vinçinin "Gözəl Ferronyer", Klod Monenin "Sen-Lazar Vağzalı", İva Klyaynın "Antropometriya" tablolarına, Ogüst Rodenin heykəllərinə və Çin rəssamı Ay Veyveyin rəsmlərinə mütləq diqqət yetirin.
Ermitaj, Sankt-Peterburq
Ermitajla bağlı rəqəmlər daha başgicəllənsiricidr: 60 min otaq, 10 min zal, 3 milyon iş, 230 min kvadrat metr sahə. Sankt-Peterburq Muzeyi Dünya İrsinin şah əsəridir.
Ermitaj öz qapılarını 1764-cü ildə açmışdır və bu gün o, eksponatların və rəsmlərin sayına görə dünyanın ən böyük muzeyidir (16 mindən artıq rəsm əsəri).
Onun divarları arasında Qədim Yunanıstan və Roma artefaktlarına, həmçinin İtaliya və Fransa ustalarının çoxsaylı əsərlərinə rast gəlmək olar. Leonardo Da Vinçinin "Madonna Litti", Pol Sezanın "Mavi geyimli xanım", Karavaconun "Lütnist", Rembrandtın "Danaya" və Vasili Kandinskinin "VI kompozisiya" əsərləri məhz burada sərgilənir.
Digər muzeylər barədə növbəti buraxılışlarımızda