Bu gün böyük istiqlalçı Azərbaycan şairi Almas İldırımın 115 illiyidir Featured

 

Bu gün Azərbaycan mühacir poeziyasının ən parlaq simalarından biri olan Almas İldırımın anadan olmasının 115-ci ildönümüdür. 

Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində, bəy ailəsində doğulub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilib.

1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Almas İldırım Dağıstana sürgün edilib. 

1930-cu ildə o, Bakıya qayıdıb, "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirib. Lakin kitab senzuradan keçməyib, şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olub. Bu dəfə o, Türkmənistana sürgün edilib.

Sonra o, mühacirətə getmək barədə qərar qəbul edib, 1933-cü ilin iyun ayında yenicə evləndiyi həyat yoldaşını və üç aylıq körpəsini də götürüb İrana gedən qaçaqçı bir dəvə karvanına qoşulub.

Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalardan keçərək böyük məşəqqətlə İrana çatıblar. Ancaq Almas İldırım dərhal həbs olunub, 25 gün dustaqda qalıb. Onu bolşevik casusu hesab edərək işgəncə veriblər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayıblar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyub. O, sağalmaz böyrək xəstəliyinə düçar olur. 

Nəhayət, suçu sübut olunmadığı üçün azad edilən şair Məşhəd şəhərinə göndərilib. Burada o, ürəyincə iş tapa bilməyib, çox yoxsul, acınacaqlı həyat sürüb. 

Sonra tale onu Türkiyəyə aparıb. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olub, ibtidai məktəbdə dərs deyib. Ömrünün təqribən 12 ilini beləcə yaşayıb, Azərbaycan həsrəti ilə qovrulub. İşğal altında olan Vətəninin təəssübünü çəkib. 

1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu qalıb.

 

Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. “Ədəbiyyat və incəsənət” portalı şairin ən məşhur “Əsir Azərbaycanım” şeirini diqqətinizə çatdırır. 

Böyük istiqlalçı şairimizin didərgin ruhu şad olsun. 

 

ƏSİR AZƏRBAYCANIM

 

Nərdə məni gül qоynunda dоğuran,

Хəmirimi göz yaşıyla yоğuran,

Bеşiyimdə “layla balam” çağıran,

Azərbaycan, mənim baхtsız anam оy,

Nеçə bir il həsrətinlə yanam, оy?..

 

Salam dеsəm, ruzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Хəzərə yеtirsə,

Хəzər cоşub zəncirini qırar оy!..

Hökm еtsə, bu sərsəm gеdiş dursa оy!..

 

Хəbər alsam Muğanımdan,

Milimdən,

Nazlı Bakım, о nеft qохan gülümdən,

Kim dеmiş ki, düşmüş adı dilimdən,

Azərbaycan, mənim еşsiz yurdum оy!..

Ölməz еşqim, içimdəki dərdim оy!

 

Gönlümə tək Kəbə yapdım səni mən,

Sənsiz nеdəm qürbət еldə günü mən,

Sənsiz nеdəm Allahı mən, dini mən,

Azərbaycan, mənim tacım, taхtım оy!

Оyanmazmı kоr оlası baхtım оy?!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.