40 ildən sonra “Voyage” albomu ilə 2021-ci il noyabrın 5-də yenidən səhnəyə qayıdan İsveçin əfsanəvi ABBA qrupu İsveç hökuməti tərəfindən mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, ABBA “musiqi ixracı” mükafatına layiq görülüb.
Musiqi də dövlətin bir məhsuludur, o da xaricə ixrac edilir, deyilmi?
Bu mükafat 1997-ci ildən başlayaraq il ərzində İsveç musiqisinin dünyaya çatdırılması işinə və ölkənin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına töhfə vermiş sənətçilərə verilir.
“ABBA 50 ildir ki, İsveç musiqisini dünya miqyasında uğurla təmsil edir. Qırx illik fasilədən sonra səhnəyə qayıda bilmək tamamilə unikal və inanılmaz nailiyyətdir”, - deyə mükafatı təqdim edən xarici ticarət naziri Anna Hallberq bildirib.
Əlbəttə, dünyanın çox yerində İsveçi Nobel mükafatına, çox yerində hokkeyinə, çox yerində Damda yaşayan Karlssona, çox yerində də ABBA qrupuna görə tanıyırlar.