Şimali Kiprdə Novruz mərasimi necə keçirilib? - Lefkoşadan aldığımız məlumat

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçılığı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Şimali Kiprin Girnə Amerika Universitetinin (GAU) dəstəyi ilə GAU-da təntənəli Novruz bayramı mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalının AKDC-yə istinadən verdiyi məlumata görə, əvvəlcə Novruz tonqalı yandırılıb.

Mərasimin açılışında çıxış edən AKDC-nin sədri Orxan Həsənoğlu türk xalqlarının ən qədim bayramı olan Novruz ənənələrinin milli dəyərlərimizin qorunmasına töhfəsindən danışıb.

Sonra Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, GAU-nun qurucu rektoru Sərhat Akpınar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Törə, nəqliyyat və rabitə naziri Ərhan Arıklı, Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası dostluq qrupunun sədri Orhan Erdem və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxış ediblər.

Çıxışçılar Novruz bayramının əhəmiyyətindən danışıblar, vurğulanıb ki, dostluq, qardaşlıq, sülh və səmimiyyət rəmzi olan Novruz ümumbəşəri dəyərləri ilə hər zaman yaşayacaq və insanları sevindirəcək.

Ən maraqlı Novruz ayinləri icra olunub, yumurta döyüşdürülüb, dəmir döyülüb. Novruz bayramı tədbiri musiqili-əyləncəli hissə ilə davam edib. Ankara Universiteti Konservatoriyasının tələbəsi, gənc müğənni Nigar Rəhimova zəngin ifaları ilə iştirakçıların bayram ovqatını daha da yüksəldib.

Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, Türkiyə Respublikasının Lefkoşa səfiri Əli Murad Başçəri və digər görkəmli simalar iştirak ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.