Nazir Anar Kərimov ölkə prezidentinin təltif etdiyi mədəniyyət xadimlərinə mükafatlarını təqdim edib Featured

Martın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamları ilə (16 oktyabr, 17 noyabr 2021) təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ilk olaraq Novruz bayramı münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərir, onları diqqətdə saxlayırlar. Bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini bildirən Anar Kərimov Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, mədəniyyətinin bütövlüyünü də bütövləşdirdiyini vurğulayıb: “Qarabağsız Azərbaycan mədəniyyəti bütöv ola bilməzdi. Fəxr edirik ki, bu günləri yaşayırıq. Ərazi bütövlüyümüzün bərpasından ötən qısa müddətdə Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görülüb. Keçən il mədəniyyət paytaxtımız Şuşa şəhərində müxtəlif tədbirlər keçirilib. Bununla da biz bütün dünyaya göstəririk ki, Qarabağa mədəniyyətimizi qaytarırıq”.
Nazir vurğulayıb ki, Vətən müharibəsi sona çatsa da, informasiya savaşı davam etməkdədir: “Bu məsələdə mədəniyyət ictimaiyyətinin üzərinə də mühüm missiya düşür. Sizlər, bizlər öz cəbhəmizdə vəzifəmizi layiqincə yerinə yetirməli, mədəniyyətimizi həm ölkə daxilində, həm də xaricdə davamlı tanıtmalıyıq. Qarabağımızda mədəniyyətimizi dirçəltmək üçün əlimizdən gələni etməliyik”.
Anar Kərimov Prezident İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladığını və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq olunduğunu söyləyib. Qeyd edib ki, sənəddə əksini tapan əksər tədbirlərin icrası Mədəniyyət Nazirliyinə həvalə olunub. İl ərzində nazirlik tərəfindən bir sıra tədbirlər keçiriləcək. İki gün öncə nazirliyin “Şuşa söhbətləri” layihəsinin təqdimatı keçirildi. Mən əminəm ki, “Şuşa İli”ni sizinlə birgə layiqincə keçirəcəyik”.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Xalq rəssamı”, “Əməkdar rəssam” fəxri adları, 2-ci dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları sahiblərinə təqdim olunub. 
“Tərəqqi” medalına layiq görülən Əməkdar artist Bəhram Bağırzadə Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. 
“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov isə “Tərəqqi” medalı ilə təltif olunmasına və teatra göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.
Nazir Anar Kərimov bir daha mədəniyyət və incəsənət xadimlərini təbrik edərək onlara cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.