Əlbəttə ki, dahilərin dünyadan köçməsi çox ağrılı olur. Xalq yazıçısı, görkəmli kinodramaturq, Dövlət mükafatları laureatı Rüstəm İbrahimbəyovun vəfatını xalqımız böyük təəssüf və kədərlə qarşılayıb.
Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar istedadlı pianoçu Riad Quliyev sənətkarın ssenari müəllifi olduğu "Dağıdılmış körpülər" filminə Rusiyanın Xalq artisti, bəstəkar Yevgeni Krılatovun yazdığı musiqini ifa edərək lentə yazdırıb.
Bu barədə mediaya məlumat verən pianoçu deyib:
-1999-cu ildə ərsəyə gəlməsində Rüstəm İbrahimbəyovun da mühüm xidmətləri olan “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçirilirdi. Festival çərçivəsində tədbirdə bəstəkar Yevgeni Krılatov da iştirak edirdi. O, tədbirdə mənim ifamı dinlədi, ad və soyadımı soruşdu. Dedi:” Mən «Dağıdılmış körpülər" filminə yazdığım "Ceyran ilə əlvida" musiqisinin əlyazmasını sənə hədiyyə edəcəyəm. Sənin ifanda o daha yaxşı səslənə bilər.”
Qeyd efək ki, Riad Quliyevin ifasında "Ceyran ilə əlvida" musiqisinin videoyazısı kino ictimaiyyəti və musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Martın 16-da Nizami Kino Mərkəzində Rüstəm İbrahimbəyovla vida mərasimi zamanı mərhum məhz bu ifanın sədaları ilə son mənzilə yola salınıb.
Allah rəhmət eləsin!