ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Oğuz rayon Mərkəzi Kitabxana Sistemi tərəfindən " Müasir oxucu - Kitab və inkişaf " adlı maarifləndirici və inkişaf yönümlü layihə çərçivəsində filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas və Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirir.

 

Belə tədbirlərdən biri də  "Bəxtiyar Vahabzadə -100”   adı ilə MKS-nin 9 saylı filialında təşkil edilib. Açıq hava şəraitində keçirilən tədbirdə həmçinin “Açıq kitabxana” da təşkil olunub.

Tədbirdə Ərmənət kənd kitabxanaçısı oxucuları Xalq şairinin müxtəlif illərdə, müxtəlif mövzularda yazdığı maraqlı kitablarla tanış edib. O qeyd edib ki, B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, türk, polyakispanmacar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

 Çıxışlarda Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığa malik bir şair olduğu qeyd olunub. Göstərilib ki, o öz Vətənini və xalqını sonsuz məhəbbətlə sevən içtimai-siyasi xadim, azadlıq aşiqi və həssas qəlbli şair idi. Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.

Tədbirin sonunda oxucular şairin müxtəlif illərdə, müxtəlif mövzu və janrlarda olan kitablarını mütaliə etmək üçün götürüblər.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

                                                             

        

 

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Ötən gün Oğuz rayon Mərkəzi kitabxanasında görkəmli Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə “Unudulmaz nəğməkar şair – Nəbi Xəzri” adlı tədbir keçirilib.

 

Tədbiri Mərkəzi kitabxananın əməkdaşı açaraq  “Nəbi Xəzri yaradıcılığı” mövzusunda məruzə ilə məruzə edib. Məruzədə şairin poetik dünyası, əsərlərində ifadə olunan vətənpərvərlik, humanizm və insan sevgisindən geniş söhbət açılıb.  

Məruzələrdə və çıxışlarda şairin əsərlərində yer alan bəşəri duyğuları və universal mövzuları ətraflı şəkildə təhlil edilib. Nəbi Xəzrinin poeziyasının yalnız milli ədəbiyyat üçün deyil, eyni zamanda ümumbəşəri dəyərlərin ifadəsi baxımından da önəmli olduğu xüsusi vurğulanıb.

Tədbirin bədii hissəsində Oğuz rayon Həbib Babayev adına bir saylı məktəbin şagirdləri Nəbi Xəzrinin şeirlərini səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

                                                                                          

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Söz verdiyimiz kimi, psixoloqlarımız bir şairin yaradıcılığından bir şeir seçib psixoloji aspektdən yanaşacaq.

Bu dəfə  psixoloqumuz Dr. Hüseyn Şərqidəcək Soytürk ilə sevimli şairimiz Əkbər Qoşalının yaradıcılığından bir şeirə psixologiya pəncərəsindən boylanacağıq.

 

 

ŞEİR BUDUR: 

 

Görəsən, insanı necə göstərir

Korlar bazarında satılan güzgü?

Gün gəlir, baxırsan, sənə tələsir

Bir teli daraqlı, gözləri süzgün...

 

Həkimdən eşitdim, belə deyir ki,

Damar daşıdığı qandan içməyir.

Dəniz ortasında qalan gəmiçi

Qıyıdan aldığı suyla keçinir...

 

Ancaq ormanlara odun aparmır

Orda ocaq çatıb, isinən yolçu.

Min bir cilvəsiylə, həyat həyatdır,

Bir yerdə odunçu, bir yerdə suçu...

 

Yəqin dili-ağzı yağır olubdu

Sözünü saxlayıb, deməyən kəsin.

Deyirlər, andına inanmaq olmaz

Qoltuğunda çörək gəzdirənlərin.

 

Onsuz da insanlar günün sonunda

Görmək istədiyi qədər görəcək.

Duymaq istədiyi qədər duyanlar

Ən yaxşı sözü də hədər biləcək...

 

Dəli şeytan deyir, dənizdən içək,

Ormana bir xeyli odun daşıyaq;

Korlar bazarında sataq güzgünü,

Gəl, gedib, karlara nəsə oxuyaq...

 

 Qış gəlib, payızın xəbəri yoxdu,

Yarpaqlar can atmır xəzəl olmağa.

Masamın üstündə bir dəstə gül var,

Niyə tələsiblər gözəl olmağa?

 

 

PSİXOLOQUN YOZUMU İSƏ BUDUR:

 

Şeirin psixolojisi poeziyanın insan şüuruna, duyğularına və ruhuna, yaradıcılıq proseslərinə və onun fərdi-sosial funksiyalarına təsirini araşdırmağı hədəfləməsidir. Bu yanaşma poeziyanın şairə və oxucuya necə təsir etdiyini anlamağa yönəlib. Poeziyaya psixoloji baxışın bəzi əsas cəhətləri bildirməkdədir:

Hissləri və mənaları ifadə etməkdir. 

 

Görəsən, insanı necə göstərir

Korlar bazarında satılan güzgü?

Gün gəlir, baxırsan, sənə tələsir

Bir teli daraqlı, gözləri süzgün…

 

Şeir söz və obrazlardan intensiv istifadə etməklə mürəkkəb duyğu və düşüncələri təsirli şəkildə ifadə edilmə vasitəsidir və Əkbər Qoşalı yuxarıdakı xalq əxlaqı və psixologiyasına söykənən şeirində də gözəl təsvir etmişdir.

 Psixoloji nöqteyi-nəzərdən poeziya insanlara öz daxili aləmini əks etdirməyə, basdırılmış duyğuları üzə çıxarmağa və məna axtarışına zəmin yaradır. Şair Tanrı ilə insan arasında vasitəçi olduğuna görə şeir ilhamı ona gələnə tanrı ilə şair arasında sirr pərdəsi aralanmağa başlayır.

Ancaq oxucular üçün şeir öz təcrübələrini və hisslərini tanımaq və onlarla əlaqə qurmaq, empatiya inkişaf etdirmək imkanı verir. Şeirdə ifadə olunan universal insani duyğular oxucunun tənhalıq hissini azalda, emosional katarsis yarada bilər.

Milli və mənəvi dəyərləri ön plana çıxararaq fərdi toplumda tarixsəl olaraq ruhi yöndən qoruyur.

Yaradıcılıq və şüursuzluğu aradan qaldırır. Şeir bəstələmə prosesini psixoloji baxımdan yaradıcılığın və yüksək fəlsəfi  ifadəsi kimi başa düşmək olar. Şairin şüurunda olan obrazlar, assosiasiyalar, emosional intensivlik dil vasitəsilə maddi formaya çevrilir, öyüd ya da çağırış kimi psixoloji faktor kimi ortaya çıxır.

 

Həkimdən eşitdim, belə deyir ki,

Damar daşıdığı qandan içməyir.

Dəniz ortasında qalan gəmiçi

Qıyıdan aldığı suyla keçinir...

 

Poeziyanın şüursuz istəkləri, münaqişələri və arxetiplərini əks etdirdiyini irəli sürərək məsələni mahiyəti bəyan edir. Əkbər Qoşalı yuxarıda yazdığı mənviyatın və doğruluğun əks halı ilə qarşlaşdığı kimi söyləməsi gerçəyi göstərir.

Bilirik ki, ilham və poetik intuisiya yaradıcılıq prosesinin mühüm hissəsidir. Şair bəzən rasional düşüncədən kənara çıxaraq daxili mənbədən qidalanan söz və obrazları bir araya gətirir.

 

Ancaq ormanlara odun aparmır

Orda ocaq çatıb, isinən yolçu.

Min bir cilvəsiylə, həyat həyatdır,

Bir yerdə odunçu, bir yerdə suçu...

 

Rəsmi və gündəlik dildən fərqli olaraq, poetik dildə metafora, simvolizm, ritm, səs harmoniyası kimi xüsusi vasitələrdən istifadə edilir. Bu xüsusiyyətlər oxucunun anlama və düşüncə proseslərinə təsir göstərə bilər. 

 

Yəqin dili-ağzı yağır olubdu

Sözünü saxlayıb, deməyən kəsin.

Deyirlər, andına inanmaq olmaz

Qoltuğunda çörək gəzdirənlərin.

 

Şeir qeyri-adi əlaqələr yaradaraq dünyaya yeni gözlə baxmağa vadar edə bilər.

Psixolinqvistika sahəsində aparılan tədqiqatlar poeziyanın linqvistik strukturunun beyindəki emosional və idrak prosesləri ilə necə qarşılıqlı əlaqədə olduğunu araşdırır. Məsələn, poeziyada ritm və musiqinin emosional reaksiyalara təkan verə biləcəyi göstərilmişdir.

 Bərpa və özünə qayıdış Ə.Qoşalının yaradıcılığına əsas qayədir. Milli terapiyadir.

Poeziya terapiyası emosional və psixoloji sağalmanı təşviq etmək üçün şeir yazmaq və oxumaqdan istifadə edən bir psixoterapiya növüdür. 

 

Onsuz da insanlar günün sonunda

Görmək istədiyi qədər görəcək.

Duymaq istədiyi qədər duyanlar

Ən yaxşı sözü də hədər biləcək...

 

Şeir yazmaq insanlara öz hisslərini ifadə etməyə, travmatik təcrübələrin öhdəsindən gəlməyə və yeni perspektivlər inkişaf etdirməyə kömək edə bilər. Şeir oxumaq oxucuya öz iç dünyası ilə əlaqə saxlamağa, tənhalıq hisslərini azaltmağa və daxili rahatlıq tapmağa kömək edə bilər.

Şair fərdi və ictimai kimliklərin formalaşmasında və ifadəsində mühüm rol oynayır. Şairlər öz şəxsi təcrübələrini və ictimai müşahidələrini şeir vasitəsilə çatdırmaqla oxucularla ortaq emosional və intellektual zəmin yarada bilirlər.

 

Dəli şeytan deyir, dənizdən içək

Ormana bir xeyli odun daşıyaq;

Korlar bazarında sataq güzgünü,

Gəl, gedib, karlara nəsə oxuyaq...

 

Sosial hadisələr, mədəni dəyərlər və tarixi təcrübələr poeziyada əks-səda verir və bununla da kollektiv yaddaşın və şəxsiyyətin qorunmasına kömək edir.

 

Qış gəlib, payızın xəbəri yoxdu,

Yarpaqlar can atmır xəzəl olmağa.

Masamın üstündə bir dəstə gül var,

Niyə tələsiblər gözəl olmağa?

 

Bir sözlə, poeziyaya psixoloji baxış bu sənət növünün insan təcrübəsinə necə dərindən nüfuz etdiyini, emosional və koqnitiv proseslərimizə necə təsir etdiyini, fərdi və sosial rifahımıza töhfə verdiyini anlamağa kömək edir. Poeziya təkcə estetik təcrübə təqdim etmir, həm də insan psixologiyasının mürəkkəbliklərini araşdırmaq üçün dəyərli vasitədir. Bunu Ə.Qoşalı baсarmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Pərvanə Məmmədova-Kəlağay, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Güldərən Vəlinin “Səsinə gələrəm” kitabı haqqında

 

“Məndən nağıl istə, nənəm danışıb,

Yaddaşımda qalıb Simurq quşları...

Məndən şeir umma...

O misraları

Yazır yanağına gözümün yaşı...”

 

Güldərən Vəlinin “Səsinə gələrəm” kitabıoxucunu dərin duyğulara, vətən həsrətinə və insanın iç dünyasının incəliklərinə aparan poetik bir səyahətdir. Bu kitab, yalnız şeirlər toplusu deyil, həm də, bir qəlbin, bir qadının, bir Vətən aşiqinin sözlərlə toxuduğu duyğular xalçasıdır.

Kitabın hər səhifəsində oxucunu saran isti nəfəs var. Misralarda gah bir ananın laylası, gah vətən oğluna xitab, gah da kövrək bir sevdanın gizli pıçıltısı duyulur. Güldərən Vəli sözün sehrini ürəyindən süzüb, kağıza yazmayıb-yaşayıb, hiss edib, nəfəs kimi verib oxucusuna.

Mənə də sözə bükülən sevginin bir parçası nəsib oldu-müəllifin ilk kitabından bir nüsxəni sevgi ilə təqdim etməsi mənim üçün böyük dəyərdir. Bu səmimi hədiyyə üçün Güldərən xanıma dərin təşəkkürümü bildirirəm. Onun qəlbindən doğan sətirlər ruhuma yol tapdı. Hər misra bir iz qoydu...Və bu misralar sanki bir qəlbin sükutda hayqırtısıdır:

 

Töküşdürdüm söz taxçamı,

Açdım sevgimə boxçamı,

Ha becərdim öz bağçamı,

Güllənmədi,

Güllənmədi...

 

Bu misralarda təkcə bir həyatın deyil, həm də minlərlə oxucunun qırılmış arzuları, solmuş ümidləri, lakin yenə də yaşamağa çalışan könülləri əks olunub.

Təşəkkürlər, Güldərən ana! Sizin sözünüzlə gülümsəyən səhifələr, hiss edilən duyğular var bu kitabda. Vətənin səmasına, torpağın qoxusuna, insanın ruhuna toxunan şeirlər üçün minnətdaram. “Səsinə gələrəm” qoymusunuz kitabınızın adını...

Və doğrudan da, bu səsə gəlməmək mümkün deyil...

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

 

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və “Ədəbiyyat və incəsənət” portalının birgə Türk mədəniyyəti ünlülərini Azərbaycanda tanıdaq layihəsində bu gün sizlərə antik fəlsəfə bilicisi, bu sahədə Türkiyənin çox məşhur mütəxəssisi olan C.Cengiz Çeviklə müsahibəni təqdim edirik.

 

-Kainatın əsas maddəsi (arkhe) nədir sualına Fales "su" cavabını verərkən Anaksimandros "apeiron", Anaksimenes "hava", Heraklit isə "od" cavabını verir. Heraklitin od cavabının arxasında duran simvolik məna nədir? Heraklit digər filosofalardan fərqli olaraq bizə nəyi anlatmaq istəyir?

 

-Heraklitin ümumiyyətlə hər şeyin oddan gəldiyini və yenə ona qayıdaraq yox olacağını düşündüyünü bilirik. Odu bir element kimi qəbul edib (Cic. Ac. 2.37.118; Lucr. 1.635-6) hər şeyin odla mübadilə edildiyini və Anaksimenesin sonsuz havası kimi fiziki formalaşma və çevrilmənin seyrəkləşmə və sıxləşmə ilə mümkün olduğunu müdafiə etmişdir. Diogenes Laertius 9.7-11-də və başqa yerlərdə xülasə edilən bu fikirlərin arxasında Herakliti digər Presokratiklərdən ayıran hansı məna axtarmalıyıq? Məncə, Herakliti xüsusi edən əsas amil hərəkətliliyin təbiətini xarakterizə edən canlı od fərziyyəsidir. Belə izah etmək istəyirəm: Oda baxdıqda statik deyil, dinamik; ölü deyil, canlı bir şey və ya proses ağlınıza gəlir. Canlılığı təmin edən bədənin ruhu kimi kainatın da odı var, tək fərq odun kainatdakı bütün elementlərə nüfuz etmiş şəkildə mövcud olmasıdır. Beləliklə, Aetna 537-540-a istinadən, fiziki bir zərurət olaraq kainatda heç bir şeyin od qarşısında "məğlubedilməz" və ya "həlledilməz" olmamasıdır. Heraklitdən qalan fraqmentlər diqqətimizi çox zaman kainatdakı canlılıq və hərəkətlilik keyfiyyətinə çəkir, hərəkətsizlik və sakitlik fikri sanki filosofu narahat edir. Bu elə bir fəlsəfi narahatlıqdır ki, Nitsşe "Heraklit varlığı inkar edir." deyə qeyd etmişdir. Pos bığlı filosofun nəzərdə tutduğu, Heraklitin varlığın özündə mövcud olmasından çox onun içində "axdığı" dövri kompozisiyada, yəni hərəkətlilikdə üstləndiyi rola diqqət yetirməsidir. Diog. Oen. Frag. 6-da "Od bir element ola bilməz, çünki məhv edilə bilməz deyil." şəklində bir tənqid var. Bu tənqid odun sönə biləcəyi fərziyyəsinə əsaslanır, lakin bu Heraklitçi fizika kontekstində canlılığın yox olması deməkdir. Mən isə əks oxunuşla (tənqidi təhlil edərək) Herakliti hərəkətlilik fikrinə görə bir "canlılıq filosofu" kimi görürəm. Simvolik mənanın izlərini burada axtarıram.

 

-Heraklitin demokratiyanı şiddətlə tənqid etməsi və demokratiyaya qarşı aristokratiyanı müdafiə etməsi haqqında nə düşünürsünüz? Bu tənqidlərin əsas nöqtəsi nədir?

 

-Heraklitin siyasi rejim növü kimi sistemli bir demokratiya tənqidi edib-etmədiyini bilmirik, lakin mətn əsasında dayandığımız fraqmentlərin izi ilə getsək, belə bir filosofun birbaşa belə tənqid etməməsi ağla uyğundur. Çünki Heraklit siyasi rejim məsələsini ələ almamış olsa da (bu mövzuda məlumatımız yoxdur), müxtəlif müasir şərhçilər tərəfindən antidemokratik və ya aristokratik kimi qiymətləndirilən bəzi yanaşmalar sərgiləmişdir. Mən də özümü bu şərhçilərə aid edirəm. Bu, əsərlərimdə və çıxışlarımda dəfələrlə vurğuladığım, Yunan fəlsəfəsinin əvvəldən sona çoxluğun problemli qənaət və hökmlərinə qarşı qaçılmaz olaraq aristokratik xarakter daşıdığı düşüncəsi ilə birlikdə qiymətləndirilməlidir. Həqiqətən də, Fraqmentlər tərcüməmin "Giriş" hissəsində Heraklitin ailəsinin kral mənşəyi ilə çoxluğu təşkil edən avam təbəqəsinə yuxarıdan baxması arasında əlaqə qurmuşam, bir cəmiyyət düşməni ilə üzləşdiyimiz fikrini bir spekulyasiya kimi irəli sürmüşəm. Filosofun həyatı ilə bağlı hekayələrdə qarşımıza çıxan, ona görə Efesoslular arasında ən yaxşı insan olan, ən yaxın dostu Hermodorosun şəhərdən sürgün edilməsi də filosofun cəmiyyətə olan nifrətini artırmış olmalıdır. Bütün Efesosluların intihar edib şəhəri uşaqlara təslim etmələrini istəyən bir filosofla qarşı-qarşıyayıq. (Bax: Diog. Laert. 9.2) Bəs bu onu antidemokratik bir filosof kimi etiketləmək üçün kifayətdirmi? Kifayət etmir, lakin təxrikedici bir mühakimə ilə, "Mənim üçün bir insan ən yaxşıdırsa, o on min nəfərdir." şəklindəki fraqmenti (Theod. Prodr. Epist. 1, s. 1239) onun aristokratik kimliyi ilə əlaqələndirə biləcəyimi deyə bilərəm. Yenə də təkrar etmək faydalıdır: filosofun siyasi rejim məsələsini müzakirə etdiyini deyə bilməsək də, onun "düşünməz və ağılsız" adlandırdığı (Procl. In Alc. I, s.117) çoxluğa və onların dəyər hökmlərinə yanaşmasının "ən yaxşı" (ariston) mənasından hərəkətlə formalaşan "aristokratik" sifətinə uyğun xarakter daşıdığını söyləyə bilərik. Yunan demokratiyasının fəlsəfənin yaranmasına və ya inkişafına töhfə verdiyi iddia edilə bilər, lakin Heraklit nümunəsində olduğu kimi fəlsəfənin ümumi xarakteristikası baxımından, xalqın (demos) rəyinə müraciət etməyi tələb edən siyasi rejim özündə problemlər saxlayır. Xalq öz içindəki ən yaxşı və ya daha yaxşı olan filosofa müraciət edir, filosof xalqa müraciət etməyi tələb etmir, ən azından belə bir tələbi ifadə etmiş Yunan filosof nümunəsi yoxdur.

 

-Heraklitin fikirlərində Nitsşeni təsirləndirən nöqtə nə idi? Hegeldə də Heraklitin izlərini görmək mümkündürmü?

 

-Nitsşenin müxtəlif dövrlərdə yazdığı, bir qədər dağınıq qiymətləndirilə bilən fərqli düşüncələri var. Daha erkən dövrə aid olsa da, dərs formatında olduğu üçün "Platonqabağı Filosoflar" başlıqlı mətnindəki Heraklitlə bağlı hissə bizə daha dəqiq bir fikir verə bilər. Pos bığlı filosof bir yerdə Heraklit üçün "Həqiqəti anında özü ilə eyniləşdirərək qürurunu uca bir ehtirasa çevirir... Özündən başqa yalnız dəlilik, illüziya və cəhalət görür" deyir. Nitsşenin sonrakı həyat hekayəsini və fikri inkişafını nəzərə alsaq, Heraklitə bu baxışının güzgüyə baxışa bənzədiyini düşünə bilərik. Bu iddialı bir fikirdir. Lakin Nitsşenin dünyanın həmişə Heraklitə ehtiyac duyduğunu və ya onun həmişə haqlı olduğunu deməsi, Lucy Huskinsonun ifadəsi ilə (Nietzsche and Jung: The Whole Self in the Union of Opposites, 85), Nitsşenin Heraklitdə təminat tapması və başqa bir şeyə ehtiyac hiss etməməsidir. Şəxsi təsirlənmə və ya nümunəlik vəziyyətini aşaraq, Nitsşenin əbədi dönüşündə Heraklitin sonsuz elementlər dövrünün izlərini tapa bilərik; birincisi ikincisinə enerji və gücü bir zərurət kimi əlavə etmiş görünür, amma onsuz da Heraklitin "loqos"unu Nitsşenin əbədi dönüşündəki enerji və gücdən fərqli düşünmürəm. Hegel üzərindəki mümkün Heraklit izləri haqqında heç düşünməmişəm, bu mövzuda oxumamışam, məlumatım yoxdur.

 

-Heraklit, tanrı anlayışına qarşı necə bir baxışa malikdir, izah edərsiniz?

 

-Aristotelin Heraklitlə bağlı çatdırdığı bir hekayət var. Heraklitlə tanış olmaq istəyən əcnəbilər yəqin ki, bir məbəddə ona yaxınlaşmışlar, lakin o ocağın yanında istiləşməyə çalışırmış. Filosof onlara içəri girmələrini deyərək "Tanrılar da buradadır." demiş (PA 645a17-21). Bəlkə də odunu nəzərdə tutur? Heraklitin ənənəvi tanrıları və onların yaratdığı sistemi nə dərəcədə qəbul etdiyini bilmirik, lakin bəzi fraqmentlər onun tanrılardan bəzilərinin ənənənin qəbul etdiyi rollarını tanıdığını göstərir. Məsələn, Plut. Pyth. Orac. 21 404D-də Heraklitin tanrı Apollonun Delphidəki falcılıq üsuluna dair bir şərhini oxuyuruq. Ona görə tanrı nə danışır, nə də gizlədir, yalnız işarələr verirmiş. Bu "qaranlıq" kimi təsvir edilməsinə səbəb olan, üstüörtülü üslubu ilə bağlı bir alleqoriya da ola bilər, bilmirik. Həyat hekayəsinin bir yerində Artemis Məbədinə sığındığını da bilirik, amma bu sığınma, Heideggerin şərh etdiyi kimi, tanrıların hüzurunda olma həyəcanı ilə bağlı yaxınlıq yaratma cəhdi deyil. İnziva kimi məbədə çəkilmə kifayət qədər şey deyir, bəlkə də küskün olunan cəmiyyətdən uzaqlaşmanın tanrısal bir tərəfi var. Filosof cəmiyyətdən qaçdığı kimi, cəmiyyətdəki boş dini düşüncələrdən də qaçır. Homeros və Arxilox kimi tanrılarla bağlı nağıllar danışan şairləri bütün yarışlardan uzaqlaşdırmaq istəməsinin səbəbi də budur. Filosofun təbiətdəki prosesləri anlamağa dəvəti, hadisələri bu cür nağılçıların təsvir etdiyi tanrıların qeyri-müntəzəm və ağılsız hərəkətləri ilə izah etmə meylindən uzaqlaşma çağırışıdır.

 

-Loqos sözü Türk dilinə müxtəlif mənalarda tərcümə edilə bilər. Bəs Heraklitin "loqos" sözünə yüklədiyi məna nədir?

 

-Mən Fraqmentlər tərcüməmdə (Heraklit, Fraqmentlər, Türkiye İş Bankası Kültür Yayınları, 2019) loqos sözünü olduğu kimi saxladım, başqa bir sözlə əvəz etmədim. Yunancada loqosun çoxlu mənaları var: hesablama, sayma, təxmin etmə, hesab, ölçü, qiymətləndirmə, əlaqə, nisbət, meyar, izah, müddəa, qayda, prinsip, qanun, əsas, düşüncə, səbəb, nitq, ifadə və s. Burada sadaladığımız bütün bu mənalara yaxın olan başqa mənalar da əlavə edilə bilər. Heraklitin fraqmentlərində qarşımıza çıxan və fəlsəfəsinin əsas dayaq nöqtələrindən biri olan loqos anlayışını Türk dilində tək sözlə ifadə etmək çətindir. Buna görə də, mən bu anlayışı tərcümədə olduğu kimi saxlayıb, məzmununu kontekstdən çıxararaq izah etməyi daha faydalı hesab edirəm. Buna görə də tərcüməmin əvvəlindəki "Müqəddimə" yazısında Heraklitin "loqos"unu ətraflı izah etmişəm. Heraklitin "loqos"u hər şeydən əvvəl bir cəmiyyət tənqidi kimi insanların çoxunun eşitmədən əvvəl də, eşitdikdən sonra da anlaya bilmədiyi bir anlayışdır. Filosofa görə çoxluq loqos qarşısında çaşqınlığı sevir və ya ona alışıb. Onun "loqos"u əsasən "kozmik ağıl"dır, hər şeyin nizamlı, bir yerdə və "bir" olmasını təmin edən (bəlkə də tanrısal deyə biləcəyimiz) mexanizmin özüdür. Hippol. Ref. 9.9.1-2, 9.10.8 mənbəli fraqmentdə insanların Birin ayrılıb öz içində uyğunlaşdığını anlamadıqları tənqidi var, sonra isə "Tanrı: Gündüz gecə, qış yay, müharibə sülh..." dialektikası qurulur. Bu dialektika onun "loqos"unun əsas xarakteristikasını xülasə edir. Başqa sözlə, onun "loqos"u ziddiyyətlərin birgə mövcudluğunu, əbədi bir dövrülük içində mümkün edən tanrısal ağıldır. Diog. Laert. 9.7-də Heraklitə istinadən "Bütün yollarını gəzən yenə də ruhun sərhədlərinə çata bilməz. Onun loqosu elə dərin ki..." deyilir. Mənim anladığım, ruhun hərəkətliliyi və canlılığına işarə var. Onun "loqos"u və ya nizamı elə dərin ki, sərhədlərinə çatmaq mümkün deyil. Eyni şeyi kainatdakı loqos üçün də düşünə bilərik, Stoiklərin Heraklitdən hərəkətlə anladıqları loqos da belədir. Kleanthesin məşhur Stoik himnində tanrıya istinadən "onunla idarə edirsən hər şeydə ortaq olan və daha böyük və daha kiçik işıqlara qarışaraq varlığını davam etdirən loqosu" deyilir. Burada loqos həm nizamın özü, həm də onu idarə edən ağıl mənasında başa düşülə bilər. Sextus Empiricusun çatdırdığına görə, Heraklit nəfəs aldıqda tanrısal "loqos"u daxilimizə alaraq ağıllı varlığa çevrildiyimizi düşünmüşdür (Adv. Math. 7.127-34). Burada loqos insanın kainatın tanrısallığını paylaşma vasitəsidir. Fraqmentlərin məhdud məna imkanları səbəbiylə bu cür şərhləri artırmaq mümkündür.

 

-Fraqmentləri Türk dilinə tərcümə edərkən sizə ən çox çətin gələn cümlə hansı idi?

 

-Belə bir cümlə xatırlamıram. Ümumiyyətlə tərcümənin özünün məni çətinləşdirdiyini deyə bilərəm.

 

-Yunan və Latın dillərindən bir çox əsər tərcümə etmisiniz və etməyə də davam edirsiniz. Bəs Türkiyədə fəlsəfəyə olan maraqda artım görürsünüzmü? Fəlsəfə xüsusunda keyfiyyətli oxucu kütləsi varmı?

 

-Fəlsəfəyə marağın hər gün artdığını görürəm. Marağın artması ilə tərcümə, kitab və məqalələrin sayı da artır. Amator oxucu ilə akademik oxucu arasındakı keyfiyyət fərqinin azaldığı hallara şahid olmuşam. Açığı, fəlsəfənin geniş maraq görməsini böyük uğur və ya xoşbəxtlik mənbəyi kimi qiymətləndirənlərdən deyiləm. Fəlsəfə tarixin heç bir dövründə geniş xalq kütlələrinin rəğbət etdiyi bir sahə olmayıb. Düşünməyə istəyi və vaxtı olan insanların özlərini daha çox həsr etməli olduğu sistemli bir fəaliyyətdən danışırıq. Fəlsəfəyə bənzər düşüncə üsullarına diqqət yetirmək lazımdır. Məncə, burada kəmiyyətdən çox keyfiyyətə diqqət yetirməliyik. Bəzi oxucular (sualınıza görə deyirəm) yazılı əsəriniz vasitəsilə sizi ən dərin fəlsəfi mövzuları müzakirəyə çəkə bilir. Bu, müəllif və ya tərcüməçi kimi sizin qədim fəlsəfə ilə əlaqənizə dinamizm qatır, çünki sizə şərhini çatdıran ikinci bir ağıldan danışırıq. Bir filosofun fikirlərini anlamaq yolunda mətnin şahidi olan oxucu bəzən tələbəniz, bəzən yoldaşınız, bəzən də bələdçiniz olur. Buna görə də oxucuları əsərlər və fikirlər haqqında rəylərini bildirməyə dəvət edirəm.

 

-Türkiyədəki tərcümə fəaliyyətləri haqqında nə düşünürsünüz? Həm tərcüməçi və nəşriyyat münasibətləri, həm də tərcümə edilən əsərlərin keyfiyyəti baxımından davamlı bir yaxşılaşma müşahidə edirsinizmi?

 

-Türkiyədə adı qoyulmamış və elmi nəşrlərlə statistikası verilməmiş bir tərcümə qarğaşalığı yaşanır. "Qarğaşalıq" sözünü qəsdən işlədirəm. Alimlər, tərcüməçilər, nəşriyyatlar və oxucular arasında bir "səs-küy, münaqişə" vəziyyəti var. Herakliti üslub baxımından nümunə götürsək, yaşadığımız dövrdəki tərcümə fəaliyyətinin xülasəsi budur: "Tərcümə: Yaxşı-pis, uğurlu-uğursuz." Tərcüməçi və nəşriyyat münasibətləri və tərcümə edilən əsərlərin keyfiyyəti baxımından davamlı bir yaxşılaşmadan danışmaq olarmı? Bəlkə çoxlu nəşrlərə baxaraq müsbət cavab verilə bilər, lakin keyfiyyətli nəşr ehtimalı artır və ya tam əksinə də ola bilər, pis nümunələr digər pis əsərlərin yaranmasını asanlaşdıra bilər. Mən bu mövzuda qəti bir şey deməyin çətin olduğunu düşünürəm. Lakin qədim mətn tərcümələri ilə bağlı müəyyən müşahidələr bildirə bilərəm. Keçmişə nisbətən orijinal dillərdən (Yunanca və Latınca) tərcümə edənlərin sayı artıb, bu dilləri bildiyini iddia edənlər və tərcüməni orijinal mətnlə müqayisə edə bilənlər də. Bu qarğaşalıqda tərcümə keyfiyyətinin deyilsə də, tərcümə haqqında müzakirə və tənqid keyfiyyətinin artdığını düşünə bilərik. Bu pis bir inkişaf deyil. Həmçinin, rəqəmsal dövrdə informasiya imkanlarının artması ilə şəxslərə və qurumlara əsaslanan, "o olmasa bu mətnlər tərcümə edilməz" düşüncəsinin aradan qalxması istiqamətində irəliləyiş var. İndi heç bir əsər və ya ona edilən tənqid toxunulmaz deyil. Qərbdə olduğu kimi mətnləri və fikirləri həzm etdiyimiz qədər keyfiyyətli nəşrlərin sayı artacaq, Aristotel artıq İngiliscə tərcümədən deyil, Yunanca orijinalından tərcümə ediləcək və bu tərcüməni tənqid edənlər də Yunanca biləcək. Bu istiqamətdə irəliləmək akademiya və mədəniyyət dünyamız üçün faydalıdır.

 

Tərcümeyi-Halı

C. Cengiz Çevik, 1983-cü ildə anadan olub. İstanbul Universitetinin Ədəbiyyat Fakültəsi, Latın Dili və Ədəbiyyatı şöbəsində bakalavr, magistr və doktorluq dərəcələrini tamamlayıb. Müxtəlif universitetlərdə Latın dili dərsləri keçib. Əsas tədqiqat sahəsi qədim ədəbiyyatda siyasət və fəlsəfə arasındakı əlaqədir. Siseronun "Dövlət Haqqında" (De Re Publica) əsəri və "Roma'da Siyasət və Fəlsəfə" adlı kitabların müəllifidir. Akademik məqalələrlə yanaşı, Qədim Dövrlərdən Rönesansa qədər müxtəlif dövrlərdə Qədim Yunan və Latın dillərində yazılmış çoxsaylı əsərləri türk dilinə tərcümə edib. Siseron, Horatsi, Seneka, Epiktet, Tyanalı Apollonios, Kopernik və Luter tərcümə etdiyi müəlliflərdən bəziləridir.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi Kəlağayı  Muzeyinin direktoru, şair, publisist  Güllü Eldar Tomarlının “Milli dəyərlərimiz mənəvi gücümüzdür” adlı məqaləsini təqdim edir.

 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə çap olunan növbəti kitabda – “Babamın papağı, nənəmin kəlağayısı” kitabında söz adamlarının ulu Türk xanımlarının yaraşığına yaraşıq verən yeni yazılmış ədəbiyyat nümünələri ilə paralel, qorxmazlığı, cəsarəti tarixlərə səs salan, imperiyalar yaradan qəhrəmanlıq səhifələri yazan Türk kişisinin milli baş geyimi - papağı tərənnüm edən şeirlər milli mənəvi dəyərlərimizin yaşadığını və yaşayacağının təsdiqidir.

 

Ta qədim zamanlardan Türk kişisinin başında papağın, xanımının başında kəlağay, şal, ləçək və digər milli baş geyimlərin olması əsas şərt olub. Bunlar insanın şərəf nişanəsi kimi dəyərləndirilib. Papağa və qadın baş örtülərinə hörmətsizlik müqəddəslərə, namusa, qeyrətə hörmətsizlik sayılıb. Ona görə də kişinin papağı başında Azərbaycan şifahi ədəbiyyatıının ayrı-ayrı janrlarında  atalar sözlərində, zərb məsələlərində, bayatılarda, xalq mahnılarınfada, alqışlarda, qarğışlarda papağın xalqımızın həyatında, milli mənəvi dünyasında rolu ta qədim zamanlardan müdriklərimizin tərbiyə metodu kimi nəsillərdən nəsillərə keçib bu günümüzə çatıb. “Başdan papaq aparan küləkdən kol- kosa heç nə olmaz, amma sərv sınar”, “Əgər təksən, papağınla məsləhətləş”, “Papaq altında igidlər yaşar”, “Papağı tülkü dərisindən, xəbəri yox gerisindən”, “Papaq elə, işimizi bilək”, “Papaq götür deyirlər, baş götürür” və digər atalar sözlərində dərin açıq və şüuraltı məna insanları düşünüb daşınmağa, özündəki çatışmazlıqları aradan qaldırmağa, təmizliyə, ərənliyə səsləyir. Müdriklərimizə görə, baş baş olsa, papaq tapılar.

Papağa görə kişinin sosial mövqeyini, maddi vəziyyətini bilmək olardı. Papağın motal papaq, şələ papaq növlərini kasıblar başına qoyardı. Qələmi papaq, Buxara papaq, qoçu papağı nüfuzlu şəxslərin, bəy zümrəsinin, varlıların baş geyimi idi. 

Papaq mövzusunda ədə¬biy¬yat nümunələri içərisində görkəmli dramaturq, yazıçı, şaiir, teatr xadimi Cəfər Cabbarlının “Papaq” hekayəsi daha çox diqqətimi özünə yönəltdi. Hekayənin qəhrəmanı 20-ci yüzilliyin əvvəllərindəki vur-tutlu, qoçulu, milli dəyərlərin prioritet olduğu köhnə Bakıda gecənin bir aləmində Böyük Səlyan küçəsində hətta oğruya “vətəndaş oğru” kimi qorxa-qorxa müraciət edildiyi dönəmdə canını qorumaqdan çox, papağını qorumaq uğrunda mücadilə edir.

İşıqsız, yağışlı, palçıqlı, qorxulu, qoxulu dar dalanın ağzındakı zibil kisəsindən qorxub canını qurtarmağa çalışan insanlara qoşulub təkcə ayaqqabılarını yox, həm də başını itirən qəhrəmanın yadına nəhayət papağı düşür:

“Doğrusu, bu işlərin hamısı mənə bir növ təsir etdi. Ciddi düşünmək lazım idi. Əlimi atdım pencəyimin cibinə ki,  papağımı çıxarıb yenidən qoyum qabağıma və əməlli-başlı düşünüm. Birdən əlim süsləndi və gücsüz yanıma düşdü. Baxdım...

Papaq düşmüşdü...”

Papağını itirən “qəhrəman”ın halına acıdım...

Artıq milli kişi baş geyimi papağı vəsf edən şeirlər də işıq üzü görməkdədir. Qarşınızdakı kitabın çapdan çıxma ərəfəsində növbəti ilkə imza atdıq. Xətai Sənət Mərkə¬zində Xətai Rayon İcra Hakimiyyətinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli üslubda baş geyimləri və örtükləri” adlı yeni layihəyə start verildi. Tədbirə gələn çoxsaylı iştirakçıların papağa və kəlağayıya diqqəti, ehtiramı, marağı və sevgisi bizi ruhlandırdı.

2024-ci ildə də Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikasının  Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakının, bölgələrimizin mədəniyyət ocaqlarında, ali təhsil müəssisələrində kəlağayıya aid festivallar, sərgilər, tədbirlər keçirilib. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində Mirvarid Dilbazi Poeziya Məclisi “Azərbaycan kəlağayıla¬rının təbliği” layihəsi qalib oldu. Layihə çərçivəsində kəla¬ğa¬yımızı geniş təbliğ, təqdim etdik. “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində  Xətai, Suraxanı, Yasamal Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə Kəlağayı Fes¬ti¬val¬ları, Xətai Sənət Mərkəzində keçirilən “Papaq qeyrəti¬miz¬dir, kəlağayı ismətimiz” layihəmiz milli dəyərlərimizə diqqət və sayğı ilə yanaşanların böyük marağına səbəb oldu.

Artıq dörd ildir ki, milli baş geyimlərimizi təqdim və təblig edən layihələrimizlə Azərbaycanı qarış-qarış gəzib milli baş geyimlərimizi tanıdırıq. Həmçinin Rusiya Federasiyasında, Gürcüstan Republikasında  yaddaqalan möhtəşəm tədbirlər keçirdik. 2025-ci ildə də İctimai Birliyimizin təqdim etdiyi “Milli üslubda baş örtükləri və geyimləri” layihəmiz  Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi elan olundu. Fəaliyyət dairəmizi genişləndirərək biz ipək kəlağayımızla yanaşı, başqa baş örtüklərimiz və geyimlərimizi - çalmanı, naz-nazını, ləçəyi, eləcə də qeyrət və namus rəmzi buxara, motal, çoban və digər papaq növlərini, həmçinin araqçını, təsəyi və başqa baş geyimlərinin mənəvi tərəflərini xalqımıza tanıtmaq üçün müxtəlif mədəni tədbirlər keçirəcəyik. Yeni kitabımızda toplanmış bədii nümunələr bu işimizin başlanğıcıdır.   

2025-ci il başlanandan İctimai Birliyimiz müxtəlif tədbirlərə start verib. Rəssam Gülnarə Məmmədovanın İmişlinin Differensial Təhsil və Tədris Mərkəzində 6 gün dalbadal nümayiş etdirilən “Zəfərimiz Gülnarənin rənglər dünyasında” sərgisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin mənəvi dəstəyi ilə keçirildi. 

Beynəlxalq Kitab Bağışlanma Günü münasibəti ilə Xəzər Universitetində keçirilən tədbirdə birliyimizin nəzdində işıq üzü görən müxtəlif 100 kitabı tələbələrə hədiyyə etdik və 100 kitab da İmişliyə Diferensial Təhsil və Tədris Mərkəzinə göndərdik.

2025-cı ildə Bilgəhdə Ahıl şəxslər üçün sosial xidmət müəssəsində, Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilita¬siya  Mərkəzində, İmişlidə Diferensial Təhsil və Tədris Mərkəzində  Mirvarid Dilbazi Poeziya Məclisinin təşəb¬büsü ilə “Zəfər ətirli Novruzum” adlı konsertlərimiz və Kəlağayı Muzeyinin yaşı əsrlərə söykənən müasir və qədimi kəlağayıları, mərkəzin sakinlərinin və bu yazının müəllifinin əl işlərindən ibarət sərgi oldu. Yeri gəlmişkən qeyd edim ki, 300-dən çox əl işlərim, 200-dən çox kəlağayı və digər eksponatlar geniş, işıqlı yerini, tamaşaçı bolluğunu gözləyir.

2025-ci ildə ilboyu  yeni kitabımızla “Milli üslubda baş geyimləri və örtükləri” layihəsi çərçivəsində  milli dəyərlərimiz  ismət və qeyrət rəmzimiz kəlağayı və papaq təbliğ olunacaq.  

Ədəbiyyat tarixini araşdıranda məlum olur ki, son bir neçə ildəki qədər papağa həsr olunan şeirlər yazılmayıb. 2025-ci ildə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yeniliklərə imza atmağı qarşısına məqsəd qoyub. 2024-cü ildə təkcə Azərbaycanda deyil, qonşu Gürcüstanda, Rusiya Federasiyasında da “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində möhtəşəm tədbirlər keçirildi. 2025-ci ildə İctimai Birlik və şəxsi “Kəlağayı Muzeyi” belə tədbirlərin auditoriyasını, sərhədlərini və mövzusunu genişləndirmək məqsədi ilə “Milli üslubda baş geyimləri və örtükləri” adlı yeni layihəsini gerçəkləşdirməyi, milli qeyrət, ərənlik, şücaət rəmzi papaqların təbliği üçün sərgilər təşkil etməyi  və yeni kitablar çap etdirməyi, görüşlər keçirməyi planlaşdırılır. 

Xanım-xatın ağbirçək nə¬nə¬lər, ismətli qızlar, gəlinlər, nazlıqəmzəli el gözəlləri deyəndə gözlərimin önünə abırlı, həyalı, əhdinə, sevgisinə sadıq, ismətli, düşməninin qarşısına mərdi- mərdanə çıxan Azərbaycanın qızı gəlir. Onların gül çöhrəsini daha da cazibədar, başını uca edən, gözəlliyinə gözəllik, zərifliyinə zəriflik, duruşuna, yerişinə incəlik qatan kəlağayıda milli ruh, milli mənlik, milli qürur, ismət, namus, ləyaqət, bir çox xalqların xarakterində tapılmayan ali milli mənəvi dəyərlər yaşayır. Bir cümlədə “milli” sözünü bilərəkdən bir neçə dəfə təkrarladım. Millilik xalqın özüdür. “Öz” isə millətin əbədiliyidir, kimliyidir, başqalarından fərqliliyidir. 

Kəlağayı Azərbaycan qadınının milliliyinin nişanəsidir. İnanmıram ki, hansısa bir xalqda  baş örtüyü bu qədər müsbət emosiya, mənəvi kriteriyalar daşısın. Bunlar dövlət quruculuğu, sözü, sənəti eramızdan çox-çox əvvəllərə gedib çıxan böyük Türklərin dünyagörüşüdür, əxlaqıdır, şərəfli ömür yolunun timsalıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezide¬ti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi ilə yanaşı Azərbaycan kəlağayısı da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyasında çıxışı zamanı Mehriban xanım fəxrlə vurğulamışdır: 

“Biz azərbaycanlılar  öz qədim, zəngin tariximizlə, mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”. 

Həmin sessiyada noyabrın 26-da Azərbaycan xalqına aid daha bir əlamətdar element - “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi” UNESCO-nun Qeyri-maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına daxil edildiyindən hər il 26 noyabr “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd edilir.  

“Hava kimi yüngül, buz kimi şəffaf” ipəkdən hazırlanan kəlağayılar Azərbaycan xalqının milli pasportudur, özünütəsdiq üçün mükəmməl sübutdur, qan və gen yaddaşımızdır. Azərbaycan qadınını bütün ömrü boyu  olumundan ölümünə qədər müşayiət edən  milli geyim, kvadrat formalı qadın baş örtüyü kəlağayıdır. Çadradan fərqli olaraq kəlağayının dinlə heç bir əlaqəsi yoxdur.

Son illərə qədər kəlağayını tərənnüm edən mahnılar da yazılmamışdı. İlk dəfə bu sətirlərin müəllifinin “Kəlağayı” şeirinə aşıq havacatı üstündə aşıq Gözəl Kəlbəcərli şaqraq səslə gözəl mahnı oxudu. Bundan sonra bir neçə kəlağayıya həsr olunmuş yeni mahnılar yarandı.

2019-cu ildə ilk dəfə yenə bəndənizin təşəbbüsü ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Kəlağayı Günü” bayram tədbiri səviyyəsində qeyd edildi. 

Kəlağayı sülh, barış rəmzidir. Sehirli incəliyi ilə üzü¬yün ortasından keçən kəlağayı millətin varlığının keşikçisidir, qadınların təkcə başlarını yox, həm də bütün varlığını, əxlaq dünyasını qoruyur.

Milli dəyərlərinə laqeyd yanaşan, sahib çıxmayan xalqların düşmənləri daha çox olar. Hiyləgər tülkü, yaxud tamahkar kaftar sürüsü xislətli əzəli düşmənlərimiz daim pusquda dayanıb ki, istehsal edə, tapa bilmədikləri, həsrətində olduqları maddi və mənəvi milli dəyərlərimizi ələ keçirsinlər, özününkü etməyə çalışsınlar. Son 30-35 ilin hadisələri bunu təsdiqlədi.

Milli dəyərlərimizin qədrini bilək, sahibi olaq, ona uzanan məkrli əlləri dibindən kəsək. Türk xalqını sevməyənləri anladaq ki, Türkün gücü onun mənəvi dünyasındadır, min illərin o tayından müdrik babalarımızın, üzü nurlu ağbirçək nənələrimizin bizə miras qoyduğu dəyərlərdədir...

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Səbinə Yusifin yazıçı Varisin rəsmən müstəqil Azərbaycanda ən çox satılmış "Sonuncu ölən ümidlərdir" romanından bəhs edən “Ümidi sonda da ölməyə qoymayan roman” yazısını təqdim edir.

 

 

SƏBİNƏ YUSİF

“Ümidi sonda da ölməyə qoymayan roman” 

(Yazıçı Varisin "Sonuncu ölən ümidlərdir" romanını oxuduqdan sonra düşündüklərim)

 

Səhər saat səkkizə işləyirdi. İnterneti yandırdım. Whatsapp-ıma mesaj gəlmişdi. "Səhər-səhər xeyir olsun. Bu vaxtı nə mesaj?" -deyib, sualıma cavab tapmaq üçün mesajı açdım. Yazıçı Varisin "Sonuncu ölən ümidlərdir" kitabının şəkli və altında bu cümlələr yazılmışdı: "Məni də ağlada bilən kitab olarmış... Bu əsər... Çox üzüldüm.. sarsıldım desəm, yanılmaram" 

Bu mesaj, hətta ağlamaq işarəsi məni kövrəltmişdi. Bəlkə də bu yaxın adamım kitabı oxuyub, tamamlayan an mənə mesaj göndərmisdi. Bu da məni çox təsirləndirdi.

Məni ikiqat təsirləndirən isə mesajı yazanın ölümün gözünə dik baxan xüsusi təyinatlı hərbçi olması idi. Bu mesaj israrla mənə bu romanı oxumağa bir çağırış idi.

Demək, hər kəsin həyatında ümid etdiyi nələrsə olur və istəyərək, yaxud istəmədən o ümidi yarıda öldürür, dəfn edir. Sanki həmin yaxın adamımın da hansısa ümidi özü də istəmədən yarıda, bəlkə də lap əvvəldə məhvə məhkum olmuşdu.

Ona özümdə olan "Sonuncu ölən ümidlərdir" kitabının şəklini çəkib göndərdim və yazdım: "İllər öncə aldım bu kitabı. Bir neçə səhifə oxudum. Sonra başım qarışdı. Oxuya bilmədim. Mütləq oxuyacam".

Söz verdiyim kimi etdim. Əsəri 2 günə oxuyub bitirdim. İndi sizə qısa da olsa 2 gündə nələr yaşadığımı, nələr düşündüyümü, nələri təhlil etməyə çalışdığımı yazım.

 

İlk öncə onu qeyd edim edim ki, əsər peşəkarlıqla yazılıb. Yazıçı elə keçidlər edir ki, oxucu ümidin qırıldığı anda, qarşısında daha uğurlu bir yolun açılmasına şahidlik edir. Təbii ki, bu yazıçının istedadıdır. Əsər ümidlər, acılar və əlvida arasında vurnuxur.

...Nailə gənc və gözəl bir qızdır.

Cəmiyyətdə kişilərdən mərdlik görmür. Əvvəl atası onları bir rus qadınına dəyişir. Sonra atası yaşda müdiri ona eşq elan edir, sonra dəlicəsinə sevdiyi İlqar onu atır. İlqardan sevgisinin heyfini çıxmaq üçün Abbas Şeyxzadənin eşq təklifinə razılıq verir. 

Abbas Şeyxzadənin təklifinə razılıq verməsi, mənə də çox pis təsir etmişdi. Öz-özümə deyinirdim: İlqar səni cəhənnəmə atsın, gərək sən bu ayrılığa birtəhər tab gətirəydin. Ancaq pulu olub şərəfi olmayan qoca kaftarın təklifinə razı olmazdın.

Gah Nailəni qınayır, gah da halına acıyırdım. Və öz-özümə sual edirdim: Axı niyə bizim cəmiyyətdə hələ də imkansız, gözəl qızlara mərdliklə dəstək olmaq əvəzinə, onlara kömək etməyin tək çıxış yolunu namuslarını ləkələməkdə görürlər? Məgər o qızlara ata-qardaş kimi dəstək olub, daha rahat həyata uğurlaya bilməzdilərmi? Kasıb həmişə əzilməlidirmi? Kirayə qadınlarla təmiz qızları ayrıd etmək çoxmu çətindir? Kimdir günahkar? 

Bu suallara qəfil cavab da tapıram: Həyatı alt-üst olan qadınların, qızların acı taleyində günahkar məhz yırtıcı təbiətli, ecazkar qızın, qadının namusunu ləkələməkdən zövq alan əks cinsdir.

Bəlkə də Nailəyə vaxtında bir dostu, qohumu sahib çıxsaydı, o pis yola getməzdi. 

Birdən də Nailəni danlayıram: Səni atıb gedən, sənin üçün mücadilə etməyə qorxan, öz sözü olmayan İlqar üçün özünü güdaza verməyə dəyərdimi?

Yazıçı əsəri o qədər mükəmməl yaradıb ki, oxuduqca təzadlı sualların təzadsız cavabları ilə qarşılaşıram - Nailə günahsızdır.

Nailə heç də aciz biri deyil. O, bacarıqlı qadındır. Onun yeganə acizliyi İlqarı sevməyidir. Və hər dəfə də Nailə sevgisinin zülmünü çəkir. Düşdüyü mühit Nailəyə zərbələr yetirməklə qane olmur, onu peşəkar əxlaqsız kimi təqdim etməklə özlüyündə rahatlıq tapır.

Nailənin əxlaqsız olmadığını, əslində onun içində mərhəmətli bir insanın yaşadığını yazıçı ustalıqla qələmə alıb. Bu bir həqiqətdir ki, hər kəsin əsl üzü azca imkanı, işi olanda rahatlıqla üzə çıxır. Nailənin necə xeyirxah, təmiz qəlbli olması da əsərin sonunda - imkanlı iş qadınına cevriləndə daha qabarıq görünür. Nailə yaşadıqlarının ağrısından, iztirabından bezib xaricə gedəndə də mərhəmətini ona acılar bəxş edən keçmişindən əsirgəmir. İlqarın üç övladına daim baxılılsın, tapşırığını verir. İlqar Nailəni bataqlığa batmasına səbəb olsa da, Nailə onun balalarını qorumağa çalışır. Qadın böyüklüyü, qadın ürəyi budur.

Bakıdan xaricə köçəndə böyük ürək sahibi olan Nailənin atdığı mərhəmətli addımlar insanı ağladır. Onun həm sevgisinə, həm də ailəni dolandırmaq xətrinə çəkdiyi əziyyətlər adamı hıçqırıq səsinə boğur. 

Sonda Nailə imkanlıdır. Ancaq bu imkanından bir kimsəyə ziyan vurmaq üçün istifadə etmir. Əksinə, ehtiyacı olan insanlara kömək edir, dəstək olur, onların çətinlik çəkməsinə (pis yola düşməsinə) imkan vermir. Deməli, Nailə müsbət obrazdır. Yazıçı romanın sonunda bir daha sübut edir ki, qadın imkanlı olanda yırtıcıya yox, mərhəmətliyə çevrilir.

Və ən əsası – roman yüz illərdir ki, az qala dünyanın hər bir guşəsində formalaşmış  “məqsəd vasitələri doğruldur” postulatına qarşı bir üsyandır. Məqsədinə çatmaq üçün ləkələnən Nailə sonda zahirən xoşbəxtliyə qovuşursa da, hədəflərinə çatırsa da, həyatının həmin o ləkəli hissəsi ona dinclik vermir və o, bütün qazandıqlarından imtina edib həyatını yenidən sıfırdan başlamalı olur. Demək ki, məqsəd əsla vasitələri doğrultmur.

Yaxınıma söz verdiyim kimi, əsəri oxudum, bitirdim. Məni maraqlandıran suallara isə yazıçıya telefon zəngi açmaqla qismən cavab tapdım. Çünki suallarımın tam cavabı yazıçının "Son məktub" romanındadır. Mən suallarıma cavab tapmaq üçün o romanı alıb, oxumalıyam. İndi mən yaxınıma yazacağam: Sən hələ "Son məktub" romanını da oxumalısan.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Nigar Allahverdiyeva, Azərbaycan Memarlıq və İnşaat Universiteti III kurs tələbəsi. “Ədəbiyyat və incəsənət” üçün

 

Təsəvvür edin... Sükuta bürünmüş bir məkan var – elə bil zamanın özü burada nəfəs alır. Bu, xəyalların tikildiyi, ideyaların göy üzündə quş kimi süzüldüyü, zəhmətin pıçıltı kimi divarlarda dolaşdığı müqəddəs bir məkandır. Bu məkanın adı Azərbaycan Memarlıq və İnşaat Universitetidir.

 

Bu universitetin hekayəsi torpağa atılmış bir toxumla başlandı. O toxum zamanla cücərdi, yaşıl budaqlara büründü, güclü köklərlə keçmişə bağlandı. İlk müəllimlər bu ağacın ilk günəş işıqları, ilk tələbələr isə onun canına can verən bahar yağışları oldu. O gündən bu günə, hər tikilən bina, hər yazılan layihə – zamanın yaddaşına həkk olunan bir sətrə çevrildi. 

Burada dərslər – sadəcə mühazirələr deyil, zehinlərin rəqsi, fikirlərin alqışlandığı geniş bir meydandır. Müəllimlər bilik xəzinəsinin qoruyucuları, tələbələr isə gələcəyin cəsarətli kəşfiyyatçılarıdır. Universitetimizdə ənənə ilə texnologiyanın harmoniyası keçmişin nəğməsi ilə gələcəyin melodiyasını birləşdirən bir musiqi kimi səslənir. Laboratoriyalar – ideyaların qızıl toza çevrildiyi alqimiya otaqlarıdır, emalatxanalar isə usta əllərin sehrindən doğan sənət əsərləri ilə doludur.

Memarlıq fakültəsində hər bina bir şeirdir – daşla yazılmış, zamana meydan oxuyan. Tələbələr şəhərlərin ritmini duyur, məkanın fısıltılarını dinləyərək gələcəyin xəritələrini – miniatür maketlər şəklində – qururlar. Onlar üçün memarlıq  duyğuların, fikirlərin, tarix və gələcəyin bir araya gəldiyi bir sənətdir.

İnşaat fakültəsində mühəndislər dayanıqlılığın sənətkarlarıdır. Onların qurduğu konstruksiyalar – məntiqin və dəqiqliyin simvolu, gələcəyə inşa edilmiş körpülərdir. Yeni materiallar və davamlı texnologiyalar – təbiətlə harmoniyada, gələcəyə doğru möhkəm addımların bünövrəsidir. Zəlzələyə davamlı konstruksiyalar isə sanki torpağın qəzəbinə cavab verən səssiz qəhrəmanlardır.

Mexanika və informasiya texnologiyaları fakültəsində hər hərəkət zərif bir rəqsdir, hər mexanizm – canlı texnoloji orqanizmdir. Rəqəmsal dünyanın sehrbazları olan proqramçılar, kodların arxasında gizlənən formullarla yeni dünyalar yaradır. Süni intellekt və robototexnika – düşünən maşınların, gələcəyin işçi qüvvəsinin ilk addımlarıdır. Bu sahə digərləri ilə birləşərək, orkestr kimi ahəngdar bir sintez yaradır.

Tikinti-iqtisad fakültəsində iqtisadiyyat – inkişafın döyünən nəbzi, maliyyə planlaması isə layihələrin gizli idarə mərkəzidir. İnvestisiya – sabah üçün səpilən toxum, tələbələr isə resursların ən səmərəli istifadəsini öyrənən müdriklərdir.

Nəqliyyat fakültəsi yolların və körpülərin dilini danışır. Nəqliyyat – zamanı və məkanı birləşdirən incə ipək saplardır. Logistika – hərəkətin səliqəli sənətidir, nəqliyyat sistemləri isə şəhərlərin qan dövranıdır. Burada sürət və təhlükəsizlik, ekoloji həssaslıqla birləşir.

Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi həyatın mayesi olan suyun qorunmasında ön cəbhədə dayanır. Kanalizasiya sistemləri – şəhərlərin gizli damarlarıdır, isitmə və ventilyasiya sistemləri isə binaların nəfəsidir. Burada ekoloji dəyərlər – gələcək nəsillərə ötürüləcək ən qiymətli miras kimi dəyərləndirilir.

Bu universitetin həyatı tələbələrin nəfəsində, gəncliyin parıltısında yaşayır. Onlar hələ tam açılmamış, amma böyük vədlər daşıyan qönçələrdir. Universitetimizdə olan tələbə təşkilatları – ortaq arzularla döyünən ürəklərin birliyi, klublar isə istedadların doğulduğu səmalardır. Yaradıcılıq müsabiqələri – zehinlərin sevincli yarışıdır, sərgilər isə əsərlərin öz səsini tapdığı anlardır. Məzunlar – universitetin uğur dastanlarının qəhrəmanlarıdır. Onların yaratdıqları, ölkənin inkişafına əlavə olunan parlaq səhifələr kimi tarixdə iz buraxır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti – bilik okeanının dərinliklərindən incilər çıxaran bir elm məbədi, gələcəyin simfoniyasını yaradan böyük orkestrdir. Hər fakültə bu orkestrin fərqli alətidir, birlikdə isə ölkənin inkişafını ifa edən möhtəşəm bir melodiya bəxş edir.Bu universitetin baxışı – ümidlə toxunmuş bir xalça, əzmi isə sabahın dünyasını formalaşdıran güclü əllərdir.

Bu yerdə mən gənclərə səslənmək istəyirəm! Əziz gənclər, sizi də bu zamanın naxışları ilə işlənmiş, gələcəyin melodiyası ilə səslənən sehrli dünyanı kəşf etməyə dəvət edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qapıları daim oxucularının üzünə ən müxtəlif, rəngarəng tədbirlərlə açıq olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası təbii ki, dünənki 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüququ Gününə də əliboş gəlmədi. Təqvim günü  ilə əlaqədar olaraq kitabxanada XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin VI sinif şagirdlərinin iştirakı ilə müəllif görüşü və kitab müzakirəsi təşkil edildi. Tədbirin fəxri qonağı uşaq yazıçısı, şairtərcüməçi, publisist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Sevinc Nuruqızı oldu.

 

 

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova kitabxanaya gələn  məktəb kollektivini salamlayaraq, insanda kiçik yaşlarından yaradılan mütaliə ənənəsinin vacibliyindən,  mütaliənin insan həyatında, onun savadlı, geniş dünyagörüşlü  şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışdı. Uzun illərdir ki, uşaq ədəbiyyatı sahəsində fədakarlıqla çalışan, bir-birindən gözəl əsərlərin müəllifi olan Sevinc Nuruqızına öz balaca oxucuları ilə görüşə gəldiyinə görə minnətdarlığını bildirərək, uşaq yazarı olmaq, uşaqlar üçün yazıb-yaratmağın necə məsuliyyətli bir iş olduğunu, bu əsərlər vasitəsilə uşaqların milli – mənəvi dəyərlər əsasında tərbiyəli, vətənpərvər böyüdüklərini bildirdi.

Təhsil Mərkəzinin Dil və ədəbiyyat müəllimi Təranə Məmmədova mütaliənin insanın fərdi inkişafına böyük töhfə verdiyini, dil bacarıqlarına, yaradıcılığın və təxəyyülün inkişafına, dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini bildirdi. Müəllif Sevinc Nuruqızı ilə olan tanışlığından danışaraq, yazıçının ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən, uşaqların öz dilində yazıb-yaradan müəllif olduğunu söylədi.

Yazıçı Sevinc Nuruqızı uşaqların tərbiyəsində nağılların əhəmiyyətindən, gənc yaşlarından yaranan mütaliə vərdişlərinin insanın həyatında oynadığı müstəsna əhəmiyyətdən danışaraq, balaca oxucularının ən sevimli kitablarından biri olan “Melissa”, Gəncə terrorunun günahsız qurbanları - uşaqlara ithaf etdiyi “Pıçıltı”, Qarabağın tacı əsrarəngiz Şuşaya həsr etdiyi “Duman pəriləri Şu-Şa” kimi əsərlərinin yaranma tarixçəsi, məzmunu, qələmə aldığı qəhrəmanların uşaqlara ötürmək istədiyi mesajlar haqqında məlumat verdi.

Müəllif ilə görüşdə məktəblilərin oxuduqları kitabların müzakirəsi də keçirildi. Belə ki, tədbirdə gənc oxucular dünya ədəbiyyatı nümunələrindən “Balaca şahzadə”, “Qədim Yunanıstanın əfsanələri”, “Harri Potter və fəlsəfə daşı” kimi əsərlər haqqında məlumat verdilər, dünya şöhrətli yazıçı, dramaturq Uilyam Şekspirin əsərlərindən parçalar səsləndirdilər. 

Görüşün sonunda tədbir iştirakçıları kitabxanaya əməkdaşlığa görə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda Respublika Gənclər Kitabxanası XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin məktəb kitabxanasına kitab hədiyyə etdi.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2025)

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR və  SSRİ xalq artisti İsmayıl Osman oğlu Osmanlının anadan olduğu gündür.

         

İsmayıl Osmanlı 24 (11) aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1921-ci ildən Nuxa və Gəncə dram dərnəklərinin tamaşalarında rollar oynayıb. Teatra gəlməyini sonralar özü belə xatırlayırdı: “Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Nuxada kulübün yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.

1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İlk böyük uğuru Cəfər Cabbarlının “1905-ci ildə” pyesinin tamaşasında Bahadur bəy obrazı olub. İsmayıl Osmanlı həmin illərdə Cəfər Cabbarlı ilə bir teatrda çalışırdı. Aktyor və rejissor İsmayıl Hidayətzadə ilə bir səhnəyə çıxdığına görə özünü xoşbəxt sanırdı. Xatirələrində deyirdi ki, o vaxt belə düşünürdüm ki, mənə daha məktəb lazım deyil: “İsmayıl Hidayətzadənin zərgər işi mənə böyük məktəb idi. Rolda başqalaşmaq, dəyişmək üçün onun sənəti mənə bir dərs oldu”.

Onun böyük sənət yoluna qədəm qoyması belə başlayır. Aktyorluq sənətinə olan məhəbbəti onu qısa müddət ərzində tamaşaçılara sevdirib. Sənət dostlarından fərqli olaraq İsmayıl Osmanlının obrazlar qalereyası öz rəngarəngliyi ilə seçilib.

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların məşhur ifaçısı olub. Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım ("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski, ("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər Cabbarlı), Kefli Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf ("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və "Hamlet", Vilyam Şekspir), Krutitski, Tixon və karandışev ("Müdriklər", "Tufan" və "Cehizsiz qız", Aleksandr Ostrovski)

İsmayıl Osmanlı teatrla yanaşı kinoda da müxtəlif səpgili rollar qalereyası yaradıb.O, "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.

 1970-ci ildə Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” filmində mənfi obraz kimi tanıdığımız Kələntər obrazını da İ.Osmanlı yaradıb. Hətta obrazı o dərəcədə inandırıcı oynayıb ki, nəticədə  tamaşaçı nifrətilə qarşılaşıb.

Aktyor öz xatirələrində bu barədə yazır:

 

Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:

– “Əlin qurusun! Cəlalı Gəray bəyə necə satdın?” oldu.

Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq, bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?

Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm.

Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.
Gəray bəy rolunu böyük ustalıqla oynamış Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:

– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oynadığı rola görə sevgi qazana bilsin.

– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.

– Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.
Mən də Şəki ləhcəsi ilə zarafata salıb:

– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə…” (https://aki.az/ismayil-osmanli)

 

 İsmayıl Osmanlını tanıyanlar onun sadə olduğu qədər də, olduğu kimi görünən, göründüyü kimi olan biri olduğunu qeyd ediblər. Bəzi hallarda aktyorun müsbət rolları da təzyiqlə qarşılaşıb…

1971-ci ildə yazıçı İsa Hüseynovun ssenarisi əsasında rejissor Əjdər İbrahimov “Ulduzlar sönmür” filminə quruluş verir.

Tarixi-bioqrafik janrda çəkilən film şərq xalqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycan Xalq Komissarları Sovetinin sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri, həkim, yazıçı Nəriman Nərimanovun həyat və çoxsahəli fəaliyyətindən bəhs edir. Bir neçə novelladan ibarət olan filmdə Nəriman Nərimanovun həyatının ən parlaq səhifələri yer alıb.

O, bu filmdə Hacı Zeynalabdin Tağıyev obrazını yaradıb və rol çox uğurlu alınıb. Hətta aktyor Tağıyev obrazını o dərəcədə millətpərəst, xalqını sevən xeyriyyəçi kimi gözəl yaradıb ki, nəticədə də filmin başı bəlalı olub.

Azərbaycan kinosuna böyük dəyər verən siyasi xadim, ulu öndər  Heydər Əliyevin sayəsində filmi xilas etmək mümkün olub. Bakı erməniləri şikayət məktubları yazaraq “Nə üçün millətçi Nərimanovu, milyonçu Tağıyevi gənclərə nümunə kimi təqdim edirsiniz?” deyə etiraz səslərini yüksəltmək istəsələr də, Ulu öndər böyük xeyirxahlıq göstərərək büroda bu məsələni həll etmiş və filmin   kinoteatrlarda nümayiş etdirilməsi ilə bağlı göstəriş vermişdir.

Onun keçdiyi işıqlı ömür yolu sonralar gələn aktyorlar nəslinə də öz müsbət təsirini göstərmişdir.

İ.Osmanlı 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2025)

 

 

 

 

 

 

8 -dən səhifə 2148

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.